Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-304/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "alınan malın yenisi ilə əvəz edilməsi tələbinə dair" mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)- 1766/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia tələbi təmin edilərək, cavabdeh “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixdə İddiaçı satdığı “LG 43LK6000PLF.ARU” markalı televizorun eyni qiymətdə və eyni modeldən olan yeni televizor ilə əvəz edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin Mingəçevir şəhər filialından aldığı televizorun eyni qiymətdə və eyni modeldə olan yeni televizor ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx xxx 2019cu il tarixdə “xxxx” MMC-nin Mingəçevir filialından 722 manat dəyərində 1 ədəd “LG” markalı televizor almışdır. Həmin vaxt televizorun ödənişini tam şəkildə ödəmiş və televizora 1 il zəmanət verilmişdir. Televizoru aldıqdan 20 gün sonra təsadüfən televizorun ekranının üst hissəsindən xətt getdiyini görmüş və həmin gün “xxxx” MMC-nin Mingəçevir şəhərindəki filialına bu barədə məlumat vermişdir. Bundan sonra, servisdən bir nəfər şəxs gələrək televizora baxmış və heç bir yoxlama aparmadan televizorun onun tərəfindən zədələndiyini bildirmişdir. Bu zaman özü ona etirazını bildirmiş və televizorun yenisi ilə əvəz edilməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra,özü “xxxx” MMC-nin baş ofisinə müraciət etmişdir. Ancaq buna baxmayaraq, ona heç bir cavab verilməmişdir. Pozulmuş hüququnu başqa qaydada bərpa edə bilməmişdir. Cənab Prezidentin ölkə camaatının güzaranının yaxşılaşdırılması istiqamətində islahatlar apardığı bir vaxtda “xxxx” MMC onun hüquqlarını kobud şəkildə pozmuş, ona satdığı xarab malı isə yenisi ilə əvəz etməkdən imtina etmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Ona görə də “xxxx” MMC-nin Mingəçevir şəhər filialından aldığı televizorun eyni qiymətdə və eyni modeldə olan yeni televizor ilə əvəz edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1766/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Cavabdeh “xxxx” MMC apelyаsiyа şikаyətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1766/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının formal mülahizəsinə əsaslanaraq, televizorun qüsurlu olması barədə dediklərini və mağaza tərəfindən verilmiş 1 il müddətinə zəmanəti əsas tutaraq, iddiaçının sübutu və əsası olmayan iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi televizorun qüsurlu olmasını iddiaçının sözü ilə deyil, iddiaçının təqdim etdiyi sübuta əsaslanaraq qiymət verməli idi. Bundan başqa, televizorda texniki qüsur (üçüncü şəxslər tərəfindən zədələnməmiş və müdaxilə olunmamış) aşkar olunarsa, bunun üçün mağaza tərəfindən 1 il zəmanət verilmişdir. Verilmiş zəmanətə görə televizor təmir olunaraq qüsur aradan qaldırılır, əgər qüsurun aradan qaldırılması mümkün olmadıqda o yenisi ilə əvəz olunur. İddiaçı televizordan 20 gün müddətində istifadə etmiş və 20 gündən sonra qüsur olduğunu bildirmiş, yəni mal təhvil verildiyi zaman malda hər hansı bir qüsur olmamışır. Ona görə də iddianın həllinə məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 587.1-ci maddəsi tətbiq edilə bilməzdi. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçıapelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1766/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında işin faktiki halları ilə bağlı əlavə olaraq qeyd etdi ki, televizoru alarkən mağazada satıcı televizoru ona nümayiş etdirmiş, televizorun heç bir zahiri qüsuru olmamış və işlək vəziyyətdə olmuşdur. Ona görə də televizorun qiymətini ödəyib alaraq evə gətirmişdir. Evdə televizoru təxminən 20 gün istifadə edəndən sonra işləyən vəziyyətdə onun ekranının yuxarı hissəsində üfiqi xətlərin əmələ gəldiyini müşahidə etmişdir. Televizorun zəmanət talonunda olan telefon nömrəsinə zəng edib televizorda yaranan qüsur barədə məlumat vermiş, ona televizoru mağazaya gətirməyi təklif etmişlər. Mağazada ona bildirmişlər ki, həmin qüsur televizorda alınandan sonra yaranmışdır, ona görə də televizorun özünün və ya ekranının dəyişdirilməsi üçün qiymətinin 80%-i əlavə ödənilməlidir. O da əlavə pul ödəməyə imkanının olmadığını bildirmiş və zəmanət şərtlərinə əməl olunmasını tələb etmişdir. Mağazada televizoru evə aparmağı və sonra onunla əlaqə saxlanılacağını demişlər. Lakin sonrakı günlər “xxxx” MMC-nin mağazası və ofisi ilə nə qədər telefon danışığı aparsa da, ona normal cavab verən olmamış, müxtəlif bəhanələrlə problemi həll etməkdən yayınmışlar. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və ədalətli qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdeh “xxxx” MMC-yəlazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1766/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsinəəlavə olunmuş xx xxx 2019-cu il tarixli zəmanət talonundan görünür ki, İddiaçı aldığı “LG 43LK6000PLF.ARU” markalı televizora 1 il zəmanət verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-nin Mingəçevir filialından 722 manat dəyərində 1 ədəd “LG” markalı televizor almışdır. Həmin vaxt televizorun qiymətini tam şəkildə ödəmiş və televizora 1 il müddətinə zəmanət verilmişdir. Televizoru aldıqdan 20 gün sonra televizor işləyən zaman onun ekranının üst hissəsində üfiqi xətlərin getdiyi müşahidə olunmuş və iddiaçı həmin gün “xxxx” MMC-nin Mingəçevir şəhərindəki filialına bu barədə məlumat vermişdir. Bundan sonra, servisdən bir şəxs televizora baxış keçirmiş və heç bir yoxlama aparmadan televizorun evdə (iddiaçı tərəfindən) zədələndiyini bildirmişdir. Daha sonra, iddiaçının “xxxx”in baş ofisinə müraciət etməsinə baxmyaraq, müraciəti cavabsız qalmışdır. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh “xxxx” MMC isə iddiaçıya satılmış “LG 43LK6000PLF.ARU” markalı televizorun yenisi ilə əvəz edilməsi barədə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsindən irəli gələn mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqıya dair 29-cu fəslinin birinci paraqrafının və mülkiyyətin müdafiəsini tənzimləyən normalarıtətbiq olunmalıdır. Həmin hüquq normalarının müddəalarına uyğun olaraq İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı alınan malın yenisi ilə əvəz edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: (587.1.1) alış qiymətinin mütənasib azaldılması; (587.1.2) əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; (587.1.3) əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin: 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: (587.2.1) alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; (587.2.2) lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Mülki Məcəllənin pərakəndə alqı-satqı münasibətlərini tənzimləyən 3-cü paraqrafının normalarında da (624.1-ci maddə) alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 625.1-ci maddəsinə əsasən, pis keyfiyyətli mal pərakəndə alqısatqı müqaviləsinə uyğun gələn lazımi keyfiyyətli malla əvəz edilərkən satıcı malın müqavilədə müəyyənləşdirilmiş qiyməti ilə onun dəyişdirildiyi və ya dəyişdirilməsinə dair məhkəmə qərarının çıxarıldığı an mövcud olmuş qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilməz. İşin hallarından göründüyü kimi, satıcı (cavabdeh) televizorun alıcı (iddiaçı) tərəfindən istifadə zamanı zədələnməsini və irad bildirilən qüsurun da bunun nəticəsində yaranmasını müəyyən və sübut etməmişdir. Cavabdeh məhkəməyə də televizorda aşkar olunmuş qüsurun iddiaçının (alıcının) təqsiri üzündən yaranmasının mümkünlüyünü təsdiqləyən sübut və ya ağlabatan arqumentlər təqdim etməmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının öz tələbində haqlı olduğu qənaətinə gəlməyə məcburdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin İddiaçı iddiasının təmin edilməsinə dair qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-1766/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)- 1766/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-304/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-304/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver