Məhkəmə qərarları › İş №2(107)-370/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-370/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-370/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2135/2019 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 adına rəsmiləşdirilmiş buraxılış ili 2013-cü il olan, ağ rəngdə, Brilliance V5 modelli, BAN nömrəsi LSVYDBDB2DC051289 markalı qiyməti 21500 manat olan avtomaşının geri qaytarılması, cavabdeh X3 İddiaçı-nə borclu olduğu cəmi 31740 manat borcun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» MMC nümayəndəsi X1 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə əvvəlcədən ödəniş olunmuş və hal-hazırda cavabdeh X3 istifadəsində olan **-BK-*** dövlət qeydiyyat nişanlı,“Brilliance V5” markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın təmini tədbiri barədə ərizəyə xx xxxxxx 2019-cu il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh X3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2135/2019 saylı iddianın təmini tədbiri haqqında qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Cavabdeh X8 oğlu şikayət ərizəsində Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-2135/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019 tarixli 2(075)-2135/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 şikayətini müdafiə edərək bildirdi ki, birinci instaniya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. O hesab edir ki, məhkəmə tərəfindən ona məxsus olan avtomobilə həbs qoyulması üçün əsas yoxdur. O, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» MMC nümayəndəsi X1 şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadının öz qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini tərəflərin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Hüquq normalarının qeyd olunan tələbindən görünür ki, iddianın təmin edilməsində məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər tətbiq edilərək mübahisə həll edilənədək mövcud vəziyyət qorunub saxlanılmağa çalışılır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019 tarixli 2(075)-2135/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar