Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-291/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu və Cavabdeh1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən onun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – X7, məruzəçi - X10, hakim X4) xx xxx 2019-cu il 2(107)-1924/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il 2(107)- 1924/2019 saylı qətnaməsinin tamamilə ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 6569/2019 nörməli qərarı ilə Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1924/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini belə əsaslandırmışdır ki, X1, X8, X5 və X2 ümumi birgə mülkiyyətində Zaqatala rayonu Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi Zaqatala rayonu X3 xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarına əsasən yuxarıda adları çəkilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları xx xxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində X1, X8, X5 və X6 tərəfindən 2001-ci ildə özbaşına tikili inşa olunmuşdur. Qeyd olunan torpaq sahəsini və üzərində yerləşən tikilini 2003-cü ildən yuxarıda adı çəkilən şəxslərdən almışdır. Lakin, həmin şəxslərlə aralarında rəsmi notarial müqavilə xx xxxxxxx 2017-ci il tarixdə bağlanmışdır. Həmin torpaq sahəsi üzərində hüquqları xx xxxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. O, Balakən rayonunda yaşadığı üçün həmin torpaq sahəsinə vəüzərində yerləşən tikiliyə nəzarət etmələrini torpaq sahəsinin əvvəlki mülkiyyətçilərindən xahiş etmişdir. Həmin torpaq sahəsinə uzun müddət baş çəkməmişdir. 2017-ci il tarixdə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən onun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baş çəkərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus yuxarıda qeyd olunan 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini zəbt etdiklərinin şahidi olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən və tikilidən könüllü olaraq çıxmalarını xahiş etməsinə baxmayaraq, cavabdehlər qərəzli olaraq həmin torpaq sahəsindən və tikilidən çıxamayacaqlarını bildirmişlər. O, həmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Beləliklə də, onun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlər çıxarılmalıdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia qəbul etmərək izahatında göstərdi ki, o, keçmiş yoldaşı Məmməd Məmmədovla 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Onlar evləndikdən sonra mübahisəli ev yalnız divarlardan və üstülü örtülü vəziyyətdə olmuşdur. Həmin ev yaşayış üçün yararlı deyildi. Onlar da evləndikdən sonra Rusiya Federasiyasına getmişlər. Uşaqları yaş yarım olduğu zaman onlar qaynatasının evinə qayıtmışlar. Sonradan qardaşı Əfqan Zamanov ustalıq, əri Məmməd Məmmədov isə fəhləlik edərək mübahisəli torpaq sahəsində yaşamaq üçün yararlı tikili tikmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi alqısatqı müqaviləsi əsasında iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna satılmışdır. Hazırda həmin yerdə uşaqları ilə birgə yaşayır. Oranın tikilməsində onun, qardaşının və keçmiş yoldaşının əməyi olmuşdur. Həmin evin onun olmasını iddia edir və həmin torpaq sahəsindən və tikilidən çıxmayacağını bildirir. İddianın təmin edilməməsini xahiş edir. İş üzrə yuxarıda qeyd edilən qətnamə qəbul edilmiş, Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Qətnamə çıxarılarkən işin halları tam və obyektiv araşdırılmamış, cavabdehə münasibətdə düzgün məhkəmə araşdırması aparılmamışdır. Keçmiş əri Məmmədov Məmməd sözügedən torpaq sahəsini 2005-ci ildə 1 milyon 500 min AZM pula almışdır. Məmmədov Məmməd həmin torpaq sahəsində ev tikmişdir. Sonra o Məmmədov Məmmədlə ailə həyatı qurmuşdur. Həmin ev tam hazır olmadığından yaşayış üçün yararlı deyildi. Onlar da evləndikdən sonra Rusiya Federasiyasına getmişlər. Uşaqları yaş yarım olduğu zaman onlar qaynatasının evinə qayıtmışlar. X16, əri Məmmədov Məmməd ilə birgə evin tikinti və təmirini başa çatdırmışlar. Ümumilikdə mübahisəli torpaq sahəsində tikilən tikililər o və əri tərəfindən tikilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna satılmışdır. Hazırda həmin yerdə uşaqları ilə birgə yaşayır. Oranın tikilməsində onun, qardaşının və keçmiş yoldaşının əməyi olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdehlərin tikilidən çıxarılmalarını qət edərkən qarışıq bir situasiya yaranmışdır. Tikili ifadəsi dedikdə birinci instansiya məhkəməsi konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Yüzbaşıyev Arif Soltanməcid oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 6569/2019 nörməli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsini üzərində mövcud olan tikililərlə birlikdə alması və həmin tikilinin cavabdehlər tərəfindən zəbt edilməsi faktının cavabdeh tərəfindən mübahisələndirilməsinə və belə olan halda, bununla bağlı sübutların araşdırılmali olmasına, iddiaçının bu izahatının işdə olan hər hansı sübutla təsdiq edilməməsinə diqqət yetirməmiş, iddiaçının yalnız torpaq sahəsinin mülkiyyətçisi olduğuna, üzərində mövcud olan yaşayış evi və digər tikililərinin cavabdeh və keçmiş həyat yoldaşı M.Məmmədov tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşaması barədə işdə olan sübutlara hüquqi qiymət vermədən Azərbaycan Mülki Məcəlləsinin 157.2 və 239.2-ci maddələrinin tikililərə münasibətdə işə tətbiq edilməsi qanuni və əsaslı olmamışdır. Belə ki, Cavabdeh1 iddiaya olan etirazının əsası və apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, keçmiş əri Məmmədov Məmməd sözügedən torpaq sahəsini 2005-ci ildə Fərhad Bayramovdan 1.500.000 AZM pula almışdır. Məmmədov Məmməd həmin torpaq sahəsində ev tikmişdir. Sonra o, Məmmədov Məmmədlə ailə həyatı qurmuşdur. Həmin ev tam hazır olmadığından, onlar evləndikdən sonra Rusiya Federasiyasına getmiş, uşaqları yaş yarım olduğu zaman onlar qaynatasının evinə qayıtmışlar. X16 əri Məmmədov Məmməd ilə birgə evin tikinti və təmirini başa çatdırmışlar. Ümumilikdə mübahisəli torpaq sahəsində tikilən tikililər o və əri tərəfindən tikilmişdir. xx.xx.2015-ci ildə əri ilə boşanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi alqısatqı müqaviləsi əsasında iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna satılmışdır. Hazırda həmin torpaq sahəsində inşa edilmiş evdə uşaqları ilə birgə yaşayır və həmin evdən başqa həyətdə köməkçi tikililər də vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə kollegiyası araşdırılmış sübutlar əsasında müəyyən etmişdir ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Mehparə Bayramova, Aysel Ramazanova, Naidə Bayramova və Ayşə Bayramovanın adına qeydə alınmış, xx xxxx 2017-ci il tarixli etibarnaməyə əsasən iddiaçılar sözügedən torpaq sahəsi üzərində bütün hərəkətləri etməyə, o cümlədən onun üzərində sərəncam verməyə dair xx xxxx 2017-ci il tarixədək qüvvədə olmaqla cavabdeh İddiaçı adına etibarnamə vermiş, xx xxxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçılar ümumi birgə mülkiyyətlərində olan, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,129 ha torpaq sahəsini 3.000 (üç min) manata cavabdeh İddiaçı satmışlar. Qeyd edilən alqı-satqı müqaviləsində mübahisəli torpaq sahəsində yerləşən evin və ya digər tikilinin alqı-satqı predmeti olması işin materiallarından görünmür. Həmçinin torpaq sahəsinin keçmiş mülkiyyətçiləri M.Bayramova və digərləri cavabdeh A.Yuzbaşov və M.Məmmədova qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair verdikləri iddia ərizəsində torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin cavabdeh və keçmiş həyat yoldaşı M.Məmmədov tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşamasını təsdiq etmiş, bu barədə Göyəm kənd inzibati ərazi dairəsi xx.xx.2019-cu il tarixli arayış vermişdir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, cavabdelərin çıxarılması tələb edilən tikililərin (yaşayış evinin) hələ 2001-ci il tarixdə inşa edilməsi iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd edilmişdir. Bundan əlavə iddiaçının aidiyyəti dövlət orqanlarından işə məhkəmədə baxıldığından apelyasiya instansiya məhkəməsinə ünvanlanan ərizələrdə qeyd edilən mübahisə predmeti olan tikililələrin iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlandıqdan əvvəl həmin torpaq sahəsində mövcud olması və cavabdehlərin həmin tikililərdə yaşaması etiraf edilmişdir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yerləşən tikilidən çıxarılmaları hissəsində gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə bu hissədə ləğv edilməli, iş həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı sadalanan normalarında hüququn və əşyaların yüklülüyü ilə bağlı hallar sadalanır: 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 138.2. Hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin etibarsızlığı ilə bağlı iddia məhkəmə araşdırmasının predmeti olmuş və bununla bağlı qüvvədə olan məhkəmə qərarı olduğundan həmin qərar hazırkı iş üzrə tərəflər üçün preyudisial xarakter daşıyır. Lakin mübahisə predmeti olan tikililələrin mübahisəli torpaq sahəsində qeyd edilən alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl mövcudluğu, mübahisəli tikili olan evdə cavabdehlərin 2007-ci il tarixdən yaşaması, Cavabdeh1 keçmiş əri Məmməd Məmmədovla münasibətləri pisləşdikdən sonra da həmin tikilidə yaşaması iş materialları ilə təsdiq edilir. Bundan əlavə Cavabdeh1 qanunsuz olsa belə inşa edilmiş evin materiallarına münasibətdə keçmiş əri ilə birlikdə hüquqlarının mövcud olması istisna edilə bilməz. Belə ki, cavabdehin qeyd edilən mübahisəli evdə yaşamağa başlaması mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya alqı-satqı qaydasında keçməsində əvvəl baş vermişdir. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsində yaşamasına etiraz məhz cavabdehin onun keçmiş ərindən boşanmasından sonra baş vermişdir. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdehin keçmiş ərinin hazırkı işlə bağlı mənafelərinin bir-birinə uyğunluğu təsdiq edilir. Bu baxımdan cavabdehlərin iddiaçının qeyd etdiyi kimi tikililərdən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə də mübahisə predmeti olan tikililələr üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin hazırkı vəziyyətinə münasibətdə məhkəmələrin ədalətli və qanuni yanaşması tələb edilir. Belə ki, Cavabdeh1 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İddiaçı ərizələrində cavabdehlərin həmin evdə kirayə haqqı verməklə qaldığı tələbini irəli sürsə də bu fakt hər hansı bir mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası heab edir ki, şikayətin dəlilləri əsaslı hesab olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnаməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnаməsicavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları- hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-291/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-291/2020
16.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver