Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-34/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, ekspertiza məsələləri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(039)-817/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Duzdaq kəndində yerləşən mülkiyyətində olan 0,3593 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Duzdaq kəndində yerləşən 0,36 hektar torpaq sahəsi JN-0082 KOD 90109038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən kənd təsərrüfatlı məhsullarının istehsalı üçün Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə onun xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 23 yanvar 2020-ci il tarixli çıxarış verilmişdir. Onun Rusiya Federasiyasında yaşamağından istifadə edərək cavabadehlər 10 ildən çoxdur ki, mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt edib istifadə ediblər. Dəfələrlə cavabadehlərə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək zəbt etdikləri torpaq sahəsini tərk etməmişlər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(039)-817/2020 saylı qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yevlax rayonu Duzdaq kəndində yerləşən 3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Mustafayev Azadi Şahid oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 123 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 sentyabr 2020-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən və koordinatlar daxilində yerləşən 0,36 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, iddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməli, ekspertiza tədqiqatını dəyəri 73,20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə hüquqi qiymət verərərkən yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 sentyabr 2020-ci il tarixli rəyini əsas götürmüşdür. O, tam məsuliyyəti ilə bildirir ki, həmin rəy ədalətsiz və əsassız bir rəydir. Açıq-aşkar qanunun deyil, cavabdehlərin mənafeyi güdülmüşdür, cavabdehlərin sifarişi ilə yazılmış bir rəydir. O, xəstə və imkansız şəxsdir. Açıq ürək əməliyyatı olunmuşdur. İmkanları və tanışı yoxdur ki, öz mənafeyini müdafiə etdirsin. Hansı ki, elektron məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinin məxsusluğu qeyd edilmişdir və həmin torpaq sahəsi respublika torpaq islahatı keçirilən zaman əvəzsiz olaraq onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri heç bir halda cavabdehlərin istifadələrində və ya mülkiyyətlərində ola bilməz. Əslində, mütəxəssis rəyi olmasa belə, o, plan ölçü sənədinə və yerində müayinə olarsa, tam sübut edə bilər ki, cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax idarəsinə o, dəfələrlə müraciət edərək torpaq sahəsinin planı ölçü sənədi əsasında ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə maraqlanmışdır. Yerində tədqiqat işləri aparılmış və həmin idarə mütəxəssisləri ilə bir daha dəqiqləşdirmişdir ki, cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, tam əmin olduqdan sonra məhkəmə mübahisəsi açmışdır. Bəs hansı səbəbdən, hazırda o haqsız, cavabdehlər isə haqlı oldular. Hazırda o, Məhkəmə Kollegiyasından xahiş edir ki, yenidən ekspertiza keçirilsin və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. Ona bəllidir ki, Ekspertiza Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilir. O, yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr Ünvan Reyestri Xidmətinin əməkdaşları hazırkı iş üzrə mütəxəssis rəyi verilərkən ədalətlilik və bitərəflilik prinsiplərinə əməl edilməmişdir. Ona görə də o, məhkəmə kollegiyasından xahiş edir ki, yenidən ədalətli, qanuni, əsaslı rəy verilməsi üçün işə marağı olmayan ( əvvəlki mütəxəssis rəyi nəzərə alınmamaq şərti ilə) mütəxəssislərin işə cəlb edilməsi təmin edilsin və mübahisəli əraziyə yerində baxış keçirilsin. Qeyd edilənlərə əsasən o, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin 2(039)-817/2020 saylı, 07.10. 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tаrixli, 2(039)-817/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(039)-817/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2(039)-817/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yevlax rayonu Duzdaq kəndində yerləşən 3593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Mustafayev Azadi Şahid oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 123 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 sentyabr 2020-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən və koordinatlar daxilində yerləşən 0,36 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilməmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, mülki işin obyektiv araşdırılması üçün ekspertiza təyin olmalı idi, lakin birinci instansiya məhkəmə yalnız mütəxəssis rəyi ilə kifayətlənmişdir. Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr Ünvan Reyestri Xidmətinin əməkdaşları hazırkı iş üzrə mütəxəssis rəyi verilərkən ədalətlilik və bitərəflilik prinsiplərinə əməl edilməmişdir. Bununla da ədalətli araşdırma təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə qismən razılaşsa da, qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilmiş, rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə həvalə edilmişdir. 07 sentyabr 2020-ci il tarixli **********76 saylı mütəxəsis rəyindən məlum olur ki, İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən və koordinatlar daxilində yerləşən 0,36 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Həmçinin işin obyektiv araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 10.03.2022-ci il tarixli 10/1116 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Mingəçevir Layihə- Tədqiqat İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının və cavabdehlərin iştirakı ilə Yevlax rayonu Duzdağ kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən cavabdehlərin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilmişdir. Həmin koordinatlar Yevlax rayonu Nemətabad kəndi 8 saylı pambıqçılıq istehsal koorperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirilib, iddiaçı X1 “Torpağa mülkiyyət hüququna dair” JN-0082 nömrəli Dövlət Aktı ilə mülkiyyətində olan 0.38 ha torpaq sahəsinin koordinatları ilə tutuşdurulmuşdur. İddiaçıya məxsus 0.36 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 deyil onların qonşuluğunda olan vətəndaşların istifadə etdiyi müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, iddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2(039)-817/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(039)-817/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-34/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-34/2022
21.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver