Məhkəmə qərarları › İş №2(107)-307/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-307/2022

09.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-307/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad bələdiyyəsinə və Cavabdeh2 qarşı servitut hüququ əsasında 6 metr enində evə və həyətyanı sahəyə piyada və avtomobil üçün giriş-çıxışın verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(033)-807/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin(hakim T.Həsənov) 13 oktyabr 2021-ci il tarixli 2(033)- 807/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad bələdiyyəsinə və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad Bələdiyyəsinə və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı kimi onun tərəfindən Cavabdeh2 qarşı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə giriş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Zaqatala rayon Məhkəməsinin 27.12.2012-ci il tarixli 2(033)-599/2012 saylı qətnaməsi ilə tələb təmin edilmiş, iş üzrə çıxarılmış yekun qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 20.05.2013-cü il tarixli 2(107)-299/2013 saylı qətnaməsinə əsasən təmin edilməmiş, qətnamə qüvvədə saxlanmışdır. Qətnamələr qanuni qüvvəsini almışdır. Hazırda qanuni qüvvəsini almış Zaqatala rayon Məhkəməsinin 27.12.2012-ci il tarixli 2(033)-599/2012 saylı qətnaməsində təsbit olumuşdur ki, Zaqatala rayonu Əliabad bələdiyyəsinin 09 iyun 2008-ci il və 25 iyul 2012-ci il tarixli 1833 nömrəli arayışından görünür ki, 1996 və 2003-cü illərdə qəsəbəaltı islahat bölgü xəritələrində mübahisə doğuran ərazidən vətəndaşların həyətlərinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin bələdiyyənin 12 iyun 2008-ci il tarixdə Zaqatala rayon İcra Hakimiyyətinə ünvanladığı məktubdan görünür ki, Cavabdeh2 yaşayış evinin kənarından onun yaşayış evinə uzun müddət öncə yol mövcud olmuş və hal hazırda da mövcuddur. Onun yaşayış evinə digər yerdən yolun açılması mümkün deyildir. Cavabdeh2 tələb etdiyi həmin yolun bağlanması mümkün deyil və onun şikayəti haqsızdır. Bələdiyyənin ona ünvanladığı arayışdan görünür ki, Əliabad qəsəbəsinin kompleks xəritəsində onun həyətyanı sahəsinə giriş yolu 5 metr göstərilmiş, faktiki 3 metrdir. Zaqatala rayon Dövlət Arxivinin 08 fevral 1964-cü il tarixli 1 saylı protokolun çıxarışından görünür ki, ona məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 08 avqust 2012-ci il tarixli, 109 saylı məktubundan görünür ki, ona məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 6 metr olan, həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm), Əliabad bələdiyyəsinin 25 iyun 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və onun mülkiyyətinə verilmiş AN 286907 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədində bələdiyyənin ümumi istifadəsində olan yolu Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 08 avqust 2012-ci il tarixli 109 saylı məktubunun məlumatlarından məlum olur ki, ona məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm), Əliabad bələdiyyəsinin 25 iyun 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və onun mülkiyyətinə verilmiş AN 286907 saylı «Torpaq sahəsinin planı ölçüsü» sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolu Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunduğu müəyyən edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 29 oktyabr 2012-ci il tarixli, 158 saylı məktubunun məlumatlarından görünür ki, o, qonşusunun giriş qapısında istifadə edərək öz həyətyanı torpaq sahəsinə keçdiyi məlum olur. Beləliklə, qətnamənin nəticə hissəsində qət olunmuşdur ki, Cavabdeh2 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) və ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolu açılsın. Bundan sonra, iddiaçı tərəfindən Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və digər tələblərlə yenidən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən Əliabad qəsəbəsində mülkiyyətdə olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Azərbaycan Respublikası Zaqatala rayon icra hakimiyyəti başçısının 09.04.2012-ci il tarixli 60 saylı sərəncamı məhkəməyə təqdim olunmuşdur. Həmin sərəncam hüquqlarına toxunduğuna görə iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsində sərəncamın ləğv edilməsi tələbini irəli sürümüşdür. Məhkəmənin qanuni qüvvəyə minmiş 2-1(84)-58/2015 saylı, 02.02.2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: 02 dekabr 2014-cü il tarixdə keçirilən yerində baxış zamanı, habelə yerində baxış zamanı götürülmüş ölçülərə əsasən baxışda iştirak edən DƏDRX-in 18 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş müqayisəli sxemdən müəyyən olunur ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamı əsasında tikilməsi icazə verilən fərdi yaşayış evinin ölçüləri iddiaçının evinə gedən və eni 3 metr ümumi istifadədə bələdiyyə mülkiyyətində də olan torpaq sahəsinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1185 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olmaqla, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun eni 3 metr, uzunluğu naturada 67 metr olmaqla ümumi sahəsi 200 kv.m təşkil edir və həmin torpaq sahəsi ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının evinə gedən yolun qonşuluğunda üçüncü şəxs Cavabdeh2 istifadəsində olan 0,0133 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.7 kv.m yaşayış, 15.45 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətində olmuşdur. Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin kənd yolu tərəfdən eni 580 (5.8 metr), yaşayış evi tərəfdən isə 480 (4.8 metr) olmaqla bucaq altında əyilir. Üçüncü şəxs mülkiyyətində olan evinin sökülməsi və yerində yenisinin inşasına icazə verilməsi ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə müraciət etmiş, tikiləcək binanın eskiz-layihəsi hazırlanaraq memarlıq-tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamı ilə Cavabdeh2 rayonun Əliabad qəsəbəsində istifadəsində olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək əlaqədar təşkilatların rəyləri nəzərə alınaraq, Memarlıq-Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz-layihə əsasında ümumi sahəsi 149,86 kv.m, yaşayış sahəsi 43,0 kv.m olan kürsülü 2 otaqlı yeni fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 tikintisinə icazə verilmiş fərdi yaşayış evinin divarların ölçüləri 400x400, tikiləcək binanın bünövrəsinin eni 5.8 metr olmaqla düzbucaq formasında hər iki tərəfdən eni 5800 (5.8 metr), tikiləcək binanın daxili eni 5000 (5.00 metr) təşkil edir və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamı əsasında tikiləcək ümumi sahəsi 149,86 kv.m olan evin ölçüləri iddiaçının evinə gedən eni 3 metr ümumi istifadədə bələdiyyə mülkiyyətində də olan torpaq sahəsinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Ümumi istifadədə olan küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqmda" Qanun maddə - 2.2, 7.2). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin ve kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir (Azərbaycan Respublikası Torpaq Məcəlləsi maddə 47, bənd 3). Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin tərkibinə eyni zamanda ümumi istifadədə olan torpaq sahələri də aiddir ki, ümumi istifadədə olan torpaq sahələrinin tərkibinə yollar, küçələr və qanunda göstərilmiş digər torpaq sahələri aiddir. Həmin torpaq sahələri ümumi istifadədə olmamaqla hər bir şəxs tərəfindən istifadə edilməsi mümkünlüyünü özündə əks etdirir və ümumi istifadədə olan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağandır. İddiaçının evinə gedən eni 3 metr, naturada uzunluğu 67 metr olan yolun ümumi istifadədə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktında öz əksini tapmışdır və həmin məhkəmə aktı özündə təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan Respubliası İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti sərəncam qəbul edildiyi zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən, həmin sərəncam əsasında tikiləcək fərdi yaşayış evi ümumi istifadədə olan və iddiaçının evinə gedən yolun üzərinə düşdüyündən və bununla iddiaçının hüquq və qanunla qorunan maraqlarının pozulmasına səbəb olduğundan ləğv olunmalıdır. Bundan sonra iş X11 araşdırılan zaman Cavabdeh2 ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən ona verilmiş ********** qeydiyyat nömrəli, 26.05.2015-ci il tarixli çıxarışı məhkəməyə təqdim edərək bu dəfə mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirmişdir. Halbuki yuxarıda istinad olunanlardan və qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Cavabdeh2 ona məxsus olan həyətyanı sahəyə gedən yolu zəbt etmiş və həmin ərazidə özbaşına tikinti aparmışdır. Belə olan halda cavabdeh təşkilatın Cavabdeh2 ********** qeydiyyat nömrəli, 26.05.2015-ci il tarixli çıxarışı verməsi tamamilə qanunsuzdur. Buna görə də iddiaçı tərəfindən hazırki iddia tələbi qaldırılmışdır və yuxarıda istinad olunan məhkəmə qətnamələri qəbul edilmişdir. Məlumat üçün bildirir ki, Fövqəladə Hallar Nazirliyinə müraciət olunaraq, bədbəxt hadisənin baş verməsi halında ona məxsus evə gedən yoldan xüsusi təyinatlı nəqiliyyat vasitəsinin (yanğın söndürən və s.) keçidinin mümkünlüyünün araşdırılmasını xahiş etmişdir. FHN yanğın Nəzarəti Xidməti tərəfindən yanğın söndürən nəqliyyat vasitəsi ayrılmış və həmin yoldan keçmənin qeyrimümkün olmasını bildirmişlər və bu barədə ona akt təqdim etmişlər. Cavabdehlə aralarında baş tutmuş uzun sürən məhkəmə araşdırmalarının nəticəsində məhkəmə orqanları yekunda ona Mülki Məcəlləsinin 255-262-ci maddələrini xatırladaraq bildirmişlər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən 3 metr enindən savayı dövlət tərəfindən yolun məxsusi olaraq ona ayılması barədə heç bir rəsmi sənəd olmadığından ona bu şərtlər daxilində əlavə yolun verilməsi qeyri-mümkündür və o bələdiyyəyə, hüquqlarını pozan digər şəxsə qarşı servitut hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. O da vətəndaş olaraq məhkəmə instansiyalarının tövsiyyələrini əsas götürərək hazırki iddia ərizəsini tərtib etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala rayonu Əliabad Bələdiyyəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yol Bələdiyyə mülkiyyətində olan torpaqlar hesabına mümkün deyil və iddiaçı Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi hesabına öz ev və həyətyanı sahəsinə gedən yolu genişləndirmək niyyətindədir. Daha əvvəl onun mülkiyyətində olan torpaq sahəsinə və evinə gediş gəliş yolu açılmışdır. O, isə bununla kifayətlənməyərək yolun genişlənməsini istəyir. İddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun yaşadığı evin həyətyanı sahəsi yalnız ona məxsusdur. İddiaçıh oğlunun başqa yerdən yol verildiyi halda, həmin yoldan istifadə etməyərək, onun həyətyanı sahəsindən özünə qanunsuz yol açaraq ondan istifadə edir. Həmin yoldan böyük yük maşınlarını da keçirir. 2015-ci ilin avqust ayından qanuni sənədlər əsasında evinin tikintisinə başlamışdır. Tikintiyə başladığı müddətdən müxtəlif təşkilatlara əsassız şikayət və böhtanlarla müraciət edirlər. İndiyə qədər bir neçə instansiya məhkəmələrinə, Ali Məhkəməyə qədər şikayət etsə də, onların şikayətləri əsassız olduğu üçün rədd edilmişdir. Bütün bunlara baxmayaraq bu günə qədər onların böhtan dolu şikayətləri bitmir. Ona öz evində rahat yaşamağa imkan vermirlər. İddiaçı böhtanlar və əsassız şikayətlərinə son qoyulmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəfindən AR Fövqaladə Hallar Nazirliyinə müraciət olunaraq, bədbəxt hadisənin baş verməsi halında ona məxsus evə gedən yoldan xüsusi təyinatlı nəqliyyat vasitəsinin (yanğın söndürən və s.) keçidinin mümkünlüyünün araşdırılmasını xahiş etmişdir. AR FHN yanğın Nəzarəti Xidməti tərəfindən yanğın söndürən nəqliyyat vasitəsi ayrılmış və həmin yoldan keçmənin qeyri-mümkün olmasını bildirmişlər və bu barədə ona akt təqdim etmişlər. Bildirir ki, cavabdehlə aralarında baş tutmuş uzun sürən məhkəmə araşdırmalarının nəticəsində məhkəmə orqanları yekunda oana AR Mülki Məcəlləsinin 255- 262-ci maddələrini xatırladaraq bildirmişlər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən 3 metr enindən savayı dövlət tərəfindən yolun məxsusi olaraq ona ayrılması barədə heç bir rəsmi sənəd olmadığından ona bu şərtlər daxilində əlavə yolun verilməsi qeyri mümkündür və o bələdiyyəyə, hüquqlarını pozan digər şəxsə qarşı servitut hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. O da vətəndaş olaraq məhkəmə instansiyalarının tövsiyyətlərini əsas götürərək hazırki iddia ərizəsini tərtib etmişdir. Lakin işə birinci instansiya məhkəməsi qismində baxan Zaqatala rayon Məhkəməsi onun əsaslı və qanuni olan iddia tələblərini təmin etməmiş, ədalətli qərar qəbul etməmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər Zaqatala rayonu Əliabad bələdiyyəsinin nümayəndəsi və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasını 20-30 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(033)-807/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) və İddiaçı məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolunun açılması, ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın dövlət nəfinə Cavabdeh2 tutularaq Az.MEM, VÖİN**********, X7, Kod 210005, VÖEN ********* Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik: CTREAAZ22 hesabına keçirilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, Əliabad bələdiyyəsinin 25.06.2012-ci il tarixli 1833 nömrəli arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində iddiaçıya məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun mövcudluğu eni 3 metr olmaqla, uzunluğu naturada 67 metr olan (200 kv.m.) göstərilmişdir. Hazırda iddiaçının mülkiyyətinə verilmiş AN 286907 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yol cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçının öz mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə keçmək üçün başqa yolu olmadığından o, qonşusunun giriş qapısından istifadə etmək məcburiyyətində qalmışdır. Bununla da iddiaçının öz mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə keçmək imkanları cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə keçmək üçün əvvəllər nəzərdə tutulmuş ictimai yol zəbt edilmişdir. Cavabdeh də öz növbəsində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, iddianın təmin edilməsinə etiraz etsə də, öz etirazının əsası kimi gətirdiyi halları sübut edə bilməmişdir. Həmin qətnamədə qeyd edilən və tədqiq edilən sənədlər arasında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2012-ci il tarixli 15104 saylı ekspert rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 08 avqust 2012-ci il tarixli 109 saylı məktubunun məlumatlarından məlum olur ki, İddiaçıh oğluna məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm), Əliabad bələdiyyəsinin 25 iyun 2012- ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və İddiaçıh oğlunun mülkiyyətinə verilmiş AN 286907 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolun X3 tərəfindən qanunsuz zəbt olunduğu müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-299/2013 nömrəli 20 may 2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Surəti işə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının «Cavabdeh2 rayonun Əliabad qəsəbəsində mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək, yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan köhnə yaşayış evinin sökülməsi və yerində yenisinin inşasına icazə verilməsi ilə bağlı müraciətinə əsasən, Cavabdeh2 rayonun Əliabad qəsəbəsində mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək, əlaqədar təşkilatların rəyləri nəzərə alınaraq, Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz-layihə əsasında ümumi sahəsi 149,86 kv.m, yaşayış sahəsi 43,0 kv.m. olan kürsülü 2 otaqlı yeni fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin sərəncamda həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 17.10.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 rayonun Əliabad qəsəbəsində mülkiyyətində 0,0133 ha torpaq sahəsinin və 1918-ci ildə inşa edilmiş fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2015-ci il tarixli 2-1(84)-58/2015 nömrəli qərarından görünür ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamı ləğv edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2052 nömrəli 17 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının «Cavabdeh2 rayonun Əliabad qəsəbəsində mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək, yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 09.04.2012-ci il tarixli 60 nömrəli sərəncamının etibarsız sayılması, cavabdehin ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolunun üzərində tikdiyi özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolundan istifadə hüququnun bərpa edilməsi tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Cavabdeh2 qarşı cavabdehin ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolunun üzərində tikdiyi özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolundan istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizələri təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2052 nömrəli 17 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində 0,1185 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 110,05 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı oğunun, torpaq sahəsi isə İddiaçı oğunun, X1, X4, X13 və Balacayev Həbibulla Şakir oğlunun mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə 12.04.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində 0,1023 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı oğunun və X1 mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə 14.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni tarixdə A seriyalı 467373 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq çıxarışa əlavə edilmişdir. İşdə olan 05 noyabr 2020-ci il tarixli FHN DYNX Şimal-Qərb Regional DYNİ-nin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru daxili xidmət kapitanı X21, həmin idarənin DYNŞ-nın böyük inspektoru daxili xidmət mayoru X14 və Zaqatala rayonu, Əliabad qəsəbə sakini İddiaçı işirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması üçün X23 Xidmətinə daxil olmuş 02.11.2020-ci il tarixli, 37/37-06099 saylı müraciətlə bağlı Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində qeyd olunan ünvanda yanğın-texniki müayinə keçirilmiş və müayinə zamanı Zaqatala rayonu, Əliabad qəsəbə sakini İddiaçı məxsus həyətyanı sahəyə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun eni 3 metr, uzunluğu 67 metr olduğu,İddiaçı məxsus fərdi yaşayış evinə gedən (dalan) yolun qərbində Cavabdeh2 məxsus fərdi yaşayış evi yerləşdiyi, gediş-gəliş (dalan) yolundan yanğın avtomobillərinin sərbəst manevr etməsi mümkün olmaması, Cavabdeh2 məxsus fərdi yaşayış evi 2 mərtəbəli inşa olunması, fərdi yaşayış evi şimaldan boş torpaq sahəsi ilə, cənubdan kənd yolu ilə, şərqdən dalan yol ilə, qərbdən qonşuya məxsus həyətyanı sahə ilə həmsərhəd olması, fərdi yaşayış evi torpaq sahəsi ilə dalan yolun sərhəddində məsafə gözlənilmədən inşa olunduğu aşkar olunmuşdur. Surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində 0,0133 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 35,78 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 113 nömrəli vərəqində 17.10.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi 26.05.2015-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,0222 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Surəti işdə olan tikintisinə başlanılacaq obyektə icazə verilməsi barədə 01 avqust 2011-ci il tarixli aktdan görünür ki, X5 Nəzarət Orqanlarının rəylərinə əməl etmək şərti ilə tikinti işlərinə icazə verilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ünvanlanmış 4/1137/-116 nömrəli 29 iyul 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsində tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin tikinti layihəsi RİHBA-nın Memarlıq və tikinti şöbəsində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-343/2017 nömrəli 21 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0222 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsinə dair 26.05.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-6/2020 nömrəli 10 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2(033)-343/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3391/2020 nömrəli 30.06.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçıh oğluna məxsus həyətyanı torpaq sahəsinə və evinə gediş gəliş üçün nəzərdə tutulmuş eni 3 metr olan gediş gəliş yolu mövcuddur. İddiaçı həmin yolun Cavabdeh2 istifadəsində olan və üzərində ona məxsus fərdi yaşayış evi inşa edilmiş torpaq sahəsi hesabına genişləndirilməsini istəyir. Fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1 və 152.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004- cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X10, X19, Balacayev Həbibulla Şakir oğlunun adına 0,1185 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 139,15 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Daşınmaz əmlakın Dövlər reyestrində 12.04.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26.05.2015-ci il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0222 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz əmlakın Dövlər reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 özünə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində inşa ediləcək fərdi yaşayış evinin layihəsi RİHBA-nın Memarlıq və tikinti şöbəsində qeydiyyata alınmışdır və cavabdeh 2015-ci ildən həmin evin tikintisinə başlamışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və onun ümumi birgə mülkiyyətində olan 0,1185 ha torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0,0222 ha yaşayış məntəqələrinin torpaqları qonşu ərazilərdə yerləşir. İddiaçı Cavabdeh2 qarşı iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərlə yanaşı Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun mövcudluğu eni 3 metr olmaqla, uzunluğu naturada 67 metr olan (200 kv.m.) iddiaçının mülkiyyətinə verilmiş AN 286907 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolun cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Həmin qətnamədə qeyd edilən və tədqiq edilən sənədlər arasında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2012-ci il tarixli 15104 saylı ekspert rəyinə əsasən İddiaçıh oğluna məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm), Əliabad bələdiyyəsinin 25 iyun 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və İddiaçıh oğlunun mülkiyyətinə verilmiş AN 286907 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolu X3 tərəfindən qanunsuz zəbt olunduğu müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) və İddiaçı məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolu açılması qət edilmişdir. İş materiallarında olan sənədlərdən eləcə də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan da görünür ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,1185 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən iddiaçının mülkiyyətində olan yaşayış evinə eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) gediş-gəliş yolu nəzərdə tutulmuş və Zaqatala Rayon Məhkəməsinin 2(033)- 599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən həmin yolun açılması qət edilmiş və qeyd edilən yol açılmışdır. İddiaçı hazırda servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, həmin yolun açılması yalnız cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,0222 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən 2015-ci ildə inşasına başlanılan fərdi yaşayış evinin sökülməsi hesabına mümkündür. Bu nəticəyə gəlməyə tərəflərin izahatları, qanuni qüvvəsini almış məhkəmə qətnamələri, ekspert rəyi və yerində müayinə zamanı çəkilmiş fotoşəkillər əsas verir. İş materiallarından görünür ki, iddiaçının servitut hüququ əsasında yolun açılması tələbi təmin edildiyi halda, cavabdehin yaşadığı fərdi yaşayış evi sökülməlidir, hansı ki, həmin fərdi yaşayış evi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0222 ha yaşayış məntəqələrinin təyinatlı həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmaqla Cavabdeh2 mülkiyyətinə verilmişdir. Lakin yaşayış evi hazıradək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda həmin fərdi yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, cavabdehin ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Cavabdeh2 həmin əmlaka gözlənilən mülkiyyət da hüququ vardır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad bələdiyyəsinə və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad bələdiyyəsinə və Cavabdeh2 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(033)-807/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(033)-807/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar