Məhkəmə qərarları › İş №2(107)-350/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-350/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-350/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Həmidova Günəl Vahid qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(039)-1881/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən evdən cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə çıxarılmaları barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda ünvan 1-da yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, Nemanzadə küçəsi 11A-da yerləşən ev tam xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh1 onun doğma oğludur, digər Cavabdeh2 isə onun gəlinidir. Hazırda onun xüsusi mülkiyyətində olan evdə cavabdehlər öz azyaşlı uşaqları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər onu evində yaşamağa qoymurlar. O və arvadı yaşlı və xəstə adamlardır. Hər iki cavabdeh, xüsusilə də Cavabdeh2, mütamadi olaraq onu və arvadını söyərək təhqir edirlər, onları vururaq döyür, azyaşlı uşaqları öyrədərək onlara qarşı nalayiq hərəkətlər etdirirlər. Həmçinin onlar evinin həyətini artıq zibilliyə çeviriblər. Evdə, həyətdə antisanitar vəziyyət hökm sürür. O artıq öz evində, öz şəxsi mülkiyyətində yaşaya bilmir. Həyat artıq ona və arvadı üçün cəhənnəmə çevrilibdir. Cavabdehlərin uşaqları ilə birlikdə ona məxsus evdən çıxarılmalarını istəmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim: K.Əliyev) 17 oktyabr 2023-cü il tarixli, 2(039)- 1881/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 öz azyaşlı uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manatın Cavabdeh2dan İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 2013-cü ildə digər Cavabdeh1 ilə ailə quraraq hazırki mübahisələndirilən evə gəlin köçərək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 2013-cü ildə digər Cavabdeh1 ilə ailə quraraq hazırki mübahisələndirilən evə gəlin köçərək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından isə cavabdehlərdən Cavabdeh2 qeyd edilən evdə istifadə hüququnu əldə etmək üçün həmin mülkiyyətçi ilə, yəni İddiaçı ilə ona məxsus olan yaşayış sahəsində istifadə imkanını təmin edən hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, habelə iddiaçı ilə etibarlı ailə münasibətlərində olmalı, eləcə də yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmalıdır ki, hazırkı halda Cavabdeh2 İddiaçı özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərə aid deyildir. Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, o, yaşayış sahəsinin mülkiyyətçisindən yəni atası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aiddir. Sadalanan qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunmuşdur ki, Cavabdeh2 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud deyildir, lakin digər Cavabdeh1 isə istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcuddur. Bu səbəbdən də iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməlidir. İddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manatın 50 manatı Cavabdeh2dan iddiaçının xeyrinə tutulmalı, qalan 50 manat isə iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsi, 29–cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.2, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamışdır. O hazırda ünvan 3 ünvanda ərə getdiyi gündən yaşayaraq uşaqlarını həmin evdə dünyaya gətirmişdir. İki uşağı və həyat yoldaşı ilə həmin evdə yaşamaqla özü üçün yaşadığı yeri onlar tikmişlər və onlar qurmuşlar. Bundan başqa, iddiaçının razılığı ilə o həmin evə köçmüş, həmin evdə yaşamışdır. Halhazırda da yaşayır. Bildirmişdir ki, onun bütün əşyaları, habelə həyat yoldaşı və uşaqları nigaha girdiyi andan bu günə kimi orada yaşayırlar. 2013-cü ildə rəsmi ailə qurmuşlar. Həmin tarixdən etibarən yaşadığı Yevlax şəhəri, Nemanzadə küçəsi ,ev 11A-nın onlara aid olan hissəsini tikmiş, artırmalar etmiş və yaşayış vəziyyətinə onlar gətirmişlər. Həyat yoldaşı hətta kənarda işləmiş və onun göndərdiyi pul sayəsində yaşadığı evin istifadə vəziyyətini formalaşdırmışdır. İşin hallarındanda görünür ki, ev İddiaçı mülkiyyəti olmaqla onlar ona məxsus olan evdə yaşayırlar. İki azyaşlı övladları həmin evdə doğulmuşdur. İddiaçının oğlunun, yəni onun həyat yoldaşının saxlanılması onun və uşaqlarının evdən çıxarılması real həqiqəti əks etdirmir. Məhkəmə işin faktiki hallarını tam və hərtərəli araşdırmamışdır. Nəticə etibarı ilə əleyhinə qərar qəbul etmişdir. Onlar vahid ailə olaraq yaşadığı evi özləri tikib qurmuşdurlar. Onun, yəni Romanın həmin evdə qalması, digər ailə üzvlərininin isə, arvadının və uşağının evdən çıxarılmasını qəbul edə bilməz. Həmin halı ədalətsiz bir qərar olaraq qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırarkən həmin evdə 10 ildən artıq yaşadıqlarını, iddiaçının istəyi ilə onun həmin evə köçdüyünü və uşaqlarının orada doğulmasını məhkəmə qiymətləndirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində rədd edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində rədd edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində rədd edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. İddiaçı ilə Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri iddiaçıya məxsus evdən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia ərizəsində göstərilən evin iddiaçıya məxsus olduğunu və bu evin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Baxılan iş üzrə fərdi yaşayış evinin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin fərdi yaşayış evindən istifadə hüququna razılıq verməyə borclu olsun. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin onun mənzildən çıxarılması hissəsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya qeyd edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından isə cavabdehlərdən Cavabdeh2 qeyd edilən evdə istifadə hüququnu əldə etmək üçün həmin mülkiyyətçi ilə, yəni İddiaçı ilə ona məxsus olan yaşayış sahəsində istifadə imkanını təmin edən hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, habelə iddiaçı ilə etibarlı ailə münasibətlərində olmalı, eləcə də yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmalıdır ki, hazırkı halda Cavabdeh2 İddiaçı özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərə aid deyildir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı Cavabdeh2 aid hissədə təmin etmişdir. Kollegiya belə hesab edir ki, mübahisələndirilən ev iddiaçının xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə Cavabdeh2 iddiaçının ailə üzvü hesab edilmədiyindən, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmadığından şikayət təmin edilə bilməz. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Yekunda kollegiya qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(039)- 1881/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(039)-1881/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar