Məhkəmə qərarları › İş №2(107)-287/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-287/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli X3 Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilsin və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi ev 4 onun mülkiyyətindədir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Həmin ev uzun illərdir onun anasının mülkiyyətində olmuş və ona vərəsəlik qaydasında keçmişdir. Həmin ev tək idarə edir və bütün komunal xərcləri də onun tərəfindən ödənilir. Lakin yuxarıda qeyd etdiyi qohumları olan şəxslər və ən əsası bacısının gəlini Cavabdeh1 onun evində qeydiyyatdadır. Belə ki, cavabdehin uşağı dünyaya gələrkən Mingəçevir şəhərində icbari sığorta ilə pulsuz səhiyyə xidmətlərindən istifadə etmək üçün mənzilə müvəqqəti qeydiyyata salınmışdır. Halbuki, Cavabdeh1 onun mənzilində heç bir hüququ yoxdur. Bir neçə il bundan əvvəl cavabdeh Qonçə Mustafayeva ona məxsus evə daxil olmuşdur. X8 da onların mənzildən çıxarılması barədə iddia qaldırmış, lakin vəfat etdiyi üçün iş yarımçıq qalmışdır. Cavabdehlərin hərəkətləri onun mülkiyyət və mənzil hüquqlarını pozur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olması isə onun mülkiyyətində olan mənzildən istifadə etməsi onun hüquqlarını pozur. Cavabdehlərin çoxu onun birinci növbə qohumları belə deyil. Cavabdehin ona məxsus mənzildən istifadə hüquqları yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması və mənzilində yaşamaları onun mülkiyyət hüquqlarımı məhdudlaşdırır. Ona görə də Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilsin və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Rəşvinin nənəsi vəfat etdikdən sonra həmin evdə qeydiyyatda olan vəsiyyət üzrə qanuni vərəsə Rəşvinin dayısı Cavabdeh2 anasını dəfn etdikdən sonra bir müddət həmin əmlakı idarə etdi, lakin ehtiyacı olduğu üçün müvəqqəti olaraq çörək pulu qazanmaq üçün ailəsi ilə birlikdə xarici ölkəyə getmişdilər. Bu fürsətdən məharətlə sui-istifadə edən Rəşvinin xalası İddiaçı vəzifəli şəxslərlə razılığa gəlmiş, həmin evdə qeydiyyatda olan vəsiyyət üzrə qanuni vərəsə olduğunu gizlətmiş, vəsiyyət üzrə qanuni vərəsə Cavabdeh2 xəbəri və razılığı olmadan həmin zəbt edilmiş torpağa və özbaşına tikilmiş evə mülkiyyət hüququnu təsdiq edən qanunsuz yolla çıxarış əldə etmiş, Cavabdeh2 Konstitusiyanın 29.5-ci maddəsində təsbit olunmuş vərəsəlik hüququna mühüm maddi və mənəvi ziyanlar vurmuşdur. Qanunsuz yolla da olsa zəbt edilmiş torpaq sahəsinə və qanunsuz tikilmiş evə mülkiyyət hüququ əldə etmiş İddiaçı həmin evdə qeydiyyatda olan vəsiyyət üzrə qanuni vərəsə olan Cavabdeh2 Sədir oğlu ilə, onun ailə üzvləri ilə və onunla yaşayış sahəsindən istifadə hüququna nə zaman, hansı müddətdə xitam verilməsi haqqında notariat orqanında bağlanmış heç bir razılaşma yoxdur. Odur ki, göstərdiklərini nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçıya məxsus olan həyətdə onun razılığı ilə bir otaqlı ev inşa etmiş və hazırda həmin evdə yaşayır. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh ona məxsus olan həyətdə heç bir ev və ya otaq tikməyib. Cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Əhməd Allahverdiyev küçəsi 4 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 2011-ci ildən, Cavabdeh3 2019-cu ildən və Cavabdeh4 2011-ci ildən Rusiya Federasiyasının vətəndaşlığını təstiq edən sənədlər əsasında ölkə əraisinə giriş-çıxışı qeydə alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə tam razılaşmır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı hüquqların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü”, “digər qohumlar” prizmasından yanaşılır. Eyni zamanda, bu hüquqi anlayışlarla yanaşı Mülki Məcəllənin 228.1-ci maddəsində "digər şəxslər" məfhumundan da istifadə edilir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Mülki işin faktiki hallarından göründən cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” olmamaqla, “digər ailə üzvü” statusuna malik olan şəxslərdir. Bu statusa malik olmaqla yanaşı, onların mübahisəli mənzildə yaşamamaları da öz təsdiqini tapır. Bu baxımdan cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Cavabdehlərin mübahisəli yaşayış sahəsində yaşamamaları ilə yanaşı, onların mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, cavabdehlərin mübahisəli evə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzil üzrə pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan yaşayış sahəsində istifadə hüquqlarının yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də mümkünsüz olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Eyni zamanda, cavabdehlər mübahisəli mənzildən (evdən) istifadə hüququnun yaranmamasına, həmin evlə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdehlər həmin yaşayış sahəsində pasport qeydiyyatında olmaqda davam edir və onların həmin yaşayış sahəsində pasport qeydiyyatında olmaları formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsində pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onların mübahisəli evdən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə cavabdehlərin, o cümlədən apellyator Cavabdeh1 mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli yaşayış sahəsinə hər hansı bir formada aidiyyəti, yəni həmin yaşayış sahəsinin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Cavabdeh (apellyator) Cavabdeh1 qeyd olunan yaşayış sahəsində faktiki yaşasa, yaxud qeydiyyatda olsa belə, bu hallar da cavabdehin mübahisəli yaşayış sahəsi ilə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehlərin, o cümlədən apellyator Cavabdeh1 iddiaçıya məxsus evdə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli evin mülkiyyətçisi olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Belə ki, cavabdehlərin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehlərin, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 bu istəyi ərinin xalası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti düzgün olmamışdır. Kollegiya iddia tələbinin ikinci hisəssəsinə, yəni “Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması” hissəsinə də münasibət bildirərək qeyd edir ki, tələbin “ailə üzvləri ilə birlikdə” çıxarılması hissəsi qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsi “cavabdehlərin Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən istifadə hüquqlarına xitam verilməsi” və “ailə üzvləri ilə birlikdə evdən çıxarılması” hissələrində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Qətnamə Cavabdeh1 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsi qismən- “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi” və “ailə üzvləri ilə birlikdə evdən çıxarılması” hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməsin. Qətnamə “Cavabdeh1 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar