Məhkəmə qərarları › İş №2(107)-306/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-306/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-306/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X14, Cavabdeh2 nümayəndəsi (vəkili) X18 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və Cavabdeh3 Knyaz qızına qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsindən cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.F.İmanov) iddia qismən təmin edilərək, İddiaçı Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X19 ilə birlikdə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X19 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X22 birinci instansiya məhkəməsinin iclаsındа iddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı Cavabdeh2 ilə ailə qurmuş və onlar arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikah aktı bağlanmışdır. İddiaçı ailə qurduqdan sonra ər evinə köçmüş, adət-ənənəyə uyğun olaraq cehiz əşyalarını da toydan qabaq apararaq ər evinə yığmışlar. İddiaçı hazırkı mübahisəli evdə 2017-ci ilin axırlarınadək yaşamışdır. Lakin, 2017-ci ilin axırlarında cavabdehlər tərəfindən iddiaçı gəlin düşdüyü evdən iradəsi ziddinə uşağı ilə birlikdə çıxarılaraq ata evinə qovulmuşdur. Hal-hazırda iddiaçı Qoxmuq kəndində ona məxsus olan evdə yaşayır. İddiaçı olan qızı ailəsinin bərpa edilməsi üçün və barışmaq məqsədilə bir müddət boşanma ilə bağlı məhkəməyə müraciət etməmiş, qayıdıb ər evində yaşamaq istəmişdir. Lakin, cavabdeh olan həyat yoldaşı Asim onunla barışmaq istəməmişdir. Buna görə də iddiaçı məcbur olub 2019-cu ildə nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsi ilə Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X8 anası Mustafayeva (Osmanlı) Aybəniz İlham qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Mustafayeva (Osmanlı) Aybəniz İlham qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçının cehiz əşyaları ər evində, yəni Oxud kəndində yerləşən gəlin köçdüyü evdədir. Həmin ev heç kimin adına deyil. İddiaçı həmin mübahisəli evə gəlin köçmüş, uşağı da həmin evdə doğulmuşdur. İddiaçı öz uşağı ilə həmin evə köçüb yaşamaq istəyir. İddiaçı uzun müddət həmin evdə yaşamışdır. İddiaçı Şəki rayon Oxud kəndində yerləşən mübahisəli evə gəlin köçərək, oradan iradəsi ziddinə cavabdehlər tərəfindən çıxaralanadək həmin evdə yaşamış, uşağı orada doğulmuş və cavabehlərlə birlikdə yaşayaraq onlarla ümumi təsərrüfat aparmışdır. Həmçnin göstərmişdir ki, Qoxmuq kəndində olan hal-hazırda yaşadığı ev ¼ paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evdə digər payçılar – qardaşları Eldar və mərhum Osmanın da ailə tərkibləri yaşayırlar. Hazırda iddiaçı da azyaşlı uşağı ilə birlikdə onun yaşadığı otaqda yaşadığından evdə çox sıxlıq mövcuddur. Buna görə də iddiaçının Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X19 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) X30 birinci instansiya məhkəməsinin iclаsındа iddiаnı qəbul etməyərək göstərmişdir ki, həqiqətən də iddiaçı ilə Cavabdeh2 2014-cü ildə ailə quraraq aralarındakı nikahı rəsmləşdirmişlər. Mövcud ənənəyə uyğun olaraq iddiaçının cehiz əşyaları da qeyd edilən mübahisəli mənzilə yığılmış, hal-hazırda da həmin evdə qalmaqda davam edir. Cavabdeh2 RF-da dövri olaraq işlədiyindən iddiaçı müəyyən vaxt onunla bərabər RF-da da yaşamışdır. Cavabdehin iddiaçı ilə nikahından bir azyaşlı uşağı vardır. İddiaçı 2017-ci ilə qədər qeyd edilən mübahisəli mənzildə yaşamışdır. Sonradan tərəflər arasında münasibətlər soyumuş və iddiaçı ər evini tərk edərək ata evinə getmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsi ilə Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı ilə Cavabdeh2 arasında olan nikah pozulmuşdur. Hesab edir ki, 2017-ci ildə iddiaçı ər evindən gedərək atası evində yaşamağa başlamış, bununla da artıq özünə yaşayış yeri seçmişdir. Bu hal Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsində əksini tapmış Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin məzmununda öz əksini tapmışdır. Hesab edir ki, iddiaçının mübahisə predmeti olan evdə heç bir hüququ yoxdur. Həmçinin sözügedən ev cavabdehin mülkiyyətində deyil. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 Knyaz qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsindən cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən, yəni X4 Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx.xx.2015-ci il təvəllüdlü Nigar Mustafayeva ilə birlikdə köçürülməsi hissəsi ilə razılaşmırlar. Bundan əlavə, DƏDRX-nin 12 saylı X39 tərəfindən verilmiş arayışdan da görünür ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evinə dair Cavabdeh1 adına texniki pasport tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli yaşayış sahəsi mülkiyyətdə olmayan, yəni xüsusi, dövlət və ya bələdiyyə mənzil fonduna aid olmayan ev olmuşdur. Laki, DƏDRX-nin araryışından görünür ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evinə dair Cavabdeh1 adına texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X26pelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X20pelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və Cavabdeh3 Knyaz qızıməhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsindən görünür ki, Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X8 anası Mustafayeva (Osmanl) Aybəniz İlham qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Mustafayeva (Osmanlı) Aybəniz İlham qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli, 319 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən 4 otaq 76,8 kv.m sahədən ibarət yaşayış evi ¼ hissədə X9, ¼ hissədə X14, ¼ hissədə X15 adlarına, qalan ¼ hissə mərhum X5 adına açıq saxlanılmaqla, mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmış və 2/10-319 nömrə ilə reyestr kitabına yazılmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İdarənin arxiv məlumatlarına əsasən X1 və Cavabdeh3 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin göstərilmişdir ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evi haqqında X1 adına texniki pasport tərtib edilmişdir. İşdə olan Oxud kənd nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, 2019-cu ilin kənd təsərrüfatı kitabına əsasən X1 öhdəsində X7, Cavabdeh3 Knyaz qızı, X23, X27, X19 və İddiaçı adlı ailə üzvləri vardır. Apelyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********07-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və xx.xx.2019-cu il tarixli 451 inventar nömrəli Texniki pasportun surətlərindən görünür ki, Şəki rayonu Oxud kəndində yerləşən 0.0743 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 110.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakda fərdi yaşayış evi tam və həyətyanı torpaq sahəsinin 2/8 hissəsi Cavabdeh1, qalan torpaq sahəsi isə hərəsinə 1/8 hissəsi olmaqla X10, X7, X11, X2, Cavabdeh3 və X16 ümumi-birgə mülkiyyət payları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında mübahisəli yaşayış evi ilə bağlı hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi texniki pasporta əsasən cavabdehlərdən X3 məxsus olsa da, lakin sonuncunun həmin evlə bağlı sərəncam vermək və ya hər hansı əqd bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı həmin evə gəlin köçərkən qaynatası Məmmədəli Mustafayev və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. İddiaçı həmçinin ailə başçısı X6 olan təsərrüfata ailə üzvü kimi qeydiyyata alınmış, 2014-cü ildən mübahisəli ev onun qanuni və daimi yaşayış yeri olmuş, bu hal Oxud kəndi üzrə təsərrüfatbaşına kitabda öz əksini tapmış, eləcə də iddiaçı xx.xx.2016-cı il tarixdə şəxsiyyət vəsiqəsi alarkən onun yaşayış yeri Şəki rayonu Oxud kəndi göstərilmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşağı – xx.xx.2015-ci il təvəllüdlü Nigar Mustafayeva anadan olmuşdur. Ailə münasibətləri pozulan iddiaçı 2017-ci ildə azyaşlı uşağı ilə birlikdə mübahisəli evi tərk edib başqa kənddəki atası evinə getmiş, lakin ona məxsus ev və məişət əşyaları indiyədək əvvəlki evdə qalmışdır. İddiaçı ilə cavabdehlər arasında ailəqohumluq münasibətlərinə 2019-cu ildə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı 2014-cü ildə (və 2019-cu ilin dekabrınadək) iddiaçının gəlin köçdüyü fərdi yaşayış evi öz hüquqi statusuna görə xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsinin şamil olunduğu yaşayış sahəsinə uyğun olmuşdur. Ona görə də hazırkı mübahisəli hüquq münasibətinin həllinə analoji münasibətləri tənzimləyən hüquq norması kimi qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideyinləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İstinad edilən qanun normaları baxımından 2014-cü ildə iddiaçının gəlin köçdüyü fərdi yaşayış evi heç kəsin mülkiyyətdə olmamış, lakin yaşayış sahəsi kimi faktiki mövcud olmuş, həm də cavabdehlərin rəsmi və daimi yaşayış yeri sayılmışdır. Evin rəsmi mülkiyyətçisi olmadığından, iddiaçı həmin evə gəlin köçərkən orada yaşayış sahəsindən istifadə şərtlərini və qaydalarını razılaşdıra biləcəyi səlahiyyətli şəxs də olmamışdır. Halbuki, evin mülkiyyətçisi olsaydı onunla iddiaçı arasında həmin evdə yaşamaqla bağlı münasibətlərin hüquqi tənzimlənməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin təsiri altına düşərdi. Belə ki, mülkiyyətçi iddiaçını digər qohumu (gəlini) kimi öz evinə köçürdüyündən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə müvafiq olaraq, iddiaçı mülkiyyətçinin ailə üzvü hesab edilər, ailə münasibətlərinə xitam veriləndən sonra isə iddiaçının evdə yaşamaqla bağlı tələbi həmin Məcəllənin 30.4-cü maddəsinin müddəalarına uyğun həll edilərdi. Lakin mübahisəli hüquq münasibətləri yaranan zaman sözügedən evin mülkiyyətçisi olmadığından həmin evdə yaşayan ailə üzvləri, o cümlədən cavabdehlərlə iddiaçı arasında Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənməli olan münasibətlər formalaşmışdır. Həmin maddəyə görə isə, iddiaçı cavabdehlərin ailə tərkibindən çıxsa da, lakin yaşayış sahəsində (mübahisəli evdə) yaşayışını cavabdehlərlə eyni hüquqlar əsasında davam etdirə bilər və bu zaman yaşayış sahəsindən istifadə ilə bağlı öhdəliklər üzrə müstəqil məsuliyyət daşıyacaqdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. İstinad edilən normanın mənası baxımından hazırda X1 mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməsi buna qədər həmin evdə daimi yaşamış digər cavabdehlərin, habelə iddiaçının bu evdə yaşamaq hüquqlarının xitamına səbəb olmamışdır, ona görə ki, X6 mübahisəli evə mülkiyyət hüququ əldə edənə qədər həmin evin digər cavabdehlərin və iddiaçının da daimi yaşayış yerləri olduğunu bilmişdir. Cavabdeh tərəf həmçinin iddia edir ki, iddiaçı 2017-ci ildə mübahisəli evi tərk edib atası evinə getmiş və son iki ildə atası evində yaşamış, bununla özünü yeni yaşayış yeri ilə təmin etmiş və əvvəlki yaşayış yerinə qayıtmağa ehtiyacı qalmamışdır. Lakin məhkəmə kollegiyası belə mülahizəni əsassız sayır. İşin hallarından məlum olur ki, 2017-ci ildə cavabdehlər iddiaçını gəlin düşdüyü evdən iradəsi ziddinə uşağı ilə birlikdə çıxaraq atası evinə getməyə məcbur etmişlər. Bundan sonra iddiaçı ailəsini bərpa etmək və barışmaq ümidiylə bir müddət gözləmiş, boşanma ilə bağlı məhkəməyə müraciət etməmiş, qayıdıb ər evində yaşamaq istəmişdir. Lakin, əri Cavabdeh2 onunla barışmaq istəməmişdir. Buna görə də iddiaçı məcbur olub 2019-cu ildə nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Boşanmasına baxmayaraq, iddiaçıya məxsus cehiz, digər ev və məişət əşyaları indiyədək mübahisəli evdə qalmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli evdən çıxması özünə başqa yaşayış yeri seçməsi ilə əlaqədar olmamışdır və onun indi də azyaşlı uşağı ilə birlikdə yaşaya biləcəyi ayrı yaşayış yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiyaının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən Şəki rayonunun Oxud kəndində yerləşən fərdi yaşayış evinə köcürülməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materialları ilə sübut olur ki, iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüş və onların ailə üzvü olmuşdur. İndi də iddiaçı, başqa yaşayış yeri olmadığından, azyaşlı uşağı ilə birlikdə ona sözügedən evdə yaşamaq imkanının verilməsini istəyir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsini qət etməklə mübahisəni düzgün həll etmişdir. İddiaçı onun iddia tələblərinin birinci instansiya məhkəməsi tərəfindən qismən, yəni “evə köçürülmə” tələbinə dair hissədə təmin edilməsi ilə razılaşmış və kifayətlənmiş, digər tələblərinin (evdən istifadə hüququnun tanınması və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması) təmin olunmamasını mübahisələndirməmiş və bununla əlaqədar apelyasiya şikayəti verməmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, İddiaçı Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı - xx xxxxx 2015-ci il təvəllüdlü X19 ilə birlikdə köçürülməsini qət etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)- 1750/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar