Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-334/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1070/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarından ibarət olan əmlakın onun mülkiyyətində olan Yevlax şəhəri, Dəmiryolu binası 17, mənzil 5-də yerləşən evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1070/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(039)-1070/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(039)- 1070/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1070/2020 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh məxsus və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən yataq dəsti (taxt, tumbalar, şifoner və termo), Yataq otağı üçün pərdə, 1 ədəd balaca gəbə, 3 ədəd ayaqaltı, 1 ədəd sandıq, 2 ədəd güldan, termonun stolu, 1 ədəd taxt döşəyi, 1 ədəd yorğan, 1 ədəd pakrıval, 2 ədəd yastıq, 4 ədəd lüstur, 2 ədəd tək döşək, 1 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd döşəkçə üstünün pakrıvalı, 1 ədəd tozsovran, pərdə, 1 ədəd güldan içində 5 ədəd gül, 1 ədəd kamot üstünün qabları, 4 ədəd meyvə qabı, 2 ədəd giləmeyvə qabı, 2 ədəd güldan, 1 ədəd ikimərtəbə, 1 ədəd ləpə qabı, güzgü və bakalları, 1 ədəd tumba üstü nakidka, 1 ədəd karobkada pakrıval, ütü, gəbə, duxovka, multivarka, ütü stolu, paltarsərilən, 2 ədəd plastmas süzgənc, 4 ədəd plastmas ləyən, 1 ədəd tuj, 2 ədəd dəmir ləyən, 2 ədəd giləmeyvə qabı, 12 ədəd boşqab dəsti, 1 ədəd salfetka qabı, 4 ədəd bulud, 4 ədəd kasa, 5 ədəd qaraş kruşka, 2 ədəd su stəkanı tək, paltaryuyan, paltar səbəti, polsilən, süpürgə, uqlavoy divan, uqlavoy balaca masa, 1 ədəd stol, 3 gözlü ləpə qabı, süfrə, 6 ədəd oturacaq, suvenir, 1 ədəd yekə gəbə, 1 ədəd balaca gəbə, televizor, televizor altı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 1 ədəd servant, 1 ədəd bar, 3 ədəd kamotun dəsti, 5 ədəd bakal dəsti, 2 ədəd yekə meyvə qabı, 2 ədəd balaca meyvə qabı, 6 ədəd dəstlik servis, 3 gözlü qətdan, dividi, zal üçün pərdə, 3 ədəd karniz, saat, 1 ədəd güldan, mətbəxt mebeli, soyuduci, mikrodalğa, qaz, aspirator, su filtiri, mətbəxt üçün karniz və pərdə, 1 ədəd bıçaq dəsti, qazan dəsti, 2 ədəd qazanaltı, 3 taxta, 3 ədəd yekə ədviyyat qabı, 4 ədəd balaca ədviyyat qabı, 2 ədəd giləmeyvə qabı, tuj qazan dəsti (3 ədədli), 2 ədəd çaşka dəsti, 1 ədəd çaynik, soğandoğruyan, çaydan, tefal, mikser, ət maşını, 1 ədəd tək tuj qazan, 1 dəst tuj qazan dolmabükən, 6 ədəd nəlbəki, 6 ədəd stakan, 3 ədəd ayaqlı rumka, 3 ədəd bakal, 2 ədəd yekə çaşka, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd giləmeyvə qabı, 2 ədəd limon qabı, 1 ədəd ləpə qabı qabı adlı əşyaların çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu İlqar Mahmudov cavabdehlə xx xxxxxx 2018-ci ildə faktiki ailə qurmaqla evlənmişlər. Nikahlarını xx xxxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onlar bir ilə yaxın birlikdə yaşasalar da ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh oğlu ilə ailə qurarkən özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmişdir. Lakin oğlu ilə ayrılıb gedərkən öz əmlaklarını aparmamışdır. Cavabdehin cehiz əşyalarının onun evində qalmasını istəmir. Evi darısqal olduğuna görə əşyalar çox yer tutur. Cavabdeh onun evindən cehiz əşyalarını könüllü olaraq çıxarmır. Hazırda cavabdeh Rusiya Federasiyasına getmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, Yevlax şəhəri Dəmiryolu binası 17 ,mənzil 7-də yerləşən yaşayış sahəsini, hazırkı iddiaçı onlar ailə həyatı qurarkən onlar üçün almışdır. Və həmin evin satış pulunun əsas hissəsini onun atası ödəyib. Evin əsaslı təmirini onun valideynləri həyata keçirib. Mənzil alındıqdan və onun valideynləri həmin mənzili tam təmir etdirdikdən sonra, o, hələ subay vaxtı, ailə həyatı qurmamış həmin evə köçüb orada yaşamış və həmin evdən də gəlin köçmüşdür. Yevlax şəhəri Dəmiryolu binası 17, mənzil 7-də yerləşən yaşayış sahəsində onun haqqı, əməyi və maddi vəsaiti vardır. O, həmin mənzildən qeyd - şərtsiz çıxarıla bilməz. Üstəlik iddia ərizəsində onun cehizi kimi siyahıya alınmış əşyaların sayı azaldılıb və iddiaçı, o cümlədən onun ailəsi cehizlərini mənimsəyiblər. İddiaçı oğlu İlqar Mahmudov onun həyat yoldaşı olmuşdur. Guya ki, dövlət məmuru olan İlqar Mahmudov hələ o, hamilə ikən ondan xəbərsiz, eyni zamanda gözlənilən övladının varlığını da gizlədərək ondan boşanma tələbinə dair iddia açmışdır. Məhkəmə işi 3 ay müddətinə təxirə salmışdır. Həmin 3 ay müddətində onlar artıq barışmış, övladları dünyaya gəlmiş və İlqar Mahmudov övladını qucağına almışdır. Lakin barışıq üçün verilən 3 ayın tamamında İlqar Mahmudov yenə də məhkəməni aldatmış və artıq həyatda olan övladını məhkəmədən gizlətmişdir. Hazırda o, tələbədir. X1 Universitetində təhsil alır və stajor həkim işləyir. Övladı Azərbaycandadır. İlqar Mahmudov etibarnamə vermir ki, o, övladını yanına aparsın. İddiaçı özü və ailəsi azyaşlı övladı ilə maraqlanmırlar. Heç bir maddi yardım etmirlər. Üstəlik Azərbaycanda onu yeganə yaşayış yerindəm məhrum edərək əşyalarını çölə tökmək istəyirlər. Göstərdiklərini nəzərə alaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1070/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-145/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, X3 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. xx xxxx 2020ci il tarixli ********** saylı çıxarışdan məlum olur ki, ünvan 1 İddiaçı məxsusdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri də, qeyd olunan yaşayış evindən ona məxsus əşyaların çıxarılması zamanı hüquqlarının pozulmasıdır. İkinci, cavabdeh özünün də həmin evdə hüququnun olmasını bildirsə də, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Üçüncü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehə məxsus olan əşyalar qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə mülkiyyət hüququna malik olmaqla cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1070/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-334/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-334/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver