Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-34/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması -sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Mustafayeva (Səlimova) Günay Valeh qızı, Mustafayeva (Ağayeva) Aytən Valeh qızı, Cavabdeh9, İsmayıllı rayon Sulut bələdiyyəsi və DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı ona məxsus 20 sot torpaq sahəsi üzərində olan bütün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(037)-82/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 20 sot torpaq sahəsi üzərində bütün maneələrin aradan qaldırılması, cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 adına olan JN-103 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh3 məxsus JN-104 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh4 adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, Cavabdeh5, X4, X6, X7 və Cavabdeh9 məxsus JN-106 kod ********* “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının ona məxsus hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonu Kələzeyvə kəndində anadan olmuş və həmin kəndə böyümüşdür. Həmin kəndin ərazisində yerləşən “Moskva” sovxozunda işləmiş, sovxozun 29 dekabr 1990-cı il tarixli, 339 saylı əmri ilə ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə kəndin “Tayalıq” adlanan hissəsindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahə az olduğundan müraciətinə əsasən “Moskva” sovxozunun bazasında yaradılmış “Sulut” sovxozunun 26 may 1994-cü il tarixli əmri ilə həyətyanı torpaq sahəsinin yeri dəyişdirilərək “Dəllək bağı” adlanan ərazidən ölçülərək verilmiş, bu barədə 27 may 1994-cü il tarixli akt tərtib edilmiş, həmin aktda da torpaq sahəsinin çizgiləri çəkilmişdir.Sonradan 1995-ci ildə müraciətinə əsasən “Sulut” sovxozunun 15 noyabr 1995-ci il tarixli əmri ilə həyətyanı torpaq sahəsinin yanında 0,08 ha istifadəsiz ərazi onun istifadəsinə verilmişdir. 20 noyabr 1995-ci il tarixli aktla ölçülmüş, sərhədləri müəyyən edilərək ona təhkim edilmiş və həmin vaxtdan istifadə edir. Uzun müddət onun istifadəsində və sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququ pozulur. Onun istifadəsində olan torpaq sahəsinə cavabdehlərə mülkiyyət hüququ haqqında akt verilmiş, lakin həmin torpaq sahəsi cavabdehlərə yerində təqdim edilməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 31 mart 2022-ci il tarixli, 2(037)- 82/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı, “Sulut” sovxozunun 26 may 1994-cü il tarixli 65 nömrəli əmri ilə “Dəllək bağı” adlanan Kələzeyvə kəndinə bitişik sahədən 0,12 ha, 15 noyabr 1995-ci il tarixli 42 nömrəli digər əmri ilə isə həmin torpaq sahəsinin yanında istifadəsiz qalmış 0,08 ha həyətyanı torpaq sahəsi onun daimi istifadəsinə verildiyini və ölçülüb mərz nişanları qoyularaq ona təhkim edildiyini, həmin 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilmiş olduğu halda, islahat zamanı həmin torpaq sahəsinin bir hissəsinin vətəndaşların pay torpaq sahəsinə, bir hissəsinin bələdiyyənin ehtiyat fonduna, bir hissəsinin isə kəndaltı torpaq sahəsinə daxil edilməsi qanunsuz olduğunu bildirir, Cavabdeh3 isə iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,12 hahissəsinə dair onun mülkiyyət hüququnun olduğunu, digər 0,08 ha torpaq sahəsi ilə isə aidiyyətinin olmadığını bildirir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər İsmayıllı rayon Sulut Bələdiyyəsinə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə, AR ƏMDK yanında DƏDRXnin Qəbələ Ərazi İdarəsinə, üçüncü şəxslər (hazırki tələb üzrə cavabdehlər) X8 və qeyrilərinə qarşı JN-103 kod 40722018, JN-104 kod 40722018, JN-105 kod 40722018 və JN-106 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət hüququna dar” Dövlət Aktlarının ləğv edilməsi, İddiaçı adına qanuni istifadəsində olan 0,20 ha torpaq sahəsinə, X5 adına 0,81 ha pay torpaq sahəsinə, Cavabdeh3 adına 0,33 ha pay torpaq sahəsinə, Cavabdeh4 adına 0,29 ha pay torpaq sahəsinə, Cavabdeh5 adına 1,31 ha pay torpaq sahəsinə dair yeni torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə tapşırılması barədə iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 iyun 2013-cü il tarixli,2-2(107)-36/2013 saylı qərarı ilə üçüncü şəxslər X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli qərarı JN-103 kod 40722018 nömrəli, JN-104 kod ******* nömrəli, JN-105 kod 40722018 nömrəli, JN-106 kod 40722018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Dövlət Aktlarının qismən ləğv edilməsi, İddiaçı qanuni istifadəsində olan İsmayıllı rayonu, Kələzeyvə kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qərar çıxarılaraq göstərilən tələblər təmin edilməmiş, qətnamənin nəticə hissəsində “iddia tələbi qismən təmin edilsin” cümləsi dəyişdirilərək “iddia tələbi təmin edilməsin” cümləsi ilə əvəz edilmişdir. Göründüyü kimi iddiaçının hazırki tələblə iddia etdiyi 0,20 ha torpaq sahəsinin bir hissəsi, yəni 0,12 ha hissəsi hazırki iş üzrə cavabdeh olan Cavabdeh3, digər 0,08 ha hissəsi isə Sulut Bələdiyyəsinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının onun sahibliyində olan 0,20 ha torpaq sahəsinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış və qeydiyyata alınmamış, iddiaçı 19941995-ci illərdə “Moskva” sovxozunun və Sulut kənd fermer təsərrüfatının qərarları əsasında ona verilmiş torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının fəaliyyəti dövründə və ondan sonrakı dövrlərdə qanunamüvafiq qaydada müraciətlər edərək adına hüquqmüəyyənedici sənəd almamışdır. Eyni zamanda cavabdehlərin sahibliyi qanunsuz deyildir. Belə olan halda iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 152.1, 152.2, 152.3-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 84, 146, 146.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88, 119.1 və 218.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin tam obyektiv araşdırılması təmin edilməmişdir. Belə ki, məhkəmə iş üzrə dəvət etmiş cavabdehlərdən Bələdiyyə və dövlət reystr xidmətinin DƏDRX-nin 9 saylı ərazi idarəsinin nümayəndələrinin iştirakı olmadan baxmış iş üzrə ekspertiza təyin edib cavab almadan qətnamə qəbul etmişdir. Məhkəmə araşdırmasının əsas hissəsi olaraq onun torpaq sahəsinin harada yerləşməsi üzrə ekspertizanı təyin etməməsi bilavasitə işin obyektiv araşdırılmasının qarşısını almışdır. Ekspertizanın təyin edilməməsi iş üzrə əsas cavabdehlərin digər cavabdehlərlə əvəz edilməsi imkanından onu məhrum etmişdir. Məhkəmə tərəfindən istinad ediln hallar cavabdehlərin mənafeyinə xidmət məqsədi güdmüşdür. Yəni cavabdehlərin əlində olan çıxarışı əsasə götürərək işin tam, hərtərəfli, obyektiv araşdırmasından uzaq omuşdur. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2 (037)-82/2022 saylı qətnaməsi ləğv edilməklə 20 sot torpaq sahəsi üzərində olan bütün maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsi barədə yeni qətnamə çıxarasınız. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin maddəyə əsasən: 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. 3.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(037)-82/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti əsassızdır. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. İşdən görünür ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçıya məxsus 20 sot torpaq sahəsi üzərində bütün maneələrin aradan qaldırılması, cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 adına olan JN-103 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh3 məxsus JN-104 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh4 adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, Cavabdeh5, X4, X6, X7 və Cavabdeh9 məxsus JN-106 kod ********* “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının ona məxsus hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələblə iddia etdiyi 0,20 ha torpaq sahəsinin bir hissəsi, yəni 0,12 ha hissəsi hazırki iş üzrə cavabdeh olan Cavabdeh3, digər 0,08 ha hissəsi isə Sulut Bələdiyyəsinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının onun sahibliyində olan 0,20 ha torpaq sahəsinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış və qeydiyyata alınmamış, iddiaçı 1994-1995-ci illərdə “Moskva” sovxozunun və Sulut kənd fermer təsərrüfatının qərarları əsasında ona verilmiş torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının fəaliyyəti dövründə və ondan sonrakı dövrlərdə qanunamüvafiq qaydada müraciətlər edərək adına hüquqmüəyyənedici sənəd almamışdır. Eyni zamanda cavabdehlərin sahibliyi qanunsuz deyildir. Belə olan halda iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki iş üzrə verilmiş ekspert rəyini, o cümlədən digər sənədləri mötəbər sübut kimi qəbul edir. Əvvəla ona görə ki, ekspert rəyi bu xarekterli mübahisələrin həllində mötəbər sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) Cavabdeh4 adına JN105 seriyalı Dövlət aktında göstərilmiş torpaq sahəsi Dövlət aktına əlavə edilmiş 105S plan cizgisinin koordinatlarının hüdudları daxilindədir; 2) İddiaçı verilmiş arxiv arayışında qeyd edilən 0.20 ha torpaq sahəsinə dair məkan göstəricilərini əks etdirən texniki sənəd (yerquruluşu layihəsindən çıxarış, plan-ölçü) təqdim edilməmişdir. Bu səbəbdən arxiv arayışında qeyd edilən 0.20 ha torpaq sahəsinin koordinatlarının müəyyən etmək mümkün deyildir; 3) iddiaçının faktiki naturada istifadəsində olan torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir; 4) İddiaçı verilmiş arxiv arayışında qeyd edilən 0.20 ha torpaq sahəsinə dair məkan göstəricilərini əks etdirən texniki sənəd (yerquruluşu layihəsindən çıxarış, plan-ölçü) təqdim edilməmişdir. Bu səbəbdən arxiv arayışında qeyd edilən 0.20 ha torpaq sahəsinin koordinatlarını və ölçüsünü müəyyən etmək mümkün deyildir: 5) İddiaçı Mahiz qızının nümayəndəsi (atası) tərəfindən göstərilən iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsinin 0.0532 ha hissəsi JN-105 saylı Dövlət aktının JN-105 S cizgisində göstərilən 0.14 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiyanın qənaətinə görə verilmiş ekspert rəyi daha dolğun, əsaslı və obyektiv olduğundan həmin rəy əsas götürülməlidir. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatı zamanı ekspert rəyi ilə paralel olaraq, bir çox aidiyyəti orqanlara sorğular göndərilmiş və verilmiş cavablar ekspert rəyi ilə birgə əlaqəli şəkildə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində və təqdim olunmuş digər rəsmi sənədlərdə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmışdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(037)-82/2022 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdiriləmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(037)-82/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı alınaraq büdcə təsnifatının kodu-210005, büdcə səviyyəsinin kodu-14595, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-34/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-34/2023
26.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver