Məhkəmə qərarları › İş №2(107)-331/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-331/2022

22.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-331/2022 22.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququ, suyektiv hüquq ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1 vəkili və nümayəndəsi X4 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən zəbt olunmasına son qoyulmaqla cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 9 Saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə onun adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin mülkiyyətində olan torpaq sahəsi Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən özününkü hesab edilərək, özbaşına zəbt edilmişdir. O, zəbt edilmiş ərazinin onun mülkiyyətində olmasını Cavabdeh1 bildirsə də, ancaq sonuncu həmin ərazinin özünün mülkiyyətində olmasını bildirmişdir. Mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazinin onun xüsusi mülkiyyətində olması təsdiq edilərək 21 dekabr 2018-ci il tarixli akt tərtib olunmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi davam etdiyi üçün ərizə ilə İsmayıllı rayon Prokurorluğuna müraciət etmişdir. İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı əməldə cinayət tərkibi olmadığı üçün ona mülki iş kimi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Cavabdeh1 heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özünün mülkiyyətində olduğunu iddia edərək ona həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir. Cavabdeh1 mülkiyyətindən olan torpaq sahəsindən çıxmadığından məcbur qalaraq məhkəməyə müraciət etmişdir. O, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsi ilə (hakim R.Şirinov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarları ilə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən JN-252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.26 hektar və JN-252F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 0.24 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bundan əlavə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.24 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli, 6 otaqlı, 152 kv.metr yaşayış, 155.4 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli müraciəti əsasında həmin əraziyə baxış keçirilmiş, kamiral işlər zamanı DWJ baza məlumatları naturadakı mövcud vəziyyətə gətirilərək əldə edilmiş faktiki koordinatları GPS aparatına yığıb AZPOS şəbəkəsinə qoşularaq naturada 0.20 hektar torpaq sahəsinin yeri və sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş, **********01 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən 0.20 hektar torpaq sahəsi naturada bir başqa vətəndaşın istifadəsində olduğu,hər tərəfdən sərhəd daxilində olduğu, JN-252F və JN253F nömrəli şəhadətnamələr faktiki göstərilən torpaq sahəsindən şimal tərəfdə yerləşdiyi, göstərilən 0.20 hektar torpaq sahəsi ilə üst-üstə düşmə faktının aşkar edilmədiyi müəyyən olunmuş və aparılmış araşdırmanın nəticəsi olaraq 21 dekabr 2018-ci il tarixli Akt tərtib olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin izahatlarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin özünün mülkiyyətində olan torpaq sahəsindən 100 metr aralıda yerləşdiyini iddia edərək zəbt etməsi və iddiaçının zəbt edilmiş torpaq sahəsindən istifadə etməsinə icazə verməməsi, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi təmin edilməli və Cavabdeh1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1-152.4, 157.2, 165.1, 239.2-ci maddələri, Azərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, X9 Komissiyasının 11 fevral 1998 –ci il tarixli 68 nömrəli qərarı ilə İsmayıllı rayon Qalacıq kəndində yerləşən JN -252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 026 hektar və JN 252F KOD 40711018 nomrəli şəhadətnaməyə əsasən 0,24 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan əlavə DƏDRX –nın 9 saylı Ərazi idarəsi tərəfindən İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş, 6 otaqlı, 152 kv, metr yaşayış, 155,4 kv,metr yaşayış, 155,4 kv, metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX –nin 9 saylı idarəsi tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestirində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007 –ci il tarixdli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayiş evinin texniki pasportu verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu Qalacıq kəndi ərazisində iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidədir. Mübahisəli torpaq sahəsi 1998 –ci ildən ona məxsusdur. İddiaçıya məxsus torpaq sahəsi ona məxsus torpaq sahəsindən 100 metr məsafədə yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin əmakdaşları gəlib ərazidə ölçmə işləri aparıblar və mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini müəyyən ediblər. Ona məxsus torpaq sahəsi 72 sotdur. O mülkiyyətində olan torpaq sahəsini qeydiyyatına aldırmış və DDƏRXnın 9 saylı Ərazi idarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinə fərdi yaşayış evinə dair çıxarış və texniki pasport almışdır. İddiaçının mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsində yerləşmir. O iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə aktını bütövlükdə mübahisələndirərək, hesab edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarılmışdır. Yuxarda qeyd etdiyi kimi torpaq sahəsi ona İsmayıllı rayon İslahat Komissiyasının qərarı ilə ayrılmışdır. Qeyd etdiyi kimi iddiaçının torpaq sahəsi onun torpaq sahəsindən 100 metr məsafədə yerləşir DDƏRX –nin 9 saylı idarəsi tərəfindən yerində torpaq sahəsinə baxış keçirilmiş lazimi ölçü işləri aparılmış və ona həm torpaq sahəsinə, həmdə yaşayış evinə görə dövlət reyesterindən çıxarış verilmişdir. Məhkəmə tərəfindən torpaq sahəsi ilə əlaqədar ekspertiza keçirilmədən, qanunla müəyyən edilmiş qaydada araşdırmalar aparılmadan barəsində əsassız qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən o İsmayıllı Rayon Məhkəməsinin İsmayıllı rayon məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(037)- 3/2021 saylı qətnaməsinin ləgv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin nümayəndələri məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-ci maddələrinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyinin həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda,gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Şikayətin dəlilləri əsaslıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 9 Saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən, 0.20 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədində şərti işarələrlə qeyd edilən sərhədlər daxilində daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********01 reyestr nömrəsi ilə onun adına qeydə alınaraq 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 X9 Komissiyasının 11 fevral 1998 – ci il tarixli 68 nömrəli qərarı ilə İsmayıllı rayon Qalacıq kəndində yerləşən JN -252B KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən 026 hektar və JN 252F KOD 40711018 nomrəli şəhadətnaməyə əsasən 0,24 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan əlavə DƏDRX –nın 9 saylı Ərazi idarəsi tərəfindən İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş, 6 otaqlı, 152 kv, metr yaşayış, 155,4 kv,metr yaşayış, 155,4 kv, metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə DƏDRX –nin 9 saylı idarəsi tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestirində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydə alınaraq 12 aprel 2007 –ci il tarixdli MH seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayiş evinin texniki pasportu verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonu Qalacıq kəndi ərazisində iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidədir. Eyni zamanda müəyyən edilmişdir ki, sənəd üzrə iddiaçıya məxsus torpaq sahəsini cavabdeh zəbt etməmişdir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilməsinə dair qərardad qəbul edilmiş, rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan ekspert rəyindən məlum olur ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, mütəxəssis rəyinə əsasən İddiaçı adına verilmiş RX ******* saylı çxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilərək yerquruluşu planında göstərilmişdir. İddiaçı adına verilmiş RX ******* saylı çxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsindən faktiki istifadə olmadığı üçün naturada ölçülərini müəyyən etmək mümkün deyildir. 0.26 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair tərtib edilmiş mütəxəssis rəyinə əsasən oğlunun mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN- 252 B nömrəli şəhadətnamə haqqında mərkəzin elektron (DVJ) bazasında məlumat olmadığı üçün torpaq sahəsi, koordinatlarının müəyyənləşdirmək mümkün olmamışdır. X2 adına tərtib edilmiş JN-253 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.25 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sənəd üzrə koordinatlar müəyyən edildikdən sonra Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahələrinin sənəddə göstərilmiş koordinatları daxilində torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. RX ******* saylı çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin 0.1947 ha hissəsi Cavabdeh1 istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyi ilə müəyyən edilir ki, İddiaçı adına verilmiş RX ******* saylı çxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsindən faktiki istifadə olmadığı üçün naturada ölçülərini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi yox, başqa torpaq sahəsidir. Yəni İddiaçı istifadə etdiyi topaq sahəsi sənəd üzrə özünə məxsus olan torpaq sahəsi deyildir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyi müəyyən olmuşdur ki, İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İddiaçı Cavabdeh1 faktiki istifadəsinə olan torpaq sahəsi üzrə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. İddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(037)-3/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin Qalacıq kənd sakini Cavabdeh1 tərəfindən zəbt olunmasına son qoyulmaqla cavabdehin həmin ərazidən çıxarılması barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz) manat İddiaçı tutularaq Dövlət büdcəsinə- AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar