Məhkəmə qərarları › İş №2(107)-322/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-322/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-322/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1, X14, X2, X5 və X3 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-19/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-19/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamə ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) mülkiyyətində olan və Cavabdeh (bundan sonra mətndə cavabdeh) tərəfindən istifadə edilən 0.12 ha torpaq sahəsinin sərhədləri Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyində göstərilən bölgü sxeminə əsasən 5 nöqtədə; 1 nöqtəsindən şərq istiqamətdə 2 nöqtəsinədək 98.1 metr, 2 nöqtəsindən cənub istiqamətində 3 nöqtəsinədək 12.4 metr, 3 nöqtəsindən qərb istiqamətində 4 nöqtəsinədək 8.5 metr, 4 nöqtəsindən qərb istiqamətində 5 nöqtəsinədək 89.5 metr, 5 nöqtəsindən şimal istiqamətdə 1 nöqtəsinədək 13.0 metr müəyyən edilməklə həmin nöqtələr arasındakı sahə Cavabdeh zəbtindən azad edilməsi, Cavabdeh 200 (iki yüz) manat mənəvi ziyan alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, 10 (on) manat dövlət rüsumunun ½ hissəsi, yəni 5 (beş) manatı İddiaçı, ½ hissəsi, yəni 5 (beş) manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 (yetmiş beş) manatı İddiaçı, ½ hissəsi, yəni 75 (yetmiş beş) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə-Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun pay torpağının nə qədər hissəsinin əkib-becərildiyinin müəyyən edilməsi, cavabdehə 130 nömrəli pay torpağının uc nöqtələrinin tanıdılması, ona 20 il müddətində vurulmuş maddi ziyanla bərabər dövlət rüsumu və 500 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş torpağını sonuncu tərk etmədiyi üçün təyin olunmuş ekspertlərin bir-birinin ardınca yalan rəylər vermələri səbəbindən dəfələrlə ekspertlərlə birlikdə torpaq sahəsinə, məhkəmə proseslərinin ləngildilməsinə görə yuxarı nazirliklərə gedib-gəlməsi səbəbindən səhhətinin korlanaraq müalicəyə sərf etdiyi xərclərə görə 2000 (iki min) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan, məhkəməyə qədər vurduğu maddi ziyanla bərabər 5200 (beş min iki yüz) manat, mənəvi ziyanla bərabər 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 6700 (altı min yeddi yüz) manat ziyanın cavabdehdən alınaraq ona verilməsi və zəbt olunmuş 0.40 ha toprağın azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən JN-0110 nömrəli, kod 40408028 və JN-0130 nömrəli, kod 40408028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında adları qeyd edilən ümumi birgə mülkiyyətçilər X7, Musayeva (Məmmədova) Ceyran Valeh qızı, X19, Musayeva (Mustafayeva) Gülbəniz Valeh qızı, X4, X8, X9 və Mustafayeva (Baqılova) Aysel Rafiq qızı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəki rayonu X10 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən onun və ailə üzvləri X7, X15, X19 və X6 ümumi birgə mülkiyyətinə 3.90 hektar torpaq sahəsi verilmişdir. Lakin torpağının məhsuldar hissəsini Cavabdeh zəbt edərək 20 ildir ki, özününküləşdirmişdir. Belə ki, Cavabdeh ona vurduğu ziyanı aşağıdakı kimi hesablamışdır: 20 il müddətinə zəbt edilmiş 0.40 ha torpaq sahəsi – 0.40x20= 8 ha olmaqla, 1 ha torpaq sahəsinin məhsuldarlığı 30 st = 3 t. 0.40 ha torpağın məhsuldarlığı 3 t : 0.40 ha =1.2 t. 20 ilin 0.40 ha-dan alınan məhsuldarlıq 1.2 x 0.40 = 24 t. Məhsuldarlığın 1/3 hissəsi onun maya dəyəridir. Cavabdeh 24t : 3 = 8 t. Onun zəbt edilmiş torpaq sahəsindən aldığı gəlirin bazar qiyməti sezonda (yəni biçin vaxtı) 20 qəpik. 16 t x 20 qəp = 3200 manat təşkil edir. Uzun illər müxtəlif orqanlara şikayət etmiş, lakin yenə də cavabdeh onun ailəsinə məxsus torpaq sahəsindən çıxmamışdır. 0.30 ha torpaq sahəsi hal-hazırda Cavabdeh tərəfindən zəbt edilmişdir. O, bir mülkiyyətçi kimi dövlət tərəfindən onlara verilmiş torpaq sahəsindən tam şəkildə istifadə edə bilməmişdir. Cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən öz torpaqları kimi istifadə edərək şumlayıb əkin-biçinlə məşğul olmuşdur. Bununla da onun kontitusiya ilə müəyyən edilmiş hüquqları pozulmuşdur. Bununla bağlı ayrı-ayrı orqanlara müraciət etsə də, həmin orqanlardan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi əsassızdır. Ona görə də rədd edilməlidir. Belə ki, Şəki rayonu X10 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən onun və ailə üzvləri X4, X8, X9 və Mustafayeva (Baqılova) Aysel Rafiq qızının ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.53 hektar torpaq sahəsi verilmişdir. O, iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etməmiş və ondan istifadə etməmişdir. Əksinə İddiaçı ona məxsus torpaq sahəsini zəbt edərək əkin-biçin işləri aparmışdır. Əgər iddiaçı ona məxsus torpaq sahəsini geri qaytararsa, o da öz növbəsində 0.12 ha torpaq sahəsini geri qaytara bilər. Bundan başqa iddiaçı ondan hər hansı maddi və mənəvi ziyan tələb etməkdə haqlı deyil. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsindən istifadə etməklə ona xeyli miqdarda ziyan vurmuşdur. Odur ki, bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəilləri: İddiaçı apelyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi ümumilikdə 0,40 hektar olmuş məhkəmə onun 0,12 hektarını zəbtdən azad edilməsi barədə qətnamə qəbul etmiş, lakin 0,28 hektar torpaq sahəsi cavabdehin zəbtindən azad edilməmişdir. Həmin ərazidə ekspertlərin rəyləri əsassız olmuşdur, beləki Bideyiz bələdiyyəsinin ümumi xəritəsinə baxış keçirilmədən rəy verilmişdir. Cavabdehlər ona qarşı xx.xx.2019-cuil tarixli müraciətlərində şər-böhtan xarakterli ifadələr işlətmiş, onamənəvi ziyan vurulmuşdur. İş üzrə beş dəfə ekspert təyin edilmiş, lakin ekspert düzgün rəy verməmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq birinci instanisay məhkəməsinin qətnaməsinin dəyişdirilərək əlavə onun 0,28 hektar torpaq sahəsinin qaytarılmasını, maddi ziyanın hesablanması və mənəvi ziyan olaraq 500 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirdmişdir ki, birinci instansiya məhkəməsi Bideyiz kənd bələdiyyəsinin xəritəsi üzərinə hər hansı bir tədqiqat aparılmasını təmin etməmiş, ekspertlərin rəyləri əsassız olmuşdur. Ona görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə mübahisə barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X19 iddiaçının izahatını təsdiq etdiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X11 və X9 apelyasiya şikayətinin əsassız olduğunu bildirmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Musayeva (Məmmədova) Ceyran Valeh qızı, Musayeva (Mustafayeva) Gülbəniz Valeh qızı və X4 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, JN-0110 nömrəli (kod 40408028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Şəki rayonu X10 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Bideyiz kənd sakinləri İddiaçı, X7, Musayeva (Məmmədova) Ceyran Valeh qızı, X19 və Musayeva (Mustafayeva) Gülbəniz Valeh qızına 3.90 hektar torpaq sahəsi verilmişdir. Eyni zamanda, JN-0130 nömrəli (kod 40408028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Şəki rayonu X10 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Bideyiz kənd sakinləri X4, Cavabdeh, X8, X9 və Mustafayeva (Baqılova) Aysel Rafiq qızına 4.53 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018ci il tarixli, **********64 saylı mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş sənədlərdəki cizgilərlə faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri tam olaraq üst-üstə düşmür. İddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin en və uzunluq ölçüləri hüquqmüəyyənedici sənədlərdəki ölçülərdən fərqlidir. Təsərrüfatın DWG xəritəsinə əsasən Cavabdeh İddiaçı məxsus dövlət aktında 110G cizgisi ilə göstərilən 2.23 ha torpaq sahəsindən 0.12 ha hissəsini zəbt etmişdir. Tədqiqatın dəyəri 60 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 27207 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 12 saylı LTİ-nin mütəxəssis rəyinə əsasən torpaq sahələrinin sənədlərindəki cizgilərlə faktiki istifadə olunan torpaq sahələrinin cizgilərinin tam olaraq üst-üstə düşmədiyi, iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin ölçülərinin hüquqmüəyyənedici sənədlərdəki ölçülərdən fərqli olduğu və Cavabdeh tərəfindən İddiaçı məxsus JN:0110 nömrəli dövlət aktında 110G cizgisi ilə göstərilən 2.23 ha torpaq sahəsindən 0.12 ha hissəsinin tutularaq istifadə olunduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin mühəndisi X12 mütəxəssis rəyində isə iddiaçının cavabdehə qarşı iddia etdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti olmadığı və torpaq sahəsindən icazəsiz istifadə etmədiyi göstərilmişdir. Birinci instansiay məhkəməsinin müvafiq qərardadının üçüncü sualının ikinci hissəsində göstərilən məsələ ilə bağlı qeyd olunur ki, torpaq sahələrinin yerində tanıdılması Azərbaycan Respublikası Məsələiəri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyəti dairəsində olduğundan göstərilən məsələ son nəticədə, həmin qurumun mütəxəssisləri tərəfindən həll oluna bilər. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 20900 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş JN-0110 və JN-0130 nömrəli dövlət aktlarında olan 110G və 130G planşetlərinin cizgiləri ilə iddiaçı və cavabdeh tərəfindən göstərilən naturada ölçülmüş torpaq sahələrinin cizgiləri qismən üst-üstə düşür. -İddiaçı və cavabdeh tərəfin naturada istifadə etdiyi torpaq sahələri ilə Dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələri arasında ölçü və konfiqurasiya baxımından uyğunsuzluq olduğuna görə məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş ikinci sualın cavablandırılması mümkün olmamışdır. -İddiaçı və cavabdeh tərəfin mülkiyyətlərinə verilmiş dövlət aktlarında göstərilən torpaq sahələrinin naturada tanıdılması mümkündür, lakin aidiyyəti üzrə müraciət olunmalıdır. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********10 saylı arayışdan görünür ki, İddiaçı mülkiyyətində olub Cavabdeh tərəfindən istifadə edilən 0.12 ha torpaq sahəsinin sərhədləri 1 - nömrəli nöqtəsindən şərq istiqamətdə 98.1 metr gedib 2 nömrəli nöqtə, 2 – nöqtəsindən cənub istiqamətində 12.4 metr gedərək 3 nömrəli nöqtə, 3 – nömrəli nöqtədən qərb istiqamətində 8.5 metr gedərək 4 nömrəli nöqtə, 4 – nömrəli nöqtədən qərb istiqamətində 89.5 metr gedərək 5 nömrəli nöqtə və 5 – nömrəli nöqtədən 13.0 metr gedərək 6 (1) nömrəli nöqtə GPS aparatı vasitəsi ilə məhkəmə nümayəndələri, iddiaçı və cavabdehlərin iştirakı ilə naturaya köçürülmüşdür. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, hazırkı iş üzrə təyin edilmiş ekspert rəylərində əsasən iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin ölçülərinin hüquqmüəyyənedici sənədlərdəki ölçülərdən fərqli olduğunun müəyyən edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, **********64 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh İddiaçı məxsus dövlət aktında 110G cizgisi ilə göstərilən 2.23 ha torpaq sahəsindən 0.12 ha hissəsini zəbt etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********10 saylı arayışda İddiaçı mülkiyyətində olub Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən 0.12 ha torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə döngə nöqtələrinin naturada tərəflərə tanıdılması müəyyən edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus 0,12 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə gəlməsi ilə bağlı hüquqi mövqeyini işin faktiki hallarına uyğun hesab edilməlidir. Bununla belə iddiaçının apelyasiya şikayətində onun həmin ərazidə əlavə olaraq 0,28 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin halla bağlı təkrarən ekspert rəyləri alınmış və eyni zamanda torpaq sahələri üzrə müvafiq mütəxəssisə müraciət edilmiş, qeyd edilən rəylərin bir qismində ümumiyyətlə mülkiyyətçilərin torpaq sahələrinin ölçüsündə uyğunsuzluq olduğu müəyyən edilmişdir. İş üzrə verilmiş ilkin ekspert rəyində də qeyd edilən uyğunsuzluq olsa belə iddiaçının zəbt edilmiş torpaq sahəsinin ölçüsünün 0,12 hektar olması müəyyən edilmişdir. Bundan əlavə cavabdehlə qonşu olan ərazidə iddiaçıya məxsus torpaq sahəsinin 2,2369 hektar olduğundan, mütəxəssis tərəfindən rəyə əlavə olunmuş rəylərdə və cizgilərdə iddiaçıya məxsus ümumilikdə torpaq sahəsinin naturada yerində olduğunu, həmçinin zəbt edilmiş torpaq sahəsinin 0,12 hektar sahəsinin cavabdeh tərəfindən zəbt edilən hissəsinin düz xətt borunca olduğunu nəzərə alsaq mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyi daha mötəbər sübut olaraq qəbul edilməlidir. MPM-in 101.3-cü və 103.2-ci maddələrinin tələblərinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndiriməsi, həmçinin ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalı olması qeyd olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. İddia tələbinin maddi və mənəvi ziyan tələbi ilə bağlı hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşdüyündən, iddiaçı ona maddi ziyanın vurulduğunu sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunduğundan onun mülkiyyət hüquqları pozulmuş, bununla bağlı cavabdehlə dəfələrlə söhbətlər etmiş, müxtəlif orqanlara şikayət etmiş, get-gələ düşmüş, sarsıntı keçirmiş və mənəvi ziyan çəkmişdir. Ona görə də iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası da hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat mənəvi zərərin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli, həmçinin ağılabatandır. Qeyd edilən mənəvi ziyanın məbləğinin 500 manat olması ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsaslı deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar