Məhkəmə qərarları › İş №2(107)-286/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-286/2022

14.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-286/2022 14.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X26, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4, cavabdeh Cavadova Almara Ağasən qızı (həmçinin 3-cü şəxslər X30, X21, X8 və X12 nümayəndəsi) və onun vəkili Vəkil2 Sərxan oğlunun iştirakı ilə (3-cü şəxslər sonuncu prosesdə iştirak etmir) Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsindən cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Cavadova Almara Ağasən qızına qarşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş nənəsi X2 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının və cavabdeh Cavadova Almara Ağasən qızına çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hаkim N. Əsgərov) 11 may 2013-cu il tаrixli 2(016)- 99/2013 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Cavadova Almara Ağasən qızına (bundan sonra cavabdeh və ya Almara Cavadova) qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilərək, Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlaklar vərəsələr arasında bölünməsi- daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının, 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X13, 1/14 hissəsinə X17, 1/14 hissəsinə X5 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsi ilə cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi qismən – Аğsu şəhərində 09 аprel 2002-ci il tаrixdə vəfаt etmiş Аllаhyаrоvа Gülsаbаh Cənnətаlı qızındаn mirаs qаlmış və Аğsu şəhəri Ü.Hаcıbəyоv küçəsi 7 sаylı ünvаndа 0.11 hа tоrpаq sаhəsi 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri yаşаyış tikilisi yerləşən dаşınmаz əmlаklаrın 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X13, 1/14 hissəsinə X17, 1/14 hissəsinə Gülməmmədоvа Sənubər Аğаsən qızının vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsindən cavabdeh Cavadova Almara Ağasən qızı və vəkili Vəkil2 Sərkər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə cavabdeh Cavadova Almara Ağasən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov sədərlik edən, məruzəçi, A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5030/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)- 86/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 aprel 2002-ci ildə onun ünvan 1 evdə yaşamış nənəsi (atasının anası) X6 vəfat etmişdir. Nənəsi qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Mərhum nənəsi Gülsabah Allahyarova vəfat etdiyi günədək iddiaçıının atası Allahyarov Ağasəf Ağasən oğlu ilə birlikdə nənəsi həmin evdə yaşamışlar. Atası Ağasəf Allahyarov isə 17 may 2012ci il tarixdə vəfat etmişdir. Mərhum atası və o (yəni iddiaçı) nənəsinə məxsus olmuş evdə anadan olmuşlar. Hər ikisi həmin evdə daimi qeydiyyatda olmuşlar. Həmin evdə atasının vəfatından sonra da yaşamaqda davam etmişdir. Nənəsi ünvan 1 ünvanda yerləşən yaşayış evini və bütün əmlakını ona vəsiyyət etmiş, bu barədə Ağsu Rayon Dövlət Notariat Kontoru tərəfindən 11 dekabr 1996-cı il tarixdə 2B-74 saylı reyestr üzrə vəsiyyətnamə təsdiq edilmişdir. Həmin vəsiyyətnamədə dəyişiklik edilməmiş və ləğv olunmamışdır. Mərhum nənəsidən miras qalmış və ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ağsu Rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. Lakin bibisi Cavadova Almara Ağasən qızı evin hüquq müəyyən edici sənədlərini götürərək aparmışdır və sənədləri ona qaytarmaq iştəmir. Nənəsindən miras qalan daşınmaz əmlakdan ona həm vəsiyyət üzrə vərəsə kimi pay çatır və həm də mərhum atasına çatası məcburi pay ona çatır. İş üzrə cavabdeh olan Almara Cavadovanın yalnız məcburi pay almaq hüququ vardır. Lakin cavabdeh məcburi payla qane olmur. Almara Cavadova ailəlidir və özlərinə məxsus olan yaşayış evi vardır. İddiaçının isə heç bir yaşayış yeri yoxdur. Bütün əmlakları nənəsindən miras qalmış evdə yerləşir. Cavabdeh evin həyət darvazasını qıfıllayıb getmişdir. Mərhum nənəsidən miras qalmış və ona vəsiyyət edilmiş daşınmaz əmlakın bölüşdürülməsini, ona çatası miras payının və cavabdeh Almara Cavadovaya çatası məcburi payın müəyyən edilməsini tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Almara Cavadova apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarında vəsiyyətnamə verilən ana kimi X3 adına dövlət qeydiyyatına alınmış hər hansı bir daşınmaz əmlakın olması barədə məlumat yoxdur. Əslində, 11 dekabr 1996-cı il tarixdə X6 vəsiyyətnamə verərkən mülkiyyətində nə ev, nə də torpaq sahəsi olmamışdır. Eyni zamanda vəsiyyətnamədən görünür ki, torpaq sahəsi iddiaçıya vəsiyyət olunmamışdır. Həmin vaxt oluna da bilməzdi. Çünki 1996-cı ilin dekabr ayında həyətyanı torpaq sahələri dövlət mülkiyyətində olmaqla hələ vətəndaşların qanuni istifadələrində idi. Respublika Prezidentinin 31 yanvar 1997-ci il tarixli fərmanı ilə vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. 09 aprel 2002-ci il tarixdə anaları X6 vəfat etmişdir. O, öz hüququnu reallaşdırmadan vəfat etdiyi andan onun bu torpaqdan qanuni istifadəsinə xitam verilmiş, bu hüquq həmin evdə qeydiyyatda olnan şəxslərə keçdiyindən əslində Şəhadətnamə də həmin şəxslərin adına verilməli idi. Şəhadətnamə düzgün olmayaraq Gülsabah Allahyarovanın adına qeyd olunmuşdur. Onun ölümündən iki il sonra, bu fərmandan 8 il sonra Ağsu Rayon Aqrar İslahat komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi artıq dünyada olmayan anasının adına qeydiyyata alınmışdır. Demək istədiyi odur ki, anası vəsiyyətnamə qoyarkən həyətyanı torpaq sahəsi vəsiyyətnaməyə daxil edilməmiş və həmin vaxtı da əşya hüququ ilə ona mənsub olmamışdır. Həmin vaxt o yalnız istifadəçi olmuşdur. Buradan belə qənaətə gəlinir ki, 0,11 ha həyətyanı sahə vəsiyyət üzrə miras payının tərkibinə daxil edilməmişdir. Məhkəmə isə bu fakta əhəmiyyət verməmiş, 0,11 ha həyətyanı sahəni vəsiyyət üzrə miras payının tərkibinə daxil edərək onun da 8/14 hissəsini Asifin payına daxil etmişdir. Əslində həmin vəsiyyətnamə etibarsız hesab olunaraq çıxarılan qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. Sözü gedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra qanun üzrə vərəsəlik qaydasında bölgü aparılmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayəti üzrə izhatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh Cavadova Almara Ağasən qızı (həmçinin 3-cü şəxslər X30, X21, X8 və X12 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bir vərəsə kimi anasından miras qalmış paydan onun da payı vardır. Digər bacıları da paylarından imtina edərək ona vermişdir. Lakin Ağsu Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli miras əmlakla bağlı payları bölüşdürərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, iddiaçının tələb etdiyi vəsiyyətnamə artıq etibarsız hesab olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmənin 07.02.2022-ci il tarixli iclasında iştirak etmiş 3-cü şəxslər X30, X21 və X8 hər biri ayrı-ayrılıqda analarından miras qalmış əmlakdan vərəsəlik payını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, nənəsi bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsi öləndən sonra da həmin evdə o yaşamışdır. Lakin cavabdehin də vərəsə olmasını nəzərə alaraq ona pay verilməsiə etiraz etmir. Odur ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfindən 3-cü şəxs X22 izahat verərək bildirmişdir ki, o atasından ona çatacaq payı tələb etmir və həmin payın qardaşına verilməsinə etirazı yoxdur. İş üzrə cəlb edilmiş hər iki tərəfdən 3-cü şəxslər məhkəmənin sonuncu iclasına gəlməmişlər. Hüququ məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə cavabdeh Cavadova Almara Ağasən qızının kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən– iddianın təmin olunan hissəsində (1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X13, 1/14 hissəsinə X17, 1/14 hissəsinə X5 vərəsəlik qaydasında paylarının bölünməsi) ləğv edilərək həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, yeni məhkəmə araşdırması da məhz bu hissədə aparılmalıdır. Digər hissələr üzrə araşdırma aparılmır. Çünki mübahisələndirilən digər hissə Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 fevral 2006-cı il tarixdə təkrarən verilmiş AZ-İ № 166615 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 may 2012-ci il tarixdə verilmiş AZ-İ № 520889 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Allahyarov Ağasəf Ağasən oğlu 17 may 2012-ci il tarixdə kəskin miokord infarktı səbəbindən vəfat etmişdir. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 aprel 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 aprel 1943-cü ildə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 10 avqust 1956-cı il tarixdə 221 sayda qeyd edilmiş, onun atası X23, anası isə X6 qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 501 A kod 40901004 olan şəhadətnamədə görünür ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə X3 mülkiyyətinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ağsu Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş məktubdan, eləcədə həmin Məhkəmənin 09 iyul 2020-ci il tarixli, 2(016)-280/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavadova Almara Ağasən qızının cavabdehlər Ağsu rayon Notariat Ofisinə və İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)- 280/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Sonradan cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətindən imtina etmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2(107)-204/2021 nömrəli qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)- 280/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən 23 aprel 2013-cü il tarixdə verilmiş 157 saylı rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən mərhum X4 40901004 kodu olan Torpağın mülkiyyətə verilməsinə dair 501A saylı Şəhadətnamə işlənib hazırlanmış, 26 may 2006-cı il tarixdə İ 249 nömrə ilə Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsi tərəfindən qeydə alınmışdır. X16 adına yazılmış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı sahənin ölçüsü 0,11 hektar göstərilmişdir. Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsinin mütəxəssisləri də həmin həyətyanı sahədə ölçü aparmış və faktiki ölçüdə də həmin sahənin 0,11 hektar olduğu müəyyən edilmişdir. Beləliklə, faktiki ölçü ilə Şəhadətnamədə olan ölçü eynidir. Həyətyanı torpaq sahəsində 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə bir balkon, 8 kv.metr ölçüdə mətbəx və bundan əlavə 32 kv.metr ölçüdə köhnə və yararsız bir qeyri yaşayış tikilisi vardır. Bu tikililərin hər ikisi şimal tərəfdən Ü.Hacıbəyov küçəsinə bitişikdir. Arasındakı məsafə yolun oxundan 8 metr aralıda yerləşir. Evin gediş-gəliş yolu üçün girişçıxışı da həmin küçəyədir. Bu həyət və tikililər iki yerə bölünməli olsa, həmin yurd şərq və qərb tərəfə olmaqla ortadan iki hissəyə bölünməlidir ki, hər iki həyət Ü.Hacıbəyov küçəsinə açılsın. Hazırda bu gediş-gəliş yolunıın biri var, o biri üçün isə 4 metr enində daş hasar sökülüb yerində darvaza qoyulmalıdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərаzi İdаrəsi tərəfindən tərtib edilmiş 23.01.2019-cu il tаrixli inventar nömrəsi 3875 olan Texniki Pаspоrtun surətindən görünür ki, **********08-10301 reyestr nömrəli Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi 12-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Ev 1935-ci ildə tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi işdə olan və məzmununda ifadə edilmiş məlumatlar arasında tam ziddiyyət olan rəsmi sənədlərin bir hissəsini mötəbər hesab edərək onların əsasında işin hallarını müəyyən etmiş, digər hissəsini isə inandırıcı və ağlabatan qaydada əsaslandırmadan qəbul etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5030/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)-86/2021 saylı qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı və və cavabdehə münasibətdə payların müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsaslıdır. (qətnamənin mübahisələndirilən digər hissələri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli 2(102)- 2920/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) Öyrənilən işdən bəlli olur ki, İddiaçı cavabdeh Almara Cavadovaya qarşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş nənəsi X2 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının və cavabdeh Cavadova Almara Ağasən qızına çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan vəsiyyətnamə məhkəmə qətnaməsi ilə etibrasız hesab edilmişdir. Bu halda kollegiya belə qənaətə gəlir ki, mübahisəli miras əmlakla bağlı vərəsəlik payları vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik hüququ əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçının nənəsi, cavabdehin isə anası X28 şəhəri, Ü.Hacıbəyov küçəsi 07 saylı evdə yaşayıb. 11 dekabr 1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Gülsabah Allahyarova həmin evi və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət edib. Miras qoyan Gülsabah Allahyarova 09 aprel 2002-ci ildə Ağsu rayonunda ölüb. Bundan sonra Ağsu rayon AİK-nın 02 yanvar 2004-cü il tarixli qərarı ilə sözügedən evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi Gülsabah Allahyarovanın mülkiyyətinə verilib və JN-501 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. 17 may 2012-ci ildə iddiaçının atası Ağasəf Allahyarov ölüb. Eyni zamanda işdən görünür ki, qanuni qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə X32 Allahyarova qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Gülsabah Allahyarova tərəfindən notarial qaydada verilmiş 11 dekabr 1996-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilib. Hazırda iddiaçı, 09 aprel 2002-ci ildə ölmüş nənəsi Gülsabah Allahyarovadan miras qalmış ünvan 3 evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatan payın və cavabdehə çatan məcburi payın müəyyən edilməsini iddia edir. Cavabdeh isə mərhum anası Gülsabah Allahyarovadan miras qalmış əmlakın iddiaçıya vəsiyyət üzrə keçməsi ilə razılaşmır və iddia tələblərinə etiraz edir. Göründüyü kimi tərəflər mərhum Gülsabah Allahyarovadan miras qalmış əmlakın vərəsələrə qanun üzrə keçməsinə etiraz etmirlər və işin bu halı iddia ərizəsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri, cavabdehin izahatı və etiraz ərizəsi ilə də istisna olunmur. Mülki Məcəllənin 1133-cü maddəsinin mənasına görə, vərəsəlik dedikdə-ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Yəni vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki halda, iddiaçının mərhum Gülsabah Allahyarovanın əmlakının ona vəsiyyət üzrə keçməsini iddia etməsi düzgün və qanuni hesab edilə bilməz. Çünki mövcud olmayan vəsiyyətnamə əsasında vərəsəliyin bölünməsi absurddur. Lakin kollegiya qeyd edir ki, mülki qanunvericilik vəsiyyətnamə etibarsız sayıldığı halda, miras qoyanın əmlakının vərəsələrə qanun üzrə keçməsi halını da istisna etmir. Belləliklə kollegiyanın yeni araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan Gülsabah Allahyarova 09 aprel 2002-ci ildə vəfat edib. X1 iddiaçının atası İddiaçı və cavabdeh Almara Cavadovadan başqa digər övladları, yəni X15, X18, X21, X30, X8 və X10 adlı övladları, ümumlikdə səkkiz vərəsəsi vardır. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Kütahi Bədəlova, Şərqiyə İbrahimova və Sənubər Gülməmmədova onlara çatacaq payları faktiki qəbul etmədiklərini, qəbul etmək fikrlərinin olmadığını və onlara çatacaq paylarının bacıları Almara Cavadovanın adına keçməsinə etirazlarının olmadığını bildirmiş, bununla bağlı notarial qaydada ərizə imzalamışlar. Məhkəmə kollegiyası həmin şəxslərin bacıları Almara Cavadovanın xeyrinə imtina etmələri barədə ərizələrini də qəbul etməyərək bildirir ki, notarius bu notariat hərəkətini aparakən qanunvericiliyin tələbinə riayət etməmişdir. Çünki belə bir ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət keçəndən sonra yazılması və notarius tərəfindən təsdiq olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1270.1-ci maddəsinə əsasən mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Güründüyü kimi vərəsələr Kütahi Bədəlova, Şərqiyə İbrahimova və Sənubər Gülməmmədova miras əmlakdan üç ay ərzində imtina etməli olduğu halda, miras qoyan vəfat etdikdən 11 ildən çox müddət keçdikdən sonra mirasdan digər şəxsin xeyrinə imtina etmişlər ki, bu da mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyasının yeni araşdırması zamanı işin obyektiv və tam araşdırılması məqsədilə miras qoyan Gülsabah Allahyarovanın digər vərəsələri, yəni X15, X18, X21, X30, X8 və X10 iş üzrə 3-şəxs qismində cəlb edilsələr də, həmin vərəsələrdən Raya, Kütahi və Sənubər məhkəmə iclasında iştirak edərək, israrlı şəkildə mirasdan pay tələb etdiklərini bildirmiş, ümumiyyətlə payın bütün vərəsələr arasənda bərabər şəkildə bölünməsini tələb etmişlər. Lakin kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq cavabdeh Almara Cavadova və digər vərəsələr mirası rəsmi və ya faktiki qaydada qəbul etməsi barədə hər hansı mötəbər sübütu məhkəməyə təqdim etməmiş, yalnız israrlı şəkildə analarından qalmış miras əmlakdan paylarını verilməsini tələb etmişlər. İşin mübahisələndirilən hallarından müəyyən edilir ki, adıçəkilən həmin vərəsələr (Solmaz, Zenfira, Kutahi, Raya, Sənubər və Şərqiyyə) üzün illərdir özlərinə məxsus olan əmlaklarda yaşamaqla ayrıca təsərrüfat idarə etsələr də, sonda analarından miras qalmış əmlakı mübahisələndirərək, mirasdan pay tələb edirlər. Məhkəmə kollegiyası bildirir ki, əvvəla qeyd olunan vərəsələr pay tələb etsələr də, bu ötən müddət ərzində mirası rəsmi və ya faktiki qaydada qəbul etmələri barədə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə tərəfindən təklif edildikdə isə, vərəsə olmaqla pay hüquqlarının yarandığını və öz paylarının cavabdehə verilməsini tələb etmişlər. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Kollegiya araşdırma zamanı iddiaçının atası Ağasəf Allahyarovun da iddiaçıdan başqa digər vərəsələrinin olub-olmamasına, varsa atalarına çatacaq paydan pay tələb edibetməmələrinə də xüsusi diqqət yetirmişdir. Bu zaman müəyyən edilmişdir ki, Ağasəf Allahyarovun İddiaçı başqa digər vərəsəsi də var, lakin həmin vərəsə özünə çatacaq payı istəmədiyini və qardaşına (iddiaçıya) verilməsinə etirazlarının olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı özü ilə yanaşı cavabdehin də payının müəyyən edilməsini xahiş etmişdir. Düzdür, hüquq müəyyənlik prinsipi və məhkəmə tezliyi baxımından bu xarakterli işlərdə bütün vərəsələr işə cəlb olunmaqla onların da mirası qəbul edib-etməmələrinə, paylarının müəyyən olunub-olunmamasına qiymət vermək daha məqsədəuyğun sayılır. Lakin işin mübahisəli tərəfindən görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməməklə yanaşı, həm də mirasın rəsmi və ya faktiki qəbulu ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, lakin məhkəmədən pay tələb edir. İddiaçı isə vermiş olduğu iddianın mahiyyətini tam izah edə bilməməklə yanaşı, digər vərəsələrdən yalnız cavabdehə pay verilməsinə etiraz etmir. Beləliklə araşdırmanın nəticəsi olaraq kollegiya belə qənaətə gəlir ki, miras qoyan X2 qalmış miras əmlak yalnız iki vərəsə, yəni iddiaçının atası Ağasəf Allahyarov və Almara Cavadova arasında bərabər şəkildə, hər birinə ½ dissə olmaqla bölünməli, Ağasəf Allahyarova çatacaq pay da irsi transmissiya qaydasında onun oğlu, hazırki iş üzrə İddiaçı verilməlidir. Apellyasiya instansiya məhkəməsi mübahisəli miras əmlakla bağlı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət hər biri 32 kv.m, cəmi 64 kv.m ölçüdə mətbəx, bir köhnə yaşayış evi, 18 k.m ölçüdə balkon, 8 kv.m ölçüdə mətbəx və 32 kv.m ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisinin miras əmlakın toplusuna daxil olması barədə hər hansı halı müəyyən etməmiş, ümumiyyətlə bununla bağlı hər hansı sübuta qiymət verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Kollegiyanın qənaətinə görə miras əmlak üzərində payların müəyyən edilməsi və MM-in qeyd edilən normasının tətbiq edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsi zəruridir. Lakin evin və üstəlik üzərində miras payı müəyyən edən yararsız qeyri-yaşayış tikilisinin miras əmlak toplusuna daxil olub-olmaması halı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Evlə bağlı istinad edilən yeganə sənəd miras qoyan Gülsabah Allahyarovanın adına 2 yanvar 2004-cü ildə qeydə alınmış 011 ha torpaq sahəsində, 2 otaqdan ibarət hər biri 32 kv.m, cəmi 64 kv.m ölçüdə mətbəx, bir köhnə yaşayış evi, 18 k.m ölçüdə balkon, 8 kv.m ölçüdə mətbəx və 32 kv.m ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisinin olması barədə mütəxəssis arayışıdır ki, bu sənəd də əvvəla evin miras əmlaka daxil olması halını müəyyən etmək üçün yetərli deyil, həm də istinad edilməsinə baxmayaraq, iş materiallarında mövcud deyil. Kollegiyanın qənaətinə görə miras əmlakın toplusuna yalnız “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 501 A kod 40901004 olan şəhadətnamə əsasında X3 mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi daxil edilməli, miras pay da həmin torpağa münasibətdə bölünməlidir. Mülki Prosessual Məcəllənin; 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş nəticəsi ilə razılaşmayaraq, verilmiş apellyasiya şikayətini isə qismən əsaslı hesab ediərək, qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının payının müəyyən edilməsi hissəsində” ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsində İddiaçı və Cavadova Almara Ağasən qızının miras payı bərabər, yəni hər birinə ½ hissə olmaqla müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar