Məhkəmə qərarları › İş №2(107)-31/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-31/2023

05.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-31/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sahib oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd üzrə nümayəndəliyi, Ağsu Rayon Kalva Bələdiyyəsi və Ağsu Rayon Dilman Bələdiyyəsinə qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, ərazinin, eləcə də fermanın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ərazinin və fermanın boşaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı Sahib oğlunun nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Sahib oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd üzrə nümayəndəliyi, Ağsu Rayon Kalva Bələdiyyəsi və Ağsu Rayon Dilman Bələdiyyəsinə qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, ərazinin, eləcə də fermanın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları

1. **********73-12301 nömrə ilə Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, mülkiyyət hüquqlarına dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla Ağsu rayonu, Xatman kəndi ərazisində, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadratmetr (ferma) əmlak kompleksi (0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi) İddiaçı Sahib oğlunun mülkiyyətindədir. İddiaçı iddia edir ki, həmin əmlak hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən tam xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714,7 kv.m əmlak kompleksini (ferma) və 0,081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsini özbaşına zəbt edərək tutmuş Cavabdeh1, Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmalarını, ərazinin, eləcə də fermanın boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayonu, Xatman kəndi ərazisində, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadratmetr (ferma) əmlak kompleksini və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsini vətəndaş X2 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında almışdır. Həmin əmlak kompleksi adına **********73-12301 nömrə ilə Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, mülkiyyət hüquqlarına dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin buna baxmayaraq tam xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan həmin əmlak əslən Laçın rayonundan olan cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş, avtomobil yolunun əks tərəfində özlərinə ev tikərək yaşasalar da, mal-qaralarını həmin həyətdə deyil, avtomobil yolunun əks tərəfində məhz xüsusi mülkiyyətində olan fermada yeləşdirərək saxlayır, ona məxsus torpaq sahəsində əkin-biçin işləri görür, arıçılıqla məşğul olur və çobanlar üçün nəzərdə tutulmuş yaşayış evlərindən istifadə edirlər. Cavabdehlərə ona məxsus torpaq sahəsini boşaltmaq təklif olunsa da, bunun üçün onlara vaxt verilsə də, həmin şəxslər ərazidən çıxmaqdan və boşaltmaqdan imtina edirlər. Onların bu hüquqazidd davranışları nəticəsində öz şəxsi əmlakı barəsində sərəncam vermək, ondan istifadə etmək, yeni iş yerləyi açaraq həm özünün, həm də digər şəxslərin mənfəət əldə etməsinin, dövlətə vergi ödəməyinin, ərazinin abadlaşdırılmasının qarşısını alır, onun qanunla müəyyən olunmuş mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeyriyaşayış əmlak kompleksinin texniki-iqtisadi göstəricilərinin qeydə alındığı Texniki Pasportundan görünür ki, əmlak kompleksinə: 0.081040 hektar torpaq sahəsi, həmin ərazidə inşa olunmuş ümumi sahəsi 617,7 m2 olan (79,20x7,80 ölçüdə) tövlə və (9,0x6,80 ölçüdə) çobanlar üçün yaşayış evləri daxildir. Texniki pasportdan görünür ki, tikililər 1969cu ildə inşa olunaraq istifadə olunmuş, xx.xx.2000-ci il Aqrar İslahat Komissiyasının Protokolu ilə vətəndaş X4 mülkiyyətinə verilmiş, sonuncu isə həmin əmlak kompleksini notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ№0885634 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında ona satmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra xx.xx.2021-ci il tarixdə olan vəziyyətə uyğun olaraq yeni inventar № 5953 olan, reyestr № **********73-12301 Texniki Pasport tərtib edilmişdir. Rəsmi sənədlərdən məlum olur ki, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş əmlak kimi həmin ferma onun tam xüsusi mülkiyyətindədir və onun barəsində sərəncam vermək hüququ qanunla qorunur.

4. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

5. Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı heç vaxt faktiki olaraq qeyd edilən daşınmaz əmlaka və torpaq sahəsinə sahiblik etməmişdir. Həmin daşınmaz əmlak və torpaq sahəsi hasarlanmamış, sərhədləri və hüdudları faktiki olaraq qeyri-müəyyəndir. İddiaçının təqdim etdiyi sənədlərdən onun iddia etdiyi 0,081040 ha ölçüdə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətindəki istifadədə olan sahə olması müəyyən olunur. Amma iddiaçı özü də həmin sahənin hansı bələdiyyənin mülkiyyətində olmasını bilmədiyi üçün hər iki bələdiyyəni üçüncü şəxs qismində qoymuşdur. Qeyd edilən torpaq sahəsinin hansı sənədə əsasən istifadəyə verilməsi müəyyən deyil. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi.

6. Cavabdeh2 digər Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatına uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi.

7. Üçüncü şəxs Ağsu rayon Kalva kənd üzrə nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək bildirdi ki, mübahisəli torpaq sahəsi və ferma mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş etdi.

8. Üçüncü şəxs Ağsu rayon Kalva Bələdiyyəsinin sədri X5 və Ağsu rayon Dilman Bələdiyyəsinin sədri X6 məhkəmə iclasında Ağsu rayon Kalva kənd üzrə nümayəndəsi X7 dediklərini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdilər.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, iddiaçı mübahisəli əmlak kompleksinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli əmlak kompleksinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Həmin daşınmaz əmlaka hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mübahisəli torpaq sahəsindən istifadə etmələri nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və həmin ərazi, eləcə də mal ferması boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

10. Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadratmetr əmlak kompleksi və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxarılması və ərazinin eləcə də, mal fermasının boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Qobustan rayonu notariat kontorunda aparılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X9 DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 714.7 kvadratmetr (ferma) əmlak kompleksini İddiaçı satmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadratmetr əmlak kompleksini və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.

14. İş materiallarından görünür ki, Ağsu rayonu, Xatman kəndi ərazisində (Muğanlı- Kalva yolunun şərq tərəfində) yerləşən mal fermasına dair xx.xx.2021-ci il tarixdə olan vəziyyətə əsasən İddiaçı adına texniki pasport verilmiş, həmin əmlak kompleksi üzrə hüquqi subyekt kimi İddiaçı göstərilmişdir.

15. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlər qaçqın kimi həmin ərazidə məskunlaşmışlar və qeyd edilən ərazinin iddiaçının mülkiyyətində olan ərazi olması sübuta yetirilməmişdir ki, bütün bu məsələlər yalnız geniş, obyektiv və ətraflı araşdırma aparılmaqla obyektiv qərar qəbul oluna bilər. Bundan başqa, iddiaçıya boş torpaq sahəsi kimi sahə ayrılması göstərildiyi halda, həmin ərazi hələ sovet vaxtından əmlak kompleksi kimi müəssisə olmuşdur və boş sahə deyildir.

17. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı prosessual hüquq normalarının tələbləri də pozulmuşdur. Bu hissədə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməli olduğu halda, edilməmişdir. İddia ərizəsində Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714,7 kv.m. əmlak kompleksindən, 0,081040 ha sahəsi olan istifadədə olan torpaq sahəsindən çıxarılmaları, oranın boşaldılması xahiş edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı heç vaxt faktiki olaraq qeyd edilən daşınmaz əmlaka və torpaq sahəsinə sahiblik etməmişdir, 3-cü şəxs qismində həm Kalva, həm də Xatman bələdiyyələrini qoymuşdur. Həmin daşınmaz əmlak və torpaq sahəsi hasarlanmamışdır, sərhədləri və hüdudları faktiki olaraq qeyrimüəyyəndir.

18. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdən onun iddia etdiyi 0,081040 ha ölçüdə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətindəki istifadədə olan sahə olması müəyyən olunur. Amma iddiaçı özü də həmin sahənin hansı bələdiyyənin mülkiyyətində olmasını bilmədiyi üçün hər iki bələdiyyəni 3-cü şəxs qismində qoymuşdur. Qeyd edilən torpaq sahəsinin hansı sənədə əsasən istifadəyə verilməsi müəyyən deyil.

19. Onların məlum erməni işğalından sonra məskunlaşaraq təsərrüfatla məşğul olduğu torpaq sahəsi və tikililərin iddiaçının iddia etdiyi və xüsusi mülkiyyətində olan daşınmaz əmlak və torpaq sahəsi ilə üst-üstə düşməsi (hüdudları daxilində olubolmaması) müəyyən edilməlidir. İddiaçının boşaldılmasını tələb etdiyi və cavabdehin istifadəsində olan torpaq sahələrinin dəqiq koordinatlarının müəyyən olunması və üst-üstə düşüb-düşmədiyinin müəyyən olunması üçün GPS cihazı vasitəsilə ölçmə işləri aparılmalıdır. Bu isə xüsusi bilik tələb olunan sahə olduğu üçün qeyd edilən iş üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilməlidir. Ekspertiza keçirilməsini təmin etmədiyi üçün məhkəmə istinad edilən prosessual hüquq normasının tələblərini pozulmuşdur.

20. Ona görə də, Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)- 922/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sahib oğlunun nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdehlər Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)- 922/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

30. Cavabdehlər apellyasiya şikayətində onların məskunlaşaraq təsərrüfatla məşğul olduqları torpaq sahəsi və tikililərin iddiaçının iddia etdiyi və xüsusi mülkiyyətində olan daşınmaz əmlak və torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilmədiyini əsas gətirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu hesab etmişlər. Hazırki iş üzrə İddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714,7 kv.m əmlak kompleksini (ferma) və 0,081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda göstərilmiş Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadratmetr əmlak kompleksini və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin eyni torpaq sahəsi və eyni əmlak kompleksi (ferma) olduğu məsələsinə aydınlıq gətirilməli olduğundan Şəki Apellyasiya Məhkəməsinin 4 may 2022-ci il tаrixli, 2(107)-627/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmçinin mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nə həvalə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 fevral 2023-cü il tarixli 10/714 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli **********30 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı cavabdehlərinin çıxarılmasını tələb etdiyi və naturada göstərdiyi Ağsu rayonu Kalva kəndi Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadrat metr əmlak kompleksi (ferma) və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş Ağsu rayonu Kalva kəndi Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadrat metr əmlak kompleksi və 0.081040 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin eyni torpaq sahəsi və əmlak kompleksi olduğu müəyyən edildi. Göründüyü kimi, iddiaçının iddia ərizəsində cavabdehlərin çıxarılmasını tələb etdiyi Ağsu rayonu Kalva kəndi Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadrat metr əmlak kompleksi (ferma) və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətində olan əmlak kompleksi və torpaq sahəsi olması mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir.

31. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Bu qətnamənin 24-cü bəndində qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Sahib oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağsu rayonu Kalva kəndi Muğanlı-Kalva yolunun şərq hissəsində yerləşən 714.7 kvadrat metr əmlak kompleksi (ferma) və 0.081040 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxarılmalarını, ərazinin, eləcə də fermanın boşaldılaraq təhvil verilməsini tələb etməkdə, birinci instansiya məhkəməsi də həmin iddianı təmin etməkdə haqlı olmuşdur. **********73-12301 nömrə ilə Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, mülkiyyət hüquqlarına dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda torpaq sahəsinin mülkiyyət növü kimi “bələdiyyə” göstərilməsi ona dəlalət edir ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksi həmin torpaq sahəsində yerləşməklə iddiaçıya qanuni əsaslarla məxsusdur. Bu halı iş üzrə üçüncü şəxslər Ağsu rayon Kalva kənd üzrə icra nümayəndəsi X10, Ağsu rayon Kalva Bələdiyyəsinin sədri X5 və Ağsu rayon Dilman Bələdiyyəsinin sədri X6 bu qətnamənin 7-8-ci bəndlərində göstərilmiş izahatlarında təsdiq etmişlər. Eyni zamanda, mülki işin 7-18-ci vərəqlərində yer alan Ağsu rayonu, Xatman kəndi ərazisində (Muğanlı-Kalva yolunun şərq tərəfində) yerləşən mal fermasına dair xx.xx.2021-ci il tarixdə olan vəziyyətə əsasən İddiaçı adına verilmiş texniki pasportda torpaq sahəsində yerləşən tikinti obyektləri ilə yanaşı torpaq sahəsinin də vəziyyəti, ölçüləri və planı göstərilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi onun xüsusi mülkiyyətindədir. Həmin əmlak kompleksinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü və planı göstərilmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ qanuni əsaslarla mövcuddur.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(016)-922/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar