Məhkəmə qərarları › İş №2(107)-308/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-308/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-308/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin 7 saylı mənzili 03 noyabr 2020-ci ildən onun mülkiyyətindədir. Cavabdeh adlı şəxsə heç bir haqq almadan mülkiyyətində olan evdə müvəqqəti qalmağa icazə vermişdir. Lakin hazırda Cavabdeh ona məxsus olan mənzildən öz evi kimi istifadə edir və həmin mənzildən çıxmır. Onu məcburi evdən çıxarda bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq öz mənzilinə girə bilmir. O, Pərvanəyə mənzilindən istifadə hüququ verməmişdir. Ona görə də Cavabdeh Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər N.Gəncəvi küçəsi ev 4B, mənzil 7-də yerləşən, 36,20 kv.metr ümumi sahəyə malik mənzil xx.xx.2020cu il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsində iddiaçının ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisinin arasında ailə münasibətləri olmadığından, həmçinin Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsası yoxdur. Həmin mənzildə iddiaçı ilə qeyri rəsmi münasibətləri olan Cavabdeh məxsus əmlaklar vardır. Məhkəmə hesab edir ki, iddia predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan və yaranan mübahisə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan iddianın təmin olunması məqsədə müvafiqdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin 2020-ci il tarixdə köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2– ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4, 2.3, 9.4-cü maddələri, 13 və 15-ci fəsilləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 217.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. O, 2012-ci ildə cavabdeh İddiaçı ilə faktiki münasibətlərə girməklə ailə qurmuşdur. Onların birgə münasibətlərindən 04 oktyabr 2019-cu ildə Dəniz adlı uşağı doğulmuşdur. Bir müddət onlar Mingəçevir şəhərində kirayəşin yaşamışlar. 2021-ci ilin avqust ayında isə cavabdeh İddiaçı onları Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirirək, onların orada yaşamasını demişdir. O da az yaşlı uşağı ilə birlikdə həmin mənzildə hazırki vaxtadək yaşayır. Bir müddət cavabdehlə mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Lakin, ayrıldıqdan sonra o, azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşayır. İddiaçı azyaşlı uşağına atalıq vermədiyinə görə o, məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Dəniz adlı uşağının atasının İddiaçı olduğu və azyaşlı uşağının saxlanılması üçün aliment təyin olunmuşdur. Lakin, onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa ayrı yerləri yoxdur. Hesab edir ki, Dəniz adlı uşağı gələcəkdə atasının vərəsəsi olduğu və hazırda başqa yaşamağa yeri olmadığı üçün onların Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzildən istifadə hüququ vardır. Çünki o, azyaşlı övladı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşayır və təsərrüfatı idarə edir. Hesab edir ki, Dəniz adlı övladı İddiaçı qızı olduğu üçün onun qeyd olunan mənzildən istifadə hüququ vardır. Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən İddiaçıla onun birgə münasibətlərindən 04 oktyabr 2019-cu ildə Dəniz adlı uşağının dünyaya gəldiyini, Dəniz adlı uşağının Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzilindən istifadə hüququnun olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Mingəçevir Şəhər Məhkəməsi 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 saylı qətnaməsində Dəniz adlı uşağının olması barədə heç bir qeyd belə aparmamışdır. Bununla da Mingəçevir Şəhər Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)- 2146/2022 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının digər bir şəxslə rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onun 2012-ci ildən iddiaçı ilə qeyri-rəsmi olaraq faktiki ailə münasibətlərinə daxil olduğunu, onların birgə münasibətlərindən 2019-cu ildə Dəniz adlı uşaqlarının olduğunu, bir müddət Mingəçevir şəhərində kirayədə yaşamalarına baxmayaraq, 2020-ci ildə iddiaçının Mingəçevir şəhərində öz adına mənzil aldığını, mənzili 2020-ci ilin noyabr ayının 3-də adına rəsmi qeydə aldırdığını, onu isə 2021-ci ilin avqust ayında Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirirək, onların orada yaşamasını demişdir. Hazırda həmin mənzildə ona məxsus paltaryuyan maşın, smart televizor, soyuducu, jalyüzlər, pərdələr, tozsoran, ütü stolu, modem, ətçəkən maşın, mikser, qabqaşıqlar, qazanlar, çaydan, çaynik, qaz plitəsi, geyim əşyaları, istilik peçi (radiator), yorğan, döşəkdən ibarət əşyalar vardır. Həmin əşyaların iddiaçı tərəfindən özünə məxsus olmasının iddia edilməsi də mümkündür. Yəni ola bilər ki, iddiaçı həmin əşyaların ona deyil, özünə məxsus olmasını göstərsin. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və onun vəkili səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-cü maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ailə Məcəlləsinin; 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.4-cu maddəsçinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Şəki Apellyasiya Məhkəməsinin 21 fevral 2023-ci il tarixli, 2(107)-308/2023 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)- 2146/2022 saylı qətnaməsi qismən-Cavabdeh əşyalarının İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılmasına dair gəldiyi nəticə, hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılmasına dair hissəsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin 7 saylı mənzili 03 noyabr 2020-ci ildən onun mülkiyyətindədir. Cavabdeh adlı şəxsə heç bir haqq almadan mülkiyyətində olan evdə müvəqqəti qalmağa icazə vermişdir. Lakin hazırda Cavabdeh ona məxsus olan mənzildən öz evi kimi istifadə edir və həmin mənzildən çıxmır. Onu məcburi evdən çıxarda bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq öz mənzilinə girə bilmir. O, Pərvanəyə mənzilindən istifadə hüququ verməmişdir. Ona görə də Cavabdeh Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylıevin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalıdır. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, Mingəçevir şəhər N.Gəncəvi küçəsi 4B saylı evin 36,20 kv.metr ümumi sahəyə malik 7 saylı mənzili xx.xx.2020-ci il tarixdən İddiaçı tam xüsusi mülkiyyətindədir. Cavabdeh isə əmlakın iddiaçı tərəfindən əldə edilməsindən sonra mübahisə predmeti olan mənzilə köçmüşdür. Belə ki, Cavabdeh özü də həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 2021-ci ildən mübahisəli mənzildə yaşadığını göstərmişdir. Məhkəmə kollegiyası Cavabdeh iddiaçı tərəfindən mübahisəli mənzilin əldə edilib, adına rəsmiləşdirilməsindən sonra, yəni xx.xx.2020-ci il tarixdən sonra İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilində yaşaması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri xx.xx.2020-ci il tarixdən sonra, yəni iddiaçı tərəfindən Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilinin əldə edilib adına rəsmiləşdirilməsindən sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin onun mənzildən çıxarılması hissəsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması hissəsində əsaslı, apellyasiya şikayəti isə cavabdehin mənzildən çıxarılması hissəsində əsassızdır. Belə ki, apellyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinin tələblərinin pozulması ilə onun mənzildən çıxarılması barədə qərar qəbul edildiyini göstərsə də Cavabdeh İddiaçı ailə üzvü deyildir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına da aid deyildir. Belə ki, Cavabdeh İddiaçı ilə aralarında rəsmi nikah münasibətləri mövcud olmadığından onun İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ da yaranmamışdır. Cavabdeh apellyasiya şikayətində göstərdiyi Dəniz adlı övladının İddiaçı qızı olduğu üçün onun qeyd olunan mənzildən istifadə hüququnun olmasına dair halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı uşağı Dənizin mənzildən çıxarılması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Kollegiya həmçinin şikayətçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyasının iclası zamanı cavabdeh tərəfin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzilin özünə məxsus olduğuna əsaslanaraq özgənin sahibliyində olan həmin mənzilin cavabdehdən geri alınmasını tələb edir. Həmin mənzil hazırda cavabdehin istifadəsində olmaqla yanaşı, cavabdehin hazırda da həmin mənzildə yaşaması Cavabdeh özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Kollegiya belə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən cavabdehin Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən istifadə hüququ tanına bilməz. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla cavabdehin ona məxsus evdən çıxarılması məqsədi ilə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılmasının əsassızlığına dair dəlilləri ilə razılaşmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 saylı qətnaməsi “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)-2146/2022 saylı qətnaməsi “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar