Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-306/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması, yolun açılması, bina və digər qurğuların sökülməsi tələbi barədə ilk, Cavabdeh1 və X4 İddiaçı qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə,ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 1 noyabr 2021-ci il tarixli 2(054)- 424/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X11 tərəfindən qeyri-qanuni zəbt edilmiş 17,5 kv.metrdən ibarət hissəsi mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında qeyd edilənlərə uyğun olmaqla boşaldılaraq iddiaçıya qaytarılması, evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yol 40 metr uzunluğunda, 4 metr enində açılması, cavabdehlər Cavabdeh1 və X11 tərəfindən inşa edilmiş tikilinin ümumi istifadədə olan yolun ərazisinə düşən hissəsi, yolun üzərində qoyulmuş darvaza və qapı cavabdehlərin vəsaiti hesabına sökülməsi, Cavabdeh1 və X4 İddiaçı qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə, ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə 95 manat müayinə və tədqiqat xərci cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumu məbləğinin İddiaçı aid edilməsi, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumu məbləğinin Cavabdeh1 aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla, 21,23 kv.metrdən ibarət hissəsinin boşaldılaraq qaytarılması, evinə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 5 metr enində, 40 metr uzunluğunda açılması, yolun həyətyanı torpaq sahəsinə bitişik hissəsində qeyri-qanuni inşa edilmiş tövlə binasının və iki ədəd darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və X11 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi istifadədə olan yolun İddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması, yolun açılması, bina və digər qurğuların sökülməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Muxas kəndində yerləşən, 04.08.2021-ci il tarixli Texniki Pasportda qeyd edilən fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi 05.08.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin evin həyətyanı torpaq sahəsinin şərq tərəfindən 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla 21,23 kv.metr hissəsi, həmçinin, eyni istiqamətdən onun həyətyanı torpaq sahəsinə bitişik 5 metr enində kəndarası yol qonşuları - hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və X11 tərəfindən qeyriqanuni çəpərlənib bağlanaraq zəbt edilməklə özlərinin istifadəsində olan torpaq sahəsinə qatılmışdır. Onun ailə üzvlərinin yay aylarında mətbəx kimi istifadə etdikləri talvar və təndirxana binasına bitişik hissədə cavabdehlər zəbt etdikləri yol yerində mal-qara saxlamaq üçün tövlə inşa etmiş, yol yerinə iki ədəd darvaza qoymuşlar. Cavabdehlərin yol yerini zəbt edərək inşa etdikləri tövlədə mal-qara saxlamaları nəticəsində ətrafa dözülməz qoxu yayılır və bu səbəbdən onlar öz evlərində sərbəst yaşayıb həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərə dəfələrlə müraciət edərək gediş-gəliş yolunu açmağı, qanunsuz inşa edilmiş tövlə binasını və darvazaları sökməyi, həmçinin zəbt etdikləri 21,23 kv.metrdən ibarət torpaq sahəsini boşaldaraq ona qaytarmalarını xahiş etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Açılmasını tələb etdiyi yolun yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olsa da, həmin yolun bağlanması, yolun ərazisində qanunsuz tikili və qurğuların inşa edilməsi bilavasitə onun və ailə üzvlərinin mənafeyinə toxunur. O, həmin məsələ ilə bağlı Oğuz rayonu Muxas Bələdiyyəsinə şihafi müraciət etmiş, onun müraciətinə cavab olaraq qeyd edilən yolun yerləşdiyi ərazi qanunvericiliyə əsasən bələdiyyənin ərazisi hesab edilsə də, həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə rəsmi sənəd mövcud olmadığı, gediş-gəliş yolunun cavabdehlər tərəfindən bağlanılması ilə əlaqədar həmin şəxslərlə yerində söhbət aparıldığı, cavabdehlərin könüllü olaraq yolu açmağa razı olmadıqları bildirilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Hazırda da cavabdehlər gediş-gəliş yolunun açılmasına, yolun ərazisində qanunsuz tikili və qurğuların sökülməsinə etiraz edir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və X11 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Oğuz rayon “Muxas” kolxozunun 02.03.1992-ci il tarixli 2 nömrəli iclas qərarına əsasən Cavabdeh1 qardaşı X5 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmış, lakin 12.05.1992-ci il tarixli akta əsasən ona 0,12 hektar həyətyanı torpaq sahəsi təhkim edilmişdir. X9 həmin torpaq sahəsini qardaşı Cavabdeh1 verərək Şəki şəhərinə köçmüşdür. Bundan sonra onlar həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və hazırda orada yaşayırlar. Həyətdə yardımçı tikililər də vardır. Lakin onlara məlum olmayan səbəblərdən həmin həyətyanı torpaq sahəsinə dair nə Cavabdeh1, nə də qardaşı X2 adına Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilməmişdir. Onlar bir müddət Rusiya Federasiyasında yaşamış, kəndə qayıdandan sonra hazırki iş üzrə İddiaçı yolun aşağı hissəsinin yarısını bağladığının şahidi olmuşlar. Yolun digər yarısı isə aşağı tərəfdəki qonşu, mərhum X6 tərəfindən bağlanmış, hazırki mülkiyyətçi isə yolun açılmasına etiraz etmir. İddiaçı inşa etdirdiyi evin bir hissəsi yol yerinə düşür. Yol yerinin aşağı hissəsi bağlandığı üçün onlar da öz həyətlərinə paralel yerdən giriş qapısı qoymuşlar. İddiaçının həyətyanı torpaq sahəsinə 3 yerdən yol var. İddiaçının niyyəti yol yerini açdırmaq deyil, zəbt etdiyi torpaq sahəsini bir qədər də artırmaqdır. İddiaçı fərdi yaşayış evi inşa etdirdikdən sonra öz adına olan Çıxarış sənədini və Texniki pasportu dəyişərək faktiki vəziyyətə uyğun yeni saxta Çıxarış sənədi və Texniki pasport almışdır. Mübahisəli torpaq sahəsi ümumi istfadədə olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Onlar yol yerinin 5 metr deyil, 8 metr enində və sona qədər açılmasını istəyirlər və bu zaman özlərinə məxsus tövlənin, həmçinin, iddiaçının inşa etdirdiyi evin yol yerinə düşən hissələri sökülməlidir. Qeyd olunan əsaslarla ümumi istifadədə olan yolun İddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və məhkəmə iclasında öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, hazırda onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ona məxsus həyətyanı torpaq sahəsində inşa edilmişdir. Qeyd olunan evə və həyətyanı torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. O, yol yerini və ya digər hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdehlərin sona qədər 8 metr enində açılmasını tələb etdikləri yol yeri onun tərəfindən zəbt edilməmişdir. Qeyd etdiklərinə əsasən öz iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 da ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və məhkəmə iclasında ilk iddia tələbinin, həmçinin, iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ilk iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 da ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında qarşılıqlı iddia tələbinin, həmçinin, Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh X11 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Muxas Bələdiyyəsinin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid ərazidən keçir. Qeyd olunan yolun bir hissəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və X11 tərəfindən bağlanmış və nəticədə həmin yol daralmışdır. Qeyd olunan yolun üzərində cavabdehlər tərəfindən tövlə binası inşa edilmişdir. İddiaçının müraciəti əsasında yolun açılması ilə əlaqədar cavabdehlərlə şifahi söhbətlər aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Həmin ərazinin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmasa da, qeyd olunan ərazi dövlət mülkiyyətinə ayrılan və ya xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə aid olmadığından bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsi hesab edilir. Ancaq hazırki vəziyyətdə həmin ərazinin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmadığından bələdiyyə hər hansı şəxsə, o cümlədən hazırki iş üzrə iddiaçıya və ya cavabdehə qarşı heç bir tələb irəli sürə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 164.1-ci, 164.2-ci, 1.2-ci, 6.1.7-ci və 6.1.8-ci maddələri də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Çünki yol yerinə, darvaza və qapının olduğu əraziyə, tövlə binasının tikildiyi torpaq sahəsinə onun mülkiyyət hüququ yoxdur. Bundan başqa İddiaçı qeyd edilən yol boyu ev və təndirxana tikdiyinə görə həmin yoldan heç vaxt istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 54.1-ci, 54.2-ci, 77.1-ci, 78.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Çünki mübahisələndirilən əraziyə məhkəmə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və baxış zamanı İddiaçı yol yerinin bir hissəsini bağladığı müəyyən olunmuşdur. Yerli baxış zamanı yolun digər hissəsinin başqa qonşu tərəfindən bağlandığı müəyyən olunsa da məhkəmə həmin şəxsi üçüncü şəxs qismində cəlb etməmiş və tam araşdırma aparmamışdır. Bundan başqa məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində yolun İddiaçı və digər qonşunun tərəfindən bağlanmış hissəsinin açıq yol kimi göstərilməsinə də məhkəmə münasibət bildirməmişdir. Muxas Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında qeyd etdikləri isə hazırda şikayət etdikləri qətnamədə tamamilə təhrif olunmuş formada yazılmışdır. Əslində həmin yol yerinin bağlanması da, tikinti işlərinin aparılması da həmin vaxt Muxas Bələdiyyəsinin sədri işləmiş, hazırda isə Muxas Bələdiyyəsinin nümayəndəsi olan X8 icazəsi, razılığı, məsləhəti və iştirakı ilə olmuşdur. X12 yol yerinin Bələdiyyə mülkiyyətində olduğunu qeyd edərək, mülkiyyət sənədi olmadığı üçün iddia qaldıra bilmədiyini qeyd edir. Görəsən İddiaçı hazırki iddianı qaldıran zaman bələdiyyə mülkiyyətinə aid olan yol yerinə hansı mülkiyyət sənədi olmuşdur? Məhkəmə bizim dəfələrlə ekspertiza keçirilməsi barədə müraciət etdiyimizi nəzərə almamış, bizim iştirakımızla istinad nöqtələri göstərilməklə ölçmə işlərinin aparılması barədə vəsatətlərimizi təmin etməmiş, yalnız ilk iddia üzrə iddiaçının mülkiyyət sənədini “imzalayan” mütəxəssisin verdiyi “rəyə” əsaslanmış və digər faktiki halları araşdırmadan şikayət etdiyim qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsi, ilk iddia üzrə iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh X11, üçüncü şəxs Oğuz rayonu Muxas Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 04.08.2021-ci il tarixli Texniki Pasportun, 05.08.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin və 11.11.2020-ci il tarixli AA 564816 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, Oğuz rayonu Muxas kəndində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayonu “Muxas” kolxozunun 02.03.1992-ci il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışdan, Oğuz rayon X10 Torpaq Komissiyasının 02.04.1992-ci il tarixli 1 nömrəli iclas protokolundan çıxarışdan və 12.05.1992- ci il tarixli aktdan müəyyən edilir ki, X9 adlı şəxsə Oğuz rayonu Muxas kəndinin ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gedən yolun cavabdehlər tərəfindən bağlanıb-bağlanmadığını, qeyd olunan ərazidə yol mövcud olduğu halda, həmin yolun kimə məxsus ərazidən keçdiyini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq adı çəkilən orqan tərəfindən verilmiş 06.10.2021-ci il tarixli **********75 nömrəli sorğuya cavab məktubundan, həmin məktuba əlavə edilmiş mütəxəssis rəyindən və torpaq sahəsinin sxematik planından müəyyən edilir ki, İddiaçı adına tərtib edilmiş 05.08.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları eynidir. Qeyd olunan Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 17,5 kv.metrdən ibarət hissəsi cavabdehlər Cavabdeh1 və X4 istifadəsindədir. İddiaçı adına tərtib edilmiş 05.08.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və 04.08.2021-ci il tarixli Texniki Pasporta görə iddiaçı tərəfindən açılması tələb olunan yol yeri cavabdehlər Cavabdeh1 və X4 istifadəsində olan həyətyanı torpaq sahəsinə qədər mövcuddur. Həmin yol yeri bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadə üçün saxlanılmışdır. İddiaçının açılmasını tələb etdiyi yolun başlanğıc və son hissələri torpaq sahəsinin sxematik planında öz əksini tapmış, həmin yolun başlanğıc hissəsindən son hissəsinə qədər naturada uzunluğu 160,0 metr, eni isə 5,0 metrdir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95 manat təşkil edir). Mülki işin məhkəmə araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi cavabdehlərin istifadəsindədir. Cavabdehlər tərəfindən inşa edilmiş tövlə binasının bir hissəsi iddiaçının açılmasını tələb etdiyi yolun üzərindədir. Eyni zamanda, yolun üzərində cavabdehlər tərəfindən darvaza və qapı qoyulmuşdur. Kəndarası yolun cənuba doğru digər hissəsi isə İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən bağlanmışdır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında həmin yolun sənəd üzrə eninin 5 metr olduğu bildirilsə də, mütəxəssisin iştirakı ilə sxematik planın miqyası tədqiq edilərkən gediş-gəliş yolunun açılması tələb edilən hissədə eninin 4 metr olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 02.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 14.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Cavabdeh1 tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 140, 152.1, 157.2, 164.1 və 164.2-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu Muxas kəndində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin qonşuluğunda - şərq tərəfində yerləşən həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X11 istifadə edirlər. Qeyd olunan həyətyanı torpaq sahələri arasında yerləşən, bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün olan kəndarası yolun bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdehlər tərəfindən inşa edilmiş tövlə binasının bir hissəsi onların özlərinin istifadəsində olan həyətyanı torpaq sahəsində, bir hissəsi isə yolun ərazisində yerləşir. Eyni zamanda, yolun üzərində cavabdehlər tərəfindən darvaza və qapı qoyulmuşdur. Kəndarası yolun cənuba doğru digər hissəsi isə İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən bağlanmışdır. Hazırda İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla, 21,23 kv.metrdən ibarət hissəsinin boşaldılaraq qaytarılması, evinə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 5 metr enində, 40 metr uzunluğunda açılması, yolun həyətyanı torpaq sahəsinə bitişik hissəsində qeyri-qanuni inşa edilmiş tövlə binasının və iki ədəd darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb edir, eyni zamanda, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünün adına tərtib edilmiş hüquq müəyyənedici sənədlərə istinad edir və qarşılıqlı iddia tələbinə etirazının əsasları olaraq gediş-gəliş yolunun son hissəsinin onun tərəfindən bağlanmadığını bildirir. Cavabdehlər isə ümumi istifadədə olan yolun iddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılmasını, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin iddiaçının vəsaiti hesabına sökülməsini tələb edirlər. Cavabdehlər ilk iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, özlərinin qarşılıqlı iddia tələbinin əsası kimi isə öz istifadələrində olan həyətyanı torpaq sahəsinin X5 verilməsi ilə bağlı iclas protokollarından çıxarışlara və akta istinad edirlər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Muxas kəndində yerləşən, 05.08.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 17,5 kv.metrdən ibarət hissəsi cavabdehlər Cavabdeh1 və X11 tərəfindən istifadə edilir. İddiaçı tərəfindən açılması tələb olunan yol yeri cavabdehlərin istifadəsində olan həyətyanı torpaq sahəsinə qədər mövcud olmaqla həmin yol yeri bələdiyyə mülkiyyətində olan ərazidir. İddiaçının açılmasını tələb etdiyi yolun sənəd üzrə başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğu 160,0 metr, eni isə 5,0 metrdir. Qeyd olunan yolun bir hissəsinin cavabdehlər tərəfindən bağlandığı və yolun ərazisində tövlə binası inşa edildiyi, həmçinin, onlar tərəfindən yolun üzərində darvaza və qapı qoyulduğu mütəxəssis rəyi ilə yanaşı mübahisə predmetinə aid olan əraziyə məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə baxış keçirilməsi zamanı da müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş- gəliş üçün nəzərdə tutulmuş yolun bir hissəsinin cavabdehlər tərəfindən bağlanmış olması, həmin ərazidə tikili inşa edilməsi məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Həmin hallar iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İş materiallarından da göründüyü kimi, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmələri, iddiaçıya məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu və ya bir hissəsini bağlamaları, həmin ərazidə tikili inşa etmələri üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsinin boşaldılaraq onun özünə qaytarılması, evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun açılması, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin ümumi istifadədə olan yolun ərazisinə düşən hissəsinin, yolun üzərində qoyulmuş darvaza və qapının sökülməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hazırki iddia tələbi üzrə həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsinin və gediş-gəliş yolunun açılmalı olan hissəsinin ölçülərini müəyyən edərkən mütəxəssis rəyində qeyd edildiyinə uyğun olaraq həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsinin 17,5 kv.metrdən ibarət olduğunu qəbul edir və gediş-gəliş yolunun sənəd üzrə uzunluğunun 160,0 metr, eninin isə 5,0 metr olmasını nəzərə alaraq həmin yolun açılmalı olan hissəsinin uzunluğunun iddia tələbində qeyd edildiyinə uyğun olaraq 40 metr uzunluğunda və mütəxəssisin iştirakı ilə sxematik planın miqyasının tədqiqi zamanı aşkar edilmiş faktiki nəticələrə uyğun olaraq 4 metr enində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Gediş-gəliş yolunun üzərində inşa edilmiş, həmin yolun açılmalı olan hissəsində mövcud olan bütün tikili və qurğular, o cümlədən, cavabdehlər tərəfindən inşa edilmiş tövlə binasının yola düşən hissəsi, yolun üzərində yerləşdirilmiş darvaza və qapı da cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən və qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində məhkəmənin onların dəfələrlə ekspertiza keçirilməsi barədə müraciət etmələrini nəzərə almaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi obyektiv qərar qəbul etmək üçün zərurət yarandığından mütəxəssis rəyi almış və mübahisəli əraziyə yerində baxış keçirərək həmin halları sübut kimi qəbul edərək yekun nəticə qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-306/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-306/2022
09.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver