Məhkəmə qərarları › İş №2(107)-365/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-365/2023

27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-365/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarılma və həmin torpaq sahəsi üzərində əkilmiş ağacların çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarılma və həmin torpaq sahəsi üzərində əkilmiş ağacların çıxarılması, şikayətin dəlilləri qətnamənin ləğvinə əsas olmamışdır) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarılma və həmin torpaq sahəsi üzərində əkilmiş ağacların çıxarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (məqsədli istifadə növü - çoxillik əkmələr) İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdehlər tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehin hesabına torpaq sahəsindən çıxarılması, hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavablehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (məqsədli istifadə növü - çoxillik əkmələr) vardır. Qeyd olunan əmlak üzərində İddiaçı və ailə üzvlərinin hüquqları 22 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (məqsədli istifadə növü - çoxillik əkmələr) zəbt edərək sonuncuların həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik törətmişdir. Bununla yanaşı, iş üzrə Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (məqsədli istifadə növü - çoxillik əkmələr) İddiaçı razılığı və icazəsi olmadan son bir neçə ildə 40 ədəd fındıq kolu (ağacı) əkmişdir. İddiaçı Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (əmlaka daxil olmağa qoymamaq) son qoymasını, zəbt etdiyi əmlakdan çıxmasını və son bir neçə ildə əkdiyi 40 ədəd fındıq kolunun çıxarılmasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı, qətnaməsi (hakim T.Həsənov) ilə iddia ərizəsi qismən təmin edilmiş, ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********54 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda göstərilən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, Cavabdeh vəkilə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin və 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Reyestr nömrəsi **********54 olan Zaqatala rayonu Əliabad Qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X8, İddiaçı, X5, X6 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən olan X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh etibar etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdehlər tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh iddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmamış (zəbt etməmiş) və torpaq sahəsindən həmin əmlakın mülkiyyətçisi olan qardaşı-X8 tərəfindən verilmiş etibarnamə əsasında sahiblik və istifadə edir. Qanunvericiliyin tələbindən də görünür ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Şərh edilənlərə əsasən məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdeh tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh X4 iddianın predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahibliyi qanunsuz olmamışdır və buna görə də iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin “İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri olan İddiaçı, X8 və həmin əmlakın digər mülkiyyətçiləri arasında ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və sahibliyə dair razılaşma mövcud olmadığından iddianın predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyətçilər birgə sahiblik etməli və ondan birgə istifadə etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Əliabad Qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır və məhkəmə hesab edir ki, Cavabdeh Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin həmin hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X9rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 200 manat məbləğini təyin etməyi ağlabatan hesab etmişdir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4, 213.1, 213.6 və 222.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 89, 107, 119.1, 121.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh X13 onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (məqsədli istifadə növü – çoxillik əkmələr) zəbt edərək sonuncuların həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik törətmişdir. Bununla yanaşı, cavabdeh X1 rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (məqsədli istifadə növü – çoxillik əkmələr) onun razılığı və icazəsi olmadan son bir neçə ildə 40 ədəd fındıq kolu (ağacı) əkmişdir. O, cavabdeh X7 mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (əmlaka daxil olmağa qoymamaq) son qoymasını, zəbt etdiyi əmlakdan çıxmasını və son bir neçə ildə əkdiyi 40 ədəd fındıq kolunun çıxarılmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Belə ki, işdən də göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, o cümlədən, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 88 və 217-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin halları və maddi hüquq norması bölməsində həmin hallar təkrar-təkrar qeyd edilmişdir. Odur ki, Zaqatala Rayon Məhəkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsini iddianın təmin edilməmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, reyestr nömrəsi **********54 olan Zaqatala rayonu Əliabad Qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X8, İddiaçı, X5, X6 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən olan X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh etibar etmişdir. Apellyator apellyasiya şikayətlərinin dəlillərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri bu hissədə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, eyni zamanda maddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Daha sonra apellyator şikayətində qeyd etmişdir ki, cavabdeh X13 onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (məqsədli istifadə növü – çoxillik əkmələr) zəbt edərək sonuncuların həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik törədir. Bununla yanaşı, cavabdeh X1 rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (məqsədli istifadə növü – çoxillik əkmələr) onun razılığı və icazəsi olmadan son bir neçə ildə 40 ədəd fındıq kolu (ağacı) əkmişdir. O, cavabdeh X7 mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (əmlaka daxil olmağa qoymamaq) son qoymasını, zəbt etdiyi əmlakdan çıxmasını və son bir neçə ildə əkdiyi 40 ədəd fındıq kolunun çıxarılmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilləri ilə razılaşmır və aşaıdakıların qeyd edilməsini vacib hesab edir; Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh iddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmamış (zəbt etməmiş) və torpaq sahəsindən həmin əmlakın mülkiyyətçisi olan qardaşı-X8 tərəfindən verilmiş etibarnamə əsasında sahiblik və istifadə edir. Cavabdeh X4 iddianın predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahibliyi qanunsuz olmamışdır və buna görə də iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********54 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaqlar təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət növü kimi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X8, X5, X6 və X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X8 tərəfindən Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla razılaşdırılmış əqdləri bağlamağı, xüsusilə: icazəsiz tikintini qanuniləşdirmək, istənilən daşınmazı almaq, satmaq, bəxşiş qəbul etmək, dəyişmək, icarəyə vermək, müqavilələri ləğv etmək, tikintini və digər əmlakı girova qoymaq və qəbul etmək, təmir işləri aparmaq, bağlanmış müqavilələr, əqdlər üzrə hesablar icra etmək, sərəncam verməyi və maraqlarını təmsil etməyi, onun xeyrinə bu etibarnamədə nəzərdə tutulmuş məqsədlər üçün yerinə yetirmək və s. etibar etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(033)-839/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar