Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-38/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı "xxxx" Fermer Təsərrüfatı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması və ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tаrixli, 2(014)-15/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı "xxxx" Fermer Təsərrüfatı MMC cavabdehlər Cavabdeh1, X5, X3 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz hərəkətlərini birdəfəlik son qoyulması və ziyan” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Pirkəkə kəndində "xxxx" Fermer Təsərüfatı MMc-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, "xxxx" Fermer Təsərrüfatı MMC-yə vurulmuş 30000 (otuz min) manat ziyanın, 20000 (iyirmi min) manat itirilmiş faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" Fermer Təsərüfatı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışına əsasən Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində 84.0 hekta "xxxx" Fermer Təsərüfatı MMC-nin torpaq sahəsi vardır. Həmin torpaq sahəsi regionların iqdisadi inkişafı proqramına uyğun olaraq ölkədə ərzaq proqramının, o cümlədən kənd təsərüfatını inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Dövlətin kənd təsərüfatına maddi dəstəyi ilə hal-hazırda "xxxx" təsərüfatlarında 5000 baş qoyun, sərhəd qoşunları üçün 30 baş at, 2500 baş xaricdən gətirilmiş iri buynuzlu mal-qara mövcuddur. "xxxx"xxxx" təsərüfatı MMC-də 250 nəfər daimi işdə, 500 nəfər isə mövsümü işlərə cəlb edilir. Cavabdehlər "xxxx" Fermer Təsərüfatı MMC-nin xüsusi mülkiyyətində olan torpaqları şumlayır, qanunsuz əkin işləri aparır, heyvanları örüş yerlərinə getməyə süni maneələr yaradır. Dəfələrlə cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar etməklərinə baxmayaraq "xxxx" Fermer Təsərüfatı MMC-nin işlərinə maneələr yaradırlar və «Türyançay” Fermer Təsərüfatı MMC-yə maddi və mənəvi ziyan vururlar. Bu cür qanunsuz hərəkətləri 2 ildir ki, davam edilir və bu müddət ərzində orta hesabla "xxxx" Fermer Təsərüfatı MMC-yə cavabdehlər 30000 (otuz min) manat maddi ziyan vurmuşlar. İki il ərzində 30000 manatdan "xxxx" Fermer Təsərüfatı MMC səmərəli istifadə etməklə təxminən 20000 (iyirmi min) manat gəlir götürə bilərdilər. Odur ki, təsərüfatın normal inkişaf göstərməsi üçün qeyd edilən maneələr aradan qaldırılmalı və cavabdehlər könüllü olaraq qanunsuz hərəkətlərini dayandırmaq istəmirlər. Bu səbəbdəndə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tаrixli, 2(014)-15/2020 saylı qətnaməsi (hakim N.Əliyev) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X5, X2 iddiaçı "xxxx" Fermer Təsərüfatı MMC-nin xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində yerləşən 19 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoyulması və onların həmin 19 hektar torpaq sahəsindən məcburi çıxarılmaları, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1, X5, X1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 60 (altmış) manat ekspertiza xərcinin isə müştərək qaydada cavabdehlər Cavabdeh1, X5, X1 alınıb "xxxx" ASC-nin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AiiBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışına əsasən Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində 84.0 hektar "xxxx" Fermer Təsərüfatı MMC-nin torpaq sahəsi vardır. Ağdaş rayon Pirkəkə kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən MA seriyalı ******* saylı çıxarışla verilmiş 19 ha torpaq sahəsi, cavabdehlər Cavabdeh1, X5 və X4 tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən zəbt edilmiş 19 ha sahənin 13.0 ha hissəsində, dənli bitkilərin əkilməsi, 6.0 ha hissəsi mal-qara otarmaq üçün örüş kimi istifadə olunması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Nəticədə cavabdehlər iddiaçını öz mülkiyyətindən faktiki olaraq məhrum etmişlər, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. İddiaçı 30000 (otuz min) manat ziyanın, 20000 (iyirmi min) manat itirilmiş faydanı cavabdehlərdən tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X5, X4 iddiaçı "xxxx" Fermer Təsərüfatı MMC-nin xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində yerləşən 19 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoyulmalı, onlar həmin torpaq sahəsindən məcburi çıxarılmalıdırlar.İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci və 3-cü hissələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2, 111.3, 139.1, 152.1, 152.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1, 6-cı maddələri, “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarı, “Delcourt Belçikaya qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi halların heç biri həqiqətə uyğun deyil, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar tamamilə onlara qarşı atılmış böhtandır. Şəxsən onun tərəfindən iddiaçılara heç bir ziyan vurulmamışdır. Onların Ağdaş rayonu, Pirkəkə kəndi ərazisində yerləşən 19 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoymaqları həmin 19 hektar torpaq sahəsindən məcburi çıxarılmaları onların onsuzda çətin olan vəziyyətini daha da çətinləşdirir. Məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmayıb. Belə ki, o, qeyd edilən tarixdə keçirlən məhkəmə iclasında iştirak etməmişdir. Çıxarılmış məkəmə qətnaməsi onun ünvanına göndərilməyib. Düşdüyü ağır maddi vəziyyət işə baxan məhkəmə tərəfindən də nəzərə alınmamışdır. Hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun vəziyyəti olduqca ağırlaşdırılmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və onun qorunan hüquqlarını pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(014)-15/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 97.1-ci maddəsinə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Cavabdeh1 münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya hesab edir ki, hazırki halda qətnamə Cavabdeh1 oğluna münasibətdə qətnamənin təmin edilən, yəni onun iddiaçı "xxxx" Fermer Təsərüfatı MMC-nin xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində yerləşən 19 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoyulması və həmin 19 hektar torpaq sahəsindən məcburi çıxarılması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 oğluna münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli, 2(014)-15/2020 saylı qətnaməsi Cavabdeh1 oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində 84.0 hektar "xxxx" Fermer Təsərüfatı MMC-nin torpaq sahəsi vardır. Ağdaş rayon Pirkəkə kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətinə 19 ha torpaq sahəsi, Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, onun məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmayıb. Belə ki, o, qeyd edilən tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Çıxarılmış məhkəmə qətnaməsi onun ünvanına göndərilməyib. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan bildirişlərdən və SMS bildirişdən (səh. 100) görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin iş materiallarında olan qəbzdən (səh. 130) görünür ki, o, məhkəmə qətnaməsini 04.05.2020-ci il tarixdə almışdır. Apellyasiya şikayətinin digər dəlillərində qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar tamamilə onlara qarşı atılmış böhtandır. Şəxsən onun tərəfindən iddiaçılara heç bir ziyan vurulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizələri əsaslanır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qərardad qəbul edilmiş, rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinin 17 saylı LTİ-nin mühəndisi Silyan Abbasovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Ağdaş rayon Pirkəkə kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışla verilmiş 84 ha, ******* saylı çıxarışla verilmiş 12.0 ha torpaq sahələri cavabdehlər Cavabdeh1, X5 və X4 tərəfindən zəbt edilməmişdir. Ağdaş rayon Pirkəkə kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən MA seriyalı ******* saylı çıxarışla verilmiş 19 ha torpaq sahəsi, cavabdehlər Cavabdeh1, X5 və X4 tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən zəbt edilmiş 19 ha sahənin 13.0 ha hissəsində, dənli bitkilərin əkilməsi, 6.0 ha hissəsi mal-qara otarmaq üçün örüş kimi istifadə olunması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası işin daha da obyektiv araşdırılması məqsədilə yenidən ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmişdir. Lakin tərəflər ekspertizanın keçirilməsi üçün lazım olan məbləği ödəməkdən imtina etmişlər. Bu səbəbdən də ekspert rəy verməkdən imtina etmişdir. Beləliklə kollegiya birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, İş materiallarında olan ekspert rəyindən məlum olur ki, Ağdaş rayon Pirkəkə kəndində yerləşən "xxxx" Fermer Təsərrüfatı MMC-nin mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən MA seriyalı ******* saylı çıxarışla verilmiş 19 ha torpaq sahəsi, Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı apellyatora münasibətdə qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmiş, həmçinin məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də kollegiya işdə olan ekspert rəyinə əsasən iddianı qismən təmin edilən hissədə qanuni və əsaslı hesab edir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(014)-15/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 Hacı oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(014)-15/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-38/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-38/2022
02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver