Məhkəmə qərarları › İş №2(107)-286/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-286/2024

07.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-286/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması, vərəsəlik məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış, vərəsəlik yolu ilə 1/2 hissəsi paylı mülkiyyətinə keçməli olan və Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzildən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına Cavabdeh tərəfindən törədilən maneəçiliklərin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə elektron ərizə ünvanlayaraq mərhum atası X3 miras qalmış, vərəsəlik yolu ilə ½ hissəsi paylı mülkiyyətinə keçməli olan və Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına Cavabdeh tərəfindən törödilən maneəçiliklərin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X8 09 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun vərəsələri kimi o və atasının anasından sonrakı arvadı olan iş üzrə cavabdeh İsayeva (Zərgərova) Yeganə Adi qızı qalmışdır. O, sağlığında atası X4 qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmişdir, ümumiyyətlə atasının yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onun atası X4 vəfat etdiyi günə, yəni 09 iyun 2022-ci il tarixə ondan Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzil miras qalmışdır. Həmin miras əmlakdan payının müəyyən edilməsi üçün nümayəndəsi vasitəsi ilə Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən mərhum atası X3 qalmış miras əmlaka dair vərəsəlik işi açılmış və atası X3 qalmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 28 sentyabr 2022-ci il tarixli, 3731 nömrəli məktub göndərilmişdir. Bundan sonrakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə etdiyimiz növbəti 22 fevral 2023-cü il tarixli onlayn müraciəti ilə bağlı nümayəndəsinə 13 iyun 2023-cü il tarixli imtina məktubu göndərilmişdir. Buna səbəb həmin evdə yaşayan Cavabdeh ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına imkan verməməsi olmuşdur. Həmçinin, onun Cavabdeh həmin mənzildən istifadəsinə maneəçilikər yaradır. Göründüyü kimi mübahisə predmeti olan mənzil ½ hissədə onun miras payıdır və onun həmin mənzildən göstərilən hissədə gözlənilən mülkiyyət hüququ vardır. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Bildirmişdir ki, mərhum atası X1, yəni 26 sentyabr 2019-cu il tarixdə mülkiyyətində olan Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzili ona vəsiyyət etmiş, bununla bağlı 26 sentyabr 2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə imzalanmışdır. Yaranmış vəziyyətdə cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini onun tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsi (hakim P.Hacıyev) ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X5 məxsus Şəki şəhər, 20 Yanvar küçəsi, ev 56 ünvanında yerləşən 31 nömrəli mənzilə baxış keçirməklərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh İddiaçı ögey anasıdır. İddiaçının mərhum atası X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak hazırda iddiaçı və cavabdehə miras qalmışdır. İddiaçı mərhum atasının mülkiyyətində olmuş mənzili vərəsəlik yolu ilə öz adına rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən mənzildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmiş, daşınmaz əmlakın vərəsəlik yolu ilə mərhumun vərəsəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı ögey anasıdır. İddiaçının mərhum atası X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak hazırda iddiaçı və cavabdehə miras qalmışdır. İddiaçı mərhum atasının mülkiyyətində olmuş mənzili vərəsəlik yolu ilə öz adına rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən mənzildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmiş, daşınmaz əmlakın vərəsəlik yolu ilə mərhumun vərəsəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilən əsaslarla birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X5 məxsus Şəki şəhər, 20 Yanvar küçəsi, ev 56 ünvanında yerləşən 31 nömrəli mənzilə baxış keçirməklərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinin, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 169.1-ci maddələri, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsi, Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi, X7 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 217.3, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun onun tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, onun bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin e-2(075)- 1960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılsın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin e-2(075)- 1960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılsın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin e-2(075)- 1960/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılsın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ögey anasıdır. İddiaçının mərhum atası X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak hazırda iddiaçı və cavabdehə miras qalmışdır. İddiaçı mərhum atasının mülkiyyətində olmuş mənzili vərəsəlik yolu ilə öz adına rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən mənzildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyit yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun onun tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, onun bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli, AZ-İİ 335909 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 09 iyun 2022-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 464 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı qızı İddiaçı vəsiyyət etmişdir. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmiş, daşınmaz əmlakın vərəsəlik yolu ilə mərhumun vərəsəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın öldüyü və ya ölmüş elan edildiyi vaxtdan miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Yuxarıda qeyd edilən qərarda göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.... Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir... Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür... Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Kollegiya qeyd edir ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququndan irəli gələn sahibliyin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması əsası ilə müdafiə olunmaması, Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. İşə baxmış birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının qanuni gözləntidən irəli gələn hüququ olmasını əsas tutaraq, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnu tanımışdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(075)-1960/2023 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar