Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-302/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, onların vəkili X10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(039)-1137/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 ilə birlikdə onun cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən yaşayış evinə köçürülməklərinə, həmin evdə istifadə hüquqlarının tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh2 qızının adının səhfən yazıldığı bildirərək, onun adının cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 01 oktyabr 2021-ci il tarixli, 2(039)- 1137/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən yaşayış evinə köçürülməsi, İddiaçı həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X13 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə 02 noyabr 2006-cı il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Ailələrində yüngül mübahisə olmuşdur. Həmin mübahisədən sonra o, məcbur qalıb ata evinə getmişdir. Lakin cavabdehlər onu və övladlarını həmin evə buraxmırlar. Həmin evə gəlin köçərək orada cavabdehlərlə birgə təsərrüfatı idarə etmişdir. Övladları da həmin evdə dünyaya gəlmişlər. Ona məxsus cehiz əşyaları da həmin evdədir. İddiaçı özü də, həmin evdə qeydiyyatdadır. Onun isə azyaşlı övladları ilə getməyə yeri yoxdur. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində şikayət olunan məhkəmə qətnaməsində hakim maddi hüquq norması olaraq Azərbaycan Respublikası mülki məcəlləsinin 228.5- ci maddəsinə istinad edilmişdir. Hesab edirlər ki, mübahisəyə bu cür yanaşma düzgün deyildir. Əslində , mübahisə Azərbaycan Respublikası mülki məcəlləsinin 152.1-ci maddəsinə və 152.5-ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evini Cavabdeh1 və İddiaçınm birgə nikah müddətində əldə etdikləri əmlak deyil, həyətyanı torpaq sahəsini Cavabdeh1 əvəzsiz olaraq, Aqrar İslahat Komissiyasının qərarı əsasında əldə etmiş, fərdi yaşayış evi isə valideynləri tərəfindən inşa edilmiş əmlakdır. Həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı Cavabdeh1 birgə qazancları hesabına, o cümlədən əvəzli ətdə edilmədiyindən onların ümumi mülkiyyəti hesab edilə bilməz. Məhkəmə qətnaməsinin əsaslandırcı hissəsində işə əlavə edilmiş sənədləri sıralamaqla və mübahisəni əsaslandırmağa aid olmayan maddi hüquq normalarını rəhbər tutmaqla qəbul etdiyi nəticə işin hallarına uyğun deyildir (bununla da MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur). Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2021- ci il tarixli, 2(039)-11137/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçının və uşaqların yaşadıqları evə köçürülməsinə etiraz edir. İddiaçı hazırda uşaqlarla birlikdə atası evində yaşayır. Onun həmin evdə payı yoxdur. Hesab edir ki, iddiaçının sözügedən evə köçürülməsi qanunsuzdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin (həmçinin Cavabdeh3 nümayəndəsi) X13 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan yaşayış evinə dair Çıxarış səhv verilmişdir. Belə ki, sözügedən yayayış evi 1978-ci ilə inşa edilib. Cavabdeh1 həmin evdə heç bir payı yoxdur. Hazırda həmin Çıxarışın ləğv edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Hesab edir ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarıldığından ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma apararaq yekun nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə cavabdehin ailə münasibətləri hələ də rəsmi qaydada pozulmayıb. Bundan əlavə Cavabdeh1 də sözügedən yaşayış evində payı olduğundan onun ailə üzvlərinin həmin evə köçmək, onunla birgə yaşamaq, istifadə etmək hüuqu vardır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və mülki işin materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yevlax RPŞ-si tərəfindən 04 noyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı 10949217 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X11 11 yanvar 2011-ci il tarixdə anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadırlar. Asan-Mingəçevir tərəfindən 21 dekabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18793387 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 25 fevral 2013-cü il tarixdə anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. 28 yanvar 2020-ci il tarixli AZ-T 018037 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X7 02 noyabr 2006-cı il tarixdə evlənmişlər. Yevlax ŞİHB-nın Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 aprel 2021-ci il tarixli, 336 saylı arayışından məlum olur ki, İddiaçı 2006-cı ildə Yevlax rayonu, Tanrıqulular kənd sakimi Cavabdeh1 ilə ailə qurub, rəsmi nikaha girib onun valideyinlərinə məxsus evə gəlin gəlib. Uzun müddət onunla birgə yaşayıb. Həmin evdə yaşadığı müddətdə iki övladı olub. X3 – 2011, X5 – 2013. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2021-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Cavabdeh1, Cavabdeh3, X2 və X4 Yevlax rayonu, Tanrıqulular kəndində ümumi birgə 0.3415 ha torpaq sahəsi və 126.7 kv.m. fərdi yaşayış evləri vardır. 17 dekabr 2020-ci il tarixli AZ-ll 066106 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 05 aprel 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 aprel 2009-cu il tarixli AZ-l 354026 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 14 mart 2009-cu il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-070A kod 90110018 saylı şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3, X2, Cavabdeh1 və X4 Yevlax rayonu, Tanrıqulular kəndində ümumi birgə 0.34 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərinə fərdi yaşayış evi vardır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı 02 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından iki uşaqları olmuşdur. Tərəflər ailə qurduqdan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2021-ci il tarixli çıxarış əsasında cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 08 aprel 2021-ci il tarixə qədər həmin evdə birlikdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Ailələrində mübahisə olduğundan iddiaçı evdən məcbur olub çıxmışdır. Evə qayıtmaq istədiyi təqdirdə isə cavabdehlər iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə buraxmamışdır. İddiaçı da məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddia üzrə cavabdehlərin (o cümlədən apellyatorların) ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Çünki təqdim olunmuş Torpağa mülkiyyət hüququna dair JN-070A kod 90110018 saylı şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3, Cavabdeh1 və X4 Yevlax rayonu, Tanrıqulular kəndində ümumi birgə 0.34 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərinə fərdi yaşayış evi mövcuddur. Göründüyü kimi qeyd olunan şəhadətnamədə digər şəxslərlə yanaşı iddiaçının (azyaşlı uşaqların isə atasının) əri Cavabdeh1 də adı olmuşdur. Qeyd olunan torpaq və üstündəki tikiliyə dair şəhadətnamə 2004-cü ildə verilmiş, sonradan isə tərəfləri müraciəti əsasında sonuncuların adına 23 aprel 2021-ci il tarixli Çıxarış verilmişdir. Beləliklə, göründüyü kimi iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri də hal-hazıra kimi davam edir. Kollegiya qeyd edir ki, əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində sonradan qeydə alınması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcud olmuş, iddia üzrə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin sənədləşməsinin düzgün olmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdeh (o cümlədən digər apellyatorlara) münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, mübahisələndirilən evə dair verilmiş Çıxarışın düzgün olub-olmaması hazırki araşdırmanın predmeti deyil. Tələb yalnız iddiaçının azyaşlı uşaqları ilə birlikdə qanunsuz məhrum edildiyi yaşayış sahəsinə köçməsindən və əsassız müdaxilələrin qarşısının alınmasından ibarətdir. Apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayan kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdeh tərəfin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır Bundan əlavə apellyatorlar iddia edirlər ki, Cavabdeh1 adı Çıxarışa səhvən düşüb. Kollegiya şikayətin bu dəlilinə münasibət bildirək qeyd edir ki, hətta Cavabdeh1 adının Çıxarışa səhvən qeyd edilməsi baxımından yanaşsaq belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, sözügedən Çıxarışdan görünür ki, digər mülkiyyətçi X2 (Cavabdeh1 anası) da həmin əmlakda payı mövcuddur. Mariya Atakişiyeva öldüyündən onun vərəsəsi olan Cavabdeh1 də həmin mirasda payı olmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(039)-1137/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-302/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-302/2022
08.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver