Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-294/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsindən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Mingəçevir şəhər X2 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin ona, yəni İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Mingəçevir şəhər X2 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri ünvan 1 ünvanda yerləşən torpaq sahəsi Mingəçevir şəhər X2 “Sağlamlıq” bağçılıq yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmışdır. Eyni zamanda da Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Bununla bağlı ona 14/28 inventar nömrəli texniki pasport verilmişdir. Həmin torpaq sahəsini o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni onlara 5300 manat ödəməklə həmin torpaq sahəsini 24 sentyabr 2004-cü ildə almış və cavabdehlər torpaq sahəsini ona təhvil vermişlər. Bundan sonra o ailə üzvləri ilə birlikdə qeyd olunan torpaq sahəsində ev tikdirib orada yaşayır. Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və o aldığı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir. Lakin cavabdehlər torpaq sahəsini ona satdıqdan sonra bəzi sənədlərin qaydasında olmadığını bildirərək notariat kontoruna gəlməmişlər və buna görə də aralarında alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı müqaviləsini başqa qaydada rəsmiləşdirə bilmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul olunmalıdır. Belə ki, ‘Torpaq bazarı" haqqında Azərbaycan Respublikasının qaununun 10 maddəsinə əsasən vətəndaşların və hüququ şəxslərin mülkiyyətində olan torpaqlar .habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda,alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. İddiaçı əvvəl daşınmaz əmlaka dair notariat kontoruna təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış almalı idi. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384,385,386,387-ci maddələrini rəhbər tutaraq, Mingəçevir şəhər Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin ilkin sənədləri cavabdehlərə məxsus olduğundan, cavabdehlər həmin torpaq sahəsini iddiaçıya şifahi qaydada satmışlar. Lakin sənədlər tam qaydasında olmadığından notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdehlər isə məhkəməyə ərizə ünvanlayaraq mübahisəli torpağı iddiaçıya satdıqlarını, heç bir tələb və etirazlarının olmadıqlarını bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnmamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən; 14/28 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik bağın istifadəçisi Cavabdeh1dır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğlu tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, onlar Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik torpaq sahəsini İddiaçı satmışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci (halbuki bu maddə 24.06.2005-ci il tarixli qanunla çıxarılmışdır) və 336-cı maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehlər tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında olmuş şifahi razılaşma daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallarında olan 14/28 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik bağın istifadəçisi Cavabdeh1dır. Bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğlu tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, onlar Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik torpaq sahəsini İddiaçı satmışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, üçüncü şəxsin аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsaslıdır. Əvvəla ona görə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğlu tərəfindən məhkəməyə göndərilmiş ərizədə onların Mingəçevir şəhəri Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metrlik torpaq sahəsini İddiaçı satıqlarını bildirmələri və iddianın təmin olunmasını məhkəmədən xahiş etmələri heç də iddianın təmin edilməsi üçün əsasə sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. lakin iş materiallarında sadalanan faktları sübut edəcək dəlillər mövcud deyildir. İkincisi əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız aralarında olmuş şifahi razılaşmaya və cavabdeh tərəfin buna etirazının olmamasına istinad etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Üçüncüsü, qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. Tərəflərin torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki iddiаnın təmin оlunmаsı üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir və onunla razılaşmır. Çünki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv və iddianın isə rədd edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edillsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-294/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-294/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver