Məhkəmə qərarları › İş №2(107)-361/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-361/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-361/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1913/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1913/2019 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Şəki rayonu Fazıl kəndində qeydiyyatda olan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 411.20 manat əsas borc, ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 431.60 manat borcun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu Fazıl kəndində qeydiyyatda olan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 411.20 manat əsas borc, əvvəlcədən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 431.60 manat borcun (pulun) tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB Zaqatala RQİİnin Şəki xidmət sahəsində **********300000 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu Fazıl kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının qaz hesabında G-4 markalı ******* saylı sayğacın 20383 m3 göstəricisi ilə 411.20 manat borc vardır. Cavabdehdən tələb olunan borcun yaranmasına səbəb aylıq istehlak edilmiş təbii qazın dəyəri təqdim edilmiş bildirişxəbərdarlığa uyğun ödənilmədiyindən nəticədə borcun daha da artmasıdır. Keçən müddət ərzində cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "İddiaçı" İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın tam şəkildə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı Zaqatala X6 İdarəsinin Şəki xidmət sahəsində isteklakçı kimi qeydiyyatda olmaqla, yaşadığı Şəki rayonu Fazıl kəndindəki evində qaz paylayıcısı ilə fiziki şəxs kimi aralarıda qazın alqı-satqısı barədə müqavilə əsasında məişət qaz sqyğacı vasitəsi ilə təbii qazdan istifadə edir. O, işlətdiyi təbii qazın dəyərini həmişə vaxtı-vaxtında ödəmişdir. İddiaçı Zaqatala X5 İdarəsinin nümayəndələri evinə gələrək barəsində məlumatı olmadan qanunsuz olaraq akt tərtib etmişlər. Həmin akta əsasən ona cərimə yazılmışdır. Əslində isə o, həmin sayğaca hər hansı bir şəkildə müdaxilə etməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac onun yaşadığı evin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğaca müdaxilə olunması sonradan İddiaçı aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, tərəfindən müdaxilə olunması kimi qeyd edilən sayğacın onun mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsi, sayğacda qüsurun yaranmasında istehlakçının nə kimi təqsirinin olmasının əsaslandırılmamasını nəzərə alaraq onun və ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməsi işin hər hansı halı ilə sübuta yetirilə bilməz. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1913/2019 saylı qətnаməsinin ləğv edilməsi və iddia iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1913/2019 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1913/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş xx xxx 2012-ci il tarixli, 1005-05-12 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsi, iddia tələbini təmin edərək hesab etmişdir ki, Cavabdeh yaşadığı Şəki rayonu Fazıl kəndində yerləşən mənzildə təbii qazdan istifadə etsə də, hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış borcunu tam şəkildə ödəməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********300000 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu Fazıl kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda, istehlakçının qaz hesabında G-4 markalı ******* saylı sayğacın 20383 m3 göstəricisi ilə 411.20 manat borc vardır. Cavabdehdən tələb olunan borcun yaranmasına səbəb aylıq istehlak edilmiş təbii qazın dəyəri təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun ödənilmədiyindən nəticədə borcun daha da artmasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, sonuncu 2012-ci idə qaz sərfiyatına görə ona hesablanmış 68,10 manatdan 52,60 manatı, 2013-cü ildə hesablanmış 275,90 manata qarşı 291,90 manat, 2014-cü ildə hesablanmış 353,20 manatdan 348,70 manat, 2015-ci ildə hesablanmış 142,50 manata qarşı146,50 manat, 2016-cı ildə hesablanmış 416,70 manatdan 315 manat, 2017-ci ildə hesablanmış 411,40 manatdan 394 manat, 2018-ci ildə hesablanmış 668,60 manata qarşı 729,50 manat, 2019-cu ildə isə 128,40 manata qarşı 170 manat ödəmişdir. Həmin illər üzrə hesablama nəticəsində Cavabdeh ödənilməmiş cəmi 17,50 manat borcu qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. İş materiallarından cavabdeh tərəfindən müqavilənin hansı şərtinin pozulduğu, qaz sərfiyyatına görə onun 411,20 manat borcunun yarandığı müəyyən edilmir. İddiaçı Sözü gedən borcun cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində yarandığına dair sübutları məhkəmələrə təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin qaz sərfiyyatına ödənilməmiş qalan borcu 17,50 manat olmuşdur. Eyni zamanda, iddiaçı iddia ərizəsində sözü gedən borcun cavabdehin təbii qazdan istifadəsi nəticəsində yarandığını göstərmişdir. Yəni iddia ərizəsində cavabdehin təqsirli hərəkətlərinin olmasından və həmin hərəkətlər nəticəsində vurulmuş ziyandan bəhs edilmir. Belə olan halda birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin mülki hüquq pozuntularından (deliktlərdən) bəhs edən normalarını (1096 və 1097-ci maddələr) tətbiq edərək iddia tələbini tam təmin etməkldə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Şəki rayonu, Fazıl kəndində yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 411.20 manat borcun, 20 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 431.60 manatın tutularaq İddiaçı Zaqatala X6 İdarəsinin xeyrinə ödənilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.2, 385.1.4-cü maddələrinin tələblərinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən,apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə iclаsındа tədqiq olunаn sübutlаrı məcmu hаldа qiymətləndirərən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qimən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1913/2019 saylı qətnaməsi ləğv edilməli yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilərək 17,50 manatCavabdeh tutulub İddiaçı İB-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1913/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 17,50 manat əsas borc, ödənilmiş 3 manat dövlət rüsumu, cəmi 20,50 manat tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar