Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-360/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 363 manat 10 qəpik əsas, 28 manat cərimə - cəmi 391 manat 10 qəpik borc və 20 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etiraz ərizəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnаməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh BL095768 nömrəli xx xxxxxx 2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə 363 manat 10 qəpik əsas, 8 manat cərimə, 20 manat dövlət rüsumu – cəmi 391 (üç yüz doxsan bir) manat 10 (on) qəpik borc məbləği alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o xx xxxxxx 2017-ci il tarixdə iddiaçı ilə müqavilə bağlayaraq 646 manat dəyərində televizor almışdır. İlk ödəniş 13 manat, 633 manatı isə 12 aya ödəməyə razılaşmışlar. Televizor alındığı vaxtdan normal işləmədiyindən bu barədə iddiaçı təşkilatın İsmayıllı şəhərində fəaliyyət göstərən mağazanın rəhbərliyinə məlumat vermişdir. Mağazada fəaliyyət göstərən ustalar televizora baxış keçirdikdən sonra televizorun elektron beyninin düzgün işləmədiyini bildirmişlər. Televizoru təmir edərək ümumilikdə ondan 150 manat məbləğində pul almışlar. Ona bildirmişlər ki, həmin pul sonda kredit borcundan çıxılacaqdır. Hal hazıra kimi kredit borcu üzrə 418 manat ödəniş etmişdir. 215 manat borcu qalmışdır. Həmin borcdan isə ustalara ödədiyi 150 manatı çıxdıqda onun iddiaçıya 65 manat borcu qalmış olur. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhəkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına iddiaçının nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh BL095768 nömrəli xx xxxxxx 2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə 215 manat alınaraq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh xx xxxxxx 2017-ci il tarixdə iddiaçı ilə müqavilə bağlayaraq 646 manat dəyərində televizor almışdır. İlk ödəniş 13 manat, 633 manatı isə 12 aya ödəməyə razılaşmışlar. Cavabdeh borcundan ümumilikdə 418 manat ödəniş etmişdir. 215 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi , o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tutulmalı məbləğin miqdarı hissəsində düzgün nəticəyə gəlməmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” xx xxxx 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır.” Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, cavabdeh xx xxxxxx 2017-ci il tarixdə iddiaçı ilə müqavilə bağlayaraq 646 manat dəyərində televizor almışdır. İlk ödəniş 13 manat, 633 manatı isə 12 aya ödəməyə razılaşmışlar. İş materiallarında olan qəbzlərdən də görünür ki, cavabdeh borcundan ümumilikdə 418 manat ödəniş etmişdir. 215 manat borcu qalmışdır. Dəbbə puluna münasibətdə isə kollegiya hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddianın həmin hissədə təmin edilməsi maddi imkanı aşağı olan cavabdehin maddi imkanına mənfi təsir göstərə bilər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” xx xxxx 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır.” Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh BL095768 nömrəli xx xxxxxx 2017ci il tarixli nisyə satış müqaviləsi üzrə 215 manat alınaraq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh BL095768 nömrəli xx xxxxxx 2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə 215 manat alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-751/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh BL095768 nömrəli xx xxxxxx 2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə 215 manat pul və 20 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-360/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-360/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver