Məhkəmə qərarları › İş №2(107)-395/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-395/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-395/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1209/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022 ci il tarixli 2-1(116)-148/2022 saylı qərarı ilə onun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999 cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində ona məxsus 0,39 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Məhkəmə qətnaməsinə müvafiq olaraq ona “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən ********** qeydiyyat nömrəli 12 iyun 2023 cü il tarixli çıxarış verilmişdir. Çıxarışdan görünür ki, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İsmayıllı rayonu Aqrar İslahat Komissiyası tərəfindən 1999-cu ildə mübahisəsi olunan torpaq sahəsi ona verildiyi vaxtdan hazıra kimi, iş üzrə cavabdeh olan, qardaşı Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə hər cürə mane olur, torpaq sahəsinə daxil olmasına və oranı əkib becərməsinə imkan vermir. Hətta aralarında olan münasibətlər o həddə çatmışdır ki, cavabdeh onu öldürəcəyi, amma torpaq sahəsinə buraxmayacağını qətiyyətlə bildirir. O, cavabdehin bu hərəkətləri barədə dəfələrlə şifahi polis orqanlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin ona qarşı qeyri-qanuni hərəkətləri barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş və həmin təşkilatdan ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, müraciəti həmin təşkilatın səlahiyyəti xaricindədir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. 1989-1990-cu illərdə ata yurdundan çıxıb ayrıca torpaq sahəsi götürmüş və orada ev tikmişdir. Həmin torpaq sahəsini kol-kosdan təmizləyərək bağ salmışdır. Bundan sonra ona 0,76 hektar torpaq sahəsinin zəbt olduğu yazılmış və o da iddiaçı ilə məsləhət edərək zəbt olan torpaq sahəsini sonuncunun adına keçirtmişdir. O, torpağını və zəhmətini tələb edir. Torpaq onundur və iddiaçıya torpaq verməyəcəkdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir.

5. X3 və X5 şahid qismində dindirilmişlər.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarına əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999 cu il tarixli qərarı ilə İsmayıllı rayonu Diyallı kəndində İddiaçı məxsus 0,39 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 09 iyun 2023- cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir.

7. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməlidir.

8. İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1209/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan İddiaçı maneəsiz istifadə etməsinə şərait yaradılması, mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 239-cu maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarı 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 21 avqust 2023-cü il tarixli, 3- 21-3-42/2-F-0010 nömrəli məktub 03 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd olunan ərazidən o, 1990-cı il tarixdən 0, 76 hektar həyətyanı torpaq sahəsi kimi istifadə edir. Respublikada məlum torpaq islahatı aparılan zaman faktiki 1990-cı il tarixdən istifadəsində olan 0,76 ha torpaq sahəsinin 0,39 ha hissəsi əvəzsiz olaraq mülkiyyətinə verilmiş və JN- 027F KOD 40707018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanaraq ona verilmişdir. Həmin torpaq sahəsinin qalan 0,37 ha hissəsi isə zəbt torpaq sahəsi kimi ona və ailə üzvülərinə veriləcək pay torpaq sahəsindən çıxılaraq ona verilmişdir. Yəni başqa bir sahədən ona pay torpaq sahəsi verilməmiş, qeyd olunan 0,37 hatorpaq sahəsi ilə əvəzlənmişdir. Bunu iddiaçı olan qardaşı da daxil olmaqla bütün Diayllı kənd sakinləri bilirlər. O, mübahisələndirilən torpaq sahəsindən yuxarıda qeyd elədiyi kimi 1990-cı ildən mübahisəsiz istifadə edir, əkib-becərir və uzun müddətdir həmin ərazidə cox illik meyvə ağacları əkmişdir. Torpaq sahəsini kol-kosdan, daş-kəsəkdən təmizləyərək münbit hala gətirmişdir. Çox təssüf ki, iş üzrə iddiaçı olan doğma qardaşı özünə aid torpaq sahəsinin sənədlərini qeydiyyata aldıran zaman onun xəbəri olmadan onun mülkiyyətində olan torpaq sahəsini mənimsəyərək, özü ilə həmkəndlisi X2 arasında olan mübahisəni onun hesabına həll eləmiş, özünə verilmiş torpaq sahəsinin cizgilərini, konturlartını onun mülkiyyətində olan torpaq sahəsinin üstünə vurdurmuşdur. Amma onun bu haldan xəbəri olmamış, sonradan öyrənmiş və hal-hazırda konturların dəyişdirilməsi üçün Şəki İnzibati Məhkəməsində iddia qaldırmaq istəyir.

13. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)- 1209/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1209/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)- 1209/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

23. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Bu qətnamənin 24-cü bəndində qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 77.1--ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3 -ci maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Ona görə də məhkəmə üçün sübutların toplanmasını təmin etmək barədə tələbin qoyulması əsassız və qanunun tələblərinə ziddir. Qanunvericiliyin tələbinə əsasən sübutların təqdim edilməsi iddianı verən hüquqi və fiziki şəxsin üzərinə düşür. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə iddiaçının adına dövlət reyestrində edilmiş qeydin və həmin qeyd əsasında verilmiş Çıxarışın qeyridəqiqliyi barədə hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Cavabdeh koordinatların dəyişdirilməsi ilə bağlı iddia qaldırmaq istədiyini bildirsə də, iş apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə belə bir iddianın verilməsi ilə bağlı məhkəməyə heçbir məlumat daxil olmamışdır. Beləliklə, iş üzrə mübahisəli torpaq sahəsinə cavabdehin mülkiyyət və ya digər hər hansı hüququnun olmasını və ya ola biləcəyini göstərən heç bir sənədə rast gəlinmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-ci maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, daşınmaz əmlakla bağlı bütün hüquqlar dövlət qeydiyyatına alınmaqla təsdiq edildiyindən daşınmaz əmlaka olan hüquqlarla bağlı məsələlər digər sübut növləri ilə, xüsusilə şifahi ifadələrlə təsdiq edilə bilməz.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1209/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1209/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar