Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-359/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Yevlax Rаyon Məhkəməsinin 26 yanvar 2021-ci il tаrixli, 2(039)-178/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, 29.01.2016-ci ildə qeydiyyat tarixli çıxarışla X4 mülkiyyətində olan fərdi yaşayış evinə onun və azyaşlı oğlu X2 istifadə hüququnun tanınması və köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də ailə qurmaqla nikaha girmişlər. O, həmin günü Cavabdeh1 atası X1 olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlin olaraq köçmüşdür. Həmin vaxt mərhum qayınatası ona heç bir müddət vermədən ona məxsus fərdi yaşayış evinə köçürülməyini və əşyalarını həmin mənzilə yerləşdirməyini istəmişdir. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. X7 2009-cu ildə vəfat etmişdir. Onun üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişdir. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə 7 il həmin evdə yaşamışdır. Həmin mübahisələndirdiyi fərdi yaşayış evinə mülkiyyət sənədləri 29.01.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X6 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaları həmin mirasın qəbul edilməsidir. O, hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir. Mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeyd olunan fərdi yaşayış evinə onun daimi qeydiyyatı olmaqla bərabər, mərhum qayınatasının istək və arzusu ilə ora köçərək cehiz əşyalarını bu əmlaka yerləşdirmişdir. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, o həmin evdə yaşaya bilmir. Ancaq mərhum qayınatası onu qeyd şərtsiz həmin fərdi yaşayış evinə gəlin olaraq köçürmüş, əşyaları, yəni cehiz əşyalarını bu evə yerləşdirmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Yaşamağa başqa yeri yoxdur. Cavabdehlər evin rəsmi mülkiyyətçisi olmasalar da, həmin əmlaka gözlənilən mülkiyyət hüquqları mövcuddur. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(107)- 930/2021 saylı qətnaməsi ilə (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov, Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2021-ci il tarixli, 2(102)-5700/2021 nömrəli qərarı ilə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(107)-930/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil mərhum Lətif Tağıyevin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Lətif Tağıyevin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Lətif Tağıyev “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. tərəflər arasındakı mülki münasibətlər 2002- cı ilin oktyabr ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, ev 2 otaqdan ibarətdir, ümumi sahəsi 82,4 m2 -dir; evin sahibi kimi Lətif Tağıyev qeyd edilmişdir. Çıxarışın verilmə anına, mübahisəli mənzil, dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətif Tağıyevin adına qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 12 oktyabr 2002-ci il tarixində nikahlarını dövlət qeydiyyatına aldırmışlar. Onların birgə nikahından Elnur, Emil və Elmir adlı uşaqları anadan olmuşdur. X8 06.03.2008-ci ildə ildə vəfat etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.02.2002-ci il tarixli nikah qeydi pozulmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə alınmış mərhum qaynatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. Lakin İddiaçı evə köçərkən onunla Lətif Tağıyev arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, cavabdeh İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Həmçinin məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolu nsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 158.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, 228-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də ailə qurmaqla nikaha girmişlər. O, həmin günü Cavabdeh1 atası X1 olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə gəlin olaraq köçmüşdür. Həmin vaxt mərhum qayınatası ona heç bir müddət vermədən ona məxsus fərdi yaşayış evinə köçürülməyini və əşyalarını həmin mənzilə yerləşdirməyini istəmişdir. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. X7 2009-cu ildə vəfat etmişdir. Onun üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişdir. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə 7 il həmin evdə yaşamışdır. Həmin mübahisələndirdiyi fərdi yaşayış evinə mülkiyyət sənədləri 29.01.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X6 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaları həmin mirasın qəbul edilməsidir. O, hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir. Mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeydolunan fərdi yaşayış evinə onun daimi qeydiyyatı olmaqla bərabər, mərhum qayınatasının istək və arzusu ilə ora köçərək cehiz əşyalarını bu əmlaka yerləşdirmişdir. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, o həmin evdə yaşaya bilmir. Ancaq mərhum qayınatası onu qeyd şərtsiz həmin fərdi yaşayış evinə gəlin olaraq köçürmüş, əşyaları, yəni cehiz əşyalarını bu evə yerləşdirmişdir. Bu günə kimi cehiz əşyaları mübahisələndirdiyi və qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən ölənin arvadı (əri), övladları qanun üzrə 1-ci növbə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.2-1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı; “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olub ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq rədd etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mübahisəli ev 2 otaqdan ibarətdir, ümumi sahəsi 82,4 m2 -dir; evin sahibi kimi Lətif Tağıyev qeyd edilmişdir. Çıxarışın verilmə anına, mübahisəli mənzil, dövlət reyestrində xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətif Tağıyevin adına qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 12 oktyabr 2002-ci il tarixində nikahlarını dövlət qeydiyyatına aldırmışlar. Onların birgə nikahından Elnur, Emil və Elmir adlı uşaqları anadan olmuşdur. X8 06.03.2008-ci ildə vəfat etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.02.2002-ci il tarixli nikah qeydi pozulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə alınmış mərhum qaynatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. Lakin İddiaçı evə köçərkən onunla Lətif Tağıyev arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, iddaçı İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. İşin müəyyən edilən halına görə, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış iddiaçının mərhum X7in mülkiyyətində olmuşdur. X8 06.03.2008-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən ölənin arvadı (əri), övladları qanun üzrə 1-ci növbə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.2-1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı bildirir ki, qayınatasının ölümündən sonra da cavabdeh olan əri Cavabdeh1lə mübahisə predmeti olan evdə yaşamaqda davam ediblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisənin qanuni və əsaslı həllinə təsir edən iddiaçının əri Cavabdeh1 mirası qəbul edib-etməməsi halını araşdırmadan iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişlər. Kollegiyanın iclasında izahat verən iddiaçının əri Cavabdeh1 atasından qalan evi miras kimi qəbul etməsi halı müəyyən edilmişdir. Belə ki izahatında bu gün də o mübahisəli evdə yaşadığını qeyd etmiş, başqa yaşayış yerinin olmadığını bildirmişdir. Ona görə kollegiya qeyd edir ki, hazırki iddianın həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir. Həmin qərara əsasən isə mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(039)-178/2021 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı ilə azyaşlı oğlu X2 Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, 29.01.2016-ci ildə qeydiyyat tarixli çıxarışla X4 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ tanınsın və onlar həmin evə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-359/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-359/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver