Məhkəmə qərarları › İş №2(107)-364/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-364/2025

11.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-364/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və X1 ibarət tərkibdə; İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma, qəsdə son qoyma və s. tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma, qəsdə son qoyma və s. tələbinə”nə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 05 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma, qəsdə son qoyma və s. tələbinənə dair” iddia ərizəsi baxılmamış saxlanılmış, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...şikayətin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bölməsində də qeyd etdiyimiz üzrə məhkəmə qanunun normasını düzgün tətbiq etməmişdir. Zaqatala Rayon Məhkəməsinin qeyd olunan nöqsanı öz qərardadında istinad etməsinə baxmayaraq, elektron məhkəmə sisteminə göz gəzdirsək bunların həqiqətə uyğun olmadığı müəyyən oluna bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 260-ci maddəsinə ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin qərardadı qəbul edilərkən yuxarıda qeyd olunan qanunun norması Zaqatala Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən Zaqatala Rayon Məhəkəməsin 05 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qərardadının ləğv edilməsi və məhkəmə icraatının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qəraradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(033)- 128/2025 saylı qərardadı ləğv edilməli, mülki işin materialları Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası ilk dəfə xx.xx.2024-cü il tarixə saat 10:35-ə təyin edilmişdir. Həmin iclasda Cavabdeh3 iştirak etmiş, iddiaçı özü və digər cavabdehlər isə iştirak etməmişlər. İddiaçı ərizə ünvanlayaraq mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçiriləcək hazırlıq iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmənin hazırlıq iclasını onun iştirakı olmadan keçirərək mülki işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:40-a təxirə salınsa da, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclası həmin səbəbdən xx.xx.2025-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. Həmin iclasda Cavabdeh3 iştirak etmiş, iddiaçı özü və digər cavabdehlər isə gəlməmişdirlər. İddiaçı ərizə ilə müraciət edərək, hazırlıq iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və növbəti dəfəyə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 09:40-a təxirə salınmışdır. İşdə iştirak edən şəxslər, bu məhkəmə iclasına da gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, hazırlıq iclasında səhhətində yaranmış problemlərlə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, üzrlü hesab edərək hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini, növbəti dəfəyə baxış iclası təyin edilməsini xahiş etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı məhkəməyə ünvanladığı ərizələrində səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etsə də, bu barədə sübutları təqdim etməmişdir. Onun məhkəmə gəlməməyinin səbəblərinin üzürlü olması təsdiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri ilə razılaşmır. Belə ki, ərizənin baxılmamış saxlanılmasının əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddədəsində göstərilmişdir. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...); 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; İşdən görünür ki, hazırkı iş üzrə iddiaçı 4 dəfə ərizə ilə müraciət edərək iddiasını tam olaraq müdafiə etdiyini, məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasına gələ bilməyəcəyi barədə məhkəməni məlumatlandırmış və məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hətta, iddiaçı ərizələrinin birisində iddianın tam olaraq təmin edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Maddənin məzmununa görə, məhkəmə 259.0.6-cı və 259.0.7-ci maddələrini o vaxt tətbiq edə bilər ki, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlməsinlər. Lakin indiki halda iddiaçı ərizələrində səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi barədə sübutları məhkəməyə təqdim etməsə də, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda işin baxılmamış saxlanmasına səbəb olan yuxarıda sadalanan qanuni əsaslar yaranmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi hallarına düzgün qiymət verməmiş, iddianın baxılmamış saxlamaqda səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qərardadı tam, 10 fevral 2025-ci il tarixli, e-2(033)-128/2025 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar