Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-374/2024 12.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa, iddia müddətinin ötürülməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)- 423/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (iddiaçı) cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə (cavabdeh) qarşı 13 mart 2023-cü il tarixli, PHŞ-6- 64/3-1-47/23 saylı əmrin ləğv edilməsi, onun laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini-feldşer-laborant ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-nə laborant vəzifəsinə keçirilib. Xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı işinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 418 saylı Fərmanına əsasən Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs TƏBİB-in tabeliyinə verilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1- 47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-x-34-4-3707/2023 saylı məktubu ilə xarici ölkədə aldığı təhsil haqqında diplomunun təsdiqi barədə müraciətinə baxıldığı bildirilmiş, Nazirliyin rəsmi sorğusu əsasında onun 1987-1989-cu illərdə laboratoriya diaqnostikası ixtisası üzrə Zlatoust Tibb Məktəbində təhsil alması təsdiq edilmişdir. Beləliklə təhsili və ixtisası barədə hər hansı mübahisəli mövzu qalmamışdır. 2022-ci ildə iş yerindən ona sertifikasiya prosesində iştirak edərək müvafiq sertifikat alması təklif edilmişdir. Həmin prosesdə iştirak etmək istəsə də, onun diplomunun tanınmadığı-yəni təsdiq edilmədiyi əsas gətirilməklə sertifikasiya prosesinə buraxılmamışdır. Belə ki, X5 planlaşdırılımış təkmilləşmə kurslarında iştirakına maneə kimi diplomunun tanınmaması əsas gətirilmişdir. Qeyd etdiyi kimi diplomu xx.xx.2023-cü il tarixdə tanınmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək sertifikasiya prosesi həyata keçirilmədiyindən həmin prosesdə iştirakı da mümkün deyildir. Halbuki iş yerində diplomunun tanınması üçün müraciət etdiyini bildirmiş, cavab gələnədək nəzərə alınmasını xahiş etmişdir. 33 ildir ki, ixtisası üzrə qüsursuz işləyir, müxtəlif ixtisas artırma kurslarında, treninq və seminarlarda iştirak etmişdir. Həmin sənədləri iddia ərizəsinə əlavə etmişdir. Əmək pensiyasına çıxmağına çox az müddət qalmış onun işindən kənarlaşdırılması əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İşdən azad olunan günə onun əmək haqqı 636,70 manat olmuşdur. Əmək kitabçasını işdən azad olunan gün almış, əmrin surəti isə ona verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir.
4. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı işdən çıxarılmazdan əvvəl, 05 yanvar 2023-cü ildə diplomunun tanınması ilə bağlı müraciət edib. May ayında müsbət cavab verilib. Mingəçevir Tibb Məktəbi diplomu tanınmayıb deyə onu kurslara buraxmayıb. Bu, iddiaçının iradəsindən kənar bir haldır. Bundan əlavə iddiaçı xaricdə təhsil almayıb, onun təhsil dövrü SSRİ-nin vaxtına düşüb, həmin vaxtın sənədlərinin, o cümlədən İddiaçı diplomunun tanınmasına ehtiyac yox idi. Buna görə də kurslarda iştirakına maneə yaradılmamalı idi. Buna baxmayaraq iddiaçı sertifikasiyada iştirak etməyə etiraz etmir. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsinə dair mülahizəsinə cavab olaraq bildirir ki, qanunda əmrin surətinin işçiyə işdən çıxdığı gün verilməsi nəzərdə tutulsa da, indiyədək ona əmrin surəti verilməyib. xx.xx.2023-cü ildə mediasiyaya müraciət edilib. Mediasiya arayışının tarixi xx.xx.2023-cü il qeyd edilsə də, mediasiya xərci xx.xx.2023-cü ildə ödənilib, yəni mediasiya arayışının tarixi əslində xx.xx.2023-cü ildir. Bununla bağlı mediasiya təşkilatının məktubu da var. İddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsindən və izahatından göründüyü kimi iddiaçi 30 iyun 1989-cu il tarixdə RSFSR Zlatoust Tibb məktəbinin feldşer-laborant ixtisasi üzrə tam kursunu bitirmişdir. xx.xx.1990- ci il tarixdən Oğuz Rayon Mərkəzi Xəstəxanasinda işə baslamısdir. İşlədiyi müddət ərzində hec vaxt ixtisas artirma kurslarında istirak etməmişdir. Bu məqsədlə iddiaçı 2020 və 2022- ci ildə Mingəcevir Tibb kollecinə göndərilsə də kurslarda iştirak etməmişdir.Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.İddiaci iddia ərizəsinə alinma mənbəyi və hər hansı hüquqi qüvvəsi olmayan sertifikat əlavə etmişdir. Həmin sertifikat praktik tibb və ya əczacılıq fəaliyyəti ilə məşgul olmaq hüququnu təsdiq etmir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin nümunəsini etiraz ərizəsinə əlavə etmişdir. Bundan başqa Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.Həmin maddənin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.Həmin maddənin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.Göründüyü kimi iddiaçı sertifikasiyada iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. Bundan əlavə iddia tələbi əsassız olmaqla yanaşı həm də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü ildə işdən azad edilmişdir. 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil edilmişdir. Mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddət 34 gün təşkil edir.Beləliklə iddiaçı işdən azad edildikdən 55 gün sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hüququnun pozulduğunu xx.xx.2023-cü il tarixdən bilirdi, buna görə də onun işdən çıxarılma barədə əmrin surətini hansı tarixdən alması əhəmiyyət daşımır. Mülki qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu məsələyə Ali Məhkəmənin bir sıra qərarları və Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə də qiymət verilmişdir. Mülki qanunvericiliyin iddia müddətinin tətbiqinə dair normaları nəzərə alınmaqla iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin insan resursları şöbəsinin müdiridir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçası dərhal təqdim edilmişdir. Ümumiyyətlə işdən çıxan hər bir şəxsə həmin gün əmrin surəti deyil, əmək kitabçası təqdim edilir. İdarənin yeganə öhdəliyi son haqq-hesab verməkdir. İddiaçı qanuni şəkildə işdən azad edilmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Agentliyin nümayəndəsi X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsi ilə cavabdeh tərəfin izahatında qeyd etdiklərini təsdiq etmiş. əlavə olaraq bildirmişdir ki, 3 il müddətində sertifikasiyadan keçmək üçün X6 tələb etdiyi sənədləri təqdim etməyən iddiaçı əmək müqaviləsinə xitam verildikdən 2 ay sonra aldığı, təhsilin təsdiq olunması barədə məktubla əmrin ləğv olunmasını tələb edir, halbuki işçinin diplomunun və ya təhsilinin təsdiq edilməməsi xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsas olan sənəd deyildir. Qanunvericiliyin tələbinə görə işçinin təhsilinin təsdiqi yox, sertifikasiyadan keçməsi tələb olunur. Cavabdeh tərəfindən haqlı olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən bir aylıq iddia müddətini buraxmışdır. Etirazda iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
8. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı 13 mart 2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmrin ləğv edilməsi, onun laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini-feldşer-laborant ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-nə laborant vəzifəsinə keçirilmiş, xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı işinə təyin edilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubu göstərilmişdir. İddiaçı bildirir ki, əvvəllər ixtisası ilə bağlı treninqlərdə iştirak etsə də, 2020 və 2022-ci illərdə göndərişlə X5 təkmilləşmə kurslarında iştirak üçün getmiş, lakin diplomunun təsdiq edilməməsi əsası ilə onun kurslarda iştirakı mümkün olmamışdır. Məhz bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilmişdir. Diplomu Səhiyyə Nazirliyinə müraciətdən sonra xx.xx.2023-cü il tarixdə tanınmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək sertifikasiya prosesi həyata keçirilmədiyindən həmin prosesdə iştirakı da mümkün deyildir. 33 ildir işləyir, əmək pensiyasına çıxmağına çox az müddət qalmış onun işindən kənarlaşdırılması əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İşdən azad olunan günə onun əmək haqqı 636,70 manat olmuşdur. Əmək kitabçasını işdən azad olunan gün alıb, əmrin surəti isə ona verilməyib. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə əvvəla iddiaçının kurslarda iştirak üçün buraxılmamasının onun diplomunun tanınmaması ilə əsaslandırılmasına dair hissəyə qiymət verərək bildirir ki, göründüyü kimi iddiaçı 1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini bitirərkən Azərbaycan Respublikası da daxil olmaqla 15 respublikadan ibarət SSRİ mövcud idi və ölkənin hər hansı təhsil müəssisəsinin diplomu bütün ölkə üçün qəbul edilirdi. Buna görə də iddiaçının kurslara göndərilərkən onun diplomunun kurslarda iştiraka maneə törətməsi qanunamüvafiq olmamışdır. Məhkəmə hesab edir ki, məhz həmin vaxt iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməklə məsələnin həllinə nail ola bilərdi. Bundan əlavə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd edilən norma imperativ xarakter daşımır, yəni müəssisə tərəfindən işçinin uzun müddət eyni müəssisədə qüsursuz çalışması, onun yaşı və əmək pensiyasına çıxmasına çox az müddətin qalması nəzərə alına bilərdi.
11. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət olaraq qanunvericiliyin tələbini tərəflərin nəzərinə çatdıraraq aşağıdakıları bildirir: Qüvvədə olan Əmək Məcəlləsinin 294-cü maddəsində bildirilmişdir ki, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Yəni qanunvericilik birmənalı şəkildə fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılması qaydasını təsbit etmişdir. İddiaçının hazırki iddiası da məhz fərdi əmək mübahisəsidir. İddiaçı tərəf müddətin ötürülmədiyini, əmrin surətinin işçi işdən çıxdığı vaxt ona verilmədiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi vermiş, işdən çıxdığı gün ona təqdim edilmiş, işdən çıxarılmasına dair əmrin də öz əksini tapdığı əmək kitabçasının xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş surətini iddia əriəsinə əlavə etmişdir. Əmək mübahisələrinin mediasiya qaydasında həlli ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edildiyi gün öz hüquqlarının pozulduğunu bilmiş, bu, ona həmin gün təqdim edilmiş əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının xx.xx.2023cü il tarixdə mediasiya təklifini verdiyi nəzərə alınmaqla xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə iddiaçının mübahisənin həlli ilə bağlı müraciət üçün müəyyən edilmiş 1 aylıq müddətinin 20 günü keçmişdi.
12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığından, mübahisə üzrə iddia müddətinin axımı “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı hazırki iş üzrə arayışın tərtib olunduğu xx.xx.2023-cü il tarixdən bərpa olunmuş hesab olunur. İddiaçı bildirir ki, mediasiya xərcini xx.xx.2023-cü il tarixdə ödəmiş, buna görə arayışın tarixi də xx.xx.2023-cü il hesab olunmalıdır. Məhkəmə iddiaçının bu arqumentini mediasiya prosesi üçün müəyyən edilmiş müddətin təfərrüatına varmadan qəbul edərək bildirir ki, qalan 10 günlük müddət xx.xx.2023-cü il tarixdə bitmiş hesab olunduğundan iddia ərizəsinin məhkəmənin icraatına götürüldüyü vaxt artıq iddia müddəti 13 gün keçirilmiş hesab olunurdu.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyə uyğun olaraq iddia müddətinin ötürüldüyü nəzərə alınmaqla iddia tələbi təmin olunmamalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 67-1-ci maddələrinə, 70-ci maddəsinin “c” bəndinə, 70-ci maddəsinin “Qeyd” hissəsinə, 288-ci, 289-cu 292-ci, 294-cü, 296-cı maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci, 35.2-ci, Qanunun 32.1.9-cu, 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 14.2-ci, 77.1-ci, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verilmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “laboratoriya diaqnostikası” ixtisası üzrə X9 ixtisasartırma kursuna göndərilmişdir. Başqa sözlə əgər o, əmək və icra intizamını pozaraq ixtisasartırma kursunda iştirakdan imtina etmiş olsaydı belə buna görə ona bir ay müddətində intizam məsulityyəti tətbiq edilə, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilərdi. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır.
18. İddiaçı tərəf iddiasının əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür və o, öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbini təsdiq edəcək bütün mümkün və mötəbər sübutlar təqdim edildiyi halda iddia tələbini tam təmin etməməklə Mülki Prosesual Məcəllənin 14.2 və 77.1ci maddələrinin tələblərini pozmuşdur. Hazırkı halda məhkəmə iddiaçının formal olaraq iddia müddətini qısa bir müddət ötürdüyü əsası ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. İş materiallarından da göründüyü kimi iddia tamamilə əsaslı olduğu, iddiaçının yalnız iddia müddətini ötürdyü əsası ilə təmin edilməməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, heç bir sübuta istinad etmədən sadəcə formal mülahizələr əsasında qətnamə qəbul etmişdir.
20. İş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı öz işindən əsassız və qeyri qanuni azad edilmişdir. İddia vermək üçün müddət iddiaçının hüquqi cəhətdən savadsız olması, işdən azad olunması barədə əmrin surətini cavabdehdən vaxtında ala bilməməsi, mediasiya prosesindən keçdikdən sonra mediasiya prosesinin keçirilməsinə dair sənədi mediasiya təşkilatından tərtib edildiyi tarixdə deyil, xeyli müddət keşdikdən sonra əldə etməsi nəticəsində baş vermişdir. Məlumat üçün bildirir ki, iddiaçıya işdən azad olunması barədə əmr ona iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra verilmişdir. İş üzrə cavabdeh iddiaçınin işdən azad olunması barədə əmri ona rəsmi şəkildə hansı tarixdə verməsi barədə məhkəməyə mötəbər sənəd təqdim edə bilməmişdir.
21. Birinci instansiya məhkəməsi iddiaçının hansı səbəbdən iddia müddətini ötürdüyünü nəzərə almamış, işdən qeyri qanuni azad olunduğunu, hüquqlarının pozulduğunu nəzərə almadan qətnamə qəbul etmişdir. Nəticə etibarı ilə həm iddiaçının əmək hüquqları pozulmuş, həm də hüquqlarını bərpa imkanları və hüququndan məhrum olmuşdur. Bu isə iddiaçının konstitutsion hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırkı iş üzrə məhkəmənin qətnaməsi işin hallarına uyğun deyildir.
22. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(054)-423/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, onun cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı 13 mart 2023-cü il tarixli PHŞ-6-64/3-1-47/23 saylı əmrinin ləğv edilməsi, laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi apellyasiya şikayətinə yazılı etirazında İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edildiyini, işdən azad edildikdən 21 gün sonra yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərdiyini, iddiaçıya 15 may 2023-cü il tarixdə mediasiya arayışının verildiyini, 19 iyun 2023-cü il tarixdə iddia ərizəsinin elektron kabinetə daxil edildiyini, mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddətin 34 gün təşkil etdiyini, ümumi hesabla hesabladıqda iddiaçı işdən azad edildikdən 55 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, onun cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı 13 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi, laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı 13 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi, laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi, həmçinin vəkili, üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyator Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-nə laborant vəzifəsinə keçirilmiş, xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı işinə təyin edilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1- 47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmişdir. İşdən azad edildiyi gün əmək kitabçası iddiaçıya təqdim edildmişdir. Lakin iddiaçı həmin tarixdən 21 gün sonra, yəni 03 aprel 2023cü il tarixdə mübahisənin məhkəməyədək həlli proseduruna riayət etmək məqsədi ilə İddiaçı tərəfindən cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin tərəflər arasında mübahisənin mediasiya qaydasında həlli mümkün olmamış, 27 may 2023-cü il tarixdə mediator tərəfindən iddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Lakin iddiaçı həmin arayışı aldıqdan 23 gün sonra, yəni 19 iyun 2023-cü il tarixdə cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsini Oğuz Rayon Məhkəməsinə təqdim etmişdir. Beləliklə iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddiaçının formal olaraq iddia müddətini qısa bir müddət ötürdüyü əsası ilə iddianı təmin etməməsi, iddianın yalnız iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsinin qanuni, əsaslı və ədalətli hesab edilə bilməməsi, iddia vermək üçün müddətin iddiaçının hüquqi cəhətdən savadsız olması, işdən azad olunması barədə əmrin surətini cavabdehdən vaxtında ala bilməməsi, mediasiya prosesindən keçdikdən sonra mediasiya prosesinin keçirilməsinə dair sənədi mediasiya təşkilatından tərtib edildiyi tarixdə deyil, xeyli müddət keşdikdən sonra əldə etməsi nəticəsində baş verməsi, işdən azad olunması barədə əmrin iddiaçıya iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra verilməsi, iş üzrə cavabdehin iddiaçınin işdən azad olunması barədə əmri ona rəsmi şəkildə hansı tarixdə verməsi barədə məhkəməyə mötəbər sənəd təqdim edə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İT-İ ******* saylı, xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, daimi və qısa fasilələrlə olmaqla xx.xx.2023-cü il tarixədək işləmişdir. Laborant vəzifəsində çalışan İddiaçılə əmək müqaviləsinə “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64-3-1-47/23 saylı əmri ilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə Azərbayan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017ci il tarixli, 05/19-632 saylı məktubuna (səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar) əsasən xitam verilmişdir.
39. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-01119 saylı arayışından görünür ki, İddiaçı tərəfindən əmək mübahisəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif, ilkin mediasiya sessiyası (İMS) üçün xx.xx.2023-cü il tarixdə ərizə verilmiş, hər iki tərəfə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmiş, bildirişlər hər iki tərəfə xx.xx.2023-cü il tarixdə çatdırılmış, İMS xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Təşkilatın ünvanında keçirilmiş, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi sessiyada iştirak etməmişdir.
40. İşdə olan X7 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MMŞ/MT018/2023-01119 saylı arayışından və xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “milliön” ödəmə terminalı vasitəsilə Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat ödənilmiş, mediator xx.xx.2023-cü il tarixli arayışda texniki səhvə yol verildiyini bildirərək tarixin xx.xx.2023 kimi nəzərə alınmasını xahiş etmişdir.
41. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatının 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, “ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə” arayış 27 may 2023-cü il tarixdə İddiaçı şəxsən təqdim edilmişdir.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
43. Həmin Maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
44. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
45. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış), 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir.
46. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində (bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.) nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının izahatından göründüyü kimi İddiaçı əmək kitabçası işdən azad edildiyi 13 mart 2023-cü il tarixindəcə ona təqdim edilmişdir. Hansı ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh təşkilatın 13 mart 2023-cü il tarixli əmri həmin əmək kitabçasına da yazılmışdır. Yəni iddiaçı 13 mart 2023-cü il tarixdəcə əmək hüquqlarının pozulduğunu bilmişdir. Həmin tarixdən onun hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı başlamış, iddiaçının mediasiyanın tətbiqinə dair təklif verdiyi 03 aprel 2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış, 27 may 2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verildikdən sonra iddia müddətinin axımı bərpa olunmuş və iddiaçı 19 iyun 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı 27 may 2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı aldıqdan sonra 06 iyun 2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda 1 aylıq iddia müddətini ötürməklə, yəni 19 iyun 2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin məhkəmənin iddiaçının hansı səbəbdən iddia müddətini ötürdüyünü nəzərə almamasına, iş üzrə iddiaçının öz işindən əsassız və qeyri qanuni azad edilməsinə, onun öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirməsinə, iddiaçı tərəfin iddiasının əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etməsinə, cavabdeh tərəfin isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair dəlilləri ilə razılaşmayarq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində nəzərdə tutulan hər hansı bir üzrlü səbəbdən buraxılması məsələsi mübahisələndirilməmiş, iddiaçının buraxılmış müddətin üzürlü sayılmasına dair hər hansı müraciətinin olması iş materiallarından müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddia müddəti ötürülmüşdürsə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün.
50. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
52. Şərh edilənləri nəzərə alan mollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd edərkən doğru mövqedən çıxış etmişdir.
53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
54. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-423/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.