Məhkəmə qərarları › İş №2(107)-315/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-315/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-315/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(033)-1021/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 96,9 kv.m.-dən ibarət olan fərdi yaşayış evi **********79-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətindədir. Həmin çıxarışda hüquq sahibi olaraq onun payı tamdır, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07.01.2020 qeyd olunmuşdur. Bu mənzilin texniki pasportunda da hüquq subyekti onun payı tam hissə olmaqla göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun evində yaşamır, onlar faktiki olaraq başqa yerdə yaşayırlar. Zaqatala rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 50 saylı 24 avqust 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh2 1996-cı ildən hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Cavabdeh1 isə 14 ildir ki, həmin evdə yaşamır. Uşağı ilə birlikdə Zaqatala şəhəri ərazisində yaşamış və hal-hazırda fərdi yaşayış evi alaraq Zaqatala şəhərində evində yaşayır. O, hələ həyat yoldaşı Məryəm Makarovun sağlığında hər iki qızına ona və həyat yoldaşına baxmaq üçün yalvarmışdır, hətta mərhum həyat yoldaşı da bu iki qızına demişdir ki, xəstədir gəlib ona baxsınlar. Lakin cavabdehlərdən heç biri gəlib ona və mərhum həyat yoldaşına baxmamışdır. Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 818 saylı 25 avqust 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh1 hal-hazırda Danaçı kəndində yoxdur. Zaqatala RPŞ-nin məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 və Əhmədova X1 qeydiyyatdadır. Cavabdehlər onun evində yaşamadığı halda həmin bu evdə qeydiyyatda qalmışlar. Heç bir hüquqları olmadan cavabdehlərin onun mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını pozur. Yəni mülkiyyətçi olduğu halda əmlak üzərində sərəncam vermək hüququ pozulur. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(033)-1021/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manatın onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Göründüyü kimi, 1996-cı il tarixdən Cavabdeh2 mübahisələndirilən evdə yaşamır. Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Bununla da, onun istifadə hüququ itirilmişdir. Cavabdeh1 2021-ci ilin yay aylarından mübahisələndirilən evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun istifadə hüququ itirilmişdir. Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Cavabdehlər isə həmin evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 228, Azərbaycan SSR-in 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87, 123, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Azərbaycan Respublikası qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, Cavabdeh1 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş, lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamış, eyni ilə həmin istifadə hüququna xitam verilməmişdir. Lakin, bu halda qeyd edilməlidir ki, hər hansı mənzildə şəxsin və ya şəxslərin qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. Həmçinin, iddiaçı özü də etiraf edir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir. Eləcə də cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam etmişdir. Lakin, işdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış həm birinci, həm də apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdırlar. Belə ki, həm birinci, həm də apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərini pozmuşlar ki, bu da son nəticədə qəbul edilmiş qətnamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 01 noyabr 2021-ci il tarixli, 2(033)-1021/2021 iş nömrəli qətnaməsinin qismən, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına iddiaçının nümayəndəsi tərəfindən məlumat verilmiş, cavabdeh X3 tərəfindən isə belə bir məlumat daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Cavabdeh1 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh1 münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı mübahisələndirilən hissədə düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsi 01 noyabr 2021-ci il tаrixli, 2(033)-1021/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrə ilə 07.01.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********79-10301 nömrə ilə qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon polis şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli 201-20216-1221 nömrəli arayışa əsasən Əliyeva X2 rayonu Danaçı kəndində qeydiyyatdadır. Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 818 saylı 25 avqust 2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 hal-hazırda Danaçı kəndində yoxdur. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir. Eləcə də o, faktiki olaraq mübahisəli evə gəlib-getməkdə davam etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır; Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac vardır. Cavabdeh1 2021-ci ilin yay aylarından mübahisələndirilən evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 3 ünvanında yaşayır. Mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi başqa yaşayış yerinə köçmüşdür. Bundan başqa kollegiya hesab edir ki, əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. İş materiallarında olan X7, X8 və X6 ilə Cavabdeh1 arasında 01 sentyabr 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1283 nömrə ilə qeyd edilmiş ANİ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən də görünür ki, satıcı olan X7, X8 və X6 tərəfindən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış onlara məxsus ümumi sahəsi 0,0257 ha olan torpaq sahəsi və ümumi sahəsi 140,7 kv.m. olan fərdi yaşayış evi 30000 manata Cavabdeh1 satılmışdır. Bu isə onu təsdiq edir ki, Cavabdeh1 həqiqətəndə özünə məxsus mənzili var, hazırda orada yaşayır. Belə olduğu təqdirdə Cavabdeh1 ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasını zəruri edən hal yoxdur. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırki dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüquqlarının itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ vardır. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülkiyyətində olan evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh1 göstərilən yaşayış sahəsindən könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan yaşayış sahəsinə Cavabdeh1 istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tаrixli, 2(033)- 1021/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tаrixli, 2(033)-1021/2021 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar