Məhkəmə qərarları › İş №2(107)-318/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-318/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-318/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, iddiaçılar İddiaçı2 Səhadət qızı, İddiaçı1, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1325/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1325/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Səhadət qızı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, 2013-cü ildə o, ailə üzvləri ilə birlikdə nənəsi X1 razılığı ilə onun mülkiyyətində olan, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evə köçmüşdülər. 2013-cü ildən 2018-ci ilə kimi həmin evdə yaşamışlar. Nənəsi mülkiyyətində olan və yaşadıqları evi ona verəcəyini bildirmiş, hətta bu barədə ona vəsiyyətnamə də vermişdir. Sonra Cavabdeh onun nənəsinin, yəni öz anasının əqli fəaliyyətsizliyindən sui-stifadə edərək öz niyyətini həyata keçirmək üçün şahidləri ələ almış, icra nümayəndəsi vasitəsi ilə nənəsi tərəfindən ona verilmiş vəsiyyətnaməni ləğv etdirmişdir. Onun adına verilmiş vəsiyyətnamə nənəsinin istək və iradəsi idi. Nənəsi mülkiyyətində olan evə onları öz istəyi ilə köçürmüş, birlikdə yaşamaqlarına razılıq vermişdir. 2013-cü ildən 2018-ci ilə kimi də nənəsi ilə birlikdə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Ancaq cavabdeh nənəsinin əqli geriliyindən istifadə edərək evi öz mülkiyyətinə keçirmiş və onları həmin evdən çıxarmışdır. Ailəlidir, iki uşağı var. Başqa yaşayış yeri yoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evə köçüb orada yaşasınlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1, onun vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan və əlavə təqdim edilmiş sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1325/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Coşqunla qonşu olmuşdur. Coşqunun nənəsi Güləbatın Məmmədova onların evlərinə gəlibgedirdi. Nənəsi deyirdi ki, evini Coşquna veribdir, bununla bağlı ona vəsiyyətnamə də verəcəkdir. Birinci instansiya məhkəməsində şahid kimi ifadə verən X7 ifadəsində bilirmişdir ki, Coşqunla bir kənddə yaşayırlar. Həmin kənddə yaşamış Güləbatın Məmmədovanın evini Coşqunun sifarişi ilə o və Anar təmir ediblər, yəni döşəmə, tavan vurmuşlar, malyar işləri görmüşlər. Güləbatın Məmmədova deyirdi ki, evini Coşquna verəcəkdir. Evin təmiri qurtardıdan sonra da gördükləri işə görə əmək haqqını onlara Coşqun vermişdir. Birinci instansiya məhkəməsində şahid X12 da məhkəmə iclasında şahid Sahib Nağıyevin ifadəsinə uyğun fadə vermişdir. İddiaçının vəsatəti ilə birinci instansiya məhkəməsində şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı1 bacısı oğlu, cavabdeh Sahilə isə bacısıdır. Onların ata mülkiyyəti var idi. O, Rusiyada olan zaman ata evi satılaraq anası da daxil olmaqla digər vərəsələr olan bacı-qardaş arasında bölünmüşdür. Lakin həmin vaxt o, Rusiyada olduğuna görə ona pay ayrılmamışdır və sonradan da o, tələb etməmişdir. Ata evi satıldığından sonra anası Güləbatın Məmmədova bacısı Sahilə ilə birlikdə bir müddət Gəncə şəhərində yaşamışlar. Sonra anası öz vəsaiti hesabına Yevlax rayonun Tanrıqulular kəndində yerləşən hazırkı mübahisələndirilən evi almışdır. Anası tək yaşadığına görə məsləhətləşdilər ki, nəvələrindən biri onun yanında qalsın. Əvvəl ona təklif edildi ki, onun uşaqlarından biri anası ilə yaşasın, lakin o, razılaşmadı. Sonra razılığa gəldilər ki, digər bacısının oğlu Coşqun köçüb nənəsi ilə birlikdə yaşasın. Sonra Coşqun ailəsi ilə birlikdə nənəsinin yanına köçüb birlikdə yaşamağa başladılar. Ev tam təmirli deyildi. Coşqun köçdükdən sonra evi təmir etdirdi. Bir müddət sonra eşitdi ki, anası ilə Coşqungilin arasında münasibətlər pozulmağa başlayıbdır. Aralarında pulla bağlı mübahisə olmasını, evdən pulun yoxa çıxması xəbərini eşitmişdir. Lakin o, həmin məsələyə heç vaxt qoşulmamış, bununla bağlı onlardan heç nə soruşmamışdır ki, öz məsələlərini özləri həll etsinlər. Sonra eşitdi ki, anası xəstələndiyinə, Coşqungillə münasibətləri pozulduğuna görə bacısı Sahilə anasını öz yanına aparıbdı. Anası Sahiləgildə qaldığı müddətdə yoxlamaq üçün tez-tez onun yanına gedib-gəlirdi, eləcə də anası onun evinə gəlib-gedirdi, hətta onun evində qalırdı da. Anası yaşlı olsa da həmişə fiziki cəhətdən sağlam olmuşdur, ölən günə qədər də əqli cəhətdən normal olmuşdur. Cavabdehin vəsatəti ilə birinci instansiya məhkəməsində ifadə verən şahid X8 ifadəsində bildirmişdir ki, Güləbatın Məmmədova ilə qonşu olmuşlar. Güləbatın Məmmədova əvvəl bir otaqlı evdə yaşayırdı, sonra onun sifarişi ilə o, Xəyalla birlikdə bir otağın və bir zalın divarını hörmüş və üstünü örtmüşlər. Gördükləri işə görə də əmək haqqını onlara Güləbatın Məmmədova vermişdir. Güləbatın Məmmədova sağlam, həyətində təsərrüfatla məşğul olan bir qadın idi. Birinci instansiya məhkəməsində şahid X4 da məhkəmə iclasında şahid Rəfail Məmmədovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları, tərəflərin izahatları, həmçinin əldə edilmiş sübutların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli ev X1 mülkiyyətində olmuşdur. İddiaçılar 2013-cü ildə həmin evə köçüb mülkiyyətçi G.Məmmədova ilə birlikdə yaşamışlar. G.Məmmədova mülkiyyətində olmuş həmin evə dair İddiaçı1 vəsiyyətnamə vermişdir. Sonradan iddiaçılarla mülkiyyətçi Güləbatın Məmmədova arasındakı münasibətlər pozulmuş, 2018-ci ilin sentyabr ayında G.Məmmədova vəsiyyətnaməsini ləğv etmişdir. Aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisəli evdən çıxarılmışlar. Güləbatın Məmmədova mülkiyyətində olmuş həmin evi xx xxxxxxx 2018-ci il tarixli, notariat qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi ilə qızına, hazırkı iş üzrə Cavabdeh bağışlamış, xx xxxxxxx 2018-ci ildə ev tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətinə keçmişdir. Əvvəlki mülkiyyətçi X2 isə xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü il tarixdə yarandığına görə kollegiya hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan mənzil məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılar və cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh X3 iddiaçıya məxsus mənzildən çıxarılması barədə iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli ev X1 mülkiyyətində olmuşdur. İddiaçılar 2013-cü ildə həmin evə köçüb mülkiyyətçi G.Məmmədova ilə birlikdə yaşamışlar. G.Məmmədova mülkiyyətində olmuş həmin evə dair İddiaçı1 vəsiyyətnamə vermişdir. Sonradan iddiaçılarla mülkiyyətçi Güləbatın Məmmədova arasındakı münasibətlər pozulmuş, 2018-ci ilin sentyabr ayında G.Məmmədova vəsiyyətnaməsini ləğv etmişdir. Aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisəli evdən çıxarılmışlar. Güləbatın Məmmədova mülkiyyətində olmuş həmin evi xx xxxxxxx 2018-ci il tarixli, notariat qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi ilə qızına, hazırkı iş üzrə Cavabdeh bağışlamış, xx xxxxxxx 2018ci ildə ev tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətinə keçmişdir. Əvvəlki mülkiyyətçi X2 isə xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Göründüyü kimi Güləbatın Məmmədova mülkiyyətində olmuş evə dair İddiaçı1 verdiyi vəsiyyətnaməni sağlığında ləğv etdirmişdir. Mirasın açıldığı günə isə mübahisəli ev Güləbatın Məmmədovanın mülkiyyətində olmadığına görə, həmin ev mirasın kütləsinə daxil olmamışdır. Bundan əlavə məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisələndirilən evin əvvəlki mülkiyyətçisi tərəfindən evdən çıxarılmışlar. İş materialları ilə müəyyən edilir ki, mübahisəli ev ********** №-li qeydiyyat nomrəsi ilə xx xxxxxxx 2018-ci il tarixdən seriya RX ******* №-li Çıxarışla tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətindədir. İddiaçılar izahatında mübahisəli evi cavabdeh qeyriqanuni yolla mülkiyyətinə keçirdiyini bildirsələr də, cavabdehə mülkiyyət hüququ verən Çıxarış məhkəmə qaydasında mübahisələndirilməmişdir və hazırda da qanuni qüvvədədir. İddiaçı tələbində evdə yaşadıqları müddətdə evi öz vəsaiti hesabına təmir etdirdiyini bildirmişdir ki, lazımi sübutları təqdim etməklə təmir xərclərilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri mаhiyyəti üzrə düzgün olаn birinci instansiya məhkəməsinin qətnаməsinin ləğvi üçün əsаs olа bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1325/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(051)-1325/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar