Məhkəmə qərarları › İş №2(107)-324/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-324/2023

01.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-324/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh “ASPİ-LAND" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1523/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 01 fevral 2019-cu il tarixli 02 saylı Əmr ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə kimi işə qəbul edilmişdir. Həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. 16 avqust 2021-ci il tarixli 14 saylı Əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabının ödənilməsi; Cavabdeh MMC-nin İcraçı direktoru tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 19 fevral 2011-ci ildə aldığı əmək haqqı 556 manat olmuşdur. Keçən müddət ərzində əmək müqaviləsindən tarixdə əmək müqaviləsi əsasında İddiaçı (AA 2397619, fın. xxxxxxx) Cavabdeh MMC-də tam ştat “fəhlə” vəzifəsinə qəbul edilmişdir. Son olaraq irəli gələn, habelə əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini lazımınca icra etmişdir. Cavabdehin 16 fevral 2021-ci il tarixli, 14 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən birtərəfli qaydada xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Lakin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqq- hesabın hesablanıb ödənilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.4, 178-ci maddələri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192 maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməli və bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli idi. Bunları Cavabdeh heç birini etməmişdi, bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2 maddəsinin tələbləri pozulmuşdur. İddiaçı işdən çıxarılarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. Bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4 maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh maliyyə vəziyyətindən asılı olmayaraq İddiaçıya onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu idi, lakin Cavabdeh heç birini etməmişdi, bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178 maddəsinin tələbləri pozulmuşdur. İddiaçı 2011-ci ildən Cavabdeh MMC-də “fəhlə” vəzifəsində qəbul edilmişdir və əmək kitabçası bu tarixdən açılmışdır. Lakin 2013-cü ilə qədər İddiaçı ilə fərdi əmək müqavləsi bağlanmamışdır. Sübut olaraq aylar üzrə sosial arayış əlavə olunur (Qoşma 4). Bu arayışdan göründüyü kimi yalnız 2013-cü ildə aprel və mart aylarında ödənişlər olunmuşdu. Bundan başqa İddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir, nəticədə iş stajı düzgün hesablanmayıb, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbləri pozulmuşdur. Bu günə qədər dəfələrlə müraciətinə baxmayaraq İddiaçı əmək kitabçası ona təqdim edilməmişdir və bundan başqa əmək kitabçasını tələb etdikdə isə Cavabdeh MMC-nin İcraçı direktoru X5 tərəfindən təhqirə məruz qaldı. İşin hallarından görünür ki, Cavabdeh MMC İddiaçı “fəhlə” vəzifəsindən azad edərkən bir sıra qanun pozuntularına yol vermişdi. İddiaçı Cavabdehin qanun pozuntuları və qanuni tələblər etdikdə isə təhqir ucbatından mənəvi sarsıntı keçirmişdir. Cavabdehin yol verdiyi kobud qanun pozuntuları ilə əlaqədar əməllərinə hüquqi qiymət verilməlidir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin təqsiri üzündən keçirdiyi mənəvi iztirablara görə ona mənəvi ziyan vurulmuşdur və həmin mənəvi ziyan da cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq İddiaçının 2011-ci ildən əmək müqaviləsi olmadan (nəticədə iş stajı düzgün hesablanmayıb) işdən çıxma əmri və əmək kitabçası iddiaçıya təqdim etmədən son haqq-hesabı aparmadan iddiaçını işdən azad etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı uzun illərdir mövsümi olaraq ayrı-ayrı vaxtlarda MMC-də fəhlə kimi işləmişdir. Sonuncu dəfə 01 fevral 2019-cu il tarixdə İddiaçı bir aylıq müddətinə fəhlə kimi işə götürülmüşdür. Həmin tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti hər ay bir ay müddətinə uzadılmışdır. MMC-nin ofisi Qəbələ şəhərində yerləşir. İşçilər isə rayonun müxtəlif kəndlərindən gəlir. Başqa rayonlardan da gələn işçilər olur. İddiaçı isə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır və həmin kəndin ərazisində əkilmiş üzüm sahəsində işləmişdir. MMC-nin həmin kənddə yaşayan birqadiri vardır. 16 avqust 2021-ci il tarixdə İddiaçı ərizəsinə əsasən, o, işdən azad edilmişdir. İddiaçı işdən azad olunarkən MMC-nin hesabında pul olmadığı üçün ona son haqq-hesabın verilməsi mümkün olmamışdır. Lakin bir neçə gün sonra Cavabdeh MMC-də briqadir işləyən və Kürdmaşı kəndində yaşayan Ağarəhim Nəcəfov tərəfindən İddiaçı oğlu və həmçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 305 (üç yüz beş) manat məbləğində son haqq-hesab hesablanaraq ödənilmişdir. Bundan başqa, İddiaçı işlədiyi müddət ərzində məzuniyyətə buraxılmış və ona qanuni şəkildə məzuniyyət pulu ödənilmişdir. Həmçinin digər işçilər kimi İddiaçı bir neçə dəfə avans olaraq ödənişlər də edilmişdir. Qeyd olunan mübahisə ilə bağlı iddiaçı daha öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinə müraciət etmiş, bunun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 10 mart 2022-ci il tarixli MN ******* saylı tənbeh qərarı qəbul edilmişdir. Lakin İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X6 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X7 Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 01 fevral 2019-cu il tarixli 02 saylı Əmr ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə kimi işə qəbul edilmişdir. Həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. 16 avqust 2021-ci il tarixli 14 saylı Əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabının ödənilməsi, Cavabdeh MMC-nin İcraçı direktoru tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsini tələb edir.

7. İddiaçının şikayəti əsasında X6 barəsində inzibati xəta haqqında icraat qaydasında işə baxılaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 192.4-cü maddəsinə əsasən təqsirli bilinib, 700 manat miqdarında cərimə edilmişdir. Daha sonra, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən Ə.R.Şəfizadənin şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X6 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi Cavabdeh MMC-nin direktoru Əjdər Şəfizadədən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, İddiaçı işdən azad olunarkən cəmiyyətin hesabında pul vəsaiti olmamışdır. Həmçinin sonradan İddiaçı oğlu və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 İddiaçı son haqq-hesab edilməsi ilə bağlı hesablanmış 305 (üç yüz beş) manat əmək haqqı ödənilmişdir.

9. Tərəflərin əvvəllər son haqq-hesabının ödənilməsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllini tapmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

10. Eyni zamanda hazırkı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası verilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsi haqqında qətnamə çıxarılmasını iddia etsələr də, tələblərini əsaslandıra bilməmiş və iddialarının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir.

11. Həmçinin məhkəmə iddia tələbinə “mənəvi və maddi ziyanın ödənilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq iddiaçının xeyrinə ödənilməsini iddia etsə də iddia tələblərinin əsaslandığı hallara dair heç bir sübutu, yəni maddi və mənəvi zərərin nədə ifadə olunmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir.

13. Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1523/2022 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 44, 68, 83, 84, 87, 172 və 178-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 01 fevral 2019cu il tarixli 02 saylı Əmri ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə peşəsinə işə qəbul edilmişdir.

16. İşdə olan, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ünvanlanmış 16 iyul 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

17. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 16 avqust 2021ci il tarixli 14 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir.

18. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, məktubda göstərdiyi sənədlərin bir nüsğəsini və əmək kitabçasını müəssisənin ofisinə yaxınlaşıb təhvil-təslim aktına əsasən götürə bilər

19. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X6 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

20. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. İşdə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti İsmayıllı regional ərazi şöbəsi tərəfindən X4 müraciətinə cavab olaraq ünvanlanmış 04 mart 2022-ci il tarixli 221300/70933 saylı məktubunda bildirilir ki,” Cavabdeh MMC-dən X8 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinə xx.xx.2022 -ci il tarixdə **********8 saylı qeydiyyatla daxil olmuş 15 fevral 2022-ci il tarixli 73 nömrəli məktubdan, məktuba əlavə olunmuş sənədlərdən müəyyən edildi ki, ananız İddiaçı xx.xx.2019-cu il tarixdə 02 saylı əmrlə Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınmışdır. Ananız İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə 14 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən qanuna müvafiq xitam verilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Lakin ananız İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqq-hesabının hesablanıb ödənilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.4,178-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla əlaqədar Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli **********2 saylı məktub göndərilərək həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da Cavabdeh MMC-nin direktoru X2 və ya MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə müəssisədə olan bütün sübutların, izahatların və mülahizələrin təqdim olunması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin müəyyən edilən inzibati xətanı təkzib edən sübutu olmadığı üçün Cavabdeh MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə uyğun olaraq işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 25 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciətinizlə bağlı əlavə iddia və tələbləriniz olarsa müvafiq məhkəmə orqanlarına müraciət edə bilərsiniz.”

22. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işçinin adına əmək kitabçası 2011-ci ildə açılmasına baxmayaraq, əmək müqaviləsi bildirişi alt sistemində işçini Cavabdeh MMC-nin işçisi kimi 2013-cü il tarixindən qeyd ediblər. Halbuki iddiaçı məhz 2011-ci ildən 2021-ci ilin fevral ayına qədər Cavabdeh MMC-də tam ştat fəhlə vəzifəsində çalışmışdır.

24. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda, iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəmə bu halı cavabdehin bank hesabında pul vəsaiti olmaması ilə əlaqələndirsə də, bu barədə hər hansı araşdırma aparmamışdır.

25. İşəgötürən cavabdeh təşkilat maliyyə vəziyyətindən asılı olmayaraq iddiaçı olaraq ona gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməli olduğu halda, cavabdeh heç bir məsuliyyətə cəlb edilməmiş, bu barədə xüsusi qərardad qəbul edilməsi tələb edilsə də, vəsatətə münasibət bildirilməmişdir. Habelə, iddiaçı 2011-ci ildən Cavabdeh MMC-də “fəhlə” vəzifəsində qəbul edilmişdir və əmək kitabçası bu tarixdən açılmış, lakin 2013-cü ilə qədər İddiaçı ilə fərdi əmək müqavləsi bağlanmamışdır. Sübut olaraq aylar üzrə sosial arayış məhkəməyə təqdim edilsə də, heç bir nəticəsi olmamışdır.

26. İşdən çıxma barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona verilməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, əmək kitabçası və digər sənədlər təqdim edilməmiş, Cavabdeh MMC-nin İcraçı direktoru X5 tərəfindən təhqirə məruz qalmışdır.

27. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aylar üzrə sosial arayış da daxil olmaqla bir çox sübutları məhkəməyə təqdim etmiş, Cavabdeh MMC tərəfindən baş vermiş hüquq pozuntularını bütün dəqiqliyinə qədər ərizədə əks etdirmişdir. Buna baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gələrək əsaslı sübut və dəlillər təqdim etməməsinə baxmayaraq, məhkəmənin yekun qərarı qarşı tərəfin xeyrinə çıxarılmışdır. Halbuki cavabdehin nümayəndəsi məhkəmə prosesində qeyd etdiyi halları ətraflı sübut edən səbəbləri məhkəməyə təqdim etməmiş, heç məhkəmə də həmin sübutları cavabdehdən tələb etməyərək mülki prosessual hüququn əsasını təşkil edənsübutların hər bir tərəf tərəfindən əsaslandırılması prinsipinə zidd hərəkət nümayiş etdirmişdir. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədən qeyd etmişdir ki, Kürdmaşı kəndində yaşayan iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 305 (üç yüz beş) manat məbləğində son haqq-hesab hesablanaraq ona ödənilmişdir. Məhkəmə isə bununla bağlı sübut və ya son haqq hesabı alan, üzərində Nümayəndə1 imzası olan hər hansı bir sənədi, sübutu Cavabdeh MMC-nin nümayəndəsindən tələb etmədən qarşı tərəfin xeyrinə qərar qəbul etmişdir. Bu hal ciddi prosessual hüquq pozuntusu hesab olunmalıdır.

28. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" MMCyə məktub ünvanlamış, əmək kitabçasını və son haqq hesabla bağlı ödəməni tələb etmişdir. Məhkəmə prosesində cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixində 08 nömrəli məktubla cavab verilmiş və ona bildirilmişdir ki, təhviltəslim aktına əsasən tələb etdiyi sənədləri gəlib götürsün. Lakin məhkəmə cavabdehin nümayəndəsindən həmin 08 nömrəli məktubu tələb etməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təqdim edə bilməmişdir. Buna baxmayaraq, məhkəmə yekun qərarında cavabdehin haqlı olduğunu qeyd etmiş və yekun qərarında cavabdehin xeyrinə qətnamə qəbul etmişdir.

29. Cavabdehin nümayəndəsi məhkəmə prosesindəki çıxışında bildirmişdir ki, İddiaçı uzun müddət fəhlə kimi mövsümi işlərdə çalışmışdır. Bu hissədə cavabdehin nümayəndəsi qeyd etməmişdir ki, iddiaçının fəhlə kimi mövsümi işlərdə çalışdığı vaxt nə qədər olub. Halbuki, İddiaçı bir il ərzində hər ay, ən azı 9 ay olmaqla fəhlə vəzifəsində "xxxx" MMC-də çalışmışdır. Məhkəmə İddiaçı mövsümi işçi kimi çalışma müddətini nəzərə almalı idi. Ən azından iş müddəti ilə bağlı ididaçıya sual verməli və cavabdehdən isə nə üçün müqavilə olmadan işçini bu qədər uzun müddət çalışdırdığını soruşmalı idi.

30. Məhkəmə prosesində cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı işlədiyi müddət ərzində məzuniyyətə buraxılmış və ona qanuni şəkildə məzuniyyət pulu ödənilmişdir. İşçi məzuniyyətə çıxarkən bununla bağlı işçi işə götürənə ərizə ilə müraciət etməli və işəgötürən isə işçinin məzuniyyətə çıxmağı ilə bağlı məzuniyyət əmri verməli idi. Halbuki nə məhkəmə sübut kimi cavabdehin nümayəndəsindən həmin məzuniyyət əmrini tələb etmiş, nə də cavabdehin nümayəndəsi sübut qismində həmin əmri məhkəməyə təqdim etmişdir. Bu hal məhkəmə tərəfindən diqqətə alınmamış və qarşı tərəfin xeyrinə qətnamə qəbul edilməsinə təsir göstəmişdir.

31. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)- 1523/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh MMCtərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, iddiaçının əmək kitabçası və 2011-2021-ci il üzrə aylıq əmək haqqlarına uyğun məzuniyyət kompensasiyasının- 1349.67 (min üç yüz qırx doqquz manat altmış yeddi qəpiyin) Cavabdeh tərəfindən İddiaçı ödənilməsi; Cavabdeh MM-Cnin İcraçı direktoru tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə (ödənilməmiş əmək haqqlarına görə) 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh “ASPİ-LAND" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)- 1523/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin Konstitusiya Məhkəməsinin göstərilən Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)- 1523/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 23-27 və 29-30-cu bəndlərində qeyd olunmuş dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillərlə bağlı məsələlər İsmayıllı Rayon Məhkəməsində 3(037)-144/2022 saylı iş üzrə icraat zamanı və həmin iş üzrə məhkəmə qərarından verilmiş şikayət üzrə Şəki Apellyasiya Məhkəməsində 3(107)-118/2022 saylı apellyasiya icraatı zamanı ətraflı şəkildə araşdırılmış və İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarları qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək və məzuniyyət haqlarının hesablanaraq 299.18 manat müəyyən edilməsi, həmin pulun sonuncunun əmək fəaliyyətinə xitam verildiyi gün iddiaçıya verilməməsinin Cavabdeh MMC-nin direktoru Əjdər Şəfizadədən asılı olmayan səbəblərdən baş verməsi, həmçinin sonradan İddiaçı oğlu və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 İddiaçı son haqq-hesab edilməsi ilə bağlı 305 (üç yüz beş) manat pulun ödənilmiş olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 28-ci bəndində qeyd olunmuş dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh "xxxx" MMCnin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubu cavabdeh təşkilat tərəfindən birinc iinstansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmişdir və mülki işin 42-ci vərəqində yer alır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

44. Həmçinin, məhkəmə kolelgyiası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

45. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1523/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(025)-1523/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar