Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-384/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Musayeva (Həsənova) Leyla Səfər qızının iştirakları ilə, İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)- 1802/2020 nömrəli qətnaməsindən iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gəlin köçdüyü, övladlarının dünyaya gəldiyi, cehiz və digər əşyalarının hal-hazıradək yerləşdiyi, eyni zamanda özünün və iki yetkinlik yaşına çatmamış övladlarının qeydiyyatda olduqları, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN 133A saylı 90114018 kodlu şəhadətnaməyə cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi üzərində yerləşən, fərdi yaşayış evində onun və yetkinlik yaşına çatmamış övladları 2010- cu il təvəllüdlü Fəxriyyə Həsənova və 2013-cü il təvəllüdlü Salamat Həsənovla birlikdə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək izah etmişdir ki, Cavabdeh1 iddiaçının həyat yoldaşı, digər cavabdehlər isə onun ailə üzvləridir. İddiaçı Cavabdeh1 ilə nişanlı idi, lakin ona qoşulub qaçmışdır. xx xxxx 2009-cu il tarixdə toyları olmuş və iddiaçı hazırda cavabdehlərin yaşadıqları, o cümlədən iddia ərizəsinin predmetini təşkil edən - Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə gəlin köşmüşdür. İddiaçının cehizləri hal-hal hazıradək həmin fərdi yaşayış evindədir. İddiaçı xx xxxx 2009-cu il tarixdə cavabdehlə faktiki nikah münasibətinə girmiş, xx xxxx 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları xx xxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2013-cü il təvəllüdlü X6 olmuşdur. 2020-ci ilin may ayının sonlarında iddiaçı Cavabdeh1la faktiki olaraq ayrılmışdır. İddia tələbi əsasında Cavabdeh1 aliment öhdəlikləri yaranmışdır (hər ay hər uşağa görə 120 manat). Eyni zamanda Cavabdeh1 iddiası əsasında aralarında olan rəsmi nikahın pozulmasına dair mülki iş Yevlax Rayon Məhkəməsinin icraatındadır. Hazırda uşaqlar iddiaçının yanındadır. İddiaçının bütün cehiz əşyaları cavabdehlərin yaşadığı, mübahisəli evdədir. İddiaçının və uşaqlarının da qeydiyyatları həmin evədir. Cavabdehlər mübahisəli evdən iddiaçını və uşaqlarını məcburən çıxardıblar. Onların isə başqa daimi yaşayış yeri yoxdur. Müxtəlif ünvanlardı yaşamaq məcburiyyətindədilər. Bu hal isə övladlarının səhhətlərinə, təhsillərinə və tərbiyələrinə çox mənfi təsir göstərir. Mübahisəli fərdi yaşayış evinin hüquqi statusunun müəyyən edilməsi üçü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X15 sorğu edilərkən müəyyən edildi ki, həmin ev Dövlət reyestrində qeydiyyatda deyildir lakin mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi torpağın mülkiyyət verilməsinə dair JN 133A saylı 90114018 kodlu Şəhadətnaməyə əsasən cavabdehlərin, digər mülkiyyətçilərlə birlikdə ümumi birgə mülkiyyətinə daxildir. Cavabdehlərin həmin şəhadətnamə əsasında mülkiyyət hüquqları xx xxxxxx 2000-ci il tarixdə yaranmışdır. xx xxxx 2009-cu il tarixdə mübahisəli ev üzərinə gözlənilən ümumi birgə mülkiyyət hüququna malik olan cavabdehlərdən biri olan Cavabdeh1la iddiaçı faktiki nikah münasibətinə girərək ailə qurmuş və həmın evə gəlin köçmüşdür. Eyni zamanda cavabdeh olan Musayeva (Həsənova) Leyla Səfər qızı iddiaçını gəlin olaraq qəbul etmiş, həmin ünvanda oğluna toy edərək iddiaçını oraya gəlin gətirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izah etmişdir ki, Rəsmiyyə ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Faktini olaraq ailələri mövcud deyil. Məhkəmə qətnaməsi əsasında uşaqların saxlanılması üçün aliment ödəyir. Həmçinin nikahın pozulması barədə iddia məhkəmənin icraatındadır. İddiaçı ilə onların bir ünvanda yaşamaları qeyri mümkündür. Belə ki, yaşamaları mümkün olsaydı ailələri dağılmazdı. Hər gün evdə mübahisə olur. Bu ilin aprel ayından Rəsmiyyə evdən çıxıb getmişdir. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Musayeva (Həsənova) Leyla Səfər qızı iddianı qəbul etməyərək izah etmişdir ki, oğlu Səxavətlə Rəsmiyyə ailə qurmuşlar. Rəsmiyyə ilə Səxavətin ailə münasibətləri baş tutmadığından boşanmışlar. Rəsmiyyə nə oğlu ilə, nə qızları ilə, nə də onunla dolanmır. Rəsmiyyənin həmin evə köçərək onlarla yaşaması qeyri mümkündür. Cavabdeh Musayeva (Həsənova) Leyla Səfər qızı məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izah etmişdir ki, Səxavət onun qardaşıdır. Həmin ev onlara atalarından qalmışdır. Rəsmiyyə həmin evə gəlin köçmüşdür. Lakin qardaşı ilə boşandıqdan sonra evdə çıxıb getmişdir. Rəsmiyyənin onların evində yaşaması qeyri mümkündür. Cavabdeh4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izah etmişdir ki, onların Yevlax rayonu, Yuxarı Qarxun kəndində fərdi yaşayış evləri vardır. Rəsmiyyə qardaşı Səxavətlə evlənmişdir. Lakin ailə münasibətləri baş tutmadığından boşanmışlar. Hazırda Rəsmiyyə həmin evdə yaşamır və yaşaması da mümkün deyil. Belə ki, evlərində daima söz-söhbət olur və tez-tez mübahisələr olur. Cavabdeh3 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Hesab edir ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və hətərflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd etmişdir ki, cavabdehlərlə onun arasında hüquq münasibəti xx.xx.2009- cu il tarixdə baş vermişdir. O, həmin tarixdə mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Onun mübahisə predmeti olan mənzilə övladlarıyla birgə köçərək orada yaşamaq hüququ vardır. Həmin ünvan övladlarıyla birgə onun əsas və daimi yaşayış yeri olmuşdur. Həmin ünvanda övladlarıyla birgə o, qeydiyyatdadır və hal-hazıradək bütün əmlakları oradadır. Bundan başqa, o, mübahisəli mənzilə köçən zaman, yəni 2009-cu ildə mübahisəli mənzildə mülkiyyət hüququ qeydə alınmadığından hesab edir ki, onun mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsi xx.xx.2009- cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53- cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)- 1802/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Musayeva (Həsənova) Leyla Səfər qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı xx xxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatdadır. İşdə olan xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-lll 045807 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuşdur. İşdə olan xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-ll saylı 461703 doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx xxxxx 2010-cu il tarixdə anadan olmuşdur. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-l 88855 saylı çıxarışdan məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxx 2010-cu il tarixdə nikah bağlanmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxx 2015-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Musayeva (Həsənova) Leyla Səfər qızının və qeyrilərinin Yevlax rayonu, Yuxarı Qarxun kəndində 3.3816 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahələri vardır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-133A kod 90114018 şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində X5, X7, X8, Cavabdeh1 X1 və X3 0.11 ha həyətyanı ümumi birgə torpaq sahələri vardır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1262/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh1 uşaqların saxlanılması üçün aliment tutularaq Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızına verilməsi qət edilmişdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxxxxx 2020-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində X5, X7, X8, Cavabdeh1 X1 və X3 ümumi birgə fərdi yaşayış evi vardır. İşdə olan xx xxxxxx 2005-ci il tarixli AZ-l 150959 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Yevlax ŞİHB-nın Yuxarı Qarxun kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli 614 saylı arayışından məlum olur ki, X12 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə, 43-cü maddəsinin l hissəsinə və 71-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1, 228.1, 228.2 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxx 2010-cu il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra cavabdehlərə məxsus Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və işə baxılması xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı cavabdehlərə məxsus evdən çıxmışdır. Hazırda iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Ona görə də iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının cavabdehlər Cavabdeh1, Musayeva (Həsənova) Leyla Səfər qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı «fərdi yaşayış evində övladları ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-384/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-384/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver