Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-366/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçıların vəkili X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Şəki Аpellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küçəsi, ev 3/2 saylı evə istifadə hüququqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnаməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 saylı evə istifadə hüququqları tanınması və onların Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 saylı evə köçürülmələri, iddia tələbinin qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan məhkəmə qətnaməsində X2 ifaədsindən də görünür ki, o bildirir ki, «gəlini ona baxmadığından evi qızına bağışlamışdır». İşə baxan məhkəmə nə üçün isə işin bu halını araşdırmadan iş materiallarında olan köhnə qeydiyyat vəsiqəsinə əsaslanmış və artıq bu evin onun mülkiyyətində olmasını araşdırmamışdır. Nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmşdır. İş materiallarında olan sübutlar iddiaçı tərəfindən toplanmalı halda nə üçün isə məhkəmənin sorğuları əsasında toplanmışdır. Baxmayaraq ki, AR MPM-nin 77-78 ci maddəlrinə əsasən sübütetmə idiaçının üzərinə düşür. Lakin iş materiallarından görünür ki, qeydiyat vəsiqəsinin surətini və torpaq sahəsinin planı məhkəmə sorğunu ilə əldə edilmişdir. Bundan əlavə iddiaçı bildirir ki, Cavabdeh2 onları evdən qovmuşdur və onlar məcbur qalıb kirayədə qalmalı olmuşlar. Lakin ərazi üzrə polis idarəsindən alınmış aryışdan müəyyən olunur ki, iddiaçıların evdən qovulmaları ilə əlaqədar polis orqanına müraciəti olmamışdır. Bu da onu göstərir ki, iddiaçı könüllü olaraq evdən çıxıb getmiş və evdən gedərkən özlərinə məxsus əşyalarını da özləri ilə aparmışlar. Daha sonra məhkəmə qətnaməsində iddiaçıların həmin mənzildə pasport qeydiyyatlarının olması göstərilsə də, onların heç biri ona məxsus olan evdə pasport qeydiyyatında olmamışlar və yoxdurlar da. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçıların vəkili X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər və maraqlarına toxunan şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə müəyyən ediliş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehlərin övladı X4 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin getmişdir. Həmin vaxtdan 2020-ci ilin iyun ayının 21-dək qeyd edilən evdə yaşamışdır. Həmin evdə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı 2 övladları olmuşdur. Övladları da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar. İddiaçı1 əri Xəqani Rəcəbovun vəfatından sonra həmin evdə yaşamasına ciddi şəkildə maneələr yaradıldığından 2020-ci ilin iyun ayının 21-də evdən çıxaraq məcburən başqa yerdə kirayədə yaşamalı olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixindən əvvəl yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Mübahisə yaranan zaman qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı1 cavabdehlərin övladı X4 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin getmişdir. Həmin vaxtdan 2020-ci ilin iyun ayının 21-dək qeyd edilən evdə yaşamışdır. Həmin evdə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı 2 övladları olmuşdur. Övladları da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar. İddiaçı1 əri Xəqani Rəcəbovun vəfatından sonra həmin evdə yaşamasına ciddi şəkildə maneələr yaradıldığından 2020-ci ilin iyun ayının 21-də evdən çıxaraq məcburən başqa yerdə kirayədə yaşamalı olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar mübahisə predmeti olan evdə yaşayan zaman mülkiyyətçi tərəfindən ona başqa qeyd-şərt göstərilməmiş, evin mülkiyyətçisinin oğlu ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Bundan başqa iş materiallarında olan bağışlama müqaviləsindən görüünür ki, Cavabdeh1 Şəki şəhəri, Ə.Cəfərov küçəsi, ev 3/2 saylı evini xx xxxx 2020-ci il tarixdə qızı Maraqlı şəxs bağışlamış, onun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Yəni Maraqlı şəxs mübahisə predmeti olan evi yüklü şəkildə qəbul etmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-ci maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət eti: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-366/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-366/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver