Məhkəmə qərarları › İş №2(107)-325/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-325/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-325/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X1 iştirakı ilə, İddiaçı(bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla müəyyən olunur ki, Şəki rayonu Baş Şabalıt kəndində yerləşən 0,62 ha torpaq sahəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X2, X7 və X3 ümumi birgə mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin əsasının və predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa ödənilən 2000 manat vəsaitin (inflyasiya dəyəri nəzərə alınmaqla), həmçinin 2070 manat torpağın yaxşılaşdırılmasına çəkilən xərclərin, 1000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə Şəki rayonu Baş Şabalıd kənd sakini Cavabdeh3 ailə üzvlərinin mülkiyyətində olan “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv.m torpaq sahəsini onun ailə üzvlərinin məsləhəti və razılığı ilə iki tərəfli razılaşma əsasında birdəfəlik olaraq gələcəkdə dəbbə halı nəzərə alınmaq şərti ilə birdəfəlik istifadə etmək üçün almışdır. Həmin vaxtdan 2022-ci ilədək torpaq sahəsini istifadə edərək həmin ərazidə abadlaşma, şum və əkin işləri aparılmış və cavabdehlər tərəfindən hər hansı etiraz olmamışdır. Lakin 2022-ci ildə cavabdehlər onun həmin torpaq sahəsinə girməyinə, orada hər hansı işlər görməyinə maneələr yaratmışdır. Torpağa ödənilən 2000 manat vəsaitin (inflyasiya dəyəri nəzərə alınmaqla), həmçinin 2070 manat torpağın yaxşılaşdırılmasına çəkilən xərclərin, 1000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)- 906/2023 nömrəli iş üzrə qəbul etdiyi 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Vəliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəki rayonu Baş Göynük bələdiyyəsinə Cavabdeh3 tərəfindən ailəsinin mülkiyyətinə torpaq islahatı zamanı verilən “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv.m torpaq sahəsini X6 3 illik istifadə etməsi üçün vermişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan 17 mart 2017-ci il tarixli Cavabdeh3 və X8 tərəfindən Şəki rayonu Baş Göynük bələdiyyəsinə ünvanlanmış ərizələrə baxarkən görünür ki, həmin ərizələr eyni gündə eyni xətlə yazılmaqla bərabər X8 tərəfindən yazılmış ərizə əvvəlki tarixlə yəni 01 yanvar 2017-ci il tarixdə bələdiyyə sədri tərəfindən qeydiyyata alınmışdır. Belə olan halda həmin sübutların mötəbərliyi şübhə doğurmaqla sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclə bağlı üç ildən artıq bir müddətdə həmin torpaq sahəsindən istifadə etməklə bəhər götürmüşdür. Həmin istifadə üçün təbii ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görülməsi zəruridir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Bundan başqa İddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat pul tələb etsə də məhkəmə iddia tələbini bu hissədə də, əsaslı hesab etmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın həmin hissədə də təmin edilməsi üçün hər hansı əsas yoxdur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 157.5, 157.6, 158.4, 719.2, 720.3.4, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı xx.xx.2017-ci ildə Şəki rayonu Baş Şabalıd kənd sakini Cavabdeh3 ailə üzvlərinin mülkiyyətində olan “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv.m torpaq sahəsini onun ailə üzvlərinin məsləhəti və razılığı ilə iki tərəfli razılaşma əsasında birdəfəlik olaraq gələcəkdə dəbbə halı nəzərə alınmamaq şərti ilə almışdır. Həmin vaxtdan 2022-ci ilədək torpaq sahəsini istifadə edərək həmin ərazidə abadlaşma, şum və əkin işləri aparılmış və cavabdehlər tərəfindən hər hansı etiraz olmamışdır. Lakin 2022-ci ildə cavabdehlər iddiaçının həmin torpaq sahəsinə girməyinə, orada hər hansı işlər görməyinə maneələr yaratmışdır. Aralarında dəfələrlə bu barədə danışıqlar aparılsa da heç bir faydası olmamış, torpağın onların olması bildirilmiş və iddiaçıya satmadıqlarını bildirmişlər. Aralarında olan alğı-satqı tərəflərin səlahiyyətli dövlət qurumlarına(notariat, bələdiyyə, icra nümayəndəliyi və s) ünvanladığı ərizələrdə, izahatlarda da iddiaçının qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Həmin tarixdən etibarən iddiaçı aldığı torpaq sahəsindən istifadə etmiş və cavadehlərin torpaqla bağlı hər hansı etirazları və tələbləri olmamışdı. Məhkəmə cavabdehlərin məhkəmə iclasında verdiyi izahatı mötəbər qəbul etmiş, lakin onların 5 il əvvəl yazdıqları ərizələri və həmin müddət ərzində torpaqla bağlı hansısa quruma şikayət etməmələrini nəzərə almamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında izahat verərkən bildirmişlər ki, Bələdiyyədə işləyən İslam müəllimlə razılaşaraq onlara məxsus “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv.m torpaq sahəsini üç illik 500 manat müqabilində icarəyə vermişlər. Həmin vaxt onlar və oğulları pulu aldıqdan sonra boş vərəqəyə qol çəkmişlər. Üç illik müddət bitdikdən sonra torpaqlarını özləri istifadə etməyə başlamışlar. Lakin onların ərizələrində satılan torpağın 3 il və yaxud hansısa müddətə verilməsi görünmür. Cavabdehlərin etirazlarının əsası kimi istinad etdiyi hallar sübut baxımından mötəbər olmasa da məhkəmə həmin halları məqbul hesab etmiş, lakin iddiaçının təqdim etdiyi sübutları və işin faktiki hallarını nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatlarında bildirmişlər ki, onlar iddiaçını tanımırlar. 2017-ci ildə bələdiyyə sədri onlara bildirmişdir ki, torpaq sahələrini icarəyə verə bilərlər və onlara boş kağıza qol çəkdirmişlər. Onlar bələdiyyə sədri ilə razılaşmışlar ki, torpaq sahələrini 3 illik icarəyə verəcəklər. Bunun müqabilində onlar 500 manat pul almışlar. Beş ildir iddiaçı torpaq sahələrini istifadə edir və bəhər götürür. Hazırda torpaq sahələri öz istifadələrindədir. Torpaq sahəsi əkin üçün abad və yararlı olub. İddiaçı həmin sahədə heç bir abadlıq işləri aparmayıb. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5, X2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatına uyğun izahat vermişlər. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X9 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, birinci instansiyası məhkəməsnin hazırki iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 71.2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1091. Öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la, habelə Şəki rayonu Baş Göynük bələdiyyəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizələrlə müəyyən edilir ki, ünvan 2ində yerləşən 0,62 ha torpaq sahəsi (ərizələrdə 6199 kv.m kimi göstərilmişdir) birgə mülkiyyətçiləri olan, hazırki iş üzrə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən iddiaçının faktiki istifadəsinə (icarəsinə) verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 139.1-ci maddəsinin mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu maddi hüquq normalarının mənasından göründüyü kimi, daşınmaz əmlak üzərində bütün hüquqlar, o cümlədən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Qeyd edilən qeydiyyatın aparılması üçün isə alğı-satqı müqaviləsinin notarial formasına riayət edilməsi tələb olunur. Hazırki iş üzrə tərəflər arasında torpaq sahəsinə dair bağlanmış etibarlı alğı-satqı müqaviləsi yoxdur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, iddiaçı ilk dəfə verdiyi iddia ərizəsində həmin torpaq sahəsini satın aldığı üçün bu barədə müqavilənin bağlanmış hesab edilməsini tələb etsə də, sonradan tələblərini yazılı formada dəyişərək, torpağa çəkilən yaxşılaşdırmaların əvəzini və s. ödənilməsini tələb etmiş və bununla da, torpaq sahəsinin onun istifadəsinə (icarəsinə) verilməsi halı ilə razılaşdığını nümayiş etdirmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, torpaq sahəsinə dair tərəflər arasında faktiki icarə münasibətlərinin olması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Hazırda iddiaçı torpaq sahəsinə görə cavabdehlərə 2000 manat, torpağın yaxşılaşdırılmasına görə 2070 manat ödənildiyi iddia edir və torpaq sahəsi onun istifadəsindən alındığı üçün həmin vəsaitin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı tərəfindən cavabdehlərə pul vəsaitinin ödənilməsi tərəflər arasında mübahisə doğurmur. Onlar arasında mübahisə doğuran hal, həmin pulun məbləği və təyinatı ilə bağlıdır. Belə ki, iddiaçı torpağın onun mülkiyyətinə keçməsi üçün cavabdehlərə 2000 manat pul verdiyini, cavabdehlər isə iddiaçıdan 3 illik icarə haqqı olaraq 500 manat aldıqlarını bildirirlər. Məhkəmə ilkin olaraq pulun məbləği ilə bağlı onu qeyd edir ki, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanlardan göründüyü kimi, torpaq sahəsinə görə cavabdehlərə verilən pul vəsaitinin məhz 2000 manat məbləğində olduğunu bildirən iddiaçı bu halı sübut etməli və bu zaman Məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçının bununla bağlı bildirdikləri onun izahatından başqa hər hansı digər mötəbər sübutla təsdiq olunmur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən cavabdehlərə verilən pulun təyinatı ilə bağlı isə Məhkəmə bildirir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, 2017-ci ildən torpaq sahəsinə dair iş üzrə tərəflər arasında alğı-satqı münasibətləri deyil, faktiki icarə münasibətləri yaranmışdır. Belə olan halda, qəbul edilməlidir ki, iddiaçının cavabdehlərə ödədiyi pul vəsaiti onun torpaqdan istifadəyə görə ödədiyi icarə haqqıdır və torpaq sahəsi 2017-2022-ci illər ərzində iddiaçının faktiki istifadəsində olduğundan, iddiaçı həmin torpaqdan istifadə edərək bəhər götürdüyündən həmin vəsait iddiaçıya qaytarılmamalıdır. Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də iddiaçının iddiasının və apellyasiya şikayətinin dəlilləri əsassız, Rayon Məhkəməsinin işü zər gəldiyi nəticə isə əsasladır. Məhkəmə hesab edir ki, idiaçının torpaq sahəsində apardığı abadlıq-bərpa işlərinə (yaxşılaşdırmalar) görə cəçkdiyi xərcin əvəzinin tutulması barədə tələbi də əsassızdır. Belə ki, tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və xx.xx.2021-ci il tarixli aktda göstərilənlərdən məlum olur ki, iddiaçı 2017-ci ildə 0,62 hektar torpaq sahəsini icarəyə götürdükdən sonra oradan 2022-ci ilədək taxıl əkini üçün istifadə etmiş, cavabdehlər həmin müddətdə iddiaçıya bu fəaliyyətində hər hansı maneçilik törətməmişlər. Məhkəmə bildiririr ki, taxılçılıqda yüksək məhsuldarlığın əldə edilməsi üçün əkiləcək torpağın təmizlənməsi, şumlanması, gübrələnməsi və sair aqrotexniki tədbirlərin aparılması tələb olunur. İddiaçı da məhz torpaq sahəsinə sahiblik etdiyi dövrdə əkdiyi taxıldan daha yüksək məhsul əldə etmək məqsədilə həmin ərazidə bu kimi yaxşılaşdırmaları aparmış, daha sonra isə həmin yaxşılaşdırmaların bəhərini götürmüşdür. Bu baxımdan Məhkəmə hesab edir ki, abadlıq-bərpa işlərinə görə 2070 manatın tututması barədə iddiaçının tələbinin əsassız olması barədə nəticəyə gələn Rayon Məhkəməsi haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır. İddia tələbinin qalan hissəsi cavabdehlər tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Məhkəmə bildirir ki, iddiaçı, cavabdehlər tərəfindən ona mənəvi zərərin dəyməsini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın müzakirə edilən bu hissəsini də təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar