Məhkəmə qərarları › İş №2(107)-348/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-348/2020

28.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-348/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X11; İddiaçı - İddiaçı1; Cavabdeh - Cavabdeh iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-727/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tаrixli, 2(037)-727/2019 saylı qətnaməsi (hаkim Rəfayel Şirinov) ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh, İsmayıllı rayon Topçu bələdiyyəsi, X19, İsmayıllı rayon notariat kontoru, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və Qəbələ rayon regional “Asan xidmət” mərkəzinə qarşı İsmayıllı rayon notariat kontorunda xx xxxxxxx 2014-cü ildə 0.10 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İsmayıllı rayon Topçu bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış və Qəbələ rayon regional “Asan xidmət” mərkəzində xx xxxx 2019-cu ildə 113 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə X19 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrdən yaranan sonrakı hüquqi nəticələrin, o cümlədən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, miras həyətyanı torpaq sahəsində aparılan qanunsuz tikintinin dayandırılması, sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair hissələrdə iddia tələbinin təmin edilməməsi qət edilmişdir İşin halları: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-177F KOD 40727048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayon Buynuz kəndində yerləşən, mərhum X6 və X2 adına birgə mülkiyyət hüququ üzrə qeydə alınan sənəd üzrə 0.23 hektar və ulu babalarından nəsildən-nəsilə keçməklə onların faktiki istifadələrində olmuş 0.23 hektar həyətyanı torpaq sahəsində yeni inşa edilməkdə olan tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İsmayıllı rayon notariat kontoru, İddiaçı1 və İddiaçı2 Murad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Buynuz kəndində yerləşən ata-anasından miras qalmış yaşayış evi, 0.23 hektar həyətyanı və 0.60 hektar pay torpaq sahəsindən ibarət olan miras əmlakının onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi və miras əmlakı üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 Cavabdeh, İsmayıllı rayon Topçu bələdiyyəsi, X19, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və Qəbələ rayon Regional “Asan Xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın vəsiyyət üzrə vərəsə kimi İddiaçı2 və qanun üzrə vərəsə kimi İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, İsmayıllı rayon notariat kontorunda xx xxxxxxx 2014cü ildə 0.1 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İsmayıllı rayon Topçu bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış və Qəbələ rayon Regional “Asan Xidmət” mərkəzində xx xxxx 2019-cu il tarixdə 113 kv.metr həyətyanı torpaq sahəsinin alqısatqısına dair Cavabdeh ilə X19 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrdən yaranan sonrakı hüquqi nəticələrin, o cümlədən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2015-ci il tarixdə Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2 (037)–727/2019 saylı qərardadı ilə Cavabdeh İsmayıllı rayon notariat kontoru, İddiaçı1 və İddiaçı2 qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair 2(037)-777/2019 nömrəli, İddiaçı1 və İddiaçı2 Cavabdeh, İsmayıllı rayon Topçu bələdiyyəsi, X19, İsmayıllı rayon notariat kontoru, DƏDRXnin 9 saylı Ərazi İdarəsi və Qəbələ rayon regional “Asan xidmət” mərkəzinə qarşı mirasın vəsiyyət və qanun üzrə vərəsə kimi onların tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, İsmayıllı rayon notariat kontorunda xx xxxxxxx 2014-cü ildə 0.1 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısına dair İsmayıllı rayon Topçu bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış, Qəbələ rayon regional “Asan xidmət” mərkəzində xx xxxx 2019-cu ildə 113 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə X19 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrdən yaranan sonrakı hüquqi nəticələrin, o cümlədən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi tələbinə dair 2(037)-802/2019 nömrəli, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras həyətyanı torpaq sahəsində aparılan qanunsuz tikintinin dayandırılması, sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə 2(037)-727/2019 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və mülki işə 2 (037)-727/2019 nömrəsi verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)–727/2019 saylı qərardadı ilə iddia tələbi İddiaçı1 və İddiaçı2 Cavabdeh, İsmayıllı rayon Topçu bələdiyyəsi, X19, İsmayıllı rayon notariat kontoru, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və Qəbələ rayon regional “Asan xidmət” mərkəzinə qarşı mirasın vəsiyyət və qanun üzrə vərəsə kimi onların tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair və Cavabdeh İsmayıllı rayon notariat kontoru, İddiaçı1 və İddiaçı2 qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınmasına dair hissələrdə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 öz iddia tələbini müdafiə edərək, Cavabdeh iddia tələbini isə qəbul etməyərək bildirmişdir ki, 1956-cı ildə İsmayıllı rayon Buynuz kəndində doğulmuşdur. Ailədə iki bacı və üç qardaş olmuşlar. Ondan başqa digər bacı və qardaşları doğulduqları kənddə yaşayırlar. Təhsili və işi ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüş və müəyyən vaxtlarda ailəsi ilə birlikdə doğulduğu kəndə gəlmişdir. Valideyinləri ilə əlaqəni kəsməmiş və daim onlara köməklik etmişdir. Övladlar içərisində maddi imkanı digərlərindən yaxşı olduğundan valideyinlərinin vəfatınadək onların qayğısına qalmış, maddi və mənəvi tələbatlarını maksimum dərəcədə ödəmişdir. Eyni zamanda ondan başqa digər övladlar da valideyinlərinə mənəvi dəstək olmuşlar. X15 2001-ci ildə, X20 2011-ci ildə vəfat etmişdir. Anasının dəfn xərclərini bütünlüklə, atasının hüzr xərclərinin isə əsas hissəsini çəkmişdir. Atası sağlığında 2008-ci ilin avqustun 29-da İsmayıllı rayon İHB-nın Topçu İƏD üzrə nümayəndəliyində iki nəfər hal şahidinin iştirakı ilə təsdiq olunmuş, reyestrdə 36 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə JN-177F KOD 40727048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X15ya ilə birgə mülkiyyətlərində olan, faktiki 0.44 hektar olan həyətyanı torpaqsahəsinin sənəd üzrə 0.23 hektar olan hissəsini, birgə mülkiyyətdə olan 0.60 hektar əkin torpaq sahəsini və fərdi yaşayış evini oğlu İddiaçı2 vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında mirasın rəsmi qəbulu barədə İsmayıllı rayon notariat kontoruna müraciət etmişdir. İsmayıllı rayon notariat kontorunda bu barədə müvafiq qeydiyyat aparılmış və oğlu İddiaçı2 mirası rəsmən qəbul etmişdir. Valideyinlərinin qanuni və faktiki mülkiyyətlərində olan ümumi həyətyanı torpaq sahəsinin əsas kəndarası yol tərəfindəki və digər tərəfindəki hissəsini öz vəsaiti hesabına çay daşı ilə hasara almışdır. Mirasın qorunub saxlanmasına öz töhfəsini vermişdir. Lakin son bir neçə ildə Cavabdeh onu miras əmlakdan uzaqlaşdırmaq məqsədi ilə qəsdən münasibətləri pozmuş və müvəqqəti kəndə gəlməməyindən istifadə edərək valideyinlərindən miras qalan torpaq sahəsinin bir hissəsini tanımadığı başqa bir şəxsə satmış və həmin hissədə özbaşına tikinti işləri aparılmışdır. Bu barədə etirazlarını bildirdikdə cavabdehlər tələblərinə rədd cavabı vermişlər. Ona görə də baş vermiş qanunsuzluqların qarşısını almaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, JN-177F KOD 40727048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayon Buynuz kəndində yerləşən, mərhum X6 və X2 adına birgə mülkiyyət hüququ üzrə qeydə alınan sənəd üzrə 0.23 hektar və ulu babalarından nəsildənnəsilə keçməklə onların faktiki istifadələrində olmuş 0.23 hektar həyətyanı torpaq sahəsində yeni inşa edilməkdə olan tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir və öz iddia tələbinin təmin edilməsi, Cavabdeh iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh öz iddia tələbini müdafiə edərək, İddiaçı1 və İddiaçı2 iddia tələbini isə qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 qardaşı, İddiaçı2 isə qardaşı oğludur. X20 2011-ci ildə, X15 isə 2001-ci ildə vəfat ediblər. Doğulduğu vaxtdan valideyinləri ilə birlikdə mübahisəli həyətdə yaşamış, valideyinləri xəstə olanda onların qayğısına qalmış, vəfat etdikdən sonra onları el adəti ilə dəfn etdirmiş, baş daşlarını qoymuş və hüzlərini vermişdir. Valideyinlərinin vəfatından sonra mübahisəli həyətə nəzarət edərək orada yaşamış və pay torpaq sahəsini əkib becərərək valideyinlərindən miras qalan əmlakı faktiki olaraq qəbul etmişdir. İddiaçı1 isə Bakı şəhərində yaşamış, arada qonaq kimi mübahisəli həyətə gəlmiş və valideyinləri vəfat edəndə onların hüzründə qonaq kimi gəlib iştirak etmişdir. İddiaçı1 cavan yaşlarından Bakı şəhərinə köçmüş, orada təhsil almış və işləyərək yaşamışdır. İddiaçı2 də Bakı şəhərində doğulmuş və orada təhsil alaraq valideyinləri ilə birlikdə yaşamışdır. Valideyinlərindən miras qalan əmlaka dair İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Bundan əlavə atası X12 rayon Buynuz kəndi ərazisindən torpaq sahəsi alaraq İddiaçı1 vermişdir. İddiaçı1 həmin torpaq sahəsinin bir hissəsini satmışdır. 2014-cü ildə miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon notariat kontoruna müraciət etmiş və notariat kontoru tərəfindən vərəsə kimi tanınmışdır. Maddi imkansızlığı ilə əlaqədar olaraq həmin vaxt prosessi başa çatdıra bilməmişdir. İddiaçı1 və İddiaçı2 sökülməsini tələb etdiyi tikintiyə münasibət bildirərək qeyd edir ki, mübahisəli tikili valideyinlərindən miras qalan 0.23 hektar torpaq sahəsində deyil, 2014-cü ildə Topçu bələdiyyəsindən satın aldığı 0.1 hektar torpaq sahəsinin başqa şəxsə satdığı 0.05 hektar hissəsində həmin yeri satın alan şəxs tərəfindən aparılmışdır. Mübahisəli tikintinin və həmin tikintinin yerləşdiyi torpaq sahəsinin miras əmlaka heç bir aidiyyatı yoxdur. O, öz iddia tələbinin təmin edilməsi, İddiaçı1 və İddiaçı2 iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh nümayəndəsi X7 izahat verərək Cavabdeh iddia tələbinin təmin edilməsini, İddiaçı1 və İddiaçı2 iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsinin nümayəndəsi X17 izahat verərək göstərmişdir ki, Topçu bələdiyyəsinin sədri işləyir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə torpağı olmuşdur. 2014cü ildə Cavabdeh bələdiyyə mülkiyyətində olan 0.1 hektar torpaq sahəsinin rüsumunu ödəməklə bələdiyyədən satın almışdır. Həmin torpaq sahəsinin 0.05 hektarını alqı-satqı yolu ilə Qəşəm Nəcəfova satmış və sonuncu həmin torpaq sahəsinə dair çıxarış sənədi alaraq orada özü üçün ev tikmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə İddiaçı2, cavabdehlər X13, İsmayıllı rayon notariat kontorunun, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin və Qəbələ rayon Regional “Asan Xidmət” mərkəzinin nümayəndələrinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: İddiaia ərizəsinin dəlilləri ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə onların təqdim etdiyi sübutlara qiymət verməmiş, birtərəfli qətnamə qəbul etmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-727/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-727/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tаrixli, 2(037)-727/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər proses iştirakçıları heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-727/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1999-cu il tarixli JN 1xx xxx 40727048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X10 xx xxxxx 1998-ci il tarixli 47 saylı qərarı ilə İsmayıllı rayon Buynuz kəndi ərazisində yerləşən 0.60 hektar pay torpaq sahəsi X6 və X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2004-cü il tarixli JN 177F KOD 40727048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 1998-ci il tarixli 47 saylı qərarı ilə İsmayıllı rayon Buynuz kəndi ərazisində yerləşən 0.23 hektar həyətyanı torpaq sahəsi X6 və X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Topçu İƏD üzrə nümayəndəliyi və Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxx 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayonu, Buynuz kəndi ərazisində yerləşən 0.23 hektar həyətyanı torpaq sahəsini və 0.60 hektar pay torpaq sahəsini və bütün yaşayış evini İsmayıllı rayon Buynuz kəndində yaşayan nəvəsi Mustafayev Emin Ömər oğluna vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Topçu İƏD üzrə nümayəndəliyi və Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayonu, Buynuz kəndi ərazisində yerləşən 0.23 hektar həyətyanı torpaq sahəsini və 0.60 hektar pay torpaq sahəsini və bütün yaşayış evini Bakı şəhərində yaşayan nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2001-ci il tarixli 113771 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2011-ci il tarixli 458488 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxx 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2014-cü il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İsmayıllı rayon Topçu bələdiyyəsi ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon Buynuz kəndi ərazisində yerləşən Topçu bələdiyyəsinin mülkiyyətində olan 0.1 hektar torpaq sahəsi Cavabdeh tərəfindən dəyərini ödəməklə satın alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayon, Buynuz kəndi ərazisində yerləşən 0.1 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xüsusi mülkiyyət hüuqu üzrə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli **********40 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Buynuz kəndi ərazisində inşa edilməkdə olan mübahisəli fərdi yaşayış evinin Cavabdeh adına dövlət reyestrindən 71 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydə alınmış çıxarışda göstərilən 0.1 hektar torpaq sahəsinin bölünərək X3 və onun adına ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla dövlət reyestrində qeydiyyata alınmış 0.0483 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 1399 nömrəli sorğuya cavab məktubundan görünür ki, X5 miras əmlakına dair vərəsəlik işi İddiaçı2 müraciəti əsasında açılmış və sonradan müraciət daxil olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və vərəsəlik işi açıq qalır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 1400 nömrəli sorğuya cavab məktubundan görünür ki, X5 miras əmlakına dair vərəsəlik işi Cavabdeh müraciəti əsasında açılmış və sonradan müraciət daxil olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və vərəsəlik işi açıq qalır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X10 xx xxxxx 1998-ci il tarixli 47 saylı qərarına əsasən JN 1xx xxx 40727048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN 177F KOD 40727048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İsmayıllı rayon Buynuz kəndi ərazisində yerləşən 0.60 hektar pay torpaq sahəsi və 0.23 hektar həyətyanı torpaq sahəsi Murad Mustafayev və Güləsər Mustafayevanın birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayon Topçu bələdiyyəsi ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixdə AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon Buynuz kəndi ərazisində yerləşən Topçu bələdiyyəsinin mülkiyyətində olan 0.1 hektar torpaq sahəsi Cavabdeh tərəfindən satın alınmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla İsmayıllı rayonu, Buynuz kəndi ərazisində yerləşən 0.1 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh mülkiyyətində olan 0.1 hektar torpaq sahəsinin 0.0483 hektar hissəsini Qəşəm Nəcəfova satmışdır və sonuncu öz adına mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. Qəşəm Nəcəfovun inşa etdiyi ev mülkiyyətində olan 0.0483 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqavilənin anlayışı isə Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin, alqı-satqı müqaviləsinin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Yalan əqd dedikdə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. İddiaçı1 valideyinlərindən miras qalan torpaq sahəsinin bir hissəsini Cavabdeh tərəfindən tanımadığı başqa bir şəxsə satdığını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları (alqı-satqı predmeti olan torpaq sahəsinin əvvəllər valideynlərinə məxsus olmasını) təsdiq etmək üçün məhkəmələrə heç bir yazılı sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçılar həm iddia ərizəsində və həm də apelyasiya şikayətində miras qalmış torpaq sahəsinin 0.23 ha olduğunu göstərmişlər ki, hüquq müəyyənedici sənədlərdə də sözü gedən həyətyanı torpaq sahəsinin ölçüsü 0.23 ha göstərilmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçılarnın tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-727/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-727/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar