Məhkəmə qərarları › İş №2(107)-330/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-330/2022

07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-330/2022 07.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma, qaçqınlar və məcburi köçkünlər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1842/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 1 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzilin cavabdehlərin müvəqqəti istifadələrinə verilməsinə dair 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və onların övladları olan Cavabdeh3 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 1 nömrəli binada 41 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1842/2021 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddianın təmin edilməsi, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik yaşayış kompleksinin 1 nömrəli binasının 41 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 02.03.2011-ci il tarixli, 41 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında, Yevlax rayonu 1 №li yaşayış binasında yerləşən 41 saylı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmışdır və Cavabdeh2 Fariz qızı, Cavabdeh3, Cavabdeh4 kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin vəzifələrindən biri kimi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qeyd edilmişdir. 615 mənzilli hündürmərtəbəli yaşayış kompleksinin mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, 29.06.2021-ci il tarixli və 29.07.2021-ci il tarixli aktlardan görünür ki, bina 1 mənzil 41 ünvanda yaşayan Cavabdeh1, dövlət tərəfindən onun yaşaması üçün verilən mənzili özbaşına başqasına kirayəyə vermişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzil boşaldılmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlər məcburi köçkündürlər və 2011-ci ildə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən binada mənzillə təmin edilmişlər. Son bir ildir ailə vəziyyəti ilə əlaqədar cavabdehlər mənzillərində yaşamırlar və həmin mənzili başqa şəxsin istifadəsinə verərək, müqavilə üzrə üzərlərinə düşən vəzifələrini icra etməyiblər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik yaşayış kompleksinin 1 nömrəli binasının 41 nömrəli mənzilindən çıxarılmalıdırlar. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü və 3.7-ci bəndləri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82 və 100.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, barələrində iddia qaldırmış müəsissənin məqsədi onları evdən çıxarıb hansısa şərtlər daxilində kimlərəsə evlərini satmaqdır. Çünki onlar 4 ailə üzvü həmin evdə yaşayırlar. Ağdam Rayon Məcburi Köçkünləridir. 10 ildir ki, həmin evdə yaşayırlar. Uşaqları 32 saylı Məcburi Köçkünlər üçün nəzərdə tutulan məktəbdə təhsil alıblar. Yəni biri həmin məktəbi bir ildir bitirib, digəri isə 11 sinifdə oxuyur. Onlar pandemiya dövrü həyat yoldaşı kovid olandan sonra uzun müddət müalicəyə ehtiyacı olmuşdur. Çətin bir vaxtda o, iş axtarmaq zərurətində qalmışdır. Bu səbəbdən də Bakıya gedərək tikinti obyektlərinin birində fəhlə işləmişdir. Həmin ərəfədə yoldaşının yəni hazırki cavabdehin Cavabdeh2 koviddən sonrakı vəziyyətdə səhhətinin pisləşməsi səbəbindən uşaqlarını ata-ana evinə qoyaraq yoldaşını da Bakıda müalicə etdirmişdir. Onun müalicə prosesləri müddətli keçdiyindən müvəqqəti olaraq kirayə ev tutub həm işləmiş həm də yoldaşını müalicə və müayinə etdirmişdir. O, evində heç bir kirayəşin saxlamamışdır. Onun hərbiçi dostuna iki otaqlı mənzilini müvəqqəti isifadəsinə verməsi ilə bağlı fikirlər tam yanlışdır. Evinin nəzarəti daimi özündə olub. Heç bir şəxsi o, kirayəyə yerləşdirməmişdir. Evi həmişə nəzarətdə olub uşaqları valideynləri ilə qaldığından bu müddət ərzində həftədə 3-4 günə ərzində işığa, qaza və suya baxmaq üçün atası ilə yaşadığı evə gəlmiş və dərslərini orada oxumuşlar. Bundan sonrakı mərhələdə uşaqların həmin məktəbdə təhsil aldıqlarından həmin evə gələrək dərslərini orada aparmış, axşam isə ata anasının yanına aparılmışlar. Evi daim yaşayış vəziyyətində olub. Onların orada yaşamaqları uşaqlarının yaşamasını kommunal xərclərin ödənişləri də təsdiq edir. Onlar valideyn olaraq həmişə Bakı şəhərində olmamışlar. O və yoldaşım son bir il üçün ayda ən azı hər həftənin bazar günü evlərinə gəlmişlər, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmişlər. Məhkəmə onların fikirlərini dediklərini tam və təfsilatı ilə qeyd etməyib. Əvəzində niyyət onların evdən çıxarılmağına yönəlib. Yevlax Rayon Məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 100.1-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəlləyə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. İşdən göründüyü kimi onlar iddiaçı ilə razılaşmamışlar. İddiaçılar onların istəkəri ziddinə gedərək 4 nəfər ailə üzvünün yaşayış evindən mərhum ediblər. Həmin mənzili onlara dövlət verib. Məqsəd yaşayışı təmin etməkdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər. Dövlətin əsas məqsədi məcburi köçkünlərin yaşayış vəziyyətini yaxşılaşdırmaqdır. Onların başqa bir yaşayış yerləri olmadığı bir halda onları evdən çıxarmaq 4 ailə üzvünü xüsusi mülahizələrlə yaşayış yerindən mərhum etmək yol verilməzdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. İşdən göründüyü kimi onların mənzildə yaşamamaqlarını müəyyən edən heç bir dəlil və sübut mövcud deyildir. Şəxs yəni iddiaçı şəxsi mülahizələrinə əsaslanaraq mübahisə açıb. Məhkəmə isə onun istinad etdiyi halların hansı sübutları ilə təsdiq etdiyini müəyyənləşdirməyib. Mülahizələr zəmnində qərar qəbul edib, həqiqətə nail olmaq olarmı? Məhkəmə qətnaməsinə diqqət yetirilsə iddiaçının mülahizələrindən başqa heç bir əsaslandırılmış sübutları mövcud deyildir. Bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamasıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər: Məhkəmə tərəfindən iddianın iddia ərizəsində qeyd edilən nuansların sübut edilməsi yükünün iddiaçının üzərində olması səbəbindən işdə bu sübutları ortaya qoyacaq nə hər hansı bir dəlil nə də iddiaçının əsaslana biləcəyi hər hansı bir mənbə sübut deyildir. İddiaçı onun mənzildə yaşamadığını yəni son bir ildə yaşamadığını qeyd edir. Onun kommunal sayğacları var, ödəmə qəbzləri mövcuddur. Uşaqları yaşadığı mənzilin yanında olan məktəbə gedirdilər. Bu barədə məktəbin müvafiq arayışları mövcuddur. Onun adından işıq və su ödənişlərinin pulları ödənilib. Onlar orada yaşamasalar bunlar necə ödənilə bilərdi. Onun bir il ərzində işləməyi üçün Bakıya müddətli getməyi sonra yoldaşını aparmağı, Həmçinin Bakıda yoldaşının tibbi müayinə və müalicəsi zamanı müəyyən zaman çərçivəsində yanında olsun deyə müayinələrdən keçirməyi həftə içi evinə uşaqlarının yanına, gəlməyi, uşaqları ilə birlikdə evində qalmağını kim təksib edə bilər. Bütün bunlar onun sübutlarıdır. İddiaçı hansı əsaslandırdığı mövqeyi ilə onun dediklərini təksib edə bilər. Ona görə də iş üçün əhəmiyyətli olan hallar iddiaçı tərəfindən sübut edilməmişdir. Qeyd edilənlri nəzərə alaraq onlar, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli 2(039)- 1842/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən X8 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1842/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1842/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 43-cü maddənin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddənin İ hissə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarı: 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı, 16 noyabr 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı, 16 noyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlər məcburi köçkündürlər və 2011-ci ildə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən binada mənzillə təmin edilmişlər. 02.03.2011-ci il tarixli, 41 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında, Yevlax rayonu 1 №li yaşayış binasında yerləşən 41 saylı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmışdır və Cavabdeh2 Fariz qızı, Cavabdeh3, Cavabdeh4 kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin vəzifələrindən biri kimi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində iddia edir ki, cavabdehlərin həmin mənzildə yaşamırlar və mənzil kənar şəxsə kirayə verilmişdir. Ona görə də o, məhkəməyə müraciət edərək, Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 1 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzilin cavabdehlərin müvəqqəti istifadələrinə verilməsinə dair 02 mart 2011-ci il tarixli, 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Cavabdehlər tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı,16 noyabr 2021-ci il tаrixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı, 16 noyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən verilmiş 1237 saylı 06.12.2021 tarixli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Yevlax şəhər Yeni qəsəbə 1/41 ünvanında məcburi köçkün kimi qeydiyyatdadırlar. İş materiallarında olan qaz, su, telefon pulunun ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, həmin ödənişlər cavabdehlıər tərəfindən Yevlax Qaçqın şəhərciyində olan mənzilə görə ödənilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli ultrasəs müayinəsindən, məsləhət vərəqəsindən görünür ki, Cavabdeh2 28.06.2021-ci il tarixdə qarının aşağı nahiyyəsində olan ağrılardan xəstəxanaya müraciət etmiş, o, xəstəxana şəraitində müalicədən imtina etmiş və ona müalicə təyin edilmişdir. Həmçinin iş materiallarında olan Ağdam rayon 23 saylı Köçkün tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehlərin övladlıarı Cavabdeh4 2021-2022-ci tədris ilində həmin məktəbdə oxuyur və Cavabdeh3 isə 2019-2020-ci tədris ilində həmin məktəbi bitirmişdir. Kollegiya qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlillər əsaslıdır. Belə ki, onların məhkəmə kollegiyasına təqdim etdiyi yuxarıda qeyd edilmiş sənədlər onu sübut edir ki, cavabdehlər həqiqətən də 41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsində daimi yaşayırlar. Onların müvəqqəti olaraq Bakı şəhərinə müayinə üçün getmələri mənzil hüququnun itirilməsinə əsas ola bilməz. Bundan başqa müəyyən edilir ki, cavabdehlərin uşaqları Cavabdeh4 2021-2022-ci tədris ilində Ağdam rayon 23 saylı Köçkün tam orta məktəbində oxuyur və Cavabdeh3 isə 2019-2020-ci tədris ilində həmin məktəbi bitirmişdir. Yəni cavabdehlərin uşaqlarının Ağdam rayon 23 saylı Köçkün tam orta məktəbində təhsil almaları onu deməyə əsas veriri ki, cavabdehlər mənzili daimi olaraq tərk etməmişlər. Digər tərəfdən cavabdehlərin yaşayış evindən məhrum edilməsi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müddəalarına ziddir. Dövlət Proqramı”nın məqsədi Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı, 16 noyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1842/2021 saylı, 16 noyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar