Məhkəmə qərarları › İş №2(107)-290/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-290/2020

14.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-290/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Ərizəçi - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-944/2019 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-944/2019 saylı qətnаməsi ilə (hakim Cahid İmanov) Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1957/2019 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-944/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6993/2019 saylı qərarı ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(107)-590/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 878.93 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin ərizəsində tələbini belə əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 878.93 manat məbləğində (o cümlədən vergilər üzrə 710.68 manat, faizlər üzrə 168.25 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli, **********857900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir və o, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Ərizəçi tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355.5, 355.6 və 355.7-ci maddələrinə, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 878.93 manat məbləğində (o cümlədən vergilər üzrə 710.68 manat, faizlər üzrə 168.25 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli, **********857900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir və o, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-944/2019 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-944/2019 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 6993/2019 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)- 944/2019 saylı qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi ərizəni təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 878.93 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli, **********857900 nömrəli bildirişi almasını təqdim edən hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Yəni Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti Maraqlı şəxs onun 878.93 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi barədə hər hansı bildiriş göndərməmiş, onu xəbərdar etməmişdir. Ümumiyyətlə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və yaxud da görsə də bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, ərizəçi tərəfindən vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi cəhətdən əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi Azərbаycаn Respublikаsının Vergi Məcəlləsinin 89.1, 89.2, 89.3 və 89.4-cü maddələrinə istinad edərəköz hüququ mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndi, 71-ci maddəsinin İİ hissəsi və “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Maraqlı şəxs (ş.v.AZE********) xx xxxxxxx 2016-cı il tarixdə ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı üçün vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx xxxxx 1987-ci ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, **********857900 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə Maraqlı şəxs xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi vergi ödəyicisinə göndərilmiş xx.xx.2018-ci il tarixli **********857900 nömrəli bildirişin vergi ödəyicisi tərəfindən alınmasını təsdiq edən hər hansı sənədin iş materiallarına əlavə edilməməsinə əsaslanmışdır. Lakin işdən göründüyü kimi, **********857900 nömrəli bildiriş vergi ödəyicisi Maraqlı şəxs həmin tarixdə elektron qaydada göndərilmiş, bildiriş xx.xx.2018-ci il tarixdə onun tərəfindən oxunmuş və bildirişin oxunmasına dair məlumat apellyasiya şikayətinə əlavə olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilədən görünür ki, vergi ödəyicisinin vəzifəsi vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olamaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir. “İnzibati icraat haqqında”qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, məhkəmənin maraqlı şəxsə vergi borcunun olması barədə məlumatın verilməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Ərizəçi bu barədə apellyasiya şikayətində qeyd etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilərinə heç bir hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6993/2019 saylı qərarında göstərilmişdir ki, “...apelyasiya instansiyası məhkəməsi borclu vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olar sərəncamın verilməsi, borclunun əmlaklarının olub-olmaması, olduğu halda öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi borclunun əmlakının siyahıya alınması, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb etməsi barədə sübutların əlavə edilmədiyini qeyd etmişdir. Məhkəmə kollagiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. Vergi ödəyicisi olan Maraqlı şəxs münasibətdə vergi orqanı həmin maddənin müddəaları çərçivəsində hərəkət edərək ödəyiciyə xx.xx.2018-ci il tarixdə vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair həmin tarixli **********857900 nömrəli bildiriş göndərmiş, vergi ödəyicisinin bank hesabları olmadığına görə bank hesablarına sərəncam qoyulması mümkün olmamışdır. Vergi ödəyicisinin əmlakının siyahıya alınmasına gəldikdə isə, Vergi Məcəlləsinin 89cu maddəsində göstərilən vergi ödəyicisinin əmlaklarının siyahıya alınması və aktivlər barədə məlumatın tələb olunması və s. həmin maddələrin tələbindən də göründüyü kimi imperativ xarakter daşımır. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kim onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Göründüyü kimi, qeyd olunan maddələrin norması imperativ xarakter daşımır. Məhkəmə isə qətnaməsində Vergi Məcəlləsində vergi borclarının alınması üçün nəzərdə tutulan tədbirləri sadalamış, lakin konkret olaraq vergi ödəyicisi Maraqlı şəxs münasibətdə həmin tədbirlərin həyata keçirilməsinin mümkün olub-olmamasını müəyyənləşdirmədən yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sadalanan tədbirlərin görülməməsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi öhdəliyinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə, məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatlarıın “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və ya müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişmək səlahiyyətinə malikdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs barəsində buna səbəb olan əsaslar aradan qalxdıqdan sonra “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatların aktiv statusu dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-944/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, 878.93 manat məbləğində (vergilər üzrə 710.68 manat, faizlər üzrə 168.25 manat) vergi borcu borcunun ödənilməsini təmin etmək üçün xx xxxxx 1987-ci ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (AZE ********, FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi 11 saylı Ərzazi Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-944/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. 878.93 manat məbləğində (vergilər üzrə 710.68 manat, faizlər üzrə 168.25 manat) vergi borcu borcunun ödənilməsini təmin etmək üçün xx xxxxx 1987-ci ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (AZE ********, FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar