Məhkəmə qərarları › İş №2(107)-328/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-328/2020

21.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-328/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-1172/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-1172/2019 saylı qətnаməsi ilə (hakim Tural Həsənov) ərizə təmin edilmiş, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri, xx xxxxxx 1943-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonu Yuxarı Tala ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin FİN nömrəsi-45X5X46, şəxiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 04743151) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan 152277,46 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix xx xxxxxx 1943-cü il, doğulduğu yer-Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-45X5X46, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 04743151) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 152277,46 manat məbləğində (o cümlədən, vergilər üzrə 112030,37 manat, faizlər üzrə 40147,09 manat, maliyyə sanksiyası üzrə 100 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********354500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Vergi Məcəlləsinin 23.1.15-3cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Ona görə də borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində Maraqlı şəxs, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1172/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1172/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş vergi borcunun ödənilməsinin tələb edilməsinə dair xx xxx 2019-cu il tarixli, **********354500 nömrəli bildirişdən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 570402,54 manat məbləğində (o cümlədən vergilər üzrə 523199,99 manat, faizlər üzrə 47202,55 manat, maliyyə sanksiyası üzrə 0 manat) vergi borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş və vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 136717,26 manat məbləğində (o cümlədən vergilər üzrə 112030,37 manat, faizlər üzrə 24686,89 manat, maliyyə sanksiyası üzrə 0 manat) vergi borcu vardır və həmin borcun 10 (on) gün müddətində ödənilməsi tələb edilmiş, əks tədqirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, onun dövlət büdcəsinə xx xxxxxx 2019-cu il tarixinə hesablanmış 1006159,65 manat məbləğində vergi borcu vardır, həmin borcdan 39306,78 manat vergi borcu ödənilmiş, 857257,52 manat azaldılmışdır, vergi ödəyicisinin eyni zamanda faizlər üzrə 36113,99 manat vergi borcu vardır. İş materiallarına əlavə edilmiş “Hüquqi şəxs haqqında məlumat cədvəli”-ndən görünür ki, vergi ödəyicinin tam adı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti; əsas fəaliyyət növü: digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi; hüquqi ünvanı: AZ1052, ünvan 2 rəhbərin adı: Maraqlı şəxsdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “xxxx”MMC (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmışdır. Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün MMC-nin dövlət büdcəsinə 152277,46 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğinin ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinin tələbinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi öhdəliyinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə, məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatlarıın “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və ya müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişmək səlahiyyətinə malikdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs barəsində buna səbəb olan əsaslar aradan qalxdıqdan sonra “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatların aktiv statusu dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibatədə qeyd edir ki, şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1172/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1172/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar