Məhkəmə qərarları › İş №2(107)-305/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-305/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-305/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-341/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh DƏDRX-in 18 saylı X3 tərəfindən mülkiyyətinə verilmiş ******* nömrəli HDQH DƏDR-dən Çıxarışa əsasən 0.4601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-341/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zaqatala rayonunun Mosul kəndində yerləşən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0,4601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2963 ha hissəsindən Cavabdeh çıxarılması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh müştərək qaydada alınaraq Az.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Halbuki Zaqatala rayonu Mosul kəndində torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün kənddə Əmlak Məxələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılmışdır. Həmin dürüstləşmə işləri nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğu müəyyən edilmişdir. Lakin nə ekspert, nə də birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Hesab edir ki, həmin dürüstləşmə işləri Əmlak Məsələləri Dövlət Xidmətindən toplanılmalı və müəyyən edilməlidir. Daha sonra isə iş üzrə ekspertiza təyin edilməlidir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)- 341/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-341/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Mübahisə predmeti olan DƏDRX-nin tərtib etdiyi ******* nömrəli Çıxarışın 0.4601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.2963 ha hissəsi cavabdehin naturada istifadə etdiyi 1.20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin iş üzrə tərəflərin torpaq sahələrinin ölçüləri DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışın 0.4601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən cavabdehin naturada istifadə etdiyi 1 20 ha torpaq sahəsinin 0.2963 ha hissəsinə və qalan 0.1637 ha hissəsi isə digər mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin iddiaçının mülkiyyətində olan DƏDRX-nin tərtib etdiyi ******* nömrəli Çıxarışa əsasən 0.4601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0,2963 ha hissəsi cavabdeh X1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsi: Maddə 5.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçının tam mülkiyyət hüququ üzrə mülkiyyətinə verilmişdir. Cavabdeh nə ekspert rəyi ilə, nə də birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmasa da, narazılığını əsaslandıra bilməmişdir. Eyni zamanda torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün kənddə Əmlak Məxələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılması, həmin dürüstləşmə işləri nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu təstiq edən hər hansı bir sübut növü məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan əlavə cavabdeh həmin dürüstləşmə işlərinin Əmlak Məsələləri Dövlət Xidmətindən toplanılmalı və müəyyən edilməli olduğunu bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, dürüstləşmə işlərinin Əmlak Məsələləri Dövlət Xidmətindən toplanılmalı və müəyyən edilməli olması məhkəmənin səlahiyyətinə aid olmayan məsələdir. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası heab edir ki, şikayətin dəlilləri əsassız hesab olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)- 341/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-341/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar