Məhkəmə qərarları › İş №2(107)-388/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-388/2022

23.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-388/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Məhəmməd oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsindən Cavabdeh Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin olunmuş, Cavabdeh Məhəmməd oğlunun İddiaçı istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun icarəsində olan 20 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Varvara Bələdiyyəsinin mülkiyyətində olan 3,79 hektar, 11,81 hektar və 4,40 hektar torpaq sahəsi, cəmi 20 hektar torpaq sahəsi 09.03.2024-cü il ilə kimi müqavilə əsasında ona icarəyə verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX tərəfindən 14.06.2016-ci il tarixli, 3 ədəd Hüquqların Dövlət qeydiyyat qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. O, həmin 20 hektar torpaq sahəsini şifahi razılaşma əsasında 01.06.2020-ci ildən 01.06.2021-ci ilə kimi Yevlax rayonu Cırdaxan kəndində yaşaya Cavabdeh icarəyə verilmişdir. Şifahi razılaşma əsasında torpaq icarəsinin müddəti başa çatmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir. Cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Məhəmməd oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Məhəmməd oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Məhəmməd oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə hazırki qətnaməni qəbul edərkən AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərini pozmuşdur. Burada məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdehin istifadə və sahibliyindədir. Buna görə də o öz hüquqlarını həyata keçirə bilmir. İstinad etdiyi hüquq norması isə 157.2-ci maddəsidir. Məhkəmə bu normaya hazırki tələblə bağlı istinad edə bilməzdi. Çünki həmin normada məhz mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilərdi. Burada mülkiyyətçi hazırki iddiaçı deyildir. Yevlax rayonu Varvara Bələdiyyəsidir. O, Varvara Bələdiyyəsinin torpaq sahəsindən onun razılığı ilə istifadə etmişdir. Məhkəmənin digər istinad etdiyi norma AR MM-nin 158.4-cü maddəsidir ki, həmin normaya görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu norma da ona qarşı düzgün tətbiq edilməyib. Məhkəmə hansı əsası ilə, həmin torpaq sahəsinin onun tərəfindən istifadə edildiyini necə müəyyən etmişdir? Məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertizanı keçirməklə iddiaçının tələbinin əsaslılığını və ya qeyri əsaslığını müəyyən etməli idi. Onun prossesual hüquqları pozulmuşdur. O, məhkəmədə iştirak etməmişdir. Bu barədə məlumatsız olmuşdur. Məhkəmənin vaxtından və zamanından xəbərdar olmamışdır. Nəticə etibarı ilə o, məhkəmədə iştirak etməmişdir. Barəsində əsassız qətnamə qəbul edilib. Prosessual hüquqları ona münasibətdə pozulub. İştirakı olmadan əleyhinə qərar qəbul edilib. Halbuki o, məhkəmədə iştirak etsəydi tam mənada zəruri ekspertizanın aparılmasını təklif edərdi. Həmin torpaq sahəsini 30 ildir ki, onlar istifadə etdiklərini məhkəmənin nəzərinə çatdırardı. Məhkəmə ona məlumat vermədən, onun iştirakını təmin etmədən əsassız qərar qəbul etmişdir. Bununla da, AR Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci və 387.2.4-cü maddələrinin tələblərini pozmaqla qətnamənin ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Hazırki məhkəmənin gəldiyi nəticə işin faktiki hallarını müəyyən etməyə əsas vermir. 1-ci iddiaçının istinad etdiyi torpaq sahəsi onun tərəfindən hansı əsasla zəbt edilməsi məhkəmə qətnaməsində mövcud deyildir. 2-ci onun atasının sonra isə onun istifadə etdiyi bələdiyyə torpaq sahəsi ilə iddiaçının icarəsində olan torpaq sahəsinin tam və ya hissəvi qaydada üst-üstə düşməsini məhkəmə hansı əsası ilə müəyvən edib. 3-cü məhkəmə işin bu hallarını görərkən hansı səbəbdən AR MPM-nin 97.1-ci maddəsinə əsasən nədən bu sualları aydınlaşdırmaq üçün öz təşəbbüsü ilə ekspertiza keçirməyib. 4-cü onun iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmasıyla bağlı istinad mənbəyini məhkəmə nə üçün aydınlaşdırmayıb. 5-ci iddiaçı öz ərizəsində həmin torpaq sahəsinin onun da icarəsinə verildiyini bəyan edir. Belə olan halda onun nə üçün həmin torpaq sahəsini zəbt etdiyini bildirir. 30 il ərzində bu torpaqdan o və ailə üzvüləri istifadə edib. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)- 1482/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh Məhəmməd oğlu və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)- 1482/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu X1 kəndində yerləşən 3,79 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu X1 kəndində yerləşən 11,81 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu X1 kəndində yerləşən 4,40 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 158.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi haqlıdır və cavabdeh iddiaçının istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 19cu vərəqində olan xəbərnamə və 26-cı vərəqində olan SMS bildirişdən görünür ki, ona göndərilmiş məktub qeydiyyatda olduğu ünvanda alınaraq xəbərnaməyə imza edilməklə geri qaytarılmış, həmçinin, özünün işin materiallarında olan 055-68-28-19 nömrəsinə SMS bildiriş göndərilmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı vəsatət əsaslandırılmadığından təmin edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Məhəmməd oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(039)-1482/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar