Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-387/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mərhum anasından miras qalmış daşınmaz əmlaka-yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)- 1120/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1120/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) İddiaçı Cavabdeh qarşı miras əmlakın 1/2 hissəsinə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum anasından miras qalmış yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X8 xx xxxxxx 1991-ci il tarixdə, anası Orucova Leylan Həsən qızı xx xxxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Mərhum anasından Yevlax rayonu Havarlı kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Çıxarışa əsasən mülkiyyət hüququ təsdiq edilmiş miras əmlak - 146.70 kv.m fərdi yaşayış evi və 0.2501 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında bacısının (hazırkı iş üzrə cavabdeh) və mərhum anasının adına qeydə alınmışdır. Həmin yaşayış evinin 80 m2 hissəsi onun tərəfindən inşa edilmişdir və o, hazırda həmin hissədə yaşayır. Vərəsələrdən yalnız cavabdeh mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaradır, digər vərəsələr -qardaşları Tofiq, Nurəli, Əhət, İsmayıl vəfat etmiş, sağ olan digər vərəsə-bacısı X7 isə mirasdan heç bir pay tələb etmir. O, mərhum anasından miras qalmış daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik işi açılmasını istəyir. Bununla bağlı notariusa müraciət etsə də, vərəsələr arasında mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşıdır. 1974-cü ildə Rusiya Federasiyasında hərbi xidmətini çəkdikdən sonra evlənərək valideynlərinin yanına qayıtmış, bir müddət valideynləri ilə birgə miras əmlak olan evdə yaşamış, 2 övladı burda dünyaya gəlmişdir.1979-cu ildən Rusiya Federasiyasında daimi yaşamağa başlasa da ildə bir dəfə anasına məxsus yaşayış evinə gəlmişdir. xx.xx.2004-cü il tarixdə anası ölmüş və o, anasının 40 mərasimindən 2-3 sonra anasının yas mərasiminə gələ bilmişdir. Həmin vaxtdan sonra da məzuniyyət vaxtlarında 15-20 gün müddətində anasının evinə gələrək orada yaşamışdır. Həmin evdə ona məxsus yaşayış otağı var. Sonuncu dəfə o, 2020-ci ilin fevral ayında mərhum anasının evinə gəlmiş və karantin rejimi ilə əlaqədar Rusiyaya qayıda bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qardaşı olsa da, 18 yaşından valideynlərini atıb getmiş və valideynlərinə baxmamışdır. Valideynləri ölənədək məhz o, valideynlərinin qulluğunda dayanmış və onlara baxmışdır. Mübahisəli yaşayış evi valideynləri tərəfindən tikilmiş və iddiaçı tərəfindən həmin evdə hər hansı tikinti işləri aparılmamışdır. X2 ailə qurmuş və bir müddət burda valideynləri ilə birgə yaşasa da, sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. İddiaçı məzuniyyətə çıxanda 10-15 gün müddətində qonaq kimi, istirahət etmək üçün ona və anasına məxsus evə gəlmiş və orada yaşamışdır. O da ev sahibi və bir bacı kimi ona evində otaq ayırmış və onun orada yaşamasına heç bir etirazını bildirməmişdir. İddiaçı miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməyib, ona görə də iddiası əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh İsmayıl qızı bir - birini təkzib edən izahatlar verməklə özü etiraf etmişdir ki, o, həqiqətən də mərhum anasından qalmış mirası qəbul etmişdir. İlk məhkəmə baxışı iclasında Cavabdeh bildirmişdir ki, o etiraz etmir ki, mirasdan payını alsın, anasından qalmış miras aralarında bölünsün. Sonrakı məhkəmə iclaslarında isə, cavabdeh bildirmişdir ki, həqiqətən də anasının öldüyünü bildiyindən dərhal sonra iddiaçı gəldi və analarından qalmış evdə onunla birlikdə yaşadı. Eyni zamanda sonuncu məhkəmə iclasında məhkəmənin, analarından qalmış hər hansı bir daşınar mirasın ona qalması ilə bağlı sualına, o, anasının sandığının, su daşının və sairə qab - qacağın ona qalmasını bildirsə də, cavabdeh özü, o, ən yaxşı yorğan - döşəyi ona vermişdir, deyərək, üstəlik ona minnət də etmişdir. Bütün yuxarıda qeyd edilən faktlar, işə birinci instansiya məhkəməsində baxılarkən tam sübut edildi. Eyni zamanda, cavabdeh özü də bütün bunları çox gözəl bilirdi. Sadəcə, qarışıqlıq salaraq, heç bir qanuni əsası olmayan qohum əqrəbanı qəsdən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşaraq, ona çatmalı olan miras payının həcmini azaltmaq istəyirdi. O, mirası qanunvericilikdə nəzərdə tutulan müddət ərzində qəbul etmişdir. Yəni, mirasın açıldığını bildiyi vaxtdan etibarən yəni vərəsəliyə çağırıldığını bildiyi gündən 3 ay ərzində mirası qəbul etməyə yönələn hərəkət etmişdir. Belə ki, dərhal, xarici dövlətdən Azərbaycana gəlmişdir. Məhkəmə iclası zamanı cavabdeh özü də bunu etiraf edərək bildirmişdir ki, “iddiaçının qızı zəng etmiş, nənəsini soruşmuşdur, mən də dedim ki, anam vəfat edib. Sonra da , iddiaçı özü gəldi.” Cavabdeh sözügedən mirasdan daha üstün pay almağı artıq qarşısına məqsəd olaraq qoymuşdur. Onun bu arzusu həm qanunsuzluq, həm də ədalətsizlikdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)- 1120/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1120/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.2 və 1246-cı maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. miras əmlaka faktiki sahiblik etmək; miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı ölüm haqqında şəhadətnamələr, çıxarış, arayış) müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh xx xxxxxxx 2004-cü ildə vəfat etmiş X4 uşaqlarıdır. Miras əmlak Yevlax rayonu Havarlı kəndində yerləşən 0.2501 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146,70 m2 olan yaşayış evindən ibarətdir. Yaşayış evi və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyan X5 və Cavabdeh məxsusdur. Tərəflər arasında miras əmlakla bağlı mübahisə yarandığından notariat orqanı iddiaçıya vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu halları tərəflər mübahisələndirmirlər və işin mübahisəsiz hallarıdır. Tərəflər arasında işin mübahisəli halı-həmin miras əmlakın qəbulu ilə bağlıdır. İddiaçı miras əmlakı faktiki qəbul etdiyini iddia edir, cavabdeh buna etiraz edir. İddiaçı iddiasının əsası kimi anası öldükdən sonra anasının yas mərasiminə gəldiyini, sonradan məzuniyyət vaxtlarında 15-20 gün müddətində həmin evə gələrək orda yaşadığını, mübahisəli yaşayış evinin bir hissəsinin (80 m2 ) onun tərəfindən inşa edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının anasının yas mərasiminə gəlməsini, müəyyən dövrlərdə məzuniyyət vaxtı cavabdehin mülkiyyətində olan mübahisəli yaşayış evinə qonaq kimi gəlib-getməsi onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçının digər əsası, yəni yaşayış evinin 80 m2 hissəsinin onun tərəfindən inşa edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən miras əmlaka daxil olan daşınmaz əmlak iddiaçının mərhum anasının və bacısının (cavabdehin) adına qeydə alınmış və iddiaçı qeyd olunan çıxarışı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1120/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-1120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-387/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-387/2021
15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver