Məhkəmə qərarları › İş №2(107)-368/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-368/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-368/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddiaçılar İddiaçı1nın və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı1 dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun özünə aid edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 100 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ailəsi ilə birlikdə köçüb həmin evin ikinci mərtəbəsində yaşamalarına və həmin otaqlardan istifadə etmələrinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Heç bir baxış keçirilmədən, həmin otaqlarda yaşayış olub-olmadığını araşdırmadan qərar vermişlər. Halbuki o, uzun illərdir ki, həmin evin ikinci mərtəbəsində ailəsi ilə birlikdə yaşadıqları halda onları evin ikinci mərtəbəsindən çıxarmışlar. Cavabdehlərin evin ikinci mərtəbəsinə köçürülmələrinə dair qərar verilsə də, onların oradan çıxarılmaları qət edilməmişdir. Halbuki onlar həmin evdən çıxarılmışlar. O, 1963-cü il tarixdə ünvan 1-də anadan olmuşdur. Həmin evdə boya başa çatmışdır. 1995-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. 55 ildir ki, ata evində yaşayır, onun 23 ilini ailəli olaraq yaşamışdır. İddiaçı2 ilə evləndikdən sonra onun cehiz əşyaları evin ikinci mərtəbəsinə gətirilmişdir. Onlar orada yaşamışlar. Cavabdehlər ikinci mərtəbəyə köçürülsələr də, evin birinci mərtəbəsindən də istifadə edirlər. Onlar, yəni iddiaçılar, onların qızları və yaşlı anaları ilə birlikdə evin birinci mərtəbəsində dar otaqda yaşayırlar. Lakin cavabdehlər həm ikinci mərtəbədən, həm də birinci mərtəbədən istifadə edirlər. Onları isə ikinci mərtəbədən istifadə etməyə qoymurlar. Ona görə də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 аpelyаsiyа şikаyəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılmış və iddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 nömrəli dəyişdirlmədən qüvvədə saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli 2(107)- 364/2020 nömrəli qətnaməsindən iddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-4519/2020 nömrəli qərarı ilə iddiаçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz, ədalətsiz və əsassız hesab edir. İşin hallarından da göründüyü kimi, hazırkı vəziyyətdə iddiaçıların və cavabdehlərin mübahisəli fərdi yaşayış evinə olan hüquqları eynidir. Lakin, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin ikinci mərtəbəsini naturada onlara bölünmüş əmlak kimi istifadə edir və evə digər hüququ olan şəxslərə evin həmin sahəsindən istifadəyə maneçilik törədirlər. Halbuki, iş materiallarında olan məhkəmə qərarlarından da göründüyü kimi, cavabdehlərin həmin evə istifadə hüquqları tanınmış və sonuncular qeyd olunan evin 2-ci mərtəbəsinə köçürülmüşdürlər. Qeyd olunan qətnamələrdə evə digər hüququ olan şəxslərin istifadə hüquqlarına xitma verilməmiş və onlar həmin hissədən çıxarılmamışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıları həmin sahədən zorla çıxarmışdırlar. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(033)-58/2013 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)- 379/2013 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(102)- 136/2014 saylı qərarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin ikinci mərtəbəsinə köçürülməsinin səbəbi evin kürsü mərtəbəsinin yaşayış üçün yararsız olması olmuşdur. Qeyd olunan fərdi yaşayış evi kürsü və yaşayış mərtəbəsi olmaqla, ümumilikdə 2(iki) mərtəbədən və cəmində 2 (iki) otaqdan ibarətdir. iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 11529 nömrəli ekspert rəyi ilə bu hal bir daha öz təsdiqini tapmışdır. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixli, 11529 nömrəli ekspert rəyində qeyd olunur ki, "... yaşayış (yataq otağı kimi istifadə olunan) otağının daxili hündürlüyünün isə 1.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir." Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsindən belə başa düşülür ki, sanki evin yaşayış mərtəbəsi naturada ayrılaraq iş üzrə cavabdehlərə verilmiş və onlardan başqa həmin hissədən (yaşayış otaqlarından) heç kimin istifadə etmək hüququ yoxdur, o cümlədən, həmin evə istifadə hüququ olan digər şəxslər yalnız yaşayış üçün yarasız olan hissədən istifadə edə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 100 manat ekspertiza xərcinin də onlardan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Halbuki, iddiaçılar evin kürsü mərtəbəsinin yaşayış üçün yarasız olması ilə bağlı iş materiallarında sübutlar olması səbəbindən, təkrarən bununla bağlı ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verməmişlər. Ekspertizanı məhkəmədən tələb edən şəxslər cavabdehlər olmuşlar ki, həmin məbləğ də cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə, maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən evin birinci mərtəbəsində faktiki olaraq yaşamaq mümkün deyil. Bu barədə ekspert rəyi də var. Ali Məhkəmə də bu səbəbdən qətnaməni ləğv edərək, yenidən apellyasiya məhkəməsinə qaytarmışdır. Cavabdeh hansı əsasla onları ikinci mərtəbəyə buraxmır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həmin evin ikinci mərtəbəsindəki otağa gəlin köçmüş, cehiz əşyaları da son vaxtlara qədər orada olmuşdur. Lakin sonradan cavabdehlər əşyaları həmin otaqdan çıxarmışdır. Hazırda evin birinci mərtəbəsi nəmişlik olduğundan yaşamaq mükün deyil. Ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli evin ikinci mərtəbəsi iki otaqdan ibarətdir. Onlar özü də məhkəmə qərarı əsasında həmin evə köçmüşlər. Bu gün iddiaçı tərəfin evin ikinci mərtəbəsinə köçməsinə etiraz edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar iddiaçını evdən çıxarmamışlar. İddiaçılar hazırda evin birinci mərtəbəsində yaşayırlar. Onlar özü də məhkəmə qərarı əsasında həmin evə köçmüşlər. Himayəsində böyük oğlu var. Bir yerdə yaşamaları mümkünsüzdür. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. . Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2271/2006 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh1 və qeyrilərindən evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-64/2007 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh1 qarşı vərəsəlik hüququndan məhrum edilməsinə dair iddiası rədd edilmiş, iddianın Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılması hissəsinə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(033)58/2013 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə X4 məxsus ünvan 3 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)379/2013 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X12, onun nümayəndəsi İddiaçı1, cavabdeh X1, qətnamə maraqlarına toxunan şəxslər X10, X7, İddiaçı2 Fikrət qızı və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(102)- 136/2014 nömrəli qərarından görünür ki, cavabdeh X12, nümayəndəsi İddiaçı1 və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)-379/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(033)1000/2018 nömrəli qətnaməsindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri S.Qocayev küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evindən, o cümlədən, həmin evin birinci mərtəbəsindən faktiki istifadə etmələrinə dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(107)3212/2018 nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(033)-1000/2018 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11529 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli rəyində göstərilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yardımçı (köməkçi) tikililərin daxili hündürlüyünün İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1. bəndinin tələblərinə uyğun olduğu, yaşayış (yataq otağı kimi istifadə olunan) otağının daxili hündürlüyünün isə 1.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Eyni zamanda, yaşayış (yataq) otağının daxili sahəsi 21,2 kv.m., eni 4,25 metr ölçüdə olduğundan, otağın bu göstəricilərinin İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilir. Lakin, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasport mülki iş materiallarında olmadığından, evin birinci mərtəbəsinin yaşayış üçün nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün deyildir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(107)-379/2013 saylı qərardadına əsasən keçirilmiş xx xxxx 2013-cü il tarixli, 9911 nömrəli məhkəmə ekspertizanın rəyi verildikdən sonra, hazırki qərardad əsasında keçirilmiş ekspertiza baxışı dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan yaşayış (yataq) və yardımçı (köməkçi) tikililər üzrə hər hansı dəyişiklik aparılmaması müəyyən edilir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsinin yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyət darvazasından daxil olduqda həyətin sağ tərəfində fərdi yaşayış evi yerləşir, həmin ev 2 mərtəbəlidir. Birinci mərtəbənin girişi ayrı, ikinci mərtəbənin girişi ayrıdır. Birinci mərtəbədə iddiaçılar yaşayır. Birinci mərtəbədə evə daxil olduqda giriş sahəsi, yataq otağı və iki mətbəxdən ibarətdir. Fərdi yaşayış evinin ikinci mərtəbəsində bir giriş sahəsi və iki otaq mövcuddur. Orada cavabdehlər yaşayırlar. Əvvəllər təyin оlunаrаq keçirilmiş məhkəmə tikinti-texniki ekspertizаlаrın müvаfiq rəylərində mübаhisə predmeti оlаn evin birinci mərtəbəsinin ölçülərinə dаir müvаfiq qeydlər göstərilmişdir. Zaqatala rayon bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 34 saylı məktubundan görünür ki, X8 vergi ödəyicisi kimi Zaqatala bələdiyyəsində qeydiyyatdadır. ünvan 2 saylı ünvanda yerləşən 0,03 ha fərdi mənzil tikinti təyinatlı torpaq sahəsinin və 130 kv.m əmlakın (evin) vergisini ödəyir. xx.xx.2020-ci ilə qədər onun əmlak və torpaq vergisi borcu yoxdur. Cavabdeh1 əmlak və torpaq vergi ödəyicisi kimi Zaqatala Bələdiyyəsində qeydiyyata alınmamışdır. X2 və Cavabdeh1 mülkiyyətində digər yaşayış evinin və ya torpaq sahəsinin olub olmaması barədə Zaqatala Bələdiyyəsində məlumat yoxdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 mülkiyyətçinin oğlu olmaqla həm evlənənə qədər və həm də ondan sonra uzun illər ərzində mübahisəli evdə yaşamış və onun evə istifadə hüququnun olmasını inkar edən hər hansı bir sübut yoxdur. İşdə olan sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, hər iki tərəf mülkiyyətçinin övladları kimi ona məxsus mənzildən istifadə hüququna malik olmaqla həmin hüquqlarından istifadə etmişlər. Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və onun arvadının yalnız mübahisəli evə istifadə hüququnun olması müəyyən edilmiş və o, məhz həmin hüquqa əsasən mübahisəli evə köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-4519/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarlarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, “cavabdehlərin mübahisəli evin 2-ci mərtəbəsində yerləşən otaqlara köçürülməsi iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna mane olmur. İşdən görünür ki, mübahisəli ev iki mərtəbədən ibarət olsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2013-cü il tarixli rəyindən aydın olur ki, evin birinci mərtəbəsi otaqların hündürlüyünə görə yaşayış otağının parametrlərinə uyğun gəlmir və yaşayış üçün yararlı deyildir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və ailə üzvləri evin birinci mərtəbəsindəki otaqların (kürsülü mərtəbə) yaşayış üçün yararsız olması səbəbindən onlar evin 2-ci mərtəbəsindəki otaqlarına köçürülmüşdür. Mübahisəli evin yalnız 2-ci mərtəbəsindəki otaqları yaşayış üçün yararlı olduğundan, İddiaçı1 mübahisəli evə istifadə hüququ olan şəxs kimi evin məhz 2-ci mərtəbəsinə köçürülməsini tələb etməsi qanunsuz sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunma səbəblərindən biri kimi iddiaçının başqa yaşayış sahəsinə malik olmasına əsaslanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.2-ci maddəsinin tələbini nəzərə almamışdır”. Azərbaycan Respublikası Konstitusiyasının 33 və 34-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən həmin Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hazırki iş üzrə yenidən araşdırma apararkən Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişləri üzrə hüquqi dəyərləndirmə apararaq, apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslıdır. Birincisi, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarının göstərişi baxımından apellyasiya instansiyası məhkəməsi Zaqatala şəhəri General Ərəblinski küçəsində yerləşən torpaq sahəsi və evin kimə məxsus olmasını, vardırsa həmin evin yaşayış üçün yaralı olub-olmamasını araşdırmışdır. Kollegiya tərəfindən aparılmış sorğu-sual nəticəsində belə aydın olmuşdur ki, qeyd olunan ünvanda inşa edilmiş tikili iddiaçıya məxsus olsa da, tikintisi tam başa çatdırılmamış, hazırki vəziyyətdə yaşayış üçün yararlı deyildir. Həmin tikilinin yaşayış üçün yararlı olmaması cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İkincisi, kollegiya hesab edir ki, şəxsin başqa evə malik olması onun hüququ olduğu digər yaşayış sahəsinə köçürülməsini istisna etmir və bununla əlaqədar birinci instansiya məhkəməsinin nəticəsi mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar və cavabdehlər mübahisəli evin mülkiyyətçisi olmamaqla, evdən istifadə hüququna münasibətdə eyni hüquqa (statusa) malik olan şəxslərdir. İddiaçı anadan olandan mübahisəli evdə yaşayır. Cavabdeh tərəfin etirazına münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehlər də həmin evə məhkəmə qətanaməsi ilə köçürülmüş şəxslərdir ki, həmin qətnamə ilə onlara heç də iddiaçı tərəfdən artıq hüquq verilməmişdir. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, mübahisəli ev iki mərtəbədən ibarət olsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2013-cü il tarixli rəyindən aydın olur ki, evin birinci mərtəbəsi otaqların hündürlüyünə görə yaşayış otağının parametrlərinə uyğun gəlmir və yaşayış üçün yararlı deyildir. (i/v 25-27) Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və bu xarakterli mübahisələrin həllində mühüm rol oynayır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılar bu tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmaqla, mübahisəli evin yalnız 2-ci mərtəbəsindəki otaqları yaşayış üçün yararlı olduğundan, onların mübahisəli evə istifadə hüququ olan şəxs kimi evin məhz 2-ci mərtəbəsinə köçürülməsini tələb etməsi qanunsuz sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və Rəcəbova X5 şəhəri S.Qocayev küçəsi 35 ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otağa köçürülsünlər. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar