Məhkəmə qərarları › İş №2(107)-368/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-368/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-368/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və qeyrilərinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş ona məxsus İsmayıllı rayon Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilərək ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məkhəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsinə əsasən X2 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə 12665 ABŞ dolları əsas borc, 4297 ABŞ dolları faiz borcu, 1025 ABŞ dolları cərimə, cəmi 17987 ABŞ dolları məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləğ alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, 17987 ABŞ dolları və 14 manat məbləğinin tutulması 50000 ABŞ dolları məbləğində kreditin təminatı kimi ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Cavabdeh2 ASC-nin xeyrinə ipotekaya qoyulması 1 nömrəli reyestr kitabının 147-ci vərəqində **********84- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27 fevral 2009-cu ildə qeydə alınmış, İsmayıllı şəhəri, Mican kəndində mülkiyyətdə olan 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,29 hektar həyətyanı torpaq sahəsinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi, İpoteka qoyulmuş fərdi yaşayış evinin və 0,29 hektar həyətyanı torpaq sahəsinin birlikdə hərracda ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı evdən çıxarılması, həmin ipoteka predmeti olan evin və həyətyanı torpaq sahəsinin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon icra Qrupu tərəfindən 17 dekabr 2013-cü il tarixli 624/2013 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət olunaraq İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 69000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən hərracın keçiriləcəyi barədə tərəflərə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş bildirişdə 01 fevral 2014-cü il tarixdə birinci hərracda əmlakın ilkin satış qiyməti 69000 manat, 22 sentyabr 2014-cü il tarixdə təkrar hərracda əmlakın ilkin satış qiymətindən 15% aşağı, yəni 58650 manat müəyyən edilmişdir. Keçirilmiş hərraclar zamanı əmlak satılmamışdır. Qanunla müəyyən olunmuş müddətdə ipoteka saxlayana təkrar hərracın baş tutmasını elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq imkanı verilsə də ipoteka saxlayan bundan istifadə etməmişdir. Əldə etdiyim məlumata əsasən İsmayıllı rayon Qrupu tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarmaq haqqında qərar qəbul edərək icra sənədi İsmayıllı rayon Məhkəməsinə qaytarmışdır. Cavabdeh1 icra məmuru icra işi üzrə aparılmış icra hərəkətlərindən məlumatsız olmuşdur. Belə ki, icra məmuru icra sənədinin guya uzun müddət hərəkətsiz saxlanılması və ipoteka saxlayan təşkilatın tələbinə baxmayaraq həmin əmlak satılması üçün açıq hərraca çıxarılmaması qənaətinə gələrək 01 iyul 2022-ci il tarixdə yenidən "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Həmin məktubda ona məxsus əmlakın təkrar satılması üçün açıq hərrac keçirilməsi xahiş edilmişdir. Keçiriləcək hərrac bildirişində 28 iyul 2022-ci il tarixdə saat 11:00-da ilk açıq hərrac keçiriləcəyi nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən keçirilmiş hərracın nəticəsi barədə zəruri olan sənədlərin verilməsini xahiş etsə də icra xidmətinin arxivində sənədlərin tapılmadığından həmin sənədlərin surətləri ona verilməmişdir. Qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulsa da Cavabdeh1 tərəfindən 01 iyul 2011-ci il tarixli 251695/18-45-1 nömrəli sifariş məktubuna əsasən mülkiyyətində olan əmlakı təkrar hərraca çıxarılmışdır. Yeni hərracların keçirilməsi qanuna zidd hesab edildiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İpoteka saxlayan Cavabdeh2 ASC yüklü edilmiş əmlakı bu müddət ərzində Azərbaycan Respublikasının Qanunlarının və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməklə əldə etmək imkanı olduğu halda bunu etməmişdir. Cavabdeh2 ASC İsmayıllı rayonu Mican kəndində yerləşən, ona məxsus fərdi yaşayış evini heç bir əsas olmadan qeyri-qanuni bu müddət ərzində yüklülükdə saxlayır. Qanunvericiliyin tələblərinə əsasən İsmayıllı rayonu Mican kəndində 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməli, ipoteka ilə yüklülükdən azad edilməli və Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnаməsi ilə (hakim R.Şirinov) iddia qismən təmin edilmiş, 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı rayonu Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi ilə X2 17987 ABŞ dolları məbləği alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, 17987 ABŞ dolları kreditin təminatı kimi ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Mican kəndində mülkiyyətdə olan 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi, hərracda ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində İddiaçı evdən çıxarılmasİ qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur. Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. 11 fevral 2014-cü il tarixdə və 22 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracların nəticələri ilə bağlı İsmayıllı şəhəri, Mican kəndində fərdi yaşayış evinin satılıbsatılmaması və ya həmin əmlakın Cavabdeh2 ASC-nin balansına keçibkeçməməsi barədə məhkəməyə rəsmi məlumat verilməsi üçün Cavabdeh2 ASC-yə sorğu edilmişdir. Cavabdeh2 ASC 14 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, X3 ipoteka yüklülüyü olan İsmayıllı şəhəri Mican kəndində yerləşən əmlakın ilkin hərracın keçirilmə tarixi və yeri haqqında banka bildiriş daxil olmuşdur. Lakin hərracın gedişatı və təkrar hərracın baş tutub-tutmaması barədə hərrac təşkilatı tərəfindən banka məlumat daxil olmamışdır. Qeyd edilən səbəbdən sözügedən əmlak bankın balansına götürülməmişdir. 11 fevral 2014-cü il tarixdə və 22 sentyabr 2014cü il tarixdə keçirilmiş hərraclarla bağlı hər hansı qərar qəbul edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsi üçün Cavabdeh1nə sorğu edilmişdir. Cavabdeh1 15 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-16/2013 saylı 14 yanvar 2013-cü il tarixli icra vərəqəsi Cavabdeh1 böyük icra məmuru işləmiş Ziya Şirinovun icraatında olmuş, o, vəzifədən azad olduqdan sonra qeyd olunan icra işini təhvil verməmiş və həmin icra işi şöbənin arxivində aşkar olunmamışdır. Məhkəmə tərəfindən "xxxx" MMC-yə 11 fevral 2014-cü il tarixdə və 22 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərraclarla bağlı hər hansı qərar qəbul edilibedilməməsi barədə məhkəməyə məlumat verilməsi üçün sorğu edilmişdir. Göndərilmiş sorğu məktubu qeyd olunan MMC-nin həmin ünvanda olmaması səbəbindən geri qaytarılmışdır. Cavabdeh2 ASC-nin 31 may 2018-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinə ərizə ünvanlayaraq 14 yanvar 2013cü il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsi tərəfindən Cavabdeh2 ASC-yə ünvanlanmış 09 iyul 2018-ci il tarixli məktubla bildirilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)16/2013 nömrəli qətnaməsi üzrə çıxarılmış 04 dekabr 2013-cü il tarixli icra vərəqəsi həmin tarixdə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Şöbə tərəfindən 624/13 nömrəli 05 dekabr 2013-cü il tarixli icraata başlama haqqında qərar qəbul olunmuşdur. Göstərilən icra vərəqəsi məhkəməyə qaytarılmamışdır. Buna baxmayaraq Cavabdeh1 tərəfindən həmin icra vərəqəsi üzrə 11 dekabr 2018-ci il tarixdə yenidən icra işi açılmış və icra hərəkətləri aparılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. Keçirilmiş hərracların nəticələri barəsində nə Cavabdeh1ndə, nə də "xxxx" Açıq Səhmdar Cəmiyyətində məlumat yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetini əldə etmədiyindən iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.4, 43.5, 43.6, 43.7, 43.8, 48, 48.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1022/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu Mican kəndi ünvanında 0.29 ha həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50.3 kv.m yaşayış, 99.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı rayonu Mican kəndi ünvanında 0.29 ha həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50.3 kv.m yaşayış, 99.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. İddianın təmin edilməsinin əsasları barədə qətnamədə istinad olunmuş sübutların hazırkı qətnamənin qəbul edilməsinə aidiyyətinin olmamasını, əksinə qətnamənin prosessual hüquq pozuntuları ilə yanaşı işə aidiyyəti olmayan sübutlara istinad edilərək qəbul edilməsi aydın şəkildə görsənir. Belə ki, məhkəmə iddiaçının fərziyyələrlə dolu izahatına istinad edərək qətnamə qəbul etmişdir. İddiaçı iddiasını əsaslandırarkən guya İsmayıllı rayon Qrupu tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarmışdır. Həmçinin Cavabdeh1 icra məmuru icra işi üzrə icra hərəkətlərindən məlumatsız olmuşdur. Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Qanunun tələblərindən də məlum olduğu kimi yalnız təkrar hərracın baş tutuması və ipoteka saxlayanın onu 30 gün ərzində əldə etməməsi halında ipoteka xitam verilir. Lakin ipoteka saxlayan kimi onların təkrar hərracın baş tutub tutmaması barədə məlumatı olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən mötəbər sübutların təqdim edilməməsini nəzərə almamışdır. Həmçinin qətnamənin obyektiv və qərəzsiz qəbul edilməsinə kömək göstərəcək sübutun əldə edilməsinə ehtiyyac duymamışdır. Məhkəmə iddiaçının mülahizələrinə istinad etmiş lakin iddiasının təsdiq edilməsi barədə sübutların təqdim edilməsini tələb etməmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1022/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 9 saylı Qəbələ Ərazi İdarəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İpoteka haqqında Azərbaycan Respublikası Qanunun: İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu qanunda nəzərdə tutulmuş digər hallarda xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı; Qərara əsasən ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsini cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayon Məkhəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsinə əsasən X2 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə 12665 ABŞ dolları əsas borc, 4297 ABŞ dolları faiz borcu, 1025 ABŞ dolları cərimə, cəmi 17987 ABŞ dolları məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləğ alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, 17987 ABŞ dolları və 14 manat məbləğinin tutulması 50000 ABŞ dolları məbləğində kreditin təminatı kimi ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Cavabdeh2 ASC-nin xeyrinə ipotekaya qoyulması 1 nömrəli reyestr kitabının 147-ci vərəqində **********84-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27 fevral 2009-cu ildə qeydə alınmış, İsmayıllı şəhəri, Mican kəndində mülkiyyətdə olan 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,29 hektar həyətyanı torpaq sahəsinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi, İpoteka qoyulmuş fərdi yaşayış evinin və 0,29 hektar həyətyanı torpaq sahəsinin birlikdə hərracda ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı evdən çıxarılması, həmin ipoteka predmeti olan evin və həyətyanı torpaq sahəsinin boşaldılması qət edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Qətnamə üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur. Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddianın təmin edilməsinin əsasları barədə qətnamədə istinad olunmuş sübutların hazırkı qətnamənin qəbul edilməsinə aidiyyətinin olmamasını, əksinə qətnamənin prosessual hüquq pozuntuları ilə yanaşı işə aidiyyəti olmayan sübutlara istinad edilərək qəbul edilməsi aydın şəkildə görsənir. Belə ki, məhkəmə iddiaçının fərziyyələrlə dolu izahatına istinad edərək qətnamə qəbul etmişdir. İddiaçı iddiasını əsaslandırarkən güya İsmayıllı rayon Qrupu tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədini məhkəməyə qaytarmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, müxtəlif sorğular verilmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət bu hissədə əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Cavabdeh1 icra məmuru icra işi üzrə icra hərəkətlərindən məlumatsız olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Qanunun tələblərindən də məlum olduğu kimi yalnız təkrar hərracın baş tutuması və ipoteka saxlayanın onu 30 gün ərzində əldə etməməsi halında ipoteka xitam verilir. Lakin ipoteka saxlayan kimi onların təkrar hərracın baş tutub tutmaması barədə məlumatı olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən möhtəbər sübutların təqdim edilməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. İşdə olan İsmayıllı rayon Məhkəməsinin icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin 01 yanvar 2014-cü il tarixli 64 saylı və 16 avqust 2014-cü il tarixli 1894 nömrəli bildirişlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində 1 mərtəbəli fərdi yaşayış evi (0,29 hektar torpaq sahəsi ilə birlikdə) 01 fevral 2014-cü il tarixdə birinci hərracda əmlakın ilkin satış qiyməti 69000 manat, 22 sentyabr 2014-cü il tarixdə təkrar hərracda əmlakın ilkin satış qiyməti isə 58650 manat müəyyən edilmişdir. Hərracın keçirilməsi barədə tələbkar Cavabdeh2 ASC və borclu X4 məlumat verilmişdir. Cavabdeh1 15 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-16/2013 saylı 14 yanvar 2013-cü il tarixli icra vərəqəsi Cavabdeh1 böyük icra məmuru işləmiş Ziya Şirinovun icraatında olmuş, vəzifədən azad olduqdan sonra qeyd olunan icra işini təhvil verməmiş və həmin icra işi şöbənin arxivində aşkar olunmamışdır. Göründüyü kimi Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. Yəni təkrar hərracın baş tutmamamsından 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh2 ASC-i tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair heç bir hərəkət edilməmiş, qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətini ötürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki: İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yəni ikinci hərrac baş tutmadıqdan sonra ipoteka predmetinin 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi üçün hər hansı bir təklifin verilməsinə lüzum yoxdur. İkinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayanın ipoteka predmetini əldə etməlidir. Ancaq cavabdeh təşkilat bu hüququndan istifadə etməməklə bu hüququnu itirmişdir. Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2013 saylı, 14 yanvar 2013-cü il tarixli icra vərəqəsi üzrə sənədlərin Cavabdeh1 böyük icra məmuru işləmiş Ziya Şirinovun icraatında olan zaman icra işini təhvil verməməsi və həmin icra işi şöbənin arxivində aşkar olunmamamsı iddiaçı tərəfin ziyanına şərh edilə bilməz. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 ASC-i tərəfindən təkrar hərracın baş tutmamamsından 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq ipoteka predmetinin əldə edilməsinə dair heç bir hərəkət edilməmişdir. Halbuki Cavabdeh2 ASC-i birinci hərracdan sonra ən azından ikinci hərracın nə vaxt keçiriləcəyi barədə, Cavabdeh1nə və "xxxx" MMC-nə müraciət etməli idi. Ancaq cavabdeh tərəf belə bir müraciətin olmasına dair heç bir sübut növü məhkəmələrə təqdim etməmişdir. Yekunda ipoteka predmetini əldə etmək hüququnu itirmişdir. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən hərracın baş tutmamamsı barədə sübut təqdim etmişdir. Cavabdeh tərəf isə ümumiyyətlə nə birinci instansiya məhkəməsində nə də apellyasiya məhkəməsinin iclaslarında iştirak etməmiş, şikayətinin dəlillərinə aid hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar