Məhkəmə qərarları › İş №2(107)-307/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-307/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-307/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, cavabdeh Cavabdeh2 və onun vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı uşaqları ilə birgə evə köçürülmə” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-642/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan, xx xxxxxx 2010-cu il tarixdə doğulmuş "Sənan" və xx xxxxxx 2012-ci tarixdə doğulmuş "Yusuf' adlı azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, Əliabad qəsəbə sakini Cavabdeh2 məxsus pay torpaq sahəsində onun əri ilə birgə nikah dövründə inşa etdiyi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-642/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Cavabdeh1 nikahlarının pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Nikahlarının pozulmasına və aliment tələbinə dair iş halhazırda məhkəmənin icraatındadır. Birgə nikahlarından iki övladı olmuşdur. Uşaqlar onun himayəsində yaşayır. Cavabdeh1la evləndikdən sonra cavabdehin atasının evinə gəlin köçmüşdür. 2019-cu ilin noyabr ayında Əliabad qəsəbəsində yerləşən qaynı Cavabdeh2 məxsus pay torpağında 3 otaqlı yaşayış evi tikməyə başlamışlar. Qeyd etmək istəyir ki, Cavabdeh1 qardaşı Cavabdeh2 ilə öz aralarında razılaşaraq torpaq sahələrini qeyri-rəsmi olaraq dəyişmişlər. Ona görə də o həyat yoldaşı ilə birlikdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Evi 2020-ci ilin fevral ayında hazır vəziyyətə gətirərək həmin vaxtdan köçərək orada yaşamağa başlamışlar. Bu fakt ərizəyə əlavə etdiyi Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyin verdiyi xx xxx 2020-ci il tarixli 909 saylı arayışı ilə təsdiq olunur. Evin tikilməsində onun çox böyük zəhmətləri olmuşdur. Həmin ev birgə nikahda əldə olunmuş əmlak hesab olunur. Onun əşyaları da həmin evdə yerləşir. Lakin cavabdehlər onu və uşaqlarını özü tikdiyi evdə yaşamağa qoymur, onu uşaqlarla birlikdə 2020-ci ilin aprel ayında evdən çıxarmışlar. Birgə nikahda əldə olunmuş əmlak üzərində onun mülkiyyət hüququ vardır. Sadəcə olaraq cavabdeh evin hüquqi sənədlərini hazırlamadığına görə o mülkiyyət hüququ əldə edə bilmir. Lakin evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. İddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsi qətnamə qəbul edərkən həm prossesual həm də ki, maddi hüququ normalarını pozmuşdur. Belə ki, məhkəmə özü də bu nəticəyə gəlmişdir ki, mübahisəli tikili həqiqətən də birgə nikah dövründə tikilmişdir. Məhkəmə iclasında bir daha sübuta yetirildi ki, onların mübahisəli tikilidə yaşamağına etiraz məhz onun keçmiş ərilə olan nikahının pozulmasından sonra baş vermişdir. Hazırki vəziyyətdə isə onunla keçmiş ərinin hazırki işlə bağlı mənafelərinin bir-birinə uyğunluğu təsdiq olunur. Bu baxımdan cavabdehlərin mübahisəli tikilidən onun istifadə etməyinə yaratdıqları maneələr qanunsuz hesab edilir. Onun uşaqlar ilə birlikdə həmin evdə yaşamağına dair etiraz yalnız keçmiş əri ilə nikahın pozulmasından sonra əmələ gəlmişdir. Həmin evdə yaşamağına etiraz edən cavabdehin həmin ev üzərində əmlak və əşya hüquqları mövcud deyildir. Hazırki vəziyyətdə mübahisə predmeti olan tikili üzərində cavabdehlərin mülkiyyət hüquqları mövcud olmadığından onların həmin tikilidə yaşamağına etdikləri maneələr məhkəmə vasitəsi ilə aradan qaldırılmalıdır. Mübahisəli tikili qanunsuz olsa belə inşa edilmiş materiallarına münasibətdə keçmiş əri ilə birlikdə hüquqlarının mövcud olması istisna edilə bilməz. Ona görə ki, həmin ev yerləşdiyi torpaq sahəsinin sahibinin razılığı ilə onun tərəfindən tikilmişdir. Tikilən zaman ora öz cehiz əmlaklarını köçürən zaman və ərilə birgə nikahda, ailədə həmin evdə yaşayan zaman torpaq sahəsi sahibinin heç bir etirazı olmamışdır. Onun uşaqları ilə birlikdə həmin evə köçürülməməsi ən azından əmlak və əşya hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-642/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin və orada olan tikilinin (altıaçığın) iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi onun mülkiyyətindədir, tikilini də özü inşa etdirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının vəkili Vəkil məhkəmənin elektron kabinetinə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-642/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 022333 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Əliyeva Röya İsmayıl qızı xx xxxxxx 2008-ci il tarixdə nikah bağlamışlar və bu barədə 61 nömrəli akt qeydi tərtib olunmuşdur. Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 411663 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2020-cu il tarixdə anadan olmuş X3 anası İddiaçı, atası isə Cavabdeh1dur. X2 X1 vilayətinin Norlsk şəhərinin Talnax rayonu ərazi Şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş İİİ-BА seriyalı 713671 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı, atası isə Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********58 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 909 nömrəli xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 arvadı İddiaçı ilə ailə qurduqdan sonra 2019-cu ildə qardaşı Cavabdeh2 məxsus pay torpağında tikdikləri altıaçıq tipli iki otaqlı evdə yaşayıblar. Həmin evin olduğu torpaq sahəsi Cavabdeh2 məxsusdur. Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 38 nömrəli xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus torpaq sahəsi üzərində tikilmiş altıaçıq tipli iki otaqlı evin kimin tərəfindən tikilməsi ilə bağlı icra nümayəndəliyində məlumat yoxdur. Məhkəmə tərəfindən mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyətdən altıaçıq tipli hissəyə daxil olduqdan sonra birbaşa qapı evin daxilinə açılır. Ev iki otaqdan ibarətdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclası zamanı işin faktiki hallarından müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, evləndikdən sonra onlar Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən cavabdehin valideynlərinə məxsus fərdi yaşayış evində yaşamışlar. Daha sonra yaşamaq üçün Rusiya Federasiyasına köçmüş və 2019-cu ildə yenidən Zaqatala rayonu Əliabad qəsəbəsinə qayıtmışlar. Birgə nikahda onların iki övladı anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 iki övladı ilə birlikdə bir müddət Cavabdeh2 adına qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş altıaçıq tipli tikilidə yaşamışlar. Sonradan tərəflərin münasibəti pisləşdiyindən ayrılmaq qərarına gəlmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İş materiallarından görünür ki, mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən altıaçıq tipli tikili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmış 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kollegiya qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2008-ci ildən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən cavabdehlərin atasına məxsus olan fərdi yaşayış evinə gəlin köçməklə, hazırda mübahisələndirilən tikili ilə heç bir əlaqəliliyi sübut olunmamaqla hər hansı hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-642/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar