Məhkəmə qərarları › İş №2(107)-365/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-365/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-365/2022 05.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(014)-541/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun övladı ilə birlikdə mənzildən istifadə hüququ tanınmaqla, qeydiyyatda olduğu Ağdaş şəhəri, Şəmsabad kəndində qeydiyyatda olduğu ünvana, həmin ünvandakı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(014)-541/2021 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin edilmiş, İddiaçı 03 yanvar 2020-ci ildə anadan olmuş qızı X3 ilə birlikdə qeydiyyatda olduqları Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-807/2021 saylı 03.08.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26.04.2019-cu il tarixli 02 saylı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-262/2020 saylı 06.02.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 09.01.2020-ci il tarixdən başlayaraq, 03.01.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində alimetin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh5 Ramis oğlunun və ailə üzvlərinin, Cavabdeh2, Cavabdeh5 Ramis oğlu, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 97 saylı, 10 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına Ağdaş rayonu, Şəmsabad kəndində daşınan və daşınmaz əmlak yoxdur və həmçinin iri buynuzlu, xırda buynuzlu mal-qara, ev quşları yoxdur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 101 saylı, 10 fevral 2021-ci il tarixli arayışa əsasən Cavabdeh5 Ramis oğlu ailə üzvləri arvadı Cavabdeh2, oğulları Cavabdeh1 və Cavabdeh4 ilə birlikdə Ağdaş rayonu, Şəmsabad kəndində yaşayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikah pozulmuş və İddiaçı övladı ilə valideynlərinin yanında yaşayır. İddia edilən Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evi cavabdehlərin mülkiyyətindədir. Həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər İddiaçı həmin evə köçürülməsinə etirazları olmadığından, İddiaçı 03 yanvar 2020-ci ildə anadan olmuş qızı X3 ilə birlikdə qeydiyyatda olduqları həmin evə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni 01 oktyabr 2009-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2-ci, 77.1, 106.3, 191.3, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi mülkiyyət hüququ barədə sənəd üzrə Cavabdeh5 Ramis oğluna məxsusdur. Cavabdeh1 Ramis İsmayılovun oğlu, iddiaçı isə keçmiş gəlinidir. İddiaçı ilə Cavabdeh1 arasında qeyd edilmiş nikah məhkəmə qaydasında pozulmuşdur və iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli yaşayış evindən çıxıb öz valideynlərinin yanına getmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından onların arasında qeyd edilmiş nikah pozulduğundan və fərdi yaşayış evi Cavabdeh5 mülkiyyətində olduğuna görə keçmiş ailə üzvü olmuş iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Onlar iddiaçı ilə Cavabdeh1 arasında qeyd edilmiş nikahın pozulmasını istəməmiş və həmin ailənin bərpasına çalışmışlar. Bu iş üzrə keçirilən məhkəmə iclasında Cavabdeh1 izahatında iddiaçı ilə barışmamaqda israrlı olduğunu bildirərək iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsinə qəti etirazını bildirmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər isə iddiaçı ilə Cavabdeh1 barışaraq ailələrini bərpa etdikləri təqdirdə gəlinləri kimi iddiaçının həmin evə köçürülməsinə razılıq vermişlər. Lakin iş üzrə qəbul edilmiş qətnamədə onların hər birinin izahatları təhrif olunaraq guya iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsinə razı olduqlarını bildirmələri qeyd edilmişdir. Bir daha bildirirlər ki, onlar məhkəmə iclasında verdikləri izahatlarında qeyd edilən şərt daxilində iddiaçının həmin evə köçürülməsinə razı olduqlarını bildirmişlər. Bütün bunlara baxmayaraq işə baxan məhkəmə işin yuxarıda göstərdiyi faktiki hallarını tam və hərtərəfli araşdırmamış, veridikləri izahatlar təhrif olunmuş, nəticədə yuxarıda göstərdiyi maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olduğu yuxarıda qeyd etdiyi maddi hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi maddi hüquq normalarını da səhv təfsir etmişdir. Ağdaş Rayon Məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərinə toxunsa da, onların iddiaçının Cavabdeh1 ilə barışaraq ailəsini bərpa etdiyi halda, evə köçürülməsinə razı olduqlarını sadəcə olaraq cavabdehlərin iddiaçının mübahisəli evə köçürülməsinə razı olduğunu iddianı etiraf etməyi kimi qiymətləndirmişdir. İddiaçı isə onların şərtləri ilə razılaşmamışdır. Ağdaş Rayon Məhkəməsi İddiaçı cavabdehlərin yaşadığı evə köçürülməsi qənaətinə gələrkən onların iddianı etiraf etmələrinə əsaslanmışdır. Halbuki, cavabdehlər iddiaçının yuxarıda qeyd etdiyi şərtlər daxilində evə köçürülməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə iddiaçının onların həmin şərtlə razılaşmamasına toxunmamış, buna hüquqi qiymət verməmişdir. Əgər iddiaçı həmin şərtləri qəbul etmirsə, mənzil qanunvericiliyinin yuxarıda göstərdikləri normalarının tələbinə görə iddiaçının evə köçürülməsinə hüququ yaranmır. İşə baxan məhkəmə izahatlarını təhrif etməklə onların iddianı “etiraf etməyimizə” istinad etməsi işin yuxarıda qeyd olunan həqiqi hallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh1 qarşı “qeydiyyatda olduğu mənzilə köçürülmə” tələbinə dair 2(014)-541/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflərin məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(014)-541/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişsə də, maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən ümumi sahəsi 43.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh5 Ramis oğlunun və ailə üzvlərinin, Cavabdeh2, Cavabdeh5 Ramis oğlu, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah 26.04.2019-cu il tarixdə bağlanmışdır. Həmin vaxtdan iddiaçı mübahisəli mənzilə köçmüşdür. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 807/2021 saylı 03.08.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26.04.2019-cu il tarixli 02 saylı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-262/2020 saylı 06.02.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 09.01.2020-ci il tarixdən başlayaraq, 03.01.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində alimetin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(014)-541/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası İddiaçı 03.01.2020-ci il təvəllüdlü övladı ilə birlikdə cavabdehlərin mülkiyyətində olan, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən mənzilə köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2019-cu ilin aprel ayında, yəni iddiaçının cavabdehlərin evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Belə ki, apellyator şikayətində göstərmişdir ki, iddiaçı Cavabdeh1 keçmiş arvadı, Cavabdeh5 Ramis oğlunun keçmiş gəlinidir, yəni onların ailə üzvü və yaxud yaxın qohumu deyildir, apellyatorların onu saxlamaq və yaşayış sahəsi ilə təmin etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Digər apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, onlar birinci instansiya məhkəməsinin iclasında iddianı etiraf etməmişlər. Onlar məhkəmədə əgər iddiaçı əri ilə barışarsa onun mübaisəli mənzildə yaşamasına razı olduqlarını bildirmişlər. Məhkəmə kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia tələbinin etiraf edilməsi ilə əsaslandıraraq iddia ərizəsini təmin etmiş, maddi hüquq və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Hazırki halda isə cavabdehlərin iddianı etiraf etməsi iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan məhkəmə iclasının protokolunu nə iddiaçı, nə də ki, cavabdeh tərəf imzalamamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsaslıdır. Beləliklə apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər iddiaçının mübahisəli evə köçməsinə razı deyillər. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından, iddiaçının cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur və o, uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(014)- 541/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(014)-541/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar