Məhkəmə qərarları › İş №2(107)-306/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-306/2021

01.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-306/2021 01.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdeh Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə qarşı “işə bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə qarşı “işə bərpa edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin verdiyi xx xxx 2020-ci il tarixli 60 saylı əmrin ləğv edilməsi və onun Zaqatala RİHB-ın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun 64 yaşı vardır. 2010-cu ilin yanvar ayından 2020-ci ilin may ayinın 20-nə kimi Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçibaş mühasib vəzifəsində işləmişdir. Çalışmışdır ki, işini dövlət qanunlarına əsasən görsün. 2020-ci ilin may ayının 16-da kənd icra nümayəndəsi M.Vaşiyev zəng vurub Rayon İcra Hakimiyyətindən E.Mustafayevin və İ.Şəfızadənin idarəyə gələcəklərini demiş və onun da idarəyə gəlməsini tapşırmışdır. İdarədə iş rejimi 5 günlük iş həftəsi olmaqla 40 saatdan ibarətdir. Buna baxmayaraq o, Danaçı kənd uşaq bağçasında müdir uçot işlərinin öhdəsindən gəlmədiyindən sonuncuya işlərin görülməsində məsləhət verməklə məşğul olmuşdur. İdarədə İcra başçısının köməkçisi İ.Şəfizadə birbaşa bildirmişdir ki, “burcutmağın mənası yoxdur, onlar İcra Hakimiyyətində bütün sənədləri hazırlamışlar, izahatına ehtiyacları yoxdur, işindən öz xahişi ilə azad olunmasına dair ərizəni yazsın, əks halda onlar onu başqa maddələrlə işdən çıxardacaqlar”. Ona düşünmək üçün yarım saat vaxt vermişlər. O, vaxtın lazım olmadığını, ərizəsini də verməyəcəyini bildirmiş və otaqdan çıxmışdır. May ayının 21-də M.Vaşiyev zəng edərək bildirmişdir ki, barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndi tətbiq olunmaqla işdən azad olunmuş, işləri təhvil verməlidir. O, barəsində yazılan akt, xəbərdarlıq, əmri, əmək kitabçasını soruşduqda bildirmişdir ki, “hamısı İcra Hakimiyyətində saxlanır, ora müraciət etsin”. O vaxtdan iki idarə arasında qalmışdır. 30 iyul tarixində təkrar İcra Hakimiyyətində T.Kamalovun və E.Mustafayevin yanında olmuşdur. T.Kamalov bildirmişdir ki işdə ancaq 14 may tarixli barəsində yazılan akt və işdən azad olunmasına dair əmr var. Əvvəl hər ikisini verə biləcəyini demiş, ancaq sonra kiminsə məsləhəti ilə verməmişdir. Əmək kitabçası yazılmamış halda olduğundan onu vermiş və yanında Vaşiyevlə telefon əlaqəsi saxlanılmışdır. Vaşiyev əmrin və aktın işdə saxlandığını bildirmişdir. E.Mustafayev isə ona bildirmişdir ki, sənədlərin verilməsi üçün Başçının adına ərizə yazsın. O, xx.xx.2020-ci il tarixdə M.Vaşiyevin adına, xx.xx.2020-ci il tarixdə Başçının adına məktub göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə İcra nümayəndəliyi işdən azad olunmasına dair əmrin surətini poçtla ona göndərmiş, ancaq nədənsə işdə olmamasına dair akt yenə də ona verilməmişdir. Nümayəndəliyin balansında 2012 və 2018-ci ildə alınmış iki ədəd printer var. Heç biri idarədə deyil. Köhnəsini müavin, təzəsini isə nümayəndə evlərinə aparmışdır. İki kompüter var, biri onun iş otağındadır. Şəbəkəyə qoşmaq üçün modem almış, müavin öz otağına qoymuşdur. Bir modemə iki kompüterin qoşulması mümkün olmadığından əlavə fleş-modem almış, açıb aparmışlar. İş otağının bir açarı əllərdədir. Bu səbəbdən də sənədləri başqa kompüterdə işləməklə başqa printerlərdən istifadə etmək məcburiyyətində qalmışdır. Dövlət qulluğu haqqında Qanunun öz qanuni mənafelərini müdafiə etmək hüququna dair müddəalarını rəhbər tutaraq, barəsində tətbiq olunan intizam tənbehlərini qanunsuz sayır. İşdən azad olunmağı sifariş əsasındadır. Belə ki, onlarla dəfə M.Vaşiyevə Uşaq baxçasındakı nöqsanları və digər nöqsanları istər şifahi, istərsə də yazılı formada çatdırmış, nəticəsi olmadığından axırıncı dəfə elektron poçtla xx.xx.2020-ci ildə göndərmişdir. Dərhal barəsində tədbir görülüb. Əmrdə barəsində yazılı xəbərdarlığın sonuncu dəfə xx.xx.2020-ci ildə edilməsi yalandır. Bunun Əmək Məcəlləsinin 186-cı maddəsi, Dövlət qulluğu haqqında qanunun 25-ci maddəsi ilə əsaslandırılmasını, tətbiq olunan 70-ci maddənin “ç” bəndini və 72-ci maddənin “a” bəndini aşağıdakı səbəblərdən əsassız və qanunsuz sayır. Əmək müqaviləsində işinin adı “baş məsləhətçi-baş mühasib” olduğu halda o, icra nümayəndəsinin tapşırığı ilə fındıq bağlarının salınmasında, Bakı yol ətrafının təmizlənməsində, orda ağacların əkilməsində, ağardılmasında, şəhərdə təmizlik işlərinin aparılmasında, Danaçı kəndinin yol ətraflarının təmizlənməsində, həmin ərazilərdə ağacların əkilməsində, ağacların ağardılmasında və digər tədbirlərdə də onlarla dəfə iştirak etmişdir. Ürəkdən müalicə aldığını, pandemiya dövründə yaş həddimin yuxarı olmasını İcra Hakimiyyətində bilirlər. 07, 13 və 14 may tarixlərində bütün günü işdə olmaması yalan, uydurmadır. 07 may tarixində o, qohumu Taxtalar kəndində yaşayan X3, 14 mayda isə yenə Taxtalar kəndində xalası oğlu X4 yas mərasimlərində iştirak etmişdir. Bu barədə o, M.Vaşiyevi xəbərdar etmişdir. 13 may tarixində Rayon Mailiyə Şöbəsində olmuşdur. 04 may tarixindən maliyyə xərclərini sifariş etmək, balans və may ayı əmək haqqısını, idarələrə köçürüləcək xərcləri işləməklə məşğul olmuş, 14 may tarixində bu işləri görüb qurtarmışdır. İşin çoxluğu barədə M.Vaşiyevə və bağça müdirəsinə də bildirmişdir. xx.xx.2020-ci ildə sənədlər hazır olsa da, M.Vaşiyev həmin sənədlərin Maliyyə idarəsinə göndərilməsinə imkan verməmişdir. Barəsində ondan xəbərsiz işlərin görülməsinə 2019-cu ilin dekabr ayından başlanılmışdır. 2018-ci ilə qədər Baxçada ərzaq üçün nəzərdə tutulmuş büdcə vəsaiti 9300 manat idi. Bu iki qrup uşaq bağçası üçün nəzərdə tutulmuş mövcud uşaq normalarına əsasən yetərli məbləğdir. Ancaq 2019-ci il büdcəsi birdən-birə üç qat artırılaraq 29945 manat olmuşdur. İcra nümayəndəsi, İcra başçısının tapşırığı olmasını və vəsaitin bütövlükdə köçürülməsini tapşırmışdır. O, bunun imkansız olduğunu bildirmişdir. 2019-cıı ilin dekabr ayında Baxçanın anbarına 7500 manatlıq ərzaq alınmasına dair sənədlər təqdim olunmuşdur. Baxça müdiri təsdiq etmişdir ki, həmin məbləğdə ərzaq alınıb. Halbuki, 11 ay ərzində 12980 manat vəsait xərclənmiş, ilin axırında 7643 manat mərkəzi büdcəyə geri qaytarılmışdır. Aprel 2020-ci ildə büdcədə ərzaq xərci 5000 manat azaldılmışdır. Yerinə təyin olunan ali təhsilli, ixtisasca sayğac mühəndisi olan mühasibin anası fevral 2020-ci ildə ona yaxınlaşmış və bildirmişdir ki, M.Vaşiyev müəyyən haqq müqabilində oğlunu onun yerinə təyin etmək istəyir. O, həmin qadına hələ bir ilinin olmasını bildirmişdir. Qadın isə ona “Vaşiyev vaxtının bitdiyini deyir” deyə bildirmişdir. Sonra indiki baş mühasibi görüb ona vəziyyəti, şəraiti izah etmişdir. Vaşiyevə demişdir ki bağçadakı vəziyyəti düzəltmək lazımdır, sonuncu isə 12 mayda elektron poçtla göndərdiyi nöqsanları düzəltmək əvəzinə saxta aktlar yazdırmaqla işdən çıxarılmasına nail olmuşdur. İntizam aktları yazılmışsa da, Dövlət qulluğu haqqında Qanunun 25.2-ci maddəsi pozulmuşdur. Həmin maddəyə əsasən dövlət qulluqçusundan yazılı izahat alınır, yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir. Bu isə olmamışdır. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X8 iddianın əsassız olduğunu göstərərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Onun işlədiyi dövrdə heç bir intizam tənbehi olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində deyilir ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Hesab edir ki, onu qanunsuz olaraq işdən azad etmişlər. Belə ki, 07 may tarixində o, Taxtalar kəndində yaşayan qohumu X3, 14 mayda isə yenə Taxtalar kəndində xalası oğlu X4 yas mərasimlərində iştirak etmişdir. Bu barədə o, M.Vaşiyevi xəbərdar etmişdir. 13 may tarixində Rayon Maliyyə Şöbəsində olmuşdur. 4 may tarixindən maliyyə xərclərini sifariş etmək, balans və may ayı əmək haqqını, idarələrə köçürüləcək xərcləri işləməklə məşğul olmuşdur. Beləliklə, 7, 13, 14 may tarixlərində bütün günü işdə olmamağı yalan və uydurmadır. Həmin tarixlərdə üzrlü səbəblərdən işdə olmamış, əmək vəzifələrini heç bir halda pozmamışdır. Beləliklə də, onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə olan halda həmin əmr qanunsuz hesab olunur. Ona görə də xx.xx.2020-ci il tarixli 60 nömrəli əmr ləğv olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin maddəyə əsasən onun hansı əmək funksiyasını yerinə yetirmədiyi əmrdə göstərilməmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Onu işdən azad edərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Ona münasibətdə qanunvericiliyin həmin tələbləri də pozulmuş, lakin məhkəmə buna əhəmiyyət verməmişdir... Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zaqatala rayonu İcra Hakimiyyətin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiаnın əsаssız оlduğu qənaətinə gəlmişdir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-ın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 16 saylı məktubdan görünür ki, Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli 60 saylı əmrinin əsli tərəflərindən xx xxx 2020-ci ildə Danaçı Poçt şöbəsi xətti ilə İddiaçı ünvanına göndərilmiş və poçtun əməkdaşı tərəfindən şəxsən sonuncuya təqdim olunmuşdur. İşə əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli 60 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərinə, 83-cü maddəsinin 2-ci hissəsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı, 33.1.6-cı maddələrinə əsasən RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi İddiaçı dövlət qulluğundan azad edilmişdir. İşə əlavə edilmiş və Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsində çalışarkən davamlı olaraq əmək intizamını pozmuş, heç bir üzrlü səbəb təqdim etmədən günlərlə işə gəlməmiş, əmək funksiyalarını normal icra etməmişdir (Nümayəndəliyin müavini Məmmədrəsul Süleymanova bilərəkdən, şəxsi ədavətinə görə mükafatları ödəməmişdir). İddiaçı pensiya yaşına çatmasına az müddət qaldığı xatırladılaraq, əmək intizamına əməl etməsi üçün onunla dəfələrlə izahat işi aparılmış, rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin, İddiaçı təkrar nizam-intizam və etik davranış qaydalarını pozmuş, işə gəlmədiyi üçün kollektiv üzvləri tərəfindən onunla görüşmək cəhdi alınmamış, ona tutulan iradlar nəticə verməmişdir. Belə ki, RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdimatı əsasında müxtəlif tarixlərdə nümayəndəliyin işçilərinin əmək intizamı yoxlanılmış, İddiaçı aylarla işə çıxmadığı müəyyən edilmişdir. Sonuncu dəfə 18 may tarixində gün ərzində İddiaçı ilə bir neçə dəfə telefon əlaqəsi yaratmaq üçün ona zəng edilmiş, o, telefona cavab verməmiş, əmək intizamının yoxlanılması ilə bağlı məlumat aldıqdan sonra gəlmişdir. Makarov işə çıxmamasının səbəbi barədə izahat yazmaqdan imtina etmişdir. İddiaçı davamlı olaraq əmək intizamını kobud şəkildə pozduğu RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdimatı, əmək intizamının yoxlanılması ilə bağlı müxtəlif tarixlərdə tərtib edilmiş aktlar, Zaqatala RİH Həmkarlar İttifaqı təşkilatının xx.xx.2020-ci il tarixli yığıncağının qərarı nəzərə alınaraq RİHB-nın 2020-ci il 20 may tarixli 60 nömrəli Əmri ilə İddiaçıla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş və dövlət qulluğuna xitam verilmişdir. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, nümayəndəliyin mühasibi İddiaçı x xxx 2020 ci il tarixdə (səhər saat 9:00-dan axşam 18:00-dək) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, İddiaçı işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. Gün ərzində işçi və qohumları ilə ***-***-**-** nömrəli mobil və ***-**-** ev telefonu ilə əlaqə yaratmaq cəhdləri uğursuz olmuşdur. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, nümayəndəliyin mühasibi İddiaçı xx xxx 2020 ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. O, ümumiyyətlə davamlı olaraq günlərlə işə gəlmir. İddiaçı vəzifə funksiyalarını yerinə yetirmir, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymur. Zaqatala RİHBA-nın Ərazi idarəetmə şöbəsinin müdiri tərəfindən onunla kollektiv formada izahat işləri aparılmış, lakin heç bir nəticə olmamışdır. İddiaçı otağı ay ərzində açılmır, əmək haqlarının hesablanmasını və digər əməliyyatları evində aparır. İddiaçı kollektivdə nüfuzu yoxdur, kollektiv tərəfindən dəfələrlə onunla görüşmək cəhdi alınmamış, nümayəndə tərəfindən vəzifə funksiyalarının icrasına dəvət edildiyi zaman heç bir nəticəsi olmamışdır. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı xx xxx 2020-ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. İşə əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli 58 saylı əmrinin surətindən görünür ki, RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi İddiaçı mütəmadi olaraq, sonuncu dəfə 2020-ci ilin 07 və 13 may tarixlərində bütün iş günü işə gəlməmiş, işə gəlməməsi barədə heç bir üzrlü səbəb təqdim etməmiş, müvafiq izahat verməmişdir (aktlar əlavə olunur). Beləliklə, İddiaçı heç bir üzrlü səbəb olmadan yuxarıda qeyd olunan tarixlərdə bütün iş günü işə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində qeyd olunan əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmək Məcəlləsinin 186-ci maddəsini rəhbər tutaraq, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə İddiaçı xəbərdarlıq edilmiş, əmrin surətinin İddiaçı təqdim edilməsi və ya göndərilməsi RİHBA-nın Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə olunmuşdur. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli Zaqatala RİHB-na təqdim edilmiş təqdimatdan görünür ki, nümayəndəliyin mühasibi İddiaçı əmək intizamına əməl etmir. O, ümumiyyətlə davamlı olaraq günlərlə işə gəlmir. İddiaçı vəzifə funksiyalarını yerinə yetirmir, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymur. Zaqatala RİHBA-nın Ərazi İdarəetmə şöbəsinin müdiri tərəfindən onunla kollektiv formada izahat işləri aparılmış, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı otağı ay ərzində açılmır, nümayəndəliyin işçilərinə əmək haqqılarının hesablanmasını və maliyyə əməliyyatlarını evində həyata keçirir. İddiaçı kollektivdə nüfuzu yoxdur, kollektiv tərəfindən dəfələrlə onunla görüşmək cəhdi alınmamış, nümayəndə tərəfindən vəzifə funksiyalarının icrasına dəvət edildiyi zaman heç bir nəticəsi olmamışdır. M Makarov dövlət qulluqçusunun etik davranış qaydalarına əməl etmir. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, nümayəndəliyin mühasibi İddiaçı xx xxx 2020 ci il tarixdə üzrsüz səbəbə görə işdə olmamışdır. Gün ərzində bir neçə dəfə telefon əlaqəsi saxlamağa cəhd olunsa da, telefon zənginə belə cavab verməmiş, iş saatlarının axırına yaxın telefona cavab vermiş, saat 17-12 radələrində işə gəlmişdir. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, RİHB-nın Danaçı KİƏD üzrə nümayəndəliyinin mühasibi İddiaçı mütəmadi olaraq heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi barədə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadəyə məlumat verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1 nümayəndəliyin mühasibi İddiaçı barəsində təqdimatının nəzərə alınması, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində, “Dövlət qulluğu haqqında” Qanunda və əmək müqaviləsində müəyyən edilən vəzifələrin kobud surətdə pozulduğunun qeyd edilməsi və Zaqatala RİHnin Həmkarlar ittifaqı təşkilatı yığıncağının qərarının nəzərə alınmasının Zaqatala rayonu İcra Hakimiyyəti başçısından xahiş edilməsi qərara alınmışdır. İşdən görünür ki, iş üzrə İddiaçı 2010-cu ildən xx xxx 2020-ci il tarixədək Zaqatala RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasib vəzifəsində işləmişdir. Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli 60 saylı əmri ilə tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli əmək müqaviləsi ləğv edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Аzərbаycаn Respublikаsı MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçı, barəsində verilmiş əmrin ləğvinə dair tələbini belə əsaslandırmışdır ki, işə götürən tərəfindən onun barəsində verilmiş intizam tənbehi tədbirlərindən xəbəri olmamış, onun izahatı alınmamış, hamkarlar ittifaqı təşkilatı razılıq qərarı verərkən onun münasibəti aydınlaşdırılmamış, nəticədə barəsində əmək qanunvericiliynin tələbləri pozulmaqla onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, əsassız olaraq işdən azad edilmişdir. Lakin, iddiaçının tələbini əsaslandırdığı hallar iş materiallarında olan, cavabdeh tərəfin təqdim etdiyi sübutlarla tamamilə təkzib olunur. Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli aktdan görünür ki, iddiaçı xx xxx 2020-ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, onunla telefon əlaqəsi yaratmaq mümkün olmamışdır. Bundan başqa, xx xxx 2020-ci il tarixli aktdan görünür ki, iddiaçı bütün iş günü ərzində işə gəlməmişdir. Aktda həmçinin qeyd olunur ki, o, davamlı olaraq günlərlə işə gəlmir, vəzifə funksiyalarını yerinə yetirmir, Zaqatala rayonu İcra Hakimiyyəti Başçısı X6 Şöbəsinin müdiri tərəfindən onunla kollektiv formada izahat işləri aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Ay ərzində iş otağının qapısı açılmır, əmək haqlarının hesablanması və digər əməliyyatları evdə aparır, kollektivdə nüfuzu yoxdur. Onunla RİH əməkdaşlarının dəfələrlə görüşmək cəhdi alınmamış, icra nümayəndəsi tərəfindən vəzifə funksiyalarının icrasına dəvət edildiyi zaman heç bir nəticəsi olmamışdır. İşdə olan RİHB-nın müavini İlkin Şərifzadənin iştirakı ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin gün heç bir üzrlü səbəb təqdim etmədən işdə olmamışdır. İşə əlavə edilmiş Zaqatala RİH başçısının xx xxx 2020-ci il tarixli 58 nömrəli əmrindən görünür ki, iddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlmədiyindən ona xəbərdarlıq edilmişdir. Bundan sonra Zaqatala RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən rayonun İcra Hakimiyyəti başçısına ünvanlanmış (işdə olan) təqdimatdan görünür ki. iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğundan barəsində qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi RİH başçısından xahiş edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı xx xxx 2020-ci il tarixdə yenə işə gəlməmiş, bir neçə dəfə telefonla məlumat verildikdən sonra iş gününün axırına yaxın, yəni 17.12-də işə gəlməsi həmin tarixdə tərtib olunmuş aktla və inzibati ərazi dairəsində keçirilmiş iclas protokolu ilə rəsmiləşdirilmiş, bu barədə rayonun İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Bütün bunlardan sonra xx xxx 2020-ci il tarixdə Zaqatala RİHB-nın həmkarlar ittifaqı təşkilatının yığıncağı keçirilmiş, yığıncaqda iddiaçı barəsində verilmiş təqdimat müzakirə olunmuş, yığıncağın qərarında iddiaçı tərəfindən üzərinə düşən vəzifələrin kobud şəkildə pozulduğu qeyd edilərək, qərarın RİH başçısı tərəfindən nəzərə alınması təklif olunmuşdur. Göründüyü kimi, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərinə, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 25.6 və 33.1.6-cı maddələrinə əsasən Zaqatala RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi baş məsləhətçi-baş mühasib vəzifəsindən və dövlət qulluğundan azad edilməsi haqqında əmrin verilməsi üçün kifayət qədər faktiki əsaslar mövcud olmuşdur. İddiaçının işdən və dövlət qulluğundan azad edilməsi zamanı qanunvericiliyin tələblərinə də düzgün əməl olunmuşdur. Ona görə də Zaqatala rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli 60 saylı əmrinin qanunsuz və əsassız olması barədə iddiaçının dəlilləri qəbuledilməzdir, həmin dəlillər mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə görə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Hüquq normalarının məzmunundan göründüyü kimi, işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv eidlməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçının bir neçə dəfə tam iş günü ərzində işdə olmaması sübut olunur ki, bu da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni əsasdır. Əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı verilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən dövlət qulluqçusu olaraq “Dövlət qulluğu haqıqnda” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, həmin Qanunun tələblərindən irəli gələn vəzifələrinin icrası zamanı mütəmadi olaraq kobud pozuntulara yol verdiyindən onun dövlət qulluğundan azad edilməsi əsaslı olmuşdur. İstinad edilən Qanunun 18.0.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməlidir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, o, dövlət qulluğundan azad edilə bilər. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə ... tətbiq oluna bilər. Mübahisələndirilən əmr qanunvericiliyin qeyd olunan müddəalarına uyğun verilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-897/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar