Məhkəmə qərarları › İş №2(107)-362/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-362/2021

15.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X4, Cavabdeh və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair ilk, Cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsinə qarşı maddi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)- 177/2020 nömrəli qətnaməsindən iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) ilk iddia tələbi qismən təmin edilmiş, Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, Cavabdeh icarə hüququ ləğv edilmiş 0,2555 hektar torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, ilk iddia tələbinin həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsinə dair hissələrinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində 0,2555 hektar torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili və qurğulara çəkilmiş xərcin əvəzinin olaraq tələb edilən 11.623,24 manat məbləğin 8968,24 manatdan ibarət hissəsinin Oğuz rayonu Filfilli Bələdiyyəsindən tutularaq Cavabdeh ödənilməsi, 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğuların, mütəxəssisin rəyi ilə ayrılması mümkün hesab edilən və ümumi dəyəri 2655 manat müəyyən olunan hissələrinin Cavabdeh tərəfindən sökülüb aparılmasına icazə verilməsi, həmin hissələrin sökülüb aparılmasına Oğuz rayonu Filfilli Bələdiyyəsi tərəfindən maneə törədildiyi halda, qeyd olunan hissələrin dəyərinin Oğuz rayonu Filfilli Bələdiyyəsindən tutularaq Cavabdeh ödənilməsi, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsindən tutularaq Cavabdeh ödənilməsi, qətnamənin hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, Cavabdeh icarə hüququ ləğv edilmiş 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndinin ərazisində mübahisə predmetinə aid olan torpaq sahəsində inşa etdirdiyi tikili və qurğulara çəkilmiş xərcin əvəzi olaraq 11.623,24 manat maddi zərər məbləğinin Oğuz rayonu Filfilli Bələdiyyəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya Oğuz rayonu Filfilli Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsi öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə Cavabdeh arasında 45 il müddətinə bağlanmış xx xxx 2018-ci il tarixli uzunmüddətli icarə müqaviləsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 248 / 2019 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğuna görə qeyd olunan torpaq sahəsindən ancaq kənd təsərrüfatının səmərəli təşkili üçün istifadə edilə bilər. Lakin cavabdeh icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində heç bir rəsmi sənədə istinad etmədən və müvafiq dövlət qurumları ilə razılaşdırılmadan həmin ərazidə əsaslı tikililər inşa etmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən sonra cavabdehin könüllü olaraq 0,2555 hektar torpaq sahəsini boşaldıb həmin ərazinin əvvəlki vəziyyətini bərpa edərək torpaq sahəsini bələdiyyəyə qaytaracağı güman olunsa da, cavabdeh buna əməl etməmiş və bələdiyyəyə müraciət edərək həmin ərazinin ona yenidn icarəyə verilməsini xahiş etmişdir. Bələdiyyə həmin ərazinincavabdehə yenidn icarəyə verilməsini mümkün hesab etməmişdir. qeyd olunan ərazinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi barədə şifahi və yazılı müraciətlər də nəticəsiz qalmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri X6 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh hazırda da bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Hazırki vəziyyətdə iddiaçı bələdiyyə mülkiyyətində olan ərazidən cavabdehin məcburi qaydada çıxarılmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi, Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, cavabdehin icarə hüququ ləğv edilmiş 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda, cavabdehin qarşılıqlı iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 2018-ci ilin mart ayından etibarən mövsümi icarə müqaviləsi əsasında istifadə etməyə başlamışdır. 2018-ci ilin aprel ayında həmin torpaq sahəsi hərraca çıxarılarkən o, hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Həmin torpaq sahəsinə dair onunla Oğuz rayonu Filfilli Bələdiyyəsi arasında xx xxx 2018-ci il tarixdə 45 il müddətinə icarə müqaviləsi bağlanmış və müqavilə notariat qaydasında təsdiq edilmişdir. Müqavilə bağlandıqdan sonra həmin ərazidə bir sıra tikili və qurğular inşa etmiş, inşa edilmiş tikili və qurğulara dair xərclər smetası tərtib edilərək Oğuz rayonunun baş memarı ilə razılaşdırılmaqla, Oğuz rayonu Filfilli Bələdiyyəsinin özü tərəfindən təsdiq edilmişdir. 2018-ci ildən indiyədək o, Oğuz rayonu Filfilli kəndinin ərazisində yerləşən, mübahisə predmetinə aid olan torpaq sahəsində inşa etdirdiyi tikili və qurğulara 11.623,24 manat vəsait sərf etmişdir. İddiaçı ondan 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikilinin sökülməsini tələb etdiyinə görə o da inşa etdirdiyi tikili və qurğulara çəkilmiş xərcin əvəzi olaraq 11.623,24 manat maddi zərər məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbinin tikilinin onun öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsinə dair hissəsi ilə razı olmadığını, 0,2555 hektar torpaq sahəsinin boşaldılmasına dair hissəsinə isə etiraz etmədiyini, ancaq özünün qarşılıqlı iddia tələbini də müdafiə etdiyini bildirmiş və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi 2018-ci ildə qanuni əsaslarala onun uzunmüddətli icarəsinə verilmiş, icarə hüququnun olduğu torpaq sahəsində inşa etdirdiyi tikili və qurğulara 11.623,24 manat vəsait sərf etmişdir. O, heç bir qanunsuz hərəkətə yol verməmiş, qeyd edilən tikili və qurğuları da müvafiq səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş layihə-smeta sənədləri əsasında inşa etmişdir. Hazırda iddiaçı ondan 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikilinin sökülməsini tələb etdiyinə görə o da inşa etdirdiyi tikili və qurğulara çəkilmiş xərcin əvəzi olaraq 11.623,24 manat maddi zərər məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 və Cavabdeh apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi tamamilə əsassız və qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi hüquqi əsası düzgün müəyyən edilməmiş, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi akt tətbiq edilməmişdir. Belə ki, məhkəmə mübahisə predmetinə aid olan əraziyə münasibətdə cavabdehi vicdanlı sahib hesab etmiş və icarə müqaviləsinin ləğv edilməsi ilə ona maddi ziyan vurulması nəticəsinə gəlmişdir. İşə əlavə edilmiş materiallardan göründüyü kimi, cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə xx xxxx 2018-ci il tarixli səyyar (mövsümi) ticarət xidmətlərinin təşkili müqaviləsini bağlamışdır. Həmin müqaviləyə əsasən Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan alma bağının ərazisindən 0,25 hektar torpaq sahəsi, icarə haqqı ödənilməklə səyyar (mövsümi) ticarət məqsədi ilə 4 ay müddətinə iaşə xidmətlərinin göstərilməsi üçün hazırki iş üzrə cavabdehin istifadəsinə verilmişdir. Maraqlıdır ki, müqavilənin bağlanmasından iki ay sonra, xx xxx 2018-ci il tarixində sözügedən torpaq sahəsi cavabdeh tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür. Müqavilələrin rəsmiləşdirilməsi tarixlərinin yaxın olması, habelə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-248/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə torpaq hərracı müsabiqəsinin keçirilməsi zamanı aşkarlığın təmin edilməməsi faktının təsdiq edilməsi faktiki münasibətlərin icarə müqaviləsi ilə pərdələnməsindən xəbər verir. Cavabdeh xüsusilə də, Oğuz rayon Filfilli kənd bələdiyyəsində işləyən vəzifəli şəxslə yaxın qohumluq münasibətlərinin olmasından suiistifadə edərək şəxsi məqsədlərini həyata keçirmək üçün qeyri-hüquqi yollara əl atmaqdan çəkinməmişdir. Həmin torpaq sahəsinin ərazisində əvvəlcədən planlaşdırdığı sahibkarlıq fəaliyyətini davam etdirə bilməsi üçün münasibətlərin icarə müqaviləsi ilə rəsmiləşdirilməsini məqsədəuyğun hesab etmişdir. Bir sözlə, cavabdeh hələ hərrac keçirilməmişdən əvvəl torpaq sahəsini əldə edəcəyini, özü də bunun qanunazidd olduğunu bilirdi. Hazırki iş üzrə Oğuz Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi ilə bağlı 2018-ci ildəbələdiyyə ilə icarə müqaviləsi bağlayarkən həmin müqavilə üzrə əldə etdiyi əmlakdan, uzun müddət ərzində istifadə edib gəlir götürməyi düşünmüş, bu məqsədlə həmin ərazidə bir sıra tikili və qurğuların, daşınmaz əmlakların təməlini qoymuşdur. Bununla bağlı nəzərinizə çatdıraq ki, məhkəmənin dili ilə desək, cavabdehin torpaq sahəsindən uzunmüddətli istifadə məqsədi güdməsi onun əvvəllər məhkəmə iclaslarında verdiyi izahatlara uyğun gəlmir. Məhkəmə iclaslarında cavabdeh etiraf etmişdir ki, o, xx xxxx 2019-cu iltarixində Oğuz rayonu Filfilli Bələdiyyəsinə rəsmi şəkildə müraciət edərək 0,2555 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən icarə hüququ əsasında istifadə etməsindən könüllü olaraq imtina etmiş və icarə müqaviləsinin ləğv edilməsini bələdiyyədən xahiş etmişdir. Bu fakt Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu i! tarixli 2(054)- 248/2019 saylı qətnaməsində də qeyd olunmuşdur. Maraq doğuran odur ki, əgər həqiqətən cavabdehin niyyəti torpaq sahəsindən 45 il müddətinə istifadə etmək idisə, onda hansı səbəbdən icarə müqaviləsinin rəsmiləşdirilməsindən sonra tez bir zamanda münasibətlərə xitam vermək istəmişdir? Cavabdeh tərəfindən torpaq sahəsinin kənd təsərrüfatı təyinatı kobudcasına dəyişdirilmiş, icarəyə götürülmüş torpaq sahəsi birbaşa məqsədləri ilə deyil, tamamilə başqa məqsədlər üçün istismar olunmuşdur. Belə ki, cavabdeh kənd təsərrüfatına yararlı torpaq sahəsinin münbit qatını korlayaraq orada tikinti işləri aparmış, həmin torpaqda ictimai iaşə xidmətinin göstərilməsi üçün obyekt inşa etmişdir. Bu hallarla cavabdeh kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. xx xxxxxx 2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Oğuz rayonu, Filfilli kəndində yerləşən və bələdiyyəyə məxsus, lakin hal-hazırda cavabdehdə olan 0,2555 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına daxildir. Qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə məqsədlərinin konkret dairəsini müəyyən etmişdir. Bu məqsədlərdən kənara çıxılması nəticə etibarilə torpaq sahəsinin təyinatının və onun hüquqi rejiminin dəyişdirilməsinə səbəb olur. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir: xx xxx 2018-ci i! tarixli icarə müqaviləsinə nəzər salınsa görünər ki, bu müqavilə üzrə icarə haqqı illik 40.00 AZN təşkil edir. Sözügedən torpaq sahəsinə dair bələdiyyə ilə xx xxx 2018-ci ildən əvvəlki dövrdə bağlanmış digər müqavilələrdə də təxminən eyni məbləğdə icarə haqqı müəyyən edilmişdir. Başqa sözlə, müqavilə ilə cavabdeh tərəfindən bələdiyyəyə hər ay 3.33 AZN məbləğində icarə haqqının ödənilməsi nəzərdə tutulur. Göstərilən məbləğ qanunla həmin torpaq sahələri üçün müəyyən edilmiş minimum məbləğdən dəfələrlə az olmaqla reallıqdan tamamilə uzaqdır. İcarə haqqının məbləği hər bir halda ağlabatan olmalıdır. Torpaq sahələri icarəyə verildikdə və ya onun barəsində digər əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir. Beləliklə, yuxarıda qeyd edilənlər, cavabdehin mübahisələndirilən torpaq sahəsinə qanunsuz yiyələndiyi bilməsi və ya bilməli olması faktını - vicdansız sahib kimi çıxış etdiyini və buna görə mübahisələndirilən torpaq sahəsini icarə münasibətlərinin yarandığı vaxtda olduğu vəziyyətdə təqdim etməli olduğunu təsdiq edir. Bununla da birinci instansiya məhkəməsinin mübahisəyə vicdanlı sahiblik mövqeyindən yanaşması tamamilə əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən torpaq sahəsində tikinti-quraşdırma işlərinin görülməsi zamanı torpaq qanunvericiliyin tələbləri əsassızcasına pozulmuş, qanunla ona verilmiş hüquqlardan sui-istifadə edilmişdir. Sözügedən torpaq sahəsində tikililərin inşa edilməsi və qurğuların quraşdırılması bələdiyyənin müqavilə ilə nəzərdə tutulmuş razılığı olmadan həyata keçirilmişdir. Halbuki, icarə müqaviləsinin 9-cu bəndində təsbit edilmişdir ki, icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən torpaq sahəsində hər hansı təmir- tikinti işləri apara bilməz. Cavabdeh bələdiyyədən ən pis halda, zərərin ödənilməsini o zaman tələb edə bilərdi ki, həmin obyektin tikintisinə razılıq verildiyini sübut etmiş olsun. Bu da öz növbəsində, müəyyən təsdiqedici sənədlərin - sübutların məhkəməyə təqdim edilməsi zərurətini yaradır. İş materiallarına əlavə edilmiş ekspertin rəyinin qərəzli və işin faktiki hallarına uyğun olmaması onun obyektivliyi, mötəbərliyi və əsaslılığına ciddi şübhələr yaratmışdır. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar keçirilmiş məhkəmə ekspertizası nəticəsində müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində inşa edilmiş tikinti və qurğularına hazırki vəziyyətdə mövcud bazar qiymətlərinə uyğun olaraq cəmi 12,106 manat vəsait sərf olunmuşdur. Sözügedən məbləğ həqiqətə uyğun olmamaqla sadəcə şişirdilmiş rəqəmlərdən ibarətdir. Həmin ərazidə yerləşən və cavabdehə məxsus obyektlə eyniyyət təşkil edən başqa tikililərin müqayisəli təhlili də bunu açıq-aşkar göstərir. Rəyin məlumatlarını şübhə altına almaq üçün kifayət qədər real maddi əsas vardır. Xərclərin əsassızlığı həm də onunla öz təsdiqini tapır ki, bu xərclər həmin obyektin tikintisinə çəkilmiş məsrəflərdən belə daha çoxdur.Bu da rəyin qeyri-obyektivliyindən xəbər verməklə başqa ekspert tərəfindən təkrar məhkəmə ekspertizasının keçirilməsi zərurətini yaratmışdır. Yuxanda qeyd olunan əsaslardan məlum olur ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, buna görə də səhv nəticəyə gəlmişdir. Nəticədə, məhkəmə həqiqətin müəyyən edilməsi və ədalətin bərqərar edilməsi istiqamətində öz vəzifələrini layiqincə icra etməmişdir. Göstərilənlər Oğuz Rayon Məhkəməsinin 2(054)-177/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsini ləğv edib, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini ilk iddia ərizəsinin dəlilləri ilə və birincin instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054) *** **** nömrəli qətnaməsini ilk iddianın təmin edildiyi, tərəfindən verilən qarşılıqlı iddianın isə təmin edilmədiyi hissələrində qanunsuz və əsassız hesab edir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə ilk iddianın tam şəkildə rədd edilməsini, iş üzrə qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli səyyar (mövsümi) ticarət xidmətlərinin təşkili müqaviləsinin müvafiq qaydada təsdiq edilməmiş surətindən görünür ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan alma bağının ərazisindən 0,25 hektar torpaq sahəsi icarə haqqı ödənilməklə səyyar (mövsümi) ticarət məqsədi ilə 4 ay müddətinə iaşə xidmətlərinin göstərilməsi üçün hazırki iş üzrə cavabdehin istifadəsinə verilmişdir. Həmin fakt Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-248/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin müvafiq qaydada təsdiq edilməmiş surətindən görünür ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə hazırki iş üzrə cavabdeh arasında xx xxx 2018-ci il tarixdə 45 il müddətinə icarə müqaviləsi bağlanmış və həmin müqavilə Oğuz rayon Dövlət Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Həmin fakt Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-248/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli A 292302 nömrəli Torpaq sahəsinin planı vəölçüsü sənədinin müvafiq qaydada təsdiq edilməmiş surətindən görünür ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla, hazırki iş üzrə cavabdeh həmin torpaq sahəsinə münasubətdə hüquq sahibi kimi qeydə alınmışdır. Həmin fakt Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 248 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. İşdə olan Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, hazırki iş üzrə cavabdehə məxsus meyvə qurutma obyektinə aid layihə-smeta sənədlərinin və xərclər smetasının surətlərindən görünür ki, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar torpaq sahəsində meyvə qurutma obyektinin tikintisinə icazə verilmiş və bununla bağlı xərclər smetası Oğuz rayonunun baş memarı ilə razılaşdırılmaqla, Oğuz rayonu Filfilli Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054) - 248/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X5 və qeyrilərinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 18 saylı X8 və Hərrac Komissiyası, Oğuz rayon Notariat Ofisi və Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsinə qarşı torpaq hərracı müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə dair iddiaçılarla uzunmüddətli icarə müqaviləsinin bağlanması tələbinə dair 2019cu ildə Oğuz Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmənin qeyd olunan qətnaməsi ilə iddia tələbi qismən təmin edilərəkOğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac komissiyasının xx xxx 2018-ci il tarixli 134 saylı müsabiqəsinin nəticələri etibarsız hesab edilmiş, 0,2555 hektar torpaq sahəsinə dair Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə Cavabdeh arasında 45 il müddətinə bağlanmış xx xxx 2018-ci il tarixli uzunmüddətli icarə müqaviləsi ləğv edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə Cavabdeh arasında 45 il müddətinə bağlanmış xx xxx 2018-ci il tarixli uzunmüddətli icarə müqaviləsinin ləğv edilməsinin əsası kimi qeyd olunmuşdur ki, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq hərrac qanuni əsaslarla keçirilmiş olsa da, həmin torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı bələdiyyə tərəfindən yerinə yetirilməli olan təşkilati məsələlər və məlumatlandırma tədbirləri lazımi qaydada həyata keçirilməmişdir. Qeyd olunan əsaslara görə hərrac komissiyasının müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmişdir. 0,2555 hektar torpaq sahəsinə dair Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli icarə müqaviləsi də hərrac komissiyasının müsabiqəsinin nəticələri əsasında bağlandığına görə iddia tələbinin həmin icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi də təmin edilmişdir (Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-248/2019 nömrəli qətnaməsi, 9-cu səhifə, 7, 8 və 9-cu abzaslar). Mülki işin məhkəmə araşdırması ilə əlaqədar Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğular, yerinə yetirilmiş yaxşılaşdırma və abadlaşdırma işlərinin nədən ibarət olması, həmin işlərə hazırki vəziyyətdə mövcud bazar qiymətlərinə uyğun olaraq nə qədər vəsait sərf olunması, inşa edilmiş tikili və qurğuların həmin əmlaklara zərər yetirmədən ayrılıb aparılması və başqa yerdə yenidən istifadəsinin mümkün olub-olmaması, əgər mümkündürsə, ayrılıb aparılan əmlakların dəyərini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. “X2” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 201/2020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsinə mütəxəssis tərəfindən tərəfləriin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğulara, yerinə yetirilmiş yaxşılaşdırma və abadlaşdırma işlərinə hazırki vəziyyətdə mövcud bazar qiymətlərinə uyğun olaraq cəmi 12.106 (on iki min bir yüz altı) manat vəsait sərf olunmuşdur. İstifadə edilmiş mal və materialın zərər görmədən sökülərək başqa yerdə istifadəsi zamanı ayrıla bilən hissələri - 4 metr x 6 metr ölçülərdə (24 kv.metr) mətbəx binasının plastik qapı və pəncərəsi, dam örtüyünün taxta və şifer materialı - təkrar istifadə zamanı 30 % yararlı olmaqla 1050 manat, binaya bitişik kababxana və içərisinin qurulması zamanı istifadə edilmiş mal-material - təkrar istifadə zamanı 40 % yararlı olmaqla 220 manat, bir ədəd dəmir konstruksiyalı çardağın dəmir boruları - təkrar istifadə zamanı 30 % yararlı olmaqla 405 manat, dörd ədəd taxta konstruksiyalı çardağın taxta materialı və dəmir dam örtüyü - təkrar istifadə zamanı 30 % yararlı olmaqla 780 manat, işıq xəttinin çəkilməsi üçün istifadə edilmiş 1500 metr 16 mm-lik kabel təkrar istifadə zamanı 30 % yararlı olmaqla 200 manat, cəmi dəyəri 2655 (iki min altı yüz əlli beş) manat müəyyən edilmişdir. Digər əmlakların zərər görmədən sökülərək başqa yerdə istifadəsi, həmçinin, yerinə yetirilmiş yaxşılaşdırma və abadlaşdırma işlərinə çəkilən xərclərin bərpası qeyrimümkün hesab edilmişdir Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 155.2, 155.7, 157.2, 560.1, 560.2, 560.3, 560.3.4, 700.1 və 700.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 155.7-ci maddəsinəəsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinəəsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinəəsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.4-cü maddələrinin məzmununa görəəsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır Həmin Məcəllənin 700.1-ci maddəsinəəsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinəəsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində Oğuz rayonu Filfilli Bələdiyyəsi ilə hazırki iş üzrə cavabdeh arasında xx xxx 2018-ci il tarixdə 45 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan icarə müqaviləsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-248/2019 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Hazırki vəziyyətdə həmin ərazidən faktiki olaraq cavabdeh istifadə edir. Hazırda iddiaçı Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, Cavabdeh icarə hüququ ləğv edilmiş 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir, cavabdehin qarşılıqlı iddia tələbini isə qəbul etmir. İddiaçı öz tələbinin əsası kimi mübahisə predmetinə aid olan ərazinin bələdiyyə mülkiyyətində olmasınavə həmin əraziyə dair cavabdehin icarə hüququnun ləğv edilməsinə istinad edir, qarşılıqlı iddia tələbinə etirazının əsası kimi isə məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının iddia tələbinin 0,2555 hektar torpaq sahəsinin boşaldılmasına dair hissəsinə etiraz etmir, ancaq mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsinin 2018-ci ildə qanuni əsaslarala onun uzunmüddətli icarəsinə verildiyini, icarə hüququnun olduğu torpaq sahəsində inşa etdirdiyi tikili və qurğulara 11.623,24 manat vəsait sərf etdiyini bildirərək hazırda iddiaçı ondan 0,2555 hektar torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikilinin sökülməsini tələb etdiyinə görə o da inşa etdirdiyi tikili və qurğulara çəkilmiş xərcin əvəzi olaraq 11.623,24 manat maddi zərər məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi hazırda da iddiaçının mülkiyyətində olmaqla, həmin torpaq sahəsindən faktiki olaraq cavabdehin istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi, həmin hüquqların məhdudlaşdırılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, iddiaçının iddia tələbinin Oğuz rayonu Filfilli kəndinin “Aşağı alma bağı” adlanan hissəsində yerləşən, cavabdehn icarə hüququ ləğv edilmiş 0,2555 hektar torpaq sahəsinin boşaldılmasına dair hissəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında aydın olmuşdur ki, 2018-ci ildə tərəflər arasında uzunmüddətli icarə müqaviləsi bağlanandan sonra keçən müddət ərzində cavabdeh mübahisə predmetinə aid olan əraziyə vicdanlı sahib olaraq faktiki sahiblik etmiş, qeyd olunan ərazdə əsaslı tikili və qurğular inşa etmiş, eyni zamanda, həmin torpaq sahəsi üzərində ondan ayrılması mümkün olmayan yaxşılaşdırmalar həyata keçirmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(054)-70/2009 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan görünür ki, 0,2555 hektar torpaq sahəsinə dair tərəflər arasında 45 il müddətinə bağlanmış xx xxx 2018-ci il tarixli uzunmüddətli icarə müqaviləsi, bu müqavilənin bağlanması üçün müqaviləyə qədər olan prosedur qaydalarına bələdiyyə tərəfindən düzgün riayət olunmaması, torpaq sahəsinin icarəyə verilməsi prosesinin qanunazidd şəkildə həyata keçirilməsi əsası ilə ləğv edilmişdir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsinə dair tərəflər arasında bağlanmış uzunmüddətli icarə müqaviləsinin ləğv edilmə əsası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etməyi zəruru hesab etmişdir ki, cavabdeh mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi ilə bağlı 2018-ci ildə iddiaçı ilə uzunmüddətli icarə müqaviləsi bağlayarkən həmin müqavilə üzrə əldə etdiyi əmlakdan, adından da bəlli olduğu kimi, uzun müddət ərzində istifadə edib gəlir götürməyi düşünmüş, bu məqsədlə həmin ərazidə bir sıra tikili və qurğuların, daşınmaz əmlakların təməlini qoymuş, inşası nəzərdə tutulan infrastruktur obyekti üçün zəruri olan avadanlıqlar quraşdırmışdır. İddiaçının öz iddia tələbində də qeyd etdiyi kimi, həmin tikili və qurğular icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid olan 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğulara dair xərclər smetası da Oğuz rayonunun baş memarı ilə razılaşdırılmaqla, Oğuz rayonu Filfilli Bələdiyyəsinin özü tərəfindən təsdiq edilmişdir. Cavabdeh həmin ərazinin müqavilə müddətində, yəni 45 il ərzində özünün qanuni istifadəsində olacağına vicdanlı şəkildə güvənmiş və həmin torpaq sahəsinə dair mövcud olan hüquqlarının əsasını təşkil edən uzunmüddətli icarə müqaviləsinin gələcəkdə ləğv ediləcəyini güman etməmişdir. Mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, həmin torpaq sahəsini icarəyə vermək torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının hüququ olsa da, iddiaçı 2018-ci ildə, yəni tərəflər arasında müqavilə bağlanan zaman müqavilənin bağlanması üçün müqaviləyə qədər olan prosedur qaydalarına düzgün riayət etməməklə, torpaq sahəsinin icarəyə verilməsi prosesini qanunazidd şəkildə həyata keçirmişdir. Müqavilənin bağlanması üçün müqaviləyə qədər olan prosedur qaydaları cavabdehin iradəsindən asılı olmayan səbəblərdən yanlış şəkildə həyata keçirilmiş, bu səbəbdən həmin müqavilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, nəticədə isə müqavilə ləğv edilməklə bilavasitə cavabdehin mənafeyinə zərər dəymişdir. İddiaçı həmin icarə müqaviləsinin gələcəkdə baş verə biləcək hər cür mübahisələrdən və əsaslı şübhələrdən kənar şəkildə tərtib edilib təsdiq edilməsini təmin etməli olduğu halda, bunlara əməl etməyərək cavabdeh üçün mənfi nəticələrin yaranmasına bilavasitə səbəb olmuşdur. Cavabdeh heç bir təqsiri olmadığı və məsuliyyət daşımadığı halda, müqavilənin bağlanması üçün öz üzərinə düşən vəzifələri də tam şəkildə yerinə yetirməsinə baxmayaraq, müqavilənin digər tərəfinin, yəni bələdiyyənin müqaviləyə qədərki prosesləri lazımi səviyyədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etməməsi səbəbindən müqavilə üzrə əldə etdiyi hüquqlarından və müqavilə müddəti ərzində gözlənilən gəlirlərindən məhrum olmuş, eyni zamanda, gəlir əldə etmək məqsədi ilə indiyədək çəkdiyi xərclərin itkisi ilə üzləşmək məcburiyyətində qalmışdır. Hazırki iş cavabdehə maddi zərər məhz iddiaçının qanunazidd hərəkətləri nəticəsində dəymişdir. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış uzunmüddətli icarə müqaviləsinin ləğv edilməsi nəticəsində cavabdehə dəymiş maddi zərər məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Birinci instansiya məhkəməsi cavabdehə ödənilməli olan maddi zərərin miqdarını müəyyən edərkən məhkəməyə təqdim edilmiş layihə-smeta sənədlərinin və xərclər smetasının, “X2” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 201/2020 nömrəli rəyinin nəticələrini bir-biri ilə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, qeyd olunan mütəxəssis rəyində mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğulara, yerinə yetirilmiş yaxşılaşdırma və abadlaşdırma işlərinə hazırki vəziyyətdə mövcud bazar qiymətlərinə uyğun olaraq cəmi 12.106 manat vəsait sərf edildiyi göstərilsə də, cavabdeh qarşılıqlı iddia tələbində 11.623,24 manat vəsait sərf etdiyini bildirdiyinə və məhkəmə həmin mütəxəssis rəyini qarşılıqlı iddia tələbindən kənara çıxmaq üçün müstəsna hal kimi qəbul etmədiyinə görə mübahisə predmetinə aid olan 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğulara, yerinə yetirilmiş yaxşılaşdırma və abadlaşdırma işlərinə cavabdeh tərəfindən çəkilmiş xərc hazırki vəziyyətdə mövcud bazar qiymətlərinə uyğun olaraq 11.623,24 manat miqdarında müəyyən edilməlidir. Cavabdeh tərəfindən çəkilmiş xərclərin ümumi miqdarı olan 11.623,24 manat məbləğdən xx xxxxxxxx 2020-ci il tarixli 201/2020 nömrəli mütəxəssi rəyi ilə ayrılması mümkün hesab edilən və ümumi dəyəri 2655 manat müəyyən olunan hissəslərin dəyəri çıxılmaqla, maddi zərər məbləğinin 8968,24 manatdan ibarət hissəsinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsini, 0,2555 hektar torpaq sahəsində inşa edilmiş tikili və qurğuların, mütəxəssisin rəyi ilə ayrılması mümkün hesab edilən və ümumi dəyəri 2655 manat müəyyən olunan hissələrinin isə cavabdeh tərəfindən sökülüb aparılmasına icazə verilməsini, həmin hissələrin sökülüb aparılmasına iddiaçı tərəfindən maneə törədildiyi halda, qeyd olunan hissələrin də dəyərinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin 0,2555 hektar torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki iş üzrə verilmiş qarşılıqlı iddia tələbinin qismən də olsa, təmin edilməsi, həmin iddianın qeyd olunan hissəsinin tam və ya qismən təmin edilməsini istisna edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının iddia tələbinin 0,2555 hektar torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsinə dair hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk və qarşılıqlı iddia tələblərinin, həmin iddia tələbləri üzrə təmin edilmiş hissələrin bir-biri ilə əlaqədar olması nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə əsasən qətnamə hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçının məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumu ödəməkdən azad olunduğu nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apellyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Oğuz rayonu Filfilli Bələdiyyəsinin sədri X6 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-177/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar