Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-366/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: Maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 kv.m olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən onun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Zaqatala rayonu, Yeni Suvagil kəndində ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ üzrə 0,17 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, JN seriyalı 427F nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Hazırda, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ üzrə 0,17 ha həyətyanı torpaq sahəsindən həmin əmaklara daxil olmağa qoymamaqla sonuncunun əmlakdan istifadə və sahiblik etmək hüququnun həyata keçirilməsinə maneçilik törədir. Bununla yanaşı, iddiaçı Qədirov X11 rayonu, Suvagil kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu çöl-ölçmə işlərinə iş üzrə cavabdeh - Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 24 iyun 2022-ci il tarixli, **********69 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı Cavabdeh Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını və həmin əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsi (hakim T.Həsənov) ilə iddia təmin edilmiş, JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999- cu il tarixli 79 saylı qərarı ilə Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X12, X8, X9, X6 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999- cu il tarixli 79 saylı qərarı ilə Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X12, X8, X9, X6 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilinin dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən Zaqatala rayonu Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X12, X8, X9, X6 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m tikili inşa edilmişdir. Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,1695 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və həmin əmlaka dair texniki sənədlərin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Zaqatala rayonu Suvagil kəndində yerləşən mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
5. İddiaçı ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən Zaqatala rayonu Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir və iddiaçı qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə olmamaq şərti ilə həmin torpaq sahəsinə qanunda müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Cavabdeh tərəfindən 0,17 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan-İddiaçı həmin torpaq sahəsinə və üzərində inşa edilmiş ümumi sahəsi 199 kv.m olan tikiliyə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətləri qanunsuzdur və iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Ona görə də, cavabdehin onunla birlikdə iddiaçıya da məxsus olan əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.
6. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı müraciəti əsasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 199 kv.m olan tikili üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum onun özünə aid edilməlidir
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.4, 152.5, 153.4, 157.1, 157.2, 157.4, 158.4, 213.1, 222.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən ümumi birgə mülkiyyətçilər olan X3, X4, X2 və X5 iş üzrə prosessual üçüncü şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş həyətyanı torpaq sahəsidir.
11. "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017- ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
12. Kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərindən birinin "Təsərrüfat başçısı" kimi qeyd olunması həmin şəxsə digər ailə üzvlərinə münasibətdə heç bir imtiyaz, üstünlük vermir və yalnız hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir. Hesab edir ki, məhkəmə İddiaçı "Təsərrüfat başçısı" olmasına üstünlük verməklə, iddia ərizəsini təmin etməkdə qərəzli olmuşdur.
13. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.1, 57.1, 76,77, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasına göndərdiyi məktubunda nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etsə də Cavabdeh, üçüncü şəxslər X8, X9, X6 və X10 gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Konstitusiyası:
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
21. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)- 847/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən Zaqatala rayonu Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, Cavabdeh, X8, X9, X6 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m tikili inşa edilmişdir. Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,1695 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq, əmlak üzərində mübahisənin olması səbəbindən qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
30. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Zaqatala rayonu Suvagil kəndində yerləşən mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmənin qətnamə qəbul edərkən ümumi birgə mülkiyyətçilər olan X3, X4, X2 və X5 iş üzrə prosessual üçüncü şəxs kimi cəlb etməməsi, beləliklə də kobud pozuntulara yol verməsi, beləliklə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına dair dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci maddəsində üçüncü şəxsin cəlb edilməsi imperativ vəzifə olaraq məhkəmənin üzərinə qoyulmamış, qəbul ediləcək qətnamənin tərəflərin hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə onların prosesdə iştirak edə bilmə imkanları nəzərdə tutulmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X3, X4, X2 və X5 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməsə də onların əmlak və sair hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hər hansı bir qərar qəbul etməmiş, əksinə onların da birgə mülkiyyətçiləri qismində çıxış etdikləri həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına maneçiliklərin aradan qaldırılmasını qət etmişdir.
33. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş X8, X9, X6 və X10 məhkəmə kollegiyasının iclasına gəlməməklə, yaxud da əlavə müraciət ünvanlamamaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin onların hüquq və vəzifələrinin məhdudlaşdırılması ilə nəticələnməsinə dair heç bir fikir ifadə etməmişlər.
34. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmənin İddiaçı "Təsərrüfat başçısı" olmasına üstünlük verməklə, iddia ərizəsini təmin etməkdə qərəzli olmasına dair dəlili ilə də razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Belə ki, işdə olan Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışdan görünür ki, Yeni Suvagil kənd Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan yaşayış evi vardır.
36. Məhkəmə kollegiyasının İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan Yeni Suvagil kənd Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində qeyd edilmiş yaşayış evinin hansı tarixdə inşa edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə verdiyi sorğuya cavabla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 31 mart 2023-cü il və 03 aprel 2023-cü il tarixdə verilmiş məktublardan ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan fərdi yaşayış evinin 1985-ci il tarixdə inşa edilməsi müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışa istinad edilsə də iş materialından İddiaçı "Təsərrüfat başçısı" olmasına əlavə bir üstünlük verilməsi halı müəyyən edilməmiş, apellyator tərəfindən də bu üstünlüyün nədə ifadə edilməsi əsaslandırılmamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin və üçüncü şəxslərin birgə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, tərəflərin və üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilinin dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulmasında 1985-ci ildə inşa edilməklə üzərində gözlənilən mülkiyyət hüququ olan təsərrüfat başına kitabdakı qeydiyyata istinad edilməsi iddiaçının "Təsərrüfat başçısı" olmasına üstünlük verilməsi kimi deyil, qanunvericilikdə təsərrüfatbaşına kitabla bağlı qoyulmuş tələblərə riayət edilməsi kimi qəbul edilməlidir.
39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə və həmin Fərmanla təsdiq edilmiş siyahının 2.3-cü bəndinə əsasdən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təsərrüfat başına kitaba istinadən ümumi sahəsi 199 kv.m olan tikiliyə gözlənilən mülkiyyət hüququnun olması müəyyən edilməsinə baxmayaraq müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərinin, yüksək gərginlikli elektrik şəbəkəsinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonasında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi halı müəyyən edilməmişdir.
41. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin ayrı-ayrı maddələrinin tələblərinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarının da tələblərinin pozulması hallarına yol verilmədiyindən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
42. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
43. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-847/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.