Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-359/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X11 qarşı “mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 27sentyabr 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) İddiaçı cavabdeh X11 qarşı mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və qanunsuz tikilmiş tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsiX9 iddianı müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı Əsədova X4 Telman Məhəmməd oğlu ilə 1980-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, iddiaçının Telmanla birgə nikahından iki uşaqları doğulmuşdur. İddiaçı ilə Telman Rəhimov arasındakı nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli, 2-67 saylı qətnaməsinə əsasən pozulmuşdur. ünvan 1 mənzil 12 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 32 kv.m olan mənzil bölünərək, 18 kv.m hissəsi iddiaçının, 14 kv.m hissəsi isə Telman Rəhimovun istifadəsinə verilmişdir. İddiaçının cehiz əşyaları hazırda sözügedən mənzildə yerləşir. Telman Rəhimov 1997-ci ildə hazırkı cavabdehlə ailə qurmuş, cavabdehlə birlikdə mənzilin özünə aid hissəsində yaşamış və 2012-ci ildə vəfat etmişdir. İddiaçı 1993-cü ildən sözügedən mənzildən çıxıb, anası ilə birlikdə Zərdabi küçəsində olan ata evində yaşayır. Cavabdeh iddiaçının sözügedən mənzilə (iddiaçıya aid hissəyə) gedib-gəlməsinə imkan vermir. Hətta, cavabdeh iddiaçıya məxsus otağın qarşısında özbaşına, yəni qanunsuz olaraq əlavə otaq tikmiş, iddiaçıya məxsus mənzili başqasına kirayəyə vermişdir. İddiaçı iki uşağı ilə köçüb sözügedən mənzildə yaşamaq istəyir. Dəfələrlə cavabdehdən mənzildən istifadəyə görə iddiaçıya yaradılan maneənin aradan qaldırılması və özbaşına tikilinin sökülməsi tələb olunsa da, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddia əsaslı və qanunidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X15 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, mərhum əri Telman Rəhimov ondan əvvəl hazırkı iddiaçı ilə evli olmuş və 1993-cü ildə boşanmışdır. İddiaçıdan boşandıqdan sonra Telman Rəhimov 1997-ci ildə onunla rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir qızı doğulmuşdur. Qızının hazırda 20 yaşı var. Telman Rəhimovla hazırkı iddiaçı boşanarkən həm də Telman Rəhimova məxsus olmuş mənzil məhkəmənin xx.xx.1993-cü il tarixli qətnaməsinə əsasən 18 kv.m olan bir otağı iddiaçının, 14 kv.m olan digər bir otağı isə Telman Rəhimovun istifadəsinə verilməklə iddiaçı ilə Telman Rəhimov arasında bölünmüşdür. Hamam, tualet, mətbəx isə ümumi istifadədə qalmışdır. O özü Telman Rəhimovla ailə qurduqdan sonra birlikdə mənzilin Telman Rəhimovun payına düşən hissəsində yaşamışlar. Mənzilin bir otağı rəsmi olaraq iddiaçıya aid olsa da, iddiaçı hələ 1993-cü ildən, yəni onun Telman Rəhimovla evlənməsindən dörd il əvvəl mənzili tərk edib öz valideyinlərinin yanına getmişdir. O, iddiaçının həmin mənzildə yaşamasını heç vaxt görməmişdir. Telman Rəhimov 2012-ci ildə vəfat etmiş, onun yas mərasiminin bütün xərclərini özü çəkmişdir. Telmanın vəfatından sonra, özü yaşadığı mənzilin arxa tərəfindən özü üçün zal, mətbəx və hamam, tualet və çardaq tikmişdir. Həmin tikililəri özbaşına deyil, rəsmi icazə aldıqdan sonra, yəni Zərdab rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin xx.xx.2009-cu il tarixli 37 nömrəli sərəncamına əsasən tikdirmişdir. Həmin tikililərin (artırmanın) iddiaçıya heç bir aidiyyəti yoxdur və küçəyə birbaşa çıxışı vardır. Mənzilin iddiaçıya aid olan 18kv.m otağını zəbt etməmiş, həmin otaq hazırda da boşdur, həmin otağa, o cümlədən bütövlükdə mənzilə giriş binanın (blokun) qarşı tərəfindəndir. Mənzilin açarının biri həmişə iddiaçıda, digəri isə Telmanın sağlığında Telmanda, hazırda isə onun özündədir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçını heç vaxt sözügedən mənzildə görməmiş, heç vaxt iddiaçı ilə qarşılaşmamışdır ki, ona maneçilik törətmiş olsun. Əslində heç özü də son vaxtlar həmin mənzildə yaşamır. Zərurətdən irəli gələrək Bakı şəhərində kirayədə yaşayır. İddiaçı istədiyi vaxt öz otağına gəlib yaşaya və ya istifadə edə bilər. Məhkəmənin diqqətinə çatdırır ki, əslində iddiaçının orada yaşamaq fikri yoxdur, iddiaçının fikri başqadır. Belə ki, iddiaçı (daha doğrusu iddiaçının adamları) mənzilin iddiçıya aid otağını satmaq istəyir, lakin mövcud vəziyyətə görə heç kim almır. Ona görə də ondan 50.000 manat müqabilində iddiaçıya aid otağı almasını istəmişlər. O isə bununla razılaşmamış, onlara “25.000 manat verin, mənzilin mənə aid hissəsini sizə verim” demişdir. Beləliklə, aralarında narazılıq yaranmışdır. Bir daha məhkəmənin diqqətinə çatdırmışdır ki, heç vaxt iddiaçıya ona aid otaqdan və mənzilin ümumi istifadədə qalan hamam, tualet və mətbəxindən iddiaçının istifadəsinə maneçilik törətməmiş, belə bir fikri də yoxdur. Sökülməsi tələb olunan əlavə tikililəri (artırmanı) isə rəsmi icazə əsasında tikmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Zərdab Rayon Məhkəməsi qərar qəbul edərkən iddiaçının mülkiyyətində olan Zərdab şəhəri Azərbaycan küçəsi, (keçmiş 57) 105 saylı binanın 12 saylı mənzilindən istifadəsinə cavabdeh tərəfindən maneə yaradıldığını və həmin maneənin aradan qaldırılmasını, habelə cavabdeh tərəfindən tikilmiş tikilinin qanunsuz olduğunu iddia edərək sökülməsini tələb etsə də, iddiasını məhkəmə iclasında əsaslandıra bilməməsinə, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçının nümayəndəsinin izahat verməkdən savayı, iddianın təmin olunmasına əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməməsinə əsaslanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, 1980-cı ildə X8 ilə nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. O, “şizofreniya-paranoid formasında” diaqnozu ilə xəstə olduğundan keçmiş həyat yoldaşı onu yola verməməyə, onunla daima dava-dalaş salmağa başlamış və onlar 1993-cü ildə rəsmi olaraq ayrılmışlar. Məhkəmənin qərarına əsasən ünvan 1 mənzil 12-də yerləşən, 32 kv.m sahəsi olan mənzil bölünərək, sahəsi 18 kv.m olan otağın uşaqlarla ona, sahəsi 14 kv.m olan digər otağın isə Telman Rəhimova verilməsi qət olunmuşdur. Eyni evdə keçmiş həyat yoldaşı və cavabdehlə birgə yaşaması mümkün olmamışdır. Belə ki, həyat yoldaşı və cavabdeh evdə səs-küy salmağa, əsassız mübahisələr yaratmağa başlamışlar. O, xəstə olduğundan bütün bunlara çox pis reaksiya vermiş və xəstəliyi daha da şiddətlənmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb müxtəlif ünvanlarda uşaqları ilə birlikdə kirayəkeş qismində yaşamağa başlamışdır. 2012-ci ildə Telman Rəhimov dünyasını dəyişdikdən sonra cavabdehlə münasibətləri daha da kəskinləşmiş və onun həmin mənzilə gəlib-getməyi problemə çevrilmişdir. Cavabdeh əsassız və qanunsuz olaraq ona ayrılmış mənzilin həyətə açılan divarına bitişik əlavə tikinti işləri aparmış, otaqlar tikmişdir. Əvvəllər onun mənzilinin iki ədəd pəncərəsi və bir ədəd qapısı həyətə açılırdı və o, həyətə çıxaraq oradan istifadə edirdi. Cavabdehin onun mənzilinə bitişik əlavə otaqlar inşa etməsi onun həyətə açılan pəncərələrinin və giriş-çıxış qapısının bağlanmasına səbəb olmuşdur. Onun mənzilindən baxanda cavabdehin otaqlarının içi görsənir. Hətta, məhkəmədə pəncərədən səs-küy gəldiyi, evin içərisi görsəndiyi bildirilsə, xəstə bir adamın həmin mənzildə yaşamasının qeyri-mümkün olduğu qeyd olunsa da, hakim bunları nəzərə almamışdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Zərdab Rayon Məhkəməsində cavabdeh X15 izahatında ”iddiaçı Lətafət Rəhimova hələ 1993-cü ildən, yəni onun Telman Rəhimovla evlənməsindən dörd il əvvəl mənzili tərk edib öz valideyinlərinin yanına getmişdir. O, iddiaçının həmin mənzildə yaşamasını heç vaxt görməmişdir. Telmanın vəfatından sonra, özü yaşadığı mənzilin arxa tərəfindən özü üçün zal, mətbəx və hamam, tualet və çardaq tikmişdir. Həmin tikililəri özbaşına deyil, rəsmi icazə aldıqdan sonra, yəni Zərdab rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin xx.xx.2009-cu il tarixli 37 nömrəli sərəncamına əsasən tikdirmişdir. Həmin tikililərin (artırmanın) iddiaçıya heç bir aidiyyəti yoxdur və küçəyə birbaşa çıxışı vardır” bildirmişdir. Bu qətiyyən həqiəti əks etdirmir. Məhkəməyə təqdim edilmiş mənzilin planından da bu aydın görsənir ki, əlavə tikili harada aparılmış və kimin mənzilinin qarşısını kəsərək mənzilə adi havanın belə daxil olmasına maneə yaradır. Məhkəmə mübahisəli mənzilə yerli baxış keçirsə də, əlavə tikilinin kimə məxsus mənzilə bitişik tikildiyini qeyd etməyərək sadəcə, əlavə tikilinin mənzilin arxa tərəfində mənzilə bitişik vəziyyətdə olduğunu və əlavə tikililərdən küçəyə birbaşa çıxış olduğunu qeyd etmişdir. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı və cavabdeh X15 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh X15 teleqramla məhkəmə kollegiyasına müraciət edərək maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını və iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən iki otaqlı, ümumi sahəsi 53.53 kv.metr, o cümlədən yaşayış sahəsi 32.0 kv.metr, 1965-ci ildə tikilmiş, divarları kubik daşından hörülmüş mənzil X5 məxsusdur. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 04 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Zərdab Rayon Xalq Məhkəməsinin xx xxx 1993-cü il tarixli, 2-67 saylı qətnaməsindən çıxarışın surətindən görünür ki, cavabdeh X3 adına olan Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən 57 saylı binanın 02 otaqlı, 03 saylı mənzilinin 32 kv.metr yaşayış sahəsinin bölünməsi, İddiaçı yaşayış sahəsi 18 kv.metr olan otağın, cavabdeh T.M.Rəhimova isə yaşayış sahəsi 14 kv.metr olan otağın verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi bina (keçmiş 57) 105, 12 saylı mənzilin hüquqi sahibləri X8 və İddiaçıdır, mənzilin 14 kv.m yaşayış sahəsi X3, 18 kv.m yaşayış hissəsi İddiaçı paylı mülkiyyətindədir. İşdə olan Zərdab rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X16 arasında xx.xx.1997-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəsi ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin xx.xx.2009-cu il tarixli 37 saylı sərəncamından görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi 105 saylı binanın 12-ci mənzilində yaşayan X10 yaşadığı binada apardığı əlavə tikintinin istismar edilməsi üçün razılıq verilməsi barədə müraciəti nəzərə alınmış, Rayon İcra Hakimiyyəti nəzdində olan layihə-smeta qrupunun tərtib etdiyi layihəsmeta sənədlərinin daxilində X10 inşa etdirdiyi tikintinin istismarına razılıq verilmiş və həmin yaşayış sahəsinin rayonun mənzil fonduna daxil edilməsi Zərdab şəhər Mənzil İstismar Sahəsinə tapşırılmışdır. İşdə olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi K.Ağayev tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 144 saylı arayışdan görünür ki, X15 xx.xx.2012-ci ildə vəfat etmiş əri - X8 ölən günə kimi Zərdab şəhəri Azərbaycan küçəsi 105 saylı binanın (1999-cu ilə kimi Azərbaycan küçəsi bina 57, mənzil 3, 2009-cu ilə kimi Azərbaycan küçəsi bina 3, mənzil 12) 12-ci mənzilində qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi K.Ağayev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 33 saylı arayışdan görünür ki, X1 şəhəri Azərbaycan küçəsi 3 saylı yaşayış evinin 12-ci mənzilində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda həmin ünvanda yaşamır. Birinci instansiya məhkəməsi prosesinin gedişində məhkəmə tərəfindən cavabdehin iştirakı ilə (iddiaçının nümayəndəsinə məlumat verilsə də, o, yerli baxışa gəlməmişdir) haqqında mübahisə qaldırılan mənzilə keçirilmiş yerində müayinə zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil bir-birindən təcrid olunmuş iki otaqdan ibarətdir və otaqlarda yaşayış yoxdur. Otaqlar, hamam, tualet, mətbəx istifadə üçün tam yararlıdır, lakin hazırda toz və natəmizlikdən baxımsız qaldığı və istifadə olunmadığı görünür. Giriş binanın (blokun) qarşı tərəfindəndir. Mənzilin araxa tərəfində mənzilə bitişik vəziyyətdə əlavə otaq, hamam, tualet və çardaq tikilmişdir. Əlavə tikililərdən küçəyə birbaşa çıxış vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan Zərdab şəhəri Azərbaycan küçəsi (keçmiş 57) 105 saylı binanın 12 saylı mənzilindən istifadəsinə cavabdeh tərəfindən maneə yaradıldığını və həmin maneənin aradan qaldırılmasını, habelə cavabdeh tərəfindən tikilmiş tikilinin qanunsuz olduğunu iddia edərək sökülməsini tələb etsə də, iddiasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təklif olunsa da, iddiaçının nümayəndəsi izahat verməkdən savayı, iddianın təmin olunmasına əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsinin iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla yanaşı, işdə olan Zərdab rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin xx.xx.2009cu il tarixli 37 nömrəli sərəncamı, habelə məhkəmə prosesinin gedişində məhkəmə tərəfindən haqqında mübahisə qaldırılan mənzilə keçirilmiş yerində müayinənin nəticələri ilə tam təkzib edilmişdir. Əksinə, məhkəmə iclasında həm iddiaçının nümayəndəsinin, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunmuşdur ki, sözügedən mənzilin 18 kv.m olan bir otağı iddiaçının mülkiyyətinə aid olsa da, iddiaçı hələ 1993-cü ildən, yəni hazırkı cavabdehin iddiaçının keçmiş əri Telman Rəhimovla evlənməsindən dörd il əvvəl mənzili tərk edib öz valideyinlərinin yanına getdiyindən onlar heç vaxt həmin mənzildə, hərə öz otağında olmaqla eyni zamanda yaşamamışlar, hazırda da tərəflərə aid otaqlar boşdur və orada yaşayış yoxdur. İşin yuxarıda müəyyən olunan hallarına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sözügedən mənzilindən istifadəsinə cavabdeh tərəfindən hər hansı bir maneənin yaradılması halı olmamışdır. İddiaçı istədiyi vaxt gedib mənzilin özünə aid otağında yaşaya bilər və ya öz istədiyi kimi istifadə edə bilər, cavabdeh heç bir vaxt buna etiraz etməmiş və hazırda da etirazı yoxdur. Ona görə də iddia “mənzildən iddiaçının istifadəsinə cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması” hissəsində əsassızdır. Eyni zamanda, iddia “cavabdeh tərəfindən tikilmiş tikilinin qanunsuz olması və sökülməsi” hissəsində də əsassızdır. Ona görə ki, iddiaçının qanunsuz olduğunu iddia edərək sökülməsini tələb etdiyi, cavabdeh X10 inşa etdiyi əlavə tikintinin Rayon İcra Hakimiyyəti nəzdində olan layihə-smeta qrupunun tərtib etdiyi layihə-smeta sənədlərinin daxilində istismarına Zərdab rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə nümayəndəsinin xx.xx.2009-cu il tarixli 37 nömrəli sərəncamına əsasən razılıq verilmiş, hətta həmin yaşayış sahəsinin rayonun mənzil fonduna daxil edilməsi Zərdab şəhər Mənzil İstismar Sahəsinə tapşırılmışdır. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh X11 qarşı mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması və qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi, yuxarıda bəhs edilən nəticələrlə razılaşır, həmin nəticələri işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, apelyasiya icraatı zamanı sorğuya cavab olaraq Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi 105 saylı yaşayış evinin 12-ci mənzilində 2015-ci il ilə kimi X15 övladı – X13 ilə birgə yaşamış, 2015-ci ildə qızı ali məktəbə qəbul olunduğu üçün müvəqqəti olaraq Bakı şəhərinə köçmüşdür. Hal-hazırda sözügedən ünvanda qeydiyyatda olanların – İddiaçı, X18, X12, X15 və X7 heç biri həmin ünvanda yaşamırlar. Göründüyü kimi, nə iddiaçı, nə də cavabdeh mübahisəli mənzildə faktiki olaraq yaşamırlar. Belə olduğu halda iddiaçının onun həmin mənzildən istifadə etməsinə, orada yaşamasına cavabdehin, xüsusən də sonuncu tərəfindən inşa edilmiş tikililərin maneçilik törətməsi barədə mülahizələri həqiqətə uyğun və əsaslı deyildir. İddiaçının mübahisəli mənzildə yaşamadan irəli sürdüyü həmin iddialar ehtimal xarakteri daşıyır və onun hüquqlarının real surətdə pozulmasına dəlalət etmir. Digər tərəfdən, iddiaçı mübahisəli mənzilə köçüb orada yaşamaq istədiyi, lakin cavabdehin buna imkan vermədiyi halda iddia ərizəsində mənzilə köçürülmə tələbini də irəli sürə bilərdi. Belə tələbin irəli sürülməməsi isə iddiaçının həmin mənzilə köçüb orada yaşamaq istəmədiyi, yalnız cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsində maraqlı olduğu qənaətinə gəlməyə əsas verir. Lakin bu vəziyyətdə iddiaçının cavabdehə məxsus tikililərin sökülməsini tələb etməyə subyektiv hüququ olmayacaq, ona görə ki, həmin tikililərin onun mübahisəli mənzildə yaşamasına həqiqətən də mane olduğu faktiki surətdə təsdiqini tapmayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 2-ci hissəsinə görə, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanun normalarının mənasına görə iddiaçı irəli sürdüyü iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(035)-508/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-359/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-359/2020
04.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver