Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-387/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X4, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 qarşı “evin alınmasına ödənilmiş məbləğin ötən dövr üçün indeksasiyası hesablanmaqla geri ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: indeksasiya, əsassız varlanma, iddia müddəti, sübutetmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh və X4, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün Cavabdeh nağd şəkildə ödədiyi 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının, məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 manatın; 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199,5 ABŞ dolları olmaqla, 22 il üçün toplam 4389 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%, yəni 1853 manatı əlavə etməklə, ümumilikdə 24344,48 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 manatın, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildə Cavabdeh ünvan 2 ünvanında yerləşən evi almışdır. Evin dəyərindən 6266 ABŞ dollarını ödəmişdir. Həmin ev faktiki olaraq Cavabdeh məxsus olsa da, X3 adına olmuşdur. Onlar evin dəyərini 12500 ABŞ dollarına razılaşdırsalar da, iddiaçı qalan pulu ödəyə bilmədiyindən Cavabdeh ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını təklif etmişdir. Lakin Cavabdeh aldığı pulu qaytarmağa imkanının olmadığını bildirmiş, sonra Cavabdeh Rusiya Federasiyasına getmiş, beş-altı il keçdikdən sonra qayıtdıqda iddiaçı yenidən cavabdehə ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını, sonuncu isə pulunun olmadığını bildirdikdə o, hətta Kamilə ödədiyi pulun bir hissəsini, yəni 3000 ABŞ dolları pulu qaytarmasını və ona kirayəyə ev tapmasını və qalan pulu isə hissəhissə ödəməsini təklif etmişdir. Bu təklifinin üstündən təxminən 10 il müddət keçdikdən sonra Cavabdeh Rusiya Federasiyasından qayıdaraq, iddiaçıya ödədiyi məbləği geri qaytarmaq istədiyini bildirmişdir. Lakin həmin müddət ərzində həm evlərin qiymətləri dəfələrlə artdığından, həm də həmin evə kifayət qədər pul vəsaiti sərf etdiyindən razılaşmamışdır. İddiaçı 1996-cı ildə Kamilə verdiyi 8266 ABŞ dollarına pulu verdiyi vaxt başqa bir ev ala bildiyi halda, 2011-2012-ci illərdə həmin pula hər hansı bir ev ala bilməməsini göstərmiş, bu səbəbdən də Cavabdeh təklifini qəbul etməmişdir. İddiaçı ailəsi ilə birlikdə 20 ildən artıq bir müddətdir ki, həmin evdə yaşayır və oraya kifayət qədər xərc çəkmişdir. Cavabdeh iddiaçının çəkdiyi xərcləri, həm də 6266 ABŞ dollarının bu günə olan indeksasiyası ilə pulunu ödəsə evdən çıxar. Yaşadığı 20 ildən artıq bir vaxtda, o və ailəsi həmin evə külli miqdarda maddi vəsait sərf etmiş, bundan başqa bütün ailə üzvləri ilə birlikdə, böyük fiziki zəhmətlər çəkmişlər. Belə ki, evin hər iki yaşayış otağı tam şəkildə təmir edilmiş və yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. İddiaçı hər iki otağın döşəməsindən tavanına qədər tikinti materialları istifadə edilməklə təmir edilmiş və bu təmir işlərinə, ilbəil cari təmir işləri də əlavə edilməklə, təxminən 19000 manat sərf etmişdir. Bundan başqa iddiaçı tərəfindən evə 600 metr məsafədən su xətti çəkilmiş, həmin xəttin çəkilişinə 5000 manatdan artıq pul vəsaiti sərf edilmişdir. Ayrıca olaraq həmin evdə tikdirdikləri hamam üçün 4000 manatdan artıq pul vəsaiti sərf etmişlər. Tərəfindən elektrik və qaz xətləri sıfırdan yenilənmiş və bu işlərə 1000 manatdan artıq vəsait sərf edilmişdir. Cavabdehlər Cavabdeh və Natiq Cumay oğlu İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən evin faktiki sahibidir, lakin evin tikilməsinə razılıq verilməsinə dair 1986-cı il tarixli qərarı qaynı X3 adına almış, ev tikildikdən sonra sonuncunun adına qeydiyyata alınmışdır. 1993-1995-ci illərdə borcları yarandığından həmin evi satmaq qərarına gəlmiş, qardaşı Firuddun da həmin vaxt evin alıcısı kimi İddiaçı onun yanına gətirmişdir. Onlar evi 13500 ABŞ dollarına satılmasına razılaşmış, cavabdeh pulu 1-2 ay ərzində ödəyəcəyini demişdir. Lakin İddiaçı razılaşdırılmış pulu aralarında müəyyənləşdirilmiş vaxtında ödəyə bilməmiş, bununla belə sonuncunun qalacaq yeri olmadığından, onun evdə qalmasına razılaşmışdır. İddiaçı bir il müddətində onun ünvan 4 ünvanında yerləşən evində qalmış, həmin bir il müddətində evin dəyərindən 6266 ABŞ dolları pul ödəmişdir. İddiaçı aldığı 6266 ABŞ dollarını xərclədiyindən onun Nazimə qaytaracaq pulu olmamışdır. Bu səbəbdən də pul qazanmaq məqsədi ilə Rusiya Federasiyasına getmişdir. 5-6 il sonra, yəni 2001-2002-ci illərdə o, Rusiyadan Şəki şəhərinə qayıtmış və İddiaçı ilə görüşmüş, sonuncu 3000 ABŞ dolları pulu nağd verməsini, qalan 3266 ABŞ dollarının isə sonradan qaytaracağı qarşılığında evdən kirayəyə çıxmasını təklif etmişdir. Lakin, o, pul qazana bilmədiyindən Nazimə verəcək pulu olmamışdır. Buna görə də İddiaçı həmin evdə yaşamağa davam etmişdir. Sonra o, yenidən Rusiyaya getmiş və bir də 2010-2011-ci ildə Şəki şəhərinə qayıtmış, İddiaçı evdən çıxması qarşılığında 20000 ABŞ dolları pul verməsini təklif etmiş, lakin sonuncu bu təkliflə də razılaşmamışdır. Bundan sonra aralarında məhkəmə mübahisələri olmuşdur. Hesab edir ki, İddiaçı evdən çıxmamaqla ona maddi və mənəvi zərər vurmuşdur. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi ilə (hakim F.C.İmanov) ilkin iddia tələbi qismən təmin edilmiş, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin əsassız hesab edilərək qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh və X3 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı, Cavabdeh və X6 tərəfindən apellyasiya şikayətləri verilmişlər. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 saylı qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) İddiaçı, cavabdehlər Cavabdeh və X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)- 71/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli, 2(102)-5767/2021 saylı qərarı ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 saylı qətnaməsinin İddiaçı iddiasının təmin edildiyi, yəni “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 saylı qətnaməsinin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi ilə (hakim F.C.İmanov) ilkin iddia tələbi qismən təmin edilmiş, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin əsassız hesab edilərək qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh və X3 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin İddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən evin alqı-satqısı ilə bağlı 1996-cı ildə 6266 ABŞ dollarını ödəmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən İddiaçı öz ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları qərara alınmışdır. Lakin, İddiaçı verdiyi 6266 ABŞ dolları Cavabdeh tərəfindən bu günədək ona qaytarılmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı hesabına qanuni və hüquqi əsasları olmadan 6266 ABŞ dolları pul əldə etmişdir. Lakin, onun bu cür varlanmaya haqq qazandıran qanuni əsası və ya müqavilə əsasları olmamışdır. Beləliklə də, cavabdeh iddiaçının hesabına hüquqi və ya müqavilə əsasları olmadan varlanmışdır. Buna görə də İddiaçı Cavabdeh verdiyi 6266 ABŞ dollarının ötən müddətlə müqayisədə hazırki indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarını tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 avqust 2017-ci il tarixli, 6791 saylı rəyində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 21955,48 ABŞ dolları, məhkəmə mühasibatlıq ekspertizasının 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı rəyində isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 19955,48 ABŞ dolları təşkil etməsi göstərilmişdir. 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı ekspert rəyinin məzmunundan görünür ki, ekspert 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları olması qənaətinə gəlsə də, o nəticə hissədə 8266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları olmasını göstərmişdir. Halbuki 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı və 17 avqust 2017-ci il tarixli, 6791 saylı ekspert rəylərində hesablamaların eyni qaydada aparılması, hər iki rəydə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara və 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyasına istinad edilməsi və 18 avqust 2017-ci il tarixli, 6791 saylı ekspert rəyində 8266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 21955,48 ABŞ dolları olmasının göstərilməsi onu deməyə əsas verir ki, 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı ekspert rəyinin nəticə hissəsində ekspert tərəfindən 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları göstərilməsi nəzərdə tutulmuşdur. Ona görə də İddiaçı Cavabdeh vermiş olduğu 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tələb etməkdə haqlıdır. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları ilə bağlı hissəsinin Cavabdeh ilə yanaşı X2 tələb edilməsi ilə bağlı hissəsinə münasibətdə 6266 ABŞ dollarının yalnız iddiaçı tərəfindən Cavabdeh verilməsini, həmin məbləğin hər hansı bir hissəsinin X4 verilməməsini, həmin məbləğin geri qaytarılması ilə bağlı X3 hər hansı bir öhdəliklərinin yaranmamasını nəzərə alaraq iddianı əsassız hesab edir. Bundan başqa ilkin İddiaçı məhkəmə iclasında özü bildirmişdir ki, 20 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə qarşılıqlı iddiaçı X3 mülkiyyətində olan qeyd edilən mübahisəli evdə yaşayırlar. Həmin qeyd edilən müddətdə hər hansı kirayə haqqı ödəməmiş, həmçinin həmin evdə ailə üzvlərinin daha əlverişli şəraitdə yaşamalarının təmin edilməsi məqsədilə yaxşılaşdırma işləri aparmışlar. Həmçinin Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)- 64/2014 nömrəli qətnaməsinə əsasən X6 tərəfindən cavabdehlər İddiaçı, X11, X21, X22, X23, X24, X12 və X14 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən evdən onların istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. Keçən bu müddət ərzində də ilkin iddiaçı və ailə üzvləri mübahisəli evi tərk etməmiş, indiyədək də həmin evdə yaşamqda davam edirlər. Məhkəmə bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq ilkin iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 manatın, 2013-cü ildən yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 ABŞ dolları olmaqla, 22 il üçün toplam, 4389 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç) manatı əlavə etməklə ümumilikdə 24344,48 (iyirmi dörd min üç yüz qırx dörd tam, yüzdə qırx səkkiz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 (iyirmi min üç yüz doxsan iki) manatın cavabdehlərdən alınaraq ona ödənilməsinin qarşılıqlı iddiaçılara hər hansı bir aidiyyətinin olmamasını nəzərə alaraq iddia tələbinin həmin hissəsini də əsassız hesab edir. Məhkəmə qarşılıqlı iddiaçılar Cavabdeh və X3 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyanla bağlı tələblərinə münasibət bildirərək hesab edir ki, onlar İddiaçı tərəfindən onlara 54000 manat maddi və 5000 manat mənəvi ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutunu (sənədini) məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilərək 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddiaçı Cavabdeh alınaraq ilkin İddiaçı verilməli, həmçinin ilkin iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçılar Cavabdeh və X3 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 19, 29-cu, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolonun 1-ci, Azərbaycan Respublikasının 01.09.2020-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəlləsinin 152.1, 152.5-ci, 157,7, 1091, 386.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsini ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin isə təmin edilməyən hissəsində qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Qanunvericiyin də tələbindən görünür ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. İşin faktiki hallarından da görünür ki, İddiaçı ona həmin 6266 ABŞ dollarını beh verdiyini bildirmiş və özü də öz ifadəsində təsdiq edir ki, behi verdikdən sonra qalan pulu ödəyə bilməmişdir. Göründüyü kimi həmin müqavilənin icra edilməməsi üçün məsuliyyəti İddiaçı daşımışdır. Ona görə də qanunvericiliyin tələbinə görə həmin beh beh alanda qalmalı idi. Ona görə də qanunvericiliyin tələbinə görə İddiaçı həmin behi tələb edə bilməz. Halbuki, İddiaçı həmin məbləği ona verməmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ona satılması ilə bağlı cavabdehə ödədiyi 6266 ABŞ dolları və bununla bağlı digər məbləğləri tələb edir. Buradan da göründüyü kimi iddiaçı istər Mülki Məcəllənin 372.2-ci maddəsində, istərsə də 372.1-ci maddəsində nəzərdə tutulmuş ümumi iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1996-cı il tarixdən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müddətə kimi 23 il müddət ötmüşdür. O, 10 yanvar 2020-ci il tarixə iddia müddətinin tətbiqi barədə ərizəni rəsmi şəkildə yəni, Şəki Rayon Məhkəməsinin dəftərxanası vasitəsi ilə təqdim etmiş və məhkəmənin işçisi N.Hüseynov həmin ərizəni qəbul edərək öz imzası ilə təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunsuz olaraq həmin ərizəni təmin etməmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyinin sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətləri subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun, məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Həmçinin tələb edilən 6266 ABŞ dolları məbləğin indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının təmin edərkən məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş iddiaçının tələbinə əsasən əvvəllər baxılmış mülki işdə olan ekspert rəyinə istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin preyudisial əhəmiyyətə malik olması MPM-nin 82.4-cü maddəsində nəzərdə tutulmuşdur. Lakin əvvəlki mülki işlərdə mövcud ekspert rəylərinin preyudisial əhəmiyyətə malik olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri kobud surətdə pozularaq 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı ekspert rəyi nəzərə alınaraq iddia tələbinin 6266 ABŞ dollarının ötən dövr ərzində indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarını təmin etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı tələb etdiyi və beh olaraq verdiyini bildirdiyi 6266 ABŞ dollarını nə ona, nə də ki, digər cavabdehlərə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Onun tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində isə onu qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi onun qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı və ailəsi ona məxsus evdə qalırlar və həmin evdən çıxmırlar. Beləliklə iddiaçının əməli nəticəsində ona 54000 manat maddi ziyan dəymişdir. Belə ki, o, həmin evi bu müddət ərzində 200 manata kirayəyə versəydi, 54000 manat gəlir əldə edəcəkdi. Göründüyü kimi, əldə çıxmış fayda o halda tələb edilə bilər ki, şəxsin hüququ pozulmuş olsun. İşin faktiki halları ilə öz təsdiqini tapır ki, İddiaçı ona məxsus evdən çıxmaması ilə onun hüququ pozulmuşdur. Buradan da aydın şəkildə görünür ki, məhkəmə işin faktiki hallarını araşdırmamış saxta sənəd və yalançı şahid əsasında qərəzli şəkildə proses apararaq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsinin ilkin iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməməsi, tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsinin ilk iddianın rədd olunmuş hissəsində ləğv edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün çəkilmiş xərclərin, konkret olaraq 18539 (on səkkiz min beş yüz otuz doqquz) manatın, Şəki Rayon Məhkəməsinin 14.04.2014-cü il tarixli, 2(075)- 64/2014 saylı qətnaməsi üzrə ödəniləcək kompensasiya məbləği ilə müqayisəsinin qalıq məbləği olan 6539 {altı min beş yüz otuz doqquz) manatın, 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəz olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 ABŞ dolları olmaqla 22 il üçün toplam, 4389 (dörd min üç yüz səksən doqquz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, və evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç} manatın; ümumilikdə 4389 (dörd min üç yüz səksən doqquz) abş dollarının, məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 8392 (səkkiz min üç yüz doxsan iki) manatın cavbdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsinin ilkin iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməməsi, tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh X6, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78-ci maddəsinin birinci hissəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdeh apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını ilkin iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin hədlərini yalnız Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda cavabdehin apellyasiya baxışının hədlərini qətnamənin yalnız Şəki Rayon Məhkəməsinin 21.05.2020ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilkin iddianın təmin edilmiş hissəsinə münasibət bildirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qətnamənin mübahisələndirilən yəni, “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsinə münasibətdə təmin edilməli, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçı özü də iddia ərizəsində etiraf edir ki, Kamil Nəcəfova məxsus evi almağa 12500 ABŞ dollarına razılaşmış, 6266 ABŞ dolları beh vermiş, qalan pulu da ödəyə bilməmiş ona görə də ondan ödədiyi behi tələb edir. Göründüyü kimi həmin müqavilənin icra edilməməsi üçün məsuliyyəti İddiaçı daşımışdır. Ona görə də qanunvericiliyin tələbinə görə həmin beh, beh alanda qalmalı idi. Ona görə də qanunvericiliyin tələbinə görə İddiaçı həmin behi tələb edə bilməz. İddiaçı Kamil Nəcəfova həmin 6266 ABŞ dollarını beh verdiyini bildirmiş və özü də öz ifadəsində təsdiq edir ki, behi verdikdən sonra qalan pulu ödəyə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşıraraq, iddianın təmin olunmuş hissəsi üzrə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmamışdır. İlk olaraq qeyd olunmalıdır ki, məhkəmə ilk iddianın təmin olunmuş hissəsinə hüquqi qiymət verərkən hesab etmişdir ki, həmin tələb üzrə Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Lakin məhkəmə əsassız varlanmanın nədən irəli gəlməsini əsaslandırmamışdır. Halbuki, kollegiyanın müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, mübahisələndirilən daşınmaz əmlak X7 mülkiyyətində olsa da, Cavabdeh tərəfindən sərəncam verilərək 1996-cı ildə İddiaçı istifadəsinə verilmiş və alqı-satqı məqsədi ilə sonuncu cavabdehə 6266 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Evin mülkiyyətçisi buna etiraz etməmiş və iddiaçı uzun müddət ərzində həmin evdə faktiki yaşamaqla ondan istifadə etmişdir. Digər tərəfdən işin hallarında olan Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)-64/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı, X8, X15, X16, X17, X18, X9 və X13 ünvan 6 ünvanının tərkib hissəsindən istifadə hüquqlarına 12000 manat kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı X6 tərəfindən cavabdehlər İddiaçı, X11, X21, X22, X23, X24, X12 və X14 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən evdən onların istifadə hüquqlarına xitam verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Yəni, göstərilənlər ona dəlalət edir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ onun ödədiyi pul vəsaiti hesabına yaranmış və sonradan həmin hüquqa xitam verilməsi üçün məhkəmə tərəfindən artıq kompensasiyanın ödənilməsi qət edilmişdir. Belə olan halda, iddiaçının təkrarən ödədiyi pul vəsaitin tələb edilməsi və ona indeksasiyanın hesablanmasının maddi hüquq normalarına uyğun deyil. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evdə yaşaması və ondan istifadə etməsi, istifadə hüququna xitam verildikdə isə kompensasiyanın ödənilməsi cavabdehin əsassız varlanmasının aradan qaldırmışdır. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, 1996-cı il tarixdən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müddətə kimi 23 il müddət ötmüşdür. O, 10 yanvar 2020-ci il tarixə iddia müddətinin tətbiqi barədə ərizəni rəsmi şəkildə yəni, Şəki Rayon Məhkəməsinin dəftərxanası vasitəsi ilə təqdim etmiş və məhkəmənin işçisi N.Hüseynov həmin ərizəni qəbul edərək öz imzası ilə təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunsuz olaraq həmin ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, dəlillər əsaslıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 10 yanvar 2020-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı iddiasının iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin həmin ərizəsinə münasibət bildirməmiş və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinin biri də məhz bununla bağlı olmuşdur. Halbuki işin müəyyən olunan hallarına əsasən tələb olunan pul vəsaiti iddiaçı tərəfindən cavabdehə 1996-cı ildə verilmiş və ötən müddət ərzində o, həmin vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin birinci instansiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Kollegiyanın qənaətinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddia müddətini də ötürmüşdür. Ona görə də kollegiya hesab edir ki, iddia təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilməli, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 69/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilsin. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia ərizəsi “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-387/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-387/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver