Məhkəmə qərarları › İş №2(107)-394/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-394/2025

17.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-394/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X19 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və sənədlərinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e- 2(075)-224/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 24 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “torpaq sahəsinin və sənədlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin topaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarlıması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi vergi ödəyicisidir və alqı-satqı işi ilə məşğul olur. 2008-ci ildə torpaq almaq üçün Cavabdeh və X5 adlı şəxslər onun yanına gəlmiş və Xanım toyu olacaq gəlini Günay üçün Şəki şəhərində 6 sot torpaq almaqda köməklik etməsini xahiş etmişlər. Bununla əlaqədar o, həmin şəxslərə şəhərin 98-ci kvartalında yerləşən torpağı göstərmişdir. Həmin torpaq X7 adına olsa da, ölmüş oğlu üçün aldığı həmin torpağı müştəriyə göstərəndə özünü pis hiss etmiş və buna görə də torpağın satışını X8 həvalə etmişdi. O, Nazimdən torpağın sənədlərini almış və görmüşdür ki, X7 həmin torpağa bələdiyyə qərarı var, lakin torpağa çıxarış almayıb. O, Nazimə demişdir ki, torpağı belə satmaq olmaz, mütləq çıxarış almalıdır və Çıxarışın alınmasına da azı bir ay vaxt lazımdır. Xanım toya tələsdiyi üçün o, Xanımgilə demişdir ki, “siz torpağı vəkalətnamə yolu ilə də ala bilərsiniz”. Onlar torpağın qiyməti oaln 6 min manatdan “çıxarışın alınma” xərcini çıxıb, 5460 manata razılaşmışlar. O, Xanıma və Müzəffərə izah etmişdir ki, onlara vəkalətnamə veriləcək və vəkalət vasitəsi ilə çıxarış alıb, torpağı istədikləri adama sata bilərlər. Xanım əlində olan 1800 manat pulu verdi və pulun qalanını da toydan sonra bir ay ərzində verəcəyini demişdi. Bundan sonra o, onların arasında Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən 5 nəfərin iştirakı ilə behləşmə müqaviləsi yazmış və həmin müqavilədə yazmışdır ki, pulun hamısı ödənəndən sonra vəkalətnaməni X11 verəcək. Bir ay ərzində Xanım pulu vermiş və Nazim də onun yanında Xanıma vəkalətnamə verən torğın sahibi X7 pulunu verərək, Rəşiddən qəbz almış və onların aralarında borc qalmamışdı. 3 ay keçdikdən sonra isə yenə Xanım və Müzəffər qızları ilə gəlmiş və Günayın nişan üzüyünü qaytardığını və ona görə də torpağı da qaytardıqlarını bildirmişlər. Onlar 98-ci kvartala gedib Günaydan torpağı təhvil alarkən, torpaq sahəsində Günayın atası Müzəffər Xanıma torpağın ətrafını əziyyət çəkib möhkəmlətdiyini, lakin əvəzində heç nə istəmədiyini bildirib, özü ilə gətirdiyi torpaq sənədlərini Xanıma vermişdi. Bundan sonra onlar notariusa gedib, Günaya verilən vəkalətnaməni ləğv etdirmiş və Xanımın göstərişi ilə qızı Yeganənin adına vəkalətnamə yazılmışdır. 3-cü dəfə isə təxminən 10 il sonra Xanım gəlmiş və torpağında Mübarik adlı bir qadının ev tikdirdiyini bildirmişdi. O, Xanıma vəkalətnamənin qızının adına olduğunu və həmin şəxsi ancaq özlərinin oradan çıxara biləcəyini bildirmişdir. Xanım ondan torpağı tələb etdikdə isə o, Xanıma “torpağa sahiblik etmədiklərini, torpağın birinci sahibinin Rəşid olduğunu, ona müraciət etməli olduqlarını” bildirmişdir. Torpağın əvvəlki sahibi Rəşid Bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə isə X1 1993-cü ildə verilmiş torpağı almaqdan notariusda ərizə yazaraq imtina etdiyini və bu səbəbdən torpağın növbədə olan X9 2006-cı ildə verildiyini bildirmiş və Mübarikdən zəbt etdiyi torpağı tərk etməsini tələb etmişdir. X21 Səfərəlyevanın zəbt etdiyi torpaq sahəsindən çıxarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş olsa da, 2017-ci ildə Şəki Rayon Məhkəməsində tərəflərin xahişi nəzərə alınaraq, həmin iddia ərizəsi baxılmamış saxlanmışdır. Mübarik əvvəlcə özünə təqdim edilmiş torpaqdan notariusda təsdiq edilmiş ərizə əsasında imtina etmiş və torpağı Bələdiyyəyə qaytarmış, sonra həmin torpağı qonşusu İlqara satmış, İlqar bir müddət sonra qəflətən ölmüş, İlqarın öldüyünü bilən Mübarik, uzun müddət torpağın heç kim tərəfindən istifadə edilmədiyini görüb, satdığı torpağı zəbt edərək ev tikdirmişdir. Mübarik Ramiz və Xanımla razılaşmış, 98-ci kvartalda olan 600 kvm. torpağı Xanıma və onun şəriyi X17 vermişdir. Dələduzluqla məşğul olan Xanımın qohumu Ramiz “sizə torpaq verəcəm deyə”, vətəndaşdan küllü miqdarda pul aldığına görə həbs olunmuşdur. Ramiz həbs edilməmişdən əvvəl, Mübarik verən torpağı Xanımın razılığı ilə xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyata aldırmışdır. Mübarikin verdiyi bələdiyyə torpağının rüsumunu Ramiz özü Beynəlxalq banka ödəsə də, torpaq X3 adına qeydiyyata alınmışdır. 5 il müddət keçdikdən sonra Sümayə vasitəsi ilə Ramiz evi satmalı və Xanıma evin dəyərindən düşən pul payını verməli olmuşdur. Xanım əvvəlcə onu 2018-ci ildə məhkəməyə vermiş, Xanımın iddiasına Şəki Rayon Məhkəməsində baxılmış, ətraflı araşdırma aparılaraq iddia rədd edilmişdir. Daha sonra Xanım Şəki Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə yenidən baxılaraq Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X22 Məhkəməsinin qərarında Ali Məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmə də Şəki Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Xanım təzədən 2022-ci ildə Nazim Çərkəzovu məhkəməyə vermiş və Şəki Apellyasiya Məhkəməsi Xanımın bu iddiasını təmin etməsə də, Xanımın kassasiya şikayəti əsasında Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, Xanımın iddiasını təmin etmiş və Nazimdən 5460 manat pulun tutularaq Xanıma ödənilməsini qərara almışdır. Həmin qərarın icrası ilə bağlı hər ay Nazimin pensiyasından pul tutulmuş, Nazim də tutulan pulu ondan almışdır. O, vergi ödəyicisi olduğu üçün Mülki Məcəllənin 390-cı maddəsinə görə alıcı ilə satıcı arasında Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəlik götürmüş, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən behləşmə müqaviləsi yazmışdır. Mülki Məcəllənin tələbinə əsasən öhdəlik götürən, ziyan çəkən tərəfin ziyanını ödəməli olmuşdur. Odur ki, Cavabdeh müqavilə əsasında 27 mart 2008-ci ildə təhvil aldığı torpağın pulunu məhkəmə vasitəsi ilə almış, lakin torpağı geri qaytarmamışdır. O, öhdəlik götürdüyü üçün torpağı ondan tələb etmişlər. Torpaq yerində olmaqla, torpağı zəbt edən zəbt etdiyi torpağın əvəzində Xanıma torpaq vermişdir. Odur ki, 27 mart 2008-ci ildə satdığı torpağın pulunu məhkəmə vasitəsi ilə geri alsa da, torpağı qaytarmayan Xanımın ondan aldığı torpağın və torpağın sənədlərinin geri qaytarılması barədə qətnamə qəbul olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı “torpaq sahəsinin və sənədlərinin qaytarılması” tələbi barədə hazırkı iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh 12 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edərək, həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 98 kvartalda yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin alınaraq ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməsinə edilən manieələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və iddiaçının iş həmkarı Nazim Çərkəzovun ona qarşı bu günə kimi etdiyi qanunsuzluqlar və ona və qızına qarşı irəli sürdükləri qanunsuz iddia tələbləri onda əsəb xəstəliyinin yaranmasına səbəb olmuşdur. Belə ki, təxminən bir ilə əvvəl iddiaçının həmkarı Nazim Çərkəzov tərəfindən qızı İsmayılova Yeganəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 98 kvartalda yerləşən 600 kv.m torpaq sahəsinin dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyanlığına görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq Nazim Çərkəzova verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia tələbi məhz indi ona qarşı qaldıırılmış iddia tələbində göstərilən torpaq sahəsi üzrə olmuşdur. İlk əvvəl qızına qarşı, indi isə ona qarşı eyni tələb irəli sürülmüşdür. Həmin iddia tələbinə məhkəmədə baxılaraq, rədd edilmişdir. Apellyasiya və Ali Məhkəmə qərarı dəyişmədən saxlamışdır (Şəki rayon məhkəməsinin e-2(075)-1573/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-179/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-2133/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı). Bu gün isə Ali Məhkəmənin qərarının “tuju” qurumamış İddiaçı eyni iddia tələbini ona qarşı irəli sürmüşdür. Başa düşə bimir ki, ondan nə istəyirlər. Böyük ehtimalla, ona və qızına qarşı qaldırılmış bu əsassız iddialara görə gələcəkdə maddi və mənəvi ziyan tələbi ilə onlara qarşı uğurlu ola biləcək iddia tələbi irəli sürəcəkdir. Mübahisənin səbəbi odur ki, o, topraq satın alınması üçün İddiaçı müraciət etmiş və Abid Şərifov ona Şəki şəhərində İdman Kompleksi tərəfdə torpaq sahəsini göstərərək, buranı sata biləcəyini demişdir. O, bunun üçün həmin torpaq sahəsinin dəyəri olaraq onlara ümumilikdə 5460 manat pul ödəmiş və onunla Nazim Çərkəzov arasında formal Alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləni İddiaçı təsdiqləmişdir. Bir müddət sonra görmüşdür ki, həmin torpaq sahəsinin ətrafını başqa bir şəxs daş divarla hörür. Soruşduqda, həmin şəxs torpaq sahəsinin mülkiyyətçisi olduğunu demiş və o, bu barədə İddiaçı və Nazim Çərkəzova bildirmişdir. Dedilər ki, “sən torpaq sahənə sahiblik etməmisən, başqası torpağa yiyələnib” və onlar heç nə edə bilməzlər. Onlar uzun müddət onu bu yolla aldatmışlar. Başa düşmüşdür ki, onlar özlərinə məxsus olmayan torpaq sahəsini ona satıb pulunu mənimsəmişlər. Bundan sonra əlacsız qalıb pul tələbi ilə İddiaçı qarşı Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin, iddia tələbi bütün instansiya məhkəməsində rədd edilmiş və Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddia tələbi üzrə cavab verməli şəxs İddiaçı deyil. Çünki, İddiaçı tərtib və təsdiq etdiyi müqavilənin tərəfi Nazim Çərkəzov olmuşdur və pulun ona verildiyi qeyd edilmişdir (Ali Məhkəmənin 2(102)-1578/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı). Məhz buna görə də yenidən Nazim Çərkəzova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yekun məhkəmə qərarı ilə onun torpaq üçün ödədiyi 5460 manat pulun Nazim Çərkəzovdan tutularaq ona ödənilməsi qət edilmişdir (Ali Məhkəmənin 2(102)-872/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı). Həmin qərar artıq hissə-hissə icra olunmaqdadır. Məhz pul onlardan tutulduğu üçün bu gün əsassız iddialarla məhkəmələrə müraciət edirlər. İş materiallarına əlavə etdiyi qərarlardan göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Bu qərarlar üzrə müəyən edilən halların yenidən sübut edilməsinə yol verilmir. Mülki-Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş edir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) 08 yanvar 2025-ci il tarixli e-2(075)- 224/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və sənədlərinin qaytarılması” barədə iddia tələbi, yəni “tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kvadratmetr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan, cavabdehin etiraz ərizəsindən, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, Cavabdeh İddiaçı torpaq almamış və ona torpağın dəyəri olaraq heç bir ödəniş etməmişdir. Göründüyü kimi, mübahisə predmenti olan torpaqla bağlı hərəkətlər Cavabdeh ilə X11 arasında - X12 tərəfindən Nazim Çərkəzova verilmiş etibarnamə əsasında - aparılmış, İddiaçı isə istəyinə uyğun torpaq tapmaqda Cavabdeh köməklik etmişdir. İşin qeyd olunan halı iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş və bunun əksini göstərən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də müəyyən edilir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neqanti incumbit probation” (“sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür”) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İş materiallarından da göründüyü kimi, Cavabdeh mübahisə predmenti olan torpaqla bağlı daha əvvəl İddiaçı qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iddiasında sonuncu tərəfindən “aldadılaraq pulunun alınıb, geri qaytarılmadığını” iddia etmişdir. Lakin, işə baxan müvafiq məhkəmə mülki iş materiallarını araşdıraraq, Cavabdeh həmin iddiasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh yenidən torpağı etibrnamə əsasında aldığı və pulunu verdiyi X8 qarşı pul tələbi ilə bağlı iddia qaldırmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli qərarı ilə Cavabdeh həmin iddiası təmin olunaraq, cavabdeh X6 5460 manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat pul tutularaq həmin iş üzrə iddiaçı olan Cavabdeh verilməsi qərara alınmışdır. Bütün bu qeyd olananlara görə də İddiaçı qaldırdığı hazırkı iddia üzrə subyektiv hüququ yoxdur. Odur ki, şərh edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfin izahatına, cavabdeh tərəfin iddia ilə əlaqədar yazılı etirazına və eyni zamanda, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 146.3, 157.2, 157.4, 178.1 və 238.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(075)-224/2025 nömrəli qətnaməsini tamamilə ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul olunmasını” xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, vergi ödəyicisidir, alqı-satqı işi ilə məşğul olur və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən satıcı ilə alıcı arasında öhdəlik müqaviləsi yazıb gördüyü işə cavabdeh olur. Şəki Rayon Məhkəməsində bu iş üzrə 3 dəfə məhkəmə iclası olmuş, birinci iclasda cavabdeh məhkəməyə gəlməmiş, 2-ci dəfə Xanım iştirakı olmadan işə baxılmasını xahiş etmiş və 3cü dəfə isə Xanım məhkəməyə yenə də gəlməmişdi. O, işə baxan məhkəmədən cavabdehlə baş tutmuş alqı-satqı üzrə gördüyü iş ilə əlaqədar Xanımın ”pul tələbi” ərizəsinin araşdırılmasını tələb edəndə isə məhkəmə tərəfindən ona vəkil tutmaq hüququ izah edilmişdir. O, vəkil tutsa da, məhkəmə vəkili gözləməmiş və bir gün vaxt istəsə də, məhkəməni təxirə salmamışdı. Məhkəmə çəkişməsi olmadığından, zalda heç kim məhkəmənin tribunasına çıxmamış və israr etməsinə baxmayaraq, cavabdehin yazdığı ”pul tələbi” barədə iddia ərizəsi müzakirə olunmamışdı. Çünki, Xanım məhkəməyə gəlsə idi, yazdığı ”pul tələbi” ərizəsi onun tərəfindən ifşa olunacaqdı. Ona görə də, tərkibində cinayət olduğunu bilən məhkəmə, Xanımın ərizəsini müzakirəyə çıxarmamışdı. Məhkəmə öz səlahiyətinə görə həmin ərizəni araşdırmalı olsa da, araşdırmamış və Mülki Məcəllənin tələblərini nəzərə almadan iddiasını rədd etmişdir. Halbuki, bu torpaq alqı-satqısı işinə görə Xanım 6 dəfə özünün saxta pul tələb ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. Xanım 1-ci dəfə onun özünə qarşı ”pul tələbi” barədə iddia qaldırsa da, məhkəmə Xanımın həmin iddiasını rədd etmişdir. Bundan sonra isə onun yazdığı behləşmə müaqviləsinə görə Xanım torpaq satan Çərkəzov Nazimi məhkəməyə vermiş və Ali Məhkəmənin həmin iş üzrə yekun qərarı əsasında Xanımın Nazimə qarşı iddiası təmin olunmuşdur (bundan sonra tərəflər arasında münasibətlərlə əlaqədar işin halları kimi iddia ərizəsində yazılanlar apellyasiya şikayətində də təkrarən qeyd olunmuşdur). Hazırda Nazimin pensiyasından Xanım üçün 6 min manat pul tutulmalıdır. Pul ödəyən Çərkəzov Nazım və onun bütün qohumları isə buna görə onu təqsirkar hesab edib, ondan Nazimə dəymiş ziyanı ödəməsini tələb edirlər. Buna görə də o, məcbur olub Xanımın Nazimə qarşı məhkəməyə yazdığı “pul tələbi” ərizəsini axtarıb tapmış və ona məlum olmuşdu ki, Xanım qohumu Ramizlə ortaqlıq edib, torpaq istəyənlərə “sizə torpaq tapacam” deyib, onlardan külli miqdarda pul alıblar. Hazırda Xanımın ortağı Ramiz adamlara “torpaq verəcəm” deyib, onlardan külli miqdarda pul aldığına görə həbsdədir. Bütün bu hallara görə də o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri, 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(075)-224/2025 nömrəli qətnaməsinə əsasən həmin iddiası təmin edilməmişdir. Bütün göstərdiklərinə əsasən iddiasının əsaslı olması öz təsdiqini tapsa da, məhkəmə tərəfindən həmin qətnamə ilə iddiası təmin edilməmiş və məhkəmə, iddianı təmin etməməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar isə ona qarşı hüquq pozuntusunun olmasından xəbər verir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 17 aprel 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddiasının təmin edilərək, tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin topaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarlıması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(075)-224/2025 nömrəli qətnaməsini tamamilə ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və eyni zamanda, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, Cavabdeh ilə X11 arasında X13, X5 və İddiaçı iştirakı ilə 2008-ci ildə sadə yazılı müqavilə tərtib edilmiş və həmin müqavilə “alqı-satqı mərkəzi”nin rəhbəri kimi İddiaçı möhürü ilə “təsdiq edilmişdir”. Həmin Müqavilədə torpaq alınması üçün Cavabdeh X8 5460 manat pul verməsi qeyd edilmişdir. Lakin, həmin Müqavilədə nəzərdə tutulan torpaq sahəsinin rəsmi və faktiki olaraq Cavabdeh mülkiyyətinə keçməməsi səbəbindən, o, müqaviləni təsdiq etmiş İddiaçı qarşı 5460 manat məbləğində pulun qaytarılması barədə məhkəməyə iddia ərizəsi vermişdir. Cavabdeh İddiaçı qarşı bu iddiası isə Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(075)-1820/2018 nömrəli qətnaməsi ilə rədd edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(107)-2105/2018 nömrəli qətnaməsi ilə də apellyasiya şikayəti təmin edilməyərək, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə yekun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti də təmin edilməyib, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(107)-2105/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli 2(102)- 1578/2019 nömrəli qərarında cavabdeh İddiaçı qarşı verilmiş məlum pul tələbinə dair iddia üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş Nazim Çərkəzov, Cavabdeh, X13, X5 və İddiaçı iştirakı ilə tərtib edilmiş və “alqı-satqı mərkəzi”nin rəhbəri kimi İddiaçı möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh tələb etdiyi 5460 manatı İddiaçı iştirakı ilə hissəhissə olmaqla torpaq satan Nazim Çərkəzova vermişdir. Həmin məbləğlərin iddiaçı Cavabdeh tərəfindən Nazim Çərkəzova deyil, şəxsən cavabdeh İddiaçı verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda satılması nəzərdə tutulan torpaq sahəsinin sənədləşmə işlərinin başa çatdırılmayacağı tədqirdə cavabdeh İddiaçı Cavabdeh qarşısında hər hansı bir şəkildə öhdəlik götürdüyü də məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı iddiaçı Cavabdeh qarşısında hər hansı bir şəkildə öhdəlik götürməmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı hər hansı bir məbləğdə pul verilməmiş və cavabdeh İddiaçı da iddiaçı Cavabdeh qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Buna görə də, iddiaçı Cavabdeh İddiaçı 5450 manatı tələb etməkdə haqlı deyildir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlmiş və hesab etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Eyni zamanda, “cavabdehin əsl cavabdehlə əvəz edilməməsi” ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin alınması ilə bağlı kiminlə razılığa gəldiyini bildiyi halda, yəni müvafiq sübutu olduğu halda özünün sonradan əsl cavabdeh hesab etdiyi şəxsə qarşı əvvəl iddia qaldırmaq istəməməsi və hazırda bu hüququ itirməməsinə görə kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Bundan sonra, iddiaçı qismində Cavabdeh həmin 2008-ci il tarixli Müqavilə əsasında cavabdeh qismində X8 qarşı 5460 manat pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia tələbinə dair mülki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli 2(102)-872/2023 nömrəli yekun qərarına əsasən cavabdeh X6 5460 (beş min dörd yüz altımış) manat pulun və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır (həmin Qərar qəbul edildiyi andan qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir). Daha sonra isə, iddiaçı qismində X11 yenə də həmin 2008-ci il tarixli Müqavilə əsasında cavabdeh qismində X4 (Cavabdeh qızı) qarşı “cavabdehdən 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyana görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, həmin iddia tələbi müvafiq olaraq Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-ci il tarixli e-2(075)- 1573/2023 nömrəli qətnaməsinə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli 2(107)-179/2024 nömrəli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(102)-2133/2024 nömrəli yekun qərarına əsasən təmin edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh ilə X11 arasında 2008-ci ildə imzalanmış və hazırkı iş üzrə İddiaçı tərəfindən “təsdiq edilmiş” sadə yazılı müqavilə əsasında yaranmış mübahisə ilə əlaqədar həmin müqavilənin tərtib edilməsində iştirak edən şəxslər tərəfindən bir-birinə qarşı müxtəlif əmlak və pul xarakterli iddialar qaldırılmış və həmin iddialar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktları mövcuddur. Bununla belə, hazırkı mülki iş üzrə iddia ərizəsinin və eləcə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı 2008-ci ildə “təsdiq etdiyi” yuxarıda qeyd olunan məlum müqavilə əsasında yaranmış mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli 2(102)-872/2023 nömrəli yekun qərarı ilə cavabdeh X6 5460 (beş min dörd yüz altımış) manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulması ilə razılaşmır və özünün hazırkı iddia ərizəsində və apellyasiya şikayətində bunu - “hazırda həmin pulun Çərkəzov Nazimin pensiyasından tutulması və pul ödəyən Çərkəzov Nazımin və onun bütün qohumlarının isə buna görə onu (hazırkı iş üzrə iddiaçını) təqsirkar hesab edib, ondan Nazimə dəymiş ziyanı ödəməsini tələb etmələri” ilə əsaslandıraraq, - 2008-ci ildə “tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu Şəki şəhəri 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin topaq sahəsinə aid sənədlərin Cavabdeh alınıb ona qaytarlıması və həmin torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, həmin iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsində aparılan araşdırma nəticəsində İddiaçı iddia tələbinin əsaslılığı müəyyən olunmamış və ona görə də, birinci instansiya məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və sənədlərinin qaytarılması” barədə iddiası təmin edilməmişdir. Eyni zamanda, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)- 224/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılan araşdırma zamanı da iddiaçının iddia tələbinin əsaslılığı müəyyən olunmamış və sübut edilməmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı bu tələbi üzrə məhkəmədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli 2(102)- 872/2023 nömrəli yekun qərarının çıxarılması ilə nəticələnmiş Cavabdeh ”pul tələbi” ərizəsinin, yəni iddiaçı Cavabdeh X8 qarşı “5460 manat pulun qaytarılması” barədə iddia ərizəsinin yenidən araşdırılmasını da tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2(075)-224/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar